Modern.az

Ədəbiyyatımızın “Sonuncu Mogikan”ı - Qılman İlkinin HƏYAT HEKAYƏTİ

Ədəbiyyatımızın “Sonuncu Mogikan”ı - Qılman İlkinin HƏYAT HEKAYƏTİ

Ədəbi̇yyat

28 Aprel 2020, 15:51

 

 

 

 

 








28 aprel tarixi Azərbaycanın xalq yazıçısı, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Qılman İlkinin doğüm günüdür. Modern.az saytı bunu nəzərə alaraq, tanınmış jurnalist Səfurə Çərkəzqızının Qılman İlkin haqqında illər öncə - onun hələ sağlığında qələmə aldığı yazısını sizə təqdim edir. Qeyd edək ki, bu yazı 2002-ci ildə hazırlanıb, Qılman İlkin isə 2009-cu ildə haqq dünyasına qovuşub.

Yazı bu vaxta kimi internet mediada yayımlanmayıb.

İki-üç saatlıq  ünsiyyətdən bu qənaətə gəlmək olar ki, Qılman müəllimlə dolanmaq asan məsələdi. “Yaradıcı adamlar qəliz olurlar” fikrinin ona dəxli yoxdu. Yəqin ki, o heç vaxt rəfdəki kitablarına kimsə toxunduğuna görə dava-dalaş salmaz. Bəlkə də, yanılıram. Ona görə də  Xalq yazıçısı Qılman İlkini doğmalarının-oğlu Ayaz  müəllimin, gəlini Rəna xanımın dili ilə tanımağa qərar verirəm:


- Yazıçı oğlu olmaq məsuliyyətdi, yoxsa şərəf?

- Təbii ki, Qılman İlkinin oğlu kimi fəxr duyuram. Gözümü açıb evimizdə yazıçıları, ziyalıları görmüşəm. Həm də bunun məsuliyyətini dərk eləyirəm.


- Bəs məhrumiyyətləri nədi? Atanızın adı hansısa arzunuza sədd çəkib?

- Həmişə hərəkətlərimi ölçüb-biçmişəm. Hansısa bir addım atanda birinci atamı fikirləşmişəm. Mən onun adına ləkə gətirəcək iş görməməliyəm.


- Daha gənc vaxtlarınızda hansısa bir kampaniyada, lap elə içki məclisində atanızı xatırlayıb hərəkətlərinizə qadağa qoymusuz?

- Mən o cür kampaniyalara heç vaxt aludə olmamışam.


- Qılman müəllim necə qayınatadı?

Rəna:

-Mənim atam rəhmətə gedib. Bu evə gələndən onu  ata bilmişəm. Özümü evin gəlini yox, qızı hesab eləyirəm. O özü də həmişə mənə “qızım” deyir.


- Ümumyyətlə, Qılman müəllim necə insandı?

- Çox sadə, ürəyi yumşaq. İndiyə kimi bir dəfə də ondan inciməmişəm.


- Heç işlədiyi vaxt sizin ehtiyatsız bir hərəkətinizdən, mətbəxdəki səs-küydən də əsəbiləşməyib?

Ayaz :

- Onlar ata-bala kimidilər.

Rəna xanım:

- O, adətən, səhər saat beşdə, altıda işləyir. O vaxt heç kəs oyaq olmur. Ona görə də belə problemimiz yoxdu.

- Hansı xasiyyəti ilə razılaşmırsız?

Ayaz:

- İnsanlara çox inanır.


- Onu ailə başçısı kimi daha çox qiymətləndirirsiz, yoxsa yazıçı kimi?

Ayaz:
- Çətin sualdı. Məncə, ata kimi daha çox qayğıkeşdi. Yazıcı kimi də qiymətini alıb-Xalq yazıçısıdı. Düzdü, atam belə şeylərə məqsəd kimi baxmır...


Rəna:

- Uşaqları çox sevir. İlk nəvəsi olanda sevincindən ağlamışdı. Amma hamı elə bilirdi ki, uşaq qız olduğuna görə  ağlayırmış.


- Əsərlərinin hansını daha çox sevirsiz?

Ayaz:

- Xüsusən hekayələrini. “Şimal küləyi” əsərini.


Rəna :

- Oxuduqlarımın hamısını bəyənirəm.  “Şimal küləyi” mənim Azərbaycan  dilində oxuduğum ilk kitab olub. Çox təsir eləmişdi.


- Bu evə gəlin gəlməmişdən qabaq yazıçı Qılman İlkin haqqında hansı təsəvvürləriniz vardı?

- Rus məktəbini bitirmişəm deyə, Azərbaycan ədəbiyyatından o qədər də xəbərdar deyildim. Amma Ayazla tanış olandan sonra qayınatamın kitabları ilə maraqlanmağa başladım. Elə “Şimal küləyi”ni də o vaxtlar oxumuşam.


- Oxuduğunuz əsərlərin müəllifi Qılman İlkinlə qayınatanız  arasında hansısa ziddiyyəti görürsüz?

- Məncə, o, əsərlərində də özüdü.

- Əsərlərinə tənqidi yanaşa bilirsiz?

Ayaz:

- Yox!


- Doğmalıq imkan vermir?

- Nə bilim, oxuyub razılaşıram. Ümumiyyətlə, atamla mənim aramda bu barədə müzakirələr olmur. Düzdü, müxtəlif mövzularda, ədəbiyyat haqqında söhbətlər eləyirik. Amma sırf onun yaradıcılığından danışmağı xoşlamır.


- Atanızın hansısa əsərini oxuyub günlərlə təsirindən çıxmadığınız vaxtlar olub?


- Olub. Məsələn, “Bakı və bakılılar” kitabı müasir publisistikada hadisədi. Orda tarixlə bağlı çox faktlar var. Atam fakta dəqiqliklə yanaşır. Faktdan kənara çıxmağı xoşlamır. O kitabı oxuyandan sonra fikirləşirdim ki, kaş mən də Bakının tarixini belə biləydim.


- Atanızın hansısa kitabı sizinçün onun gizli tərəflərini aşkar edib?


- Biz onun ilk oxucularıyıq. Atam əsərlərinin əlyazmalarını bizə oxuyur, fikrimizi öyrənir. Bəzən mövqeyimizlə razılaşır, bəzən razılaşmır. Ona görə də kitabı oxuyanda yazılanlar bizə elə də gözlənilməz görünmür.


- Qılman müəllimin uşaqları ilə tərbiyə üsulu necə olub?


- İndiyə kimi ondan ağır söz eşitməmişik. Döyməkdən söhbət  gedə bilməz. Onun varlığını özümüzçün nümunə saymışıq.


- Günahınıza görə sizi necə cəzalandırıb?


- Cəzalanmağımız  yadıma gəlmir.


- Sizcə, Qılman müəllim yazıçı olmasaydı, ondan başqa hansı sənət sahibi çıxardı?


- Onu ədəbiyyatdan kənarda təsəvvür eləmirəm. Hər halda, atam mütləq yaradıcı adam olardı.


Rəna :

- Məncə, ondan yaxşı rəssam çıxardı. Uşaqlarım balaca olanda onun yanına gəlirdilər, onda uşaqlara qəşəng şəkillər çəkirdi. Lap rəssam kimi.


- Qılman müəllim arzularına çatıbmı?


Ayaz:

- Bəli. Bəzən onu aza qane olduğuna görə qınayırlar. Amma atam şan-şöhrətə meyilli deyil.


- Sənətkarlar unutqanlıqdan, laqeydlikdən gileylənirlər. Qılman müəllimin belə nisgili yoxdu?


- Yox, atam həmişə xalqın da, dövlətin də diqqətində olub. Ən azı media nümayəndələri onu yaddan çıxarmırlar. Atama maraq get-gedə daha da artır. Onu ədəbiyyatın “sonuncu mogikan”ı hesab edirlər.


- Cəmiyyətdə həmişə “atalar-oğullar” problemi olub. Bu problem sizdə də var?


- Yox. Olsa da, bu, özünü yüksək formada büruzə vermir. Bəzən uşaqların tərbiyəsiylə bağlı fikir ayrılıqlarımız yaranır. Onda da dərinə getmirik.


Rəna:

- Məsələn, oğlum saçını dəblə kəsdirəndə bu, onun xoşuna gəlmir. Deyir ki, belə yaxşı deyil, niyə özünü bu kökə salıb? Amma sonda bu məsələyə görə münaqişə yaranmır.


- Fikir ayrılığı zamanı kim daha çox güzəştə gedir?


Ayaz:

- Atam.


Rəna:

- Onun həyat təcrübəsi böyükdü. Ona görə də həmişə yol göstərənimiz olub.



- Sizcə, ananız onu anlayırdı? 


- Bəli. Rəhmətlik anam həmişə ona dayaq olub. Atamın bir yeri ağrıyanda başının üstündən çəkilməyib...

 

“Həyatım  belə başladı”

 

... İndi oxuyacaqlarınızsa sizi Qılman müəllimin hər tinində, döngəsində zəhmət, iradə,  güc, sevgi duyulan həyat yoluyla tanış edəcək. Bir insanı  yazıçılığa, kamilliyə gətirən yol... 

 

“Altı qardaş,  bir bacıydıq.  Atamın sağlığında  yaxşı dolanırdıq. Milyonçu Murtuza Muxtarovun yanında işləyirdi. Heyif ki, onu tez itirdik,  ağır günlər yaşadıq.  Əsl həyatım belə başladı.

1922-ci ildə Mərdəkanda ibtidai məktəbə getdim. Həmin məktəbi Tağıyev tikdirmişdi. Buranı çox əziyyətlə oxuyub qurtardım. Sonra Bakıda Pedaqoji Texnikuma daxil oldum. Ehtiyac içindəydik deyə, şəhərdə ev tutub qala bilmirdim. Hər gün məktəbə getmək üçün səhər saat altıda evdən çıxırdım. Mərdəkandan Suraxanıya qədər piyada yol gedirdim. Qarlı, tufanlı günlərdə Bakıya meyvə-tərəvəz daşıyan arabaçılardan xahiş eləyirdim ki, məni də şəhərə gətirsin.

İranlı bir çörəkçi vardı. Onun qızına ərəb əlifbasından dərs deyirdim. Əvəzində o, hər gün mənə bir çörək verirdi. Yay tətillərində çalışırdım ki, qışa tədarük görüm. Muxtarovun bağındakı gülləri sulayıb pul alırdım. Biri bir qəpikdən dəri duzlayırdım. Bu əziyyətlərlə, axır ki, oxuyub qurtardım”.

 

15 yaşlı direktor

 

“Texnikumu 1931-ci ildə qurtarmalıydım. Amma bizi bir il tez buraxdılar. Çünki Azərbaycan rayonlarında müəllimə böyük ehtiyac vardı. Birinci beşillik təzə başlayırdı. Bizə “zərbəçi” adı verib rayonlara göndərdilər. O vaxt 15 yaşıma təzəcə girmişdim. Xaçmaz rayonunun Əhmədabad kəndində məktəb direktoru təyin edildim. Amma Xaçmazda işləmək çox qorxuluydu. Rayon ətrafındakı meşəliklərdə çoxlu qolçomaqlar vardı. Ona görə də kənd sovetinin sədri məni yanında saxlayırdı. Deyirdi ki, qolçomaqlar səni öldürər. Onunla bir otaqda yatırdım.

Məktəb binasını tövlədən düzəltmişdilər. Bütün sinif şagirdləri bir otaqda otururdu. Bir cərgədə birincilər, o birində ikincilər...”

Bir gün maarif nazirinin çağırışı ilə şəhərə getdim. Qayıdanda gördüm ki, kənd matəm içərisindədi. Demə, qaçaqlar kənd sovetinin sədrini gecəykən yatdığı yerdə öldürüblər. Allah məni ölümdən qurtarıb. Bir il belə mühitdə müəllim işlədim. Sonra şəhərə qayıtdım...”

 

Dilsiz məhəbbət 

 

“Sevgiyə bənzər hissi Xaçmazda yaşadım. Bir şagirdim mənə vurulmuşdu. Gözəl qız idi. Dördüncü sinifdə oxumalıydı, amma birincilərlə otururdu. Hiss eləyirdim ki, dərsboyu əlini çənəsinə qoyub mənə tamaşa edir. Onda mənim 15 yaşım vardı. Sonra dayısı nəsə hiss eləyib onu məktəbdən çıxartdı. Arada yenə qaçıb gəldi. Mənim Bakıya qayıdacağımı biləndə elə ağlamışdı ki... Sonralar arxamca Bakıya da gəlib. Amma məni tapa bilməyib”.

 

Kamil sevgi

“Kamil sevgiyə isə 24 yaşımda çatdım. Onda Qubada Pedaqoji İnstitutun filialında dərs deyirdim. O isə tələbəm idi. Uzun hörükləri vardı. Amma mən onun hörüklərinə vurulmamışdım. Çox ağıllı qızıydı. Onu zorla ərə verdilər. Lalə Şövkət Hacıyevanın analığı oldu. Bir gün bacısı ona yazdığım bütün məktubları özümə qaytardı, mən də cırıb atdım. Yazıq qız vərəmdən öldü...”

 

Fədakar qadın

“Həvva bacımın rəfiqəsiydi. Tibb İnstitutunda oxuyurdular. Tez-tez bizə gəlib-gedirdi. Bir gün tanış olduq. Xoşuma gəldi, evləndik. İki oğlumuz, bir qızımız oldu. Rəhmətlik fədakar qadınıydı.  Bilirdi ki, mən səhər saat altıda durub işləyirəm. Məndən qabaq oyanırdı, çay qoyurdu. Kimsə məni uzun-uzadı söhbətə tutanda  çəkinmədən deyirdi ki, onun yatmaq vaxtıdı, mane olmayın”.

 

Onun yükü çox olub

 

“Xaçmaz rayonundan qayıdandan sonra “Gənc işçi” qəzetində də işlədim. Sonra “Komsomol” qəzetinin redaktoru oldum.  1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix-ədəbiyyat fakültəsinə girdim. Oranı üç nəfər tələbə-mən, Vəfa Quluzadənin atası,  bir də Məhərrəm Məlikzadə birinci dərəcəli diplomla qurtardıq.

37-ci ilin əvvəlləri idi. Müəllimlərin çoxusu tutulmuşdu. Ali məktəblərdə dərs deyən yoxuydu. Bizi birbaşa dərs deməyə göndərdilər. Mən üç ali təhsil ocağında dərs deyirdim: Azərbaycan Pedaqoji İnstitutunda , Azərbaycan Dövlət Universitetində, İncəsənət Universitetində . Həm də mətbuatda çalışırdım. “Gənclik” nəşriyyatında,  “Azərnəşr”də baş redaktor, direktor vəzifələrinə baxırdım.  Təqaüdə çıxana kimi də “Azərnəşr”in direktoru vəzifəsində işlədim. 1963-67-ci illərdəsə “Azərbaycan” jurnalının redaktoru olmuşam...”

 

 2002-ci il

Səfurə Çərkəzqızı,
“Sevdalılar”

 
***

Redaksiyadan: Qılman İsabala oğlu Musayev (Qılman İlkin) 1914-cü il aprel ayının 28-də Bakının Mərdəkan kəndində anadan olub. 1926-1929-cü illərdə şəhər pedaqoji texnikumunda oxuyub, 1932-1936-ci illərdə Azərbaycan Pedaqoji institutunun dil-ədəbiyyat fakültəsində ali təhsil alıb. Qılman İlkin əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində məktəb müləlimi kimi başlayıb.1931-1932-ci illərdə “Gənc işçi” qəzeti redaksiyasında ədəbi işçi, 1938-ci ildən isə “Uşaqgəncnəşr” də məsləhətçi, baş redaktor və direktor vəzifələrində çalışıb. İkinci Dünya müharibəsində iştirak edib, keçmiş Sovet Ordusunun tərkibində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə müxbir kimi çalışıb.

O, bədii yaradıcılıqla yanaşı, uzun müddət mətbuat sahəsində fəaliyyət göstərərək, 1960-1963-cü illərdə “Azərbaycan” jurnalının baş redaktoru, 1967- 1971-ci illərdə isə yendən Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində çalışıb. Müasir Azərbaycan nəsrinin tanımış nümayəndələrindən olan Qılman İlkin 1943-cü ildən etibarən ədəbi yaradıcılığa başlayıb. O, altmış ildən artıq bir dövr ərzində çox sayda hekayə, povest və romanlar yaradlb. Son illər “Sən Bakını taniyırsanmı?”, “Bakı və bakılılar”, “Tovuz Lələyi” kitabları kütləvi tirajla onun yaradıcılğında yer alıb. Onun ssenariləri əsasında “Azərbaycanfilm” kinostudiyasında “Yenilməz batalyon”, Kölgələr sürünür” filimləri çəkilib. “Cərrahlar”, ”Tayqa nağılı”, “Əsgər müharibədən qayıdırdı”, “Geriyə yol yoxdur”, “Baba və nəvə” televiziya pyesləri uzun müddət mavi ekranda görtərilib, “Təzə şagırd” pyesi tamaşaya qoyulub.

Əsərləri xarici dillərdə çap edilib, 30-a qədər kitabı işıq üzü görüb. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Qırmızı əmək bayrağı”, ”İkinci dərəcəli Böyük Vətən müharibəsi” ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və medalları ilə təltif olunub. 1967-ci ildə Dövlət mükafatı laureatı, 1989-cu ildə “Azərbaycanın Əməkdar incəsənət xadimi”, 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, 2003-cü ildə “Azərbaycanın Xalq yazıçısı” fəxri adını alıb. Qafqaz xalqları Ali Dini Şurasının “Paklıq” mükafatına layiq görülüb.

Qılman İlkin 2009-cu il noyabrın 6-da vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir