Modern.az

Qarabağ söhbəti - Azərbaycanın Milli Qəhrəmanı: “Oğlumun suallarından utanıram” - MÜSAHİBƏ

Qarabağ söhbəti - Azərbaycanın Milli Qəhrəmanı: “Oğlumun suallarından utanıram” - MÜSAHİBƏ

Qarabağ

29 Aprel 2020, 12:01

Modern.az saytının “Qarabağ söhbəti” layihəsi davam edir. Layihə çərçivəsində budəfəki müsahibimiz Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevdir.

 

- Ehtiram müəllim, COVID-19 pandemiyasının bəşər insanına bəxş etdiyi karantin günlərini necə keçirirsiz?

- Hamı kimi qaydalara riayət edirəm. Zərurət olmadıqda evdən çölə çıxmıram.


- İştirakçısı olduğunuz Birinci Qarabağ savaşında isə əksinə idi. Siz evdə deyildiz. Müharibənin mərkəzində idiniz. Bu məsələlərdə oxşar və fərqli nüansları görə bilirsiz?

- Heç müqayisə etmək istəməzdim. Müharibənin karantini belə olmur.


- Ancaq koronavirus pandemiyasını silahsız müharibə də adlandırırlar. Necə düşünürsüz, koronavirus bəşəriyyət üçün müharibədirmi?

- Belə müharibə, belə savaş olmur. Bu necə mühahibədir ki, insanlar səhərdən axşama kimi yeyib-yatmaqla məşğuldurlar?!


- O zaman maraqlıdır, karantin  müddətində Qarabağ münaqişəsini, Ermənistan-Azərbaycan müharibəsini necə görürsüz?

- Əvvəla, COVID-19 epidemiyası dünynın diqqət mərkəzindədir. Məlumat üçün deyim ki, dünyada bu vürusa yoluxanların sayı 3 milyonu ötüb. 218 mindən artıq insan isə həyatını itirib. Təəssüflər olsun ki, bu təhlükəli virus Azərbaycandan da yan keçməyib, həyatını itirən soydaşlarımız da var. Ölkə prezidentinin bu bəlaya qarşı mübarizə üçün atdığı addımlar xalqımızın gələcəyə ümidini daha da artırır. Prezidentin son verdiyi sərəncamlara nəzər aldıqda görürük ki, əhalimizin normal yaşayışı üçün nə qədər işlər görülüb. 600 min aztəminatlı ailə 190 manat müavinətlə təmin olunub, özəl müəssisələrdə çalışanlara müxtəlif güzəştlər tətbiq olunub. Cənab prezidentin göstərişləri əsasında ölkədə yeni xəstəxana istifdəyə verildi, həkimlərin əməkhaqqları bir neçə dəfə artırıldı. Göstərilən xidmətlər bir daha sübut edir ki, cənab prezident xalqımızın sağlam yaşaması üçün əlindən gələni əsirgəmir.
Ancaq təəssüflər olsun ki, ölkəmiz müharibə şəraitində qalmaqdadır. Koronavirus pandemiyası dünyada bir sıra müharibələri səngitsə də, Ermənistan hələ də Azərbaycan torpaqlarında öz çirkin əməllərindən əl çəkməyərək, hər gün atəşkəsi pozmaqla məşğuldur.
Ermənistanda 2 minə yaxın adam koronavirusa yoluxub, onlardan da 30-u həyatını itirib. Bu, Ermənistnın verdiyi rəsmi məlumatdır. Nədənsə Dağlıq Qarabağda koronavirusa yoluxan və ölənlərin sayını gizlədirlər. Son bir neçə gündə erməni saytlarının verdiyi məlumatlara görə, artıq bu virus düşmən ordusunda kütləvi şəkildə yayılıb. Ermənistan baş naziri Nikol Paşinyan bu virusun qarşısını almaqda çətinlik çəkir. Görünür öz xalqının ayağa qalmasından narahat olan baş nazir Azərbaycana qarşı təxribatlar törətməklə erməni millətinin başını qatır. Bu tendensiya çox davam edə bilməyəcək. Çünki, erməni xalqı da yaxşı başa düşür ki, dünyadan təcrid olan bir ölkənin gələcəyi şübhə altındadır.
Son illər beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artmaqdadır. Dağlıq Qarabağ probleminin həlli yönündə bir sıra nüfuzlu təşkilatlarda məsələ qaldırılmasına baxmayaraq, hələ də Ermənistan bu danışıqlardan qaçır. Lakin cənab prezident də dəfələrlə qeyd edib ki, bu münaqişə sülh yolu ilə tənzimlənməsə, digər adekvat addımlar atılacaq. Nəyin bahasına olursa olsun, biz öz qanuni ərazilərimizi işğaldan azad edəcəyik. Buna dövlətimizin də, ordumuzun da kifayət qədər gücü var. Xalqımıza bir Milli Qəhrəman kimi sözüm ondan ibarətdir ki, verilən qanunlara riyayət edərək, birlikdə bu bəladan tezliklə xilas olaq.


- Sizcə, COVID-19 pandemiyasının tüğyan etdiyi dünyada erməni əsgəri müharibə istəyirmi?

- İstəmir. Bu yaxınlarda bir xəbər oxudum. Erməni əsgəri Azərbaycan tərəfə keçmək istəyir. Bu da onu göstərir ki, Ermənistanda yaşamaq pandemiya dövründə daha mürəkkəbdir. Ona görə də sadə erməni xalqı müharibə istəmir. Ermənistan Baş nazirinin apardığı siyasət oyundur. İçimdəki səs deyir ki, Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda həll olunacaq. Tezliklə torpaqlarımızı geri alacağıq.


- Gerçək olmasını arzulayırıq. Yeri gəlmişkən, regiona vaxtaşırı nəticəsiz səfərlər edən ATƏT-in Minsk qrupu koronavirus səbəbindən səfərləri təxirə salıb. Sizcə, koronavirus pandemiyasından sonra səfərlərə ehtiyac varmı?

- Düşünürəm ki, bir az da gec gəlsələr, torpaqlarımızı geri qaytaracağıq. Regiona edilən səfərlər mənasız və boşdur.


- Karantinin ilk günlərində belə fikirlər yayıldı ki koronavirus dövründə müharibəyə başlayıb Qarabağı azad etmək olar. Siz necə düşünürsüz?

- Deməzdim ki, müharibə etməyin tam vaxtıdır. Çünki bu gün koronavirusa qarşı bütün bəşəriyyət mübarizə aparır. Dünyanın gərgin bir vaxtında Ermənistanla müharibəyə başlamaq doğru olmaz. Dünyanın qınaq obyektinə çevrilərdik. Sadəcə olaraq indiki məqamda evdə qalıb virusa qarşı mübarizə aparmalıyıq.


- Ehtiram müəllim, dünyanın da bizim də başımız COVID-19-a qarışıb. Sanki unutqan olmuşuq. Sizə elə gəlmir ki, Qarabağı unutmuşuq?

- Ermənistan Qaarabağ məsələsində həmişə hiyləyə əl atır. Siyasətdə də bunu görürük. Ermənistan təkbaşına torpaqlarımızda oturmayıb. Arxasında bəlli qüvvələr dayanır. Danışıqlar masasında hər zaman gərginlik yaratmaqlarının şahidi oluruq. Cənab prezidentimiz bütün görüşlərində vurğulayıb ki, torpaqlarımızı sülh yolu ilə almağa çalışacağıq. Buna baxmayaraq Ermənistan hakimiyyəti çirkin əməllərindən əl çəkmir. Danışıqlar masasında yalandan “hə” deyib, sonra başqa yollara əl atırlar. Sülh yolu ilə alınmasa belə, güclü ordumuzun sayəsində torpaqlarımızı geri alacağıq. Ordumuza komanda verilsə, rayonlarımızı işğaldan azad edə bilər.


- Sualıma tam cavab vermədiz. Karantin müddətində Qarabağı unutmuşuq, yoxsa, unutmamışıq?!

- Qarabağı unutmaq özünü unutmaq deməkdir. Qarabağı unutsaq, gələcək nəsil bizi heç vaxt bağışlamaz.  Qətiyyən unutmamamışıq.


- Siz müharibəni görmüş və yaşamış birisiz. Müharibənin insanlara bəxş etdiyi əhval-ruhiyyə olur. Tam deyə bilmərəm ki, indi o əhval necədir? Sadəcə maraqlıdır, insanlarımızın vətənpərvərlik ruhunu necə müşahidə edirsiz? Razı, narazı qaldığınız məqamlar varmı?

- 2016-cı ilin aprel döyüşlərinə nəzər salaq. İçi mən qarşıqı şahidi olduq ki, gənclərimiz döyüşməyə daha həvəslidir. Oğlum bu gün-sabah əsgər yaşına çatacaq. Aprel döyüşlərində insanlarımızın vətənpərvər olduğunu gördüm. Ona görə də gənc nəslin döyüş ruhuna çox inanıram. Azərbaycanın Milli Qəhrəmanıyam. Döyüşmüşəm, 2 dəfə yaralanmışam. Buna baxmayaraq, sabah müharibə olsa, torpaqlarımızı azad etməyə hazıram.


- Dediyiniz kimi, oğlunuz bir ildən sonra hərbi xidmət yaşına çatacaq. Düşünmürsüz ki, biz Qarabağ savaşını gənc nəslə sanki ərmağan etməyə doğru gedirik?! Bu sizi narahat edirmi?

- Qarabağı biz azad edəcəyik. Düşməni məhv edərəm, ancaq bu münaqişəni gələcək nəslə saxlamaram.


- Reallıq isə başqadır. Tarixdən blirik ki, 100 illərlə davam edən savaşlar olub. Hər halda, biz də 2010-cu ildə doğulmuş uşaqlarımıza Qarabağ müharibəsini saxlamaq barədə düşünmək belə istəmirik.

- Bu barədə danışmaq çox çətindir. Kiçik oğlum da bu mövzu barədə həddindən artıq çox sual verir. Düzü, çox vaxt onun suallarından utanıram. Uşağın suallarına cavab vermək mənim üçün əzabdır. Yeri gəlmişkən, narazı qaldığım məqamı da deyim. Təəssüf ki, dərsliklərimizdə Qarabağ məsələsi geniş formada əks olunmur. Vətənpərvərlik mövzusu çox az təbliğ olunur. Qarabağın az təbliğ olunması gələcək nəsil üçün onun unudulması deməkdir. Aydın məsələdir ki, mən Milli Qəhrəman olaraq övladlarıma bu barədə kifayət qədər informasiya verirəm. Ancaq elə ailələr var ki, evində Milli Qəhrəmanı yoxdur. Hesab edirəm ki, məktəblərin və müəllimlərin üzərinə çox böyük iş düşür. Bir-iki Milli Qəhərmanın təbliğ olunması doğru deyil. Bunu kütləvi etmək lazımdır. Şagirdlərimiz Milli Qəhrəmanlarımızı tanımır.


- Ehtiram müəllim, Milli Qəhrəman olaraq sizi efirlərdə görmürük? Bu nə ilə bağlıdır? Dəvət gəlmir, yoxsa necə?

- Dəvətlər olur. Sadəcə olaraq imtina edirəm. Düşünürəm ki, bu qədər məcburi köçkünlərimizin olduğu və torpaqlarımızın işğalda qaldığı bir vaxtda mənim efirlərdə tez-tez görünməyim doğru deyil. Təbii ki, biz bu sahədə də işlərimizi davam etdirməliyik. Ancaq düşünürəm ki, torpaqlarımızı azad edəndən sonra bu mövzuda daha geniş danışa bilərəm.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir