Modern.az

Yazıçılar Birliyindən ev alacaq yazar mənzil siyahısını alt-üst etdi

Yazıçılar Birliyindən ev alacaq yazar mənzil siyahısını alt-üst etdi

3 May 2012, 08:28

”Bura Azərbaycan Katibələr və Makinaçılar Birliyi deyil, Azərbaycan Yazıçılar Birliyidir”


Azərbaycan Yaıçılar Birliyinin (AYB) mənzil növbəsində dayanan evsiz  yazıçı və şairlərlə bağlı qərarı ətrafında yaranmış narazılıqlar acı bağırsaq kimi uzanmaqdadır. Yazıçılar Birliyinin ev alacaq üzvlərinin siyahısı açıqlanandan sonra razı və narazı tərəflərin “söz atışması” başlayıb.

Modern.az
saytı adı siyahıya salınmayan və bundan narazı qalan yazarların məsələyə münasibətini təqdim etmişdi. İndi isə adı siyahıda olan yazarların mövqeyi ilə tanış olaq.  

AYB-nin mənzil siyahısına düşən tənqidçi Əsəd Cahangir
müzakirələrə səbəb olan məsələyə öz  münasibət bildirib:

“ 9 mənzil 36 yazıçı arasında bölünüb. Hər bir mənzil satılacaq və pulu 4 nəfər arasında bölüşdürüləcək. Amma ordan da 20 % dəyər vergisi çıxılacaq və belə alınacaq ki, bir mənzil 5 nəfər arasında bölünəcək. Biz neçə ildi Yazıçılar Birliyinin üzvüyük və ev növbəsindəyik. Bizə ev verilməsini gözləyirdik. Həm də evin ümumən götürəndə 4 küncü olur, üstəlik də dəyər vergisini də desək, bizə heç o bir künc də düşmür. Bu məsələnin ümumi br tərəfidir.
Məsələnin ikinci bir tərəfi isə ondan ibarətdir ki, bəzi konkret amillər nəzərə alınmadı. Həmin amillər bunlardı: bu adam kimdir, hansı savadın, istedadın yiyəsidir, yeri nədən ibarətdir, onun ədəbiyyatdakı funksiyası nədir və s. Bax bunların heç biri nəzərə alınmadı. Burda da məsələyə bolşevik  prinsipi, bərabərlik prinsipi ilə yanaşdılar. Əslində hər birimizin ədəbiyyatda öz yeri var və buna görə də qiymət verilməli idi. Heç kəs varlı ola bilməz və hamı bərabər olmalıdı. Bu sovet prinsipdir və məsələnin bir tərəfidir. İkincisi ehtiyac amili nəzərə alınmadı. Məsələn, elə şəxs var ki, onun şəhərdə beş evi var, amma adı yenidən bu siyahıya düşüb. Elə adam var ki, onun evi yoxdur və o kirayələrdə qalır. Həm istedad, həm də imkan prinsipləri ortaq götürülərək baxılmalı idi. Mən demirəm ki, 9 mənzilin biri mütləq mənə verilməli idi, əsla. Yerdə qalanlar da insandılar, amma evi olmayan insanların bir neçəsinə ev verə bilərdilər. Burda, yəni bu siyahıda evi olmayan bir neçə insan var. Mən demirəm ki, hər adama bir mənzil verilməlidir. Amma müəyyən bir güzəşt olunmalı idi ki, bu insanlar da gedib özlərinə ev ala bilsinlər“.

Əsəd Cahangir  ilk növbədə bu mənzillərin ədəbiyyat adamlarına verilməli olduğunu da qeyd edib:

“Amma nəticə etibarı ilə nə alındığını görürük. Sadəcə, bəzi adamlara cibxərcliyi üçün pul verilib. Yəni evi var, bu pulu da ayrı işlərinə xərcləyəcək. Bəzi adamlar üçün isə bu taleyüklü bir problemdir. Məhz bu məsələ nəzərə alınmamışdı və fərq qoyulmamışdı. Mən demirəm makinaçı adam deyil. O da  insandı. Amma bura Azərbaycan Katibələr və Makinaçılar Birliyi deyil axı. Bura Azərbaycan Yazıçılar Birliyidir. Ümumiyyətlə, bu amillər nəzərə alınmalı idi. Amma evi olmayan xeyli insan ümumiyyətlə bu siyahıdan kənarda qaldı. Əgər belədisə, o zaman qurumun adını dəyişib Azərbaycan Katibələr Birliyi qoysunlar. Təbii ki, hər birimizin ehtiyacı var, amma bura ilk növbədə Yazıçılar Birliyidir. Katibə, buxalter, makinaçı da  ilk növbədə bizə xidmət edilər. Biz onlara onlara xidmət etmirik,  onlar bizə xidmət edir ki, biz ədəbiyatımızı inkişaf etdirək. O idarə işçilərinim hörməti gəlib bizdən qabağa keçib. Bu təkcə ev məsələsində deyil, elə bütün məsələlərdə də  var. Yalandan da danışmaq lazım deyil. Ümumiyyətlə, mən bu bölgünü ədalətli saymadım. Şəxsən mən özümə qarşı olan qiymətdən razı deyiləm və mən belə qiymətləndirilməli deyildim. Mənim haqqım və hüquqlarım bu bölgüdə tapdalandı. Mən insan yerinə qoyulmadığımı anladım”.  

Adı mənzil siyahısında olan yazıçı Əkbər Qoşalı
isə tənqidçi Əsər Cahangirin fikirlərinə tam zidd olan sözlər deyib:

”Dostlar, bəs Azərbaycan Yazıçılar Birliyinin Mərkəzi Aparatında çalışanlar öz mənzil şəraitlərini yaxşılaşdırmaq hüququna malik deyillər? Azərbaycan Yazıçılar Birliyində çalışan mühasib, məsləhətçi və operatorun sizcə mənzil problemlərini çalışdıqları müəsisədəmi, yoxsa hansısa başqa bir yerdəmi həll etməlidirlər? Onlardan mənim şəxsən tanıdıqlarım var ki, yataqxanada və ya kirayələrdə yaşayır, gəlirləri də ürəkaçan deyil. Bir də, ev növbəsi varsa,  onlar da bu hüquqdan istifadə edirlər. Mənzil növbəsi də bir günün içində hazırlanmır ki?
Xeyli sənəd toplanır, neçə instansiyadan keçir, neçə imza yığılır... O anlamda, ev növbəsində olan şəxsin yazar olub-olmaması deyil, ehtiyacı ön plana çıxır. Bütün bunlarla yanaşı,  ümidvaram ki, məlum siyahıda yer almayan evsiz yazarlar da ev növbəsində durma ardıcıllığına, ehtiyaclarına və tələb olunan digər sənədlərə uyğun olaraq, zaman-zaman diqqətə alınacaqlar. Nəhayət sonda onu da deməliyəm ki, bu siyahıda olanlara ev verilmir, bir mənzilin pulu 4 nəfər arasında bölünür ki, onlar öz mənzil şəraitlərini yaxşlaşdıra bilsinlər. Şəhərin mərkəzi yerlərində olmasa da, heç olmasa əldə ediləcək vəsaitə uyğun bir məkanda özlərinə koma qaraltsınlar” .

Könül Səid  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi