Modern.az

“Milli Məclis sədrinin iclasların aparılmasındakı təmkini özünü göstərdi” - Zahid Oruc

“Milli Məclis sədrinin iclasların aparılmasındakı təmkini özünü göstərdi” - Zahid Oruc

Parlament

1 May 2020, 12:22

"Milli Məclisin rəsmən fəaliyyətə başlamasından 50 gün vaxt keçir. Tərkibinin üçdə biri yenilənən qanunverici orqanda təmsil olunan hər bir adam xalq qarşısında çətin sınaqdan keçdi. İndi Azərbaycan və dünya yeni çağırışlarla üz üzə qalıb".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

 

Onun sözlərinə görə, bəşəriyyətin məruz qaldığı qlobal böhrandan sonra çökən iqtisadiyyatlarla birgə dövlətlərin də iflasa uğrayacağını proqnozlaşdırmaq o qədər də çətin deyil:

 

"Ona görə də bütün siyasi elitalar, o cümlədən  parlamentlər tarixdə görünməmiş çətin suallar qarşısındadır. Belə şəraitdə xatırlatmaq yerinə düşər ki, 10 mart 2020-ci ildə Prezidentin Milli Məclisdə açılış nitqi əslində “Yeni Parlament üçün Manifest” adlandırıla bilər. Çünki ölkə rəhbəri deputatlara çətin siyasi sınaqlarda necə davranmağı, qlobal və regional gerçəkləri dərindən başa düşməyi və xalqa ləyaqətlə xidmətin  platformasını-proqramını təqdim etdi. Bu, mühüm siyasi hadisə idi, çünki prezident ən çətin şəraitdə yüksək siyasi nüfuzunu parlamentlə bölüşdü və hökumətə-bütün komandasına öz nümunəsində hakimiyyət qolları arasında məsuliyyət bölgüsü və düzgün əməkdaşlıq formulunu növbəti dəfə təqdim etdi”.

 

Zahid Oruc sonra qeyd edib ki, parlamentin yeni sədarəti işə başlayandan bir az sonra  ən azı 6 ölkənin qanunverici orqanı tamam və bir neçəsinin qismən fəaliyyətini dayandırdıgı şəraitdə Milli Məclis iki vəzifəni-sürətli bir şəkildə strukturlaşmanı və yeni hüquqi-siyasi vəziyyətə uyğunlaşmaq üçün təcili tədbirləri həyata keçirməli idi. Deputat hesab edir ki, qısa müddətdə yeni reallıqlara uygunlaşmağa, online platformalarda özünütəşkil etməyə, sənədlərin elektron dövriyyəsinə və deputatların aydın, koordinasiyalı bir şəkildə informasiya məkanına çıxması yeni sədarətin səfərbərlik qabiliyyətini göstərdi, əvvəlki idarəçilik ənənələrinə deyil, məhz dəyişikliklərə hazırlığını sübut etdi:

 

“Milli Məclis sədrinin ötən 50 gündə xarakteri  daha çox insanın gözləri qarşısında açıldı, millət vəkilləri ilə qarşılıqlı hörmət və iclasların aparılmasındakı təmkin özünü göstərdi. Çoxları belə hesab edir ki, əvvəlki kreslonu sadə birisi ilə əvəzləmək adi bir jest, mexaniki bir seçim deyil və Ağstafa rayonunda gənclərlə görüşdə  ölkə rəhbərinin xalqa xidmətə yeni idarəçilik mədəniyyəti  gətirmək istəyinə verilən ən yüksək cavab reaksiyasıdır.

Təəssüf ki, bütövlükdə Milli Məclisin daxili interyerində dəbdəbəli görüntünü, biznes klass  elementlərini özündə əks etdirən plenar salondakı bütün kresloları dövlətin hazırkı siyasi dəyişiklilər dizaynına, məzmununa və yeniliklər fəlsəfinə uygunlaşdırmaq mümkün deyil. Çünki bu xeyli vaxt və xərc tələb edərdi”.

 

“Parlamentin yeni rəhbərliyi fəaliyyətə başlayarkən onun qarşısında duran ən böyük sual bu idi-hansı ənənəyə istinad etməli?” -, deyən komitə sədribildirib ki, 1993-cü ildə ən çətin şəraitdə Milli Məclisin sədri seçilən Heydər Əliyevin ölkədə sabitlik yaratmaq üçün məhz burada göstərdiyi siyasi dözümə, fərqli maraqları uzlaşdırmaq bacarığına, demokratikliyə, əks fikirlərə meydan vermək cəsarətinə söykənmək daha doğru olardı.

 

"Heydər Əliyevin hakimiyyətə 2-ci qayıdışı onun Milli Məclis rəhbərliyindən başlayarkən ulu öndər ölkədə xaosu məhz burada-Parlamentdə durdurmağa nail olmuşdu. Əlbəttə, Heydər Əliyevdən əvvəlki və sonrakı sədrlər o mərtəbəyə çata bilməzdilər. Lakin parlamenti necə idarəetmək sualına cavabı məhz ondan öyrənmək gərəkdir!

Bu günlərdə Milli Məclis Aparatının tam tərkibdə buraxılmasına dair imzalanan sərəncam müstəqilliyimizdən keçən son 30 ildə cəsarətli addım olmaqla prezidentin yeni hakimiyyət quruculugu siyasətinə tamamilə uygundur. Çünki Parlamentin Aparatı hakimiyyətin kadr bankı funksiyasını yerinə yetirməlidir, Administrasiyanın yükünü bölməlidir, hüquqi-siyasi aktların qəbulunda  və beynəlxalq əlaqələr sahəsində millət vəkillərinin ən yaxın köməkçilərinə çevrilməlidir. Ümidvarıq ki, Məclisin Aparatında islahatlar deputatların peşəkar fəaliyyətinə kömək edəcək, hüquqi sənədlərin keyfiyyətinin yüksəlməsinə müsbət təsir edəcək. Aparatdakı dəyişikliklər düzgün və ədalətli karyera qurmaq baxımından da çox vacibdir. Məsələn, vaxtilə burada çalışan Lətif Hüseynov məhz yüksək peşəkarlıgına görə indi Azərbaycanı Avropa Məhkəməsində təmsil edir, Ceyhun Qaracayev Konstutsiya Məhkməsində, Nizami Səfərovsa hazırda bizim sıralaramızdadır.Yenidən Məclisin Aparatını canlandırmaq, dövlət qulluğunun ali dəyərlərini özündə daşıyan bacarıqlı insanları siyasi mənsubiyyətinə, yaxud imtiyazına görə deyil, məhz bilik və bacarıqlarına, dövlətçilik təfəkkürlərinə görə seçib işə qəbul etmək zamanın tələbidir”, - deyə komitə sədri çıxışını davam etdirib.

 

Zahid Oruc qeyd edib ki, təbii olaraq, islahatlara qarşı gizli iş aparan, informasiya məkanında onu sabotaj və ya şantaj edənlər də tapılacaq:

 

"Lakin məqsəd və məram düzgün olanda, uğur qazanılacaq. Milli Məclisdə hörmətli Mehriban xanımın təşəbbüsünə qoşularaq qanvermə aksiyası keçirmək humanizm və insanlıq nümunəsi idi. Pandemiya dövründə millət vəkilləri Operativ Qərargahın üzvləri ilə birgə çalışaraq yüksək dövlət intizamı və xalqın səfərbərliyində özünəməxsus yer tutdular. Bir sözlə, Parlament ölkədə formalaşan yeni elitaya layiqli insanları təqdim etməyə qadir olmalıdır. Bundan ötrü professiolanllıq, siyasi və şəxsi əxlaqı yüksək olmaq kifayətdir. Vaxtilə Gənclər və Uşaqlar parlamenti kimi yaxşı nümunələr məhz burada yaranmışdı. Millətin balaları gəlib ilk yaşlarından onlara kitablardan öyrədilən hakimiyyət dərslərini əyani olaraq müşahidə edə bilərdilər. Təəssüf ki, o layihələrin hamısı biz fərqinə varmadan bitdi və yenidən onları dirçəltmək indi hamımızın vəzifəsidir. Başa düşməliyik ki, məhz Milli Məclisdə sınaqdan çıxarılan siyasi təcrübə dövlət quruculugunda bir ilkdir. Əgər müxtəlif partiyalar idarəçiliyin bir qolunda müəyyən məsuliyyət bölgüsünü götürməyə səlahiyyət alırsa, bu o deməkdir ki, onlar Parlamentin gələcəyi üçün də cavabdehlik daşıyırlar. Yalnız hakim partiya deyil, indi digər  təşkilatlar və siyasi mənsubiyyət daşımayan 40-dan artıq müstəqillər də ölkəmizin gələcəyinə məsuldurlar”.

 

Deputat daha sonra bildirib ki, cəmiyyətlə bütünləşməyin başqa bir yolu, elmi birliklər və təhsil cəmiyyətləri, 3-cü sektorun, dini idarəmizin və Yazıçılar Birliyinin, bir sözlə, bütün yaradıcı təşkilatların Milli Məclislə birgə çalışmalarını təşkil etməyi bacarmaqdır:

 

"Bu sayı çox olmayan alimlərimizdən, ziyalılarımızdan yararlanmağın yeganə yoludur. Xalqla bütünləşmək üçün Milli Məclisə daxil olan məktub və müraciətlərin statistikası, keyfiyyət təhlili ictimaiyyətə təqdim olunmalı, onun əsasında qanunvericilik fəaliyyəti, hökumətlə münasibətlər və digər starteji fəaliyyət planları tərtib olunmalıdır.

Ulu öndər Heydər Əliyev vaxtilə Prokurorluqda hökm sürən dözülməz münasibətləri aradan qaldrımaq üçün hamının yaxşı xatırladığı və bu günlə səsləşən çağırışını etmişdi: Pəncərələri açın, qeyri-sağlam ab-havanı təmizləyin. Sağlam hava, sağlam mühit olsun, işləyin! Parlamentin simasını özünə qaytarmaq hamının birgə işi olmalıdır! Sonda  Prezident İlham Əliyevin bu tribunadan 10 martda etdiyi tarixi çağırışı hər birimiz üçün Məsuliyyət Məcəlləsi adlandırmaq olar. Prezident dedi: siz xalq qarşısında cavab verəcəksiz. Parlament yüksək işi ilə nə qədər uğurlu çalışsa, bir o qədər xalqlaşacaq və dövlətləşəcək!"

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir