Modern.az

Şuşa haqqında daha çox yazmaq istərdim...

Şuşa haqqında  daha çox yazmaq istərdim...

3 May 2012, 13:19

Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Şuşa Qarabağın mənəvi paytaxtıdır” mövzusunda yazılıb

Özümü anlayan, ətrafımı dərk edən gündən Qarabağ , Şuşa, Xocalı, Xocavənd, Laçın, Kəlbəcər, Ağdam,Cəbrayıl və digər işğal altında olan rayonlarımız haqqında eşidirəm. Ən çox da Şuşa... Qarabağ Azərbaycanın dilbər guşəsidir. Şuşa isə Qarabağın incisidir. Təmiz havası, uca dağları, şəfalı suyu, səfalı təbiəti dillər əzbəridir. Məşhur Qarabağ atları isə nəinki Azərbaycanda, hətta bütün dünyada tanınan cinslərdəndir. Hələ muğamını demirəm. Suyundandır, havasındandır bilinmir, amma Şuşalı olub da səsi olmuyan adam yoxdur. Sanki bu onlara genlə keçən fitri istedaddır.

Ermənilərin Azərbaycana təcavüzü başladıqdan sonra  ard-arda ən gözəl, təbii sərvətlərlə zəngin rayonlarımızı itirdik. Bu rayonlardan biri də Şuşa oldu. 1992- ci ilin mayın 8-də biz Şuşamızı itirdik. Əlimizdən aldılar, ya bilərək verdilər?! Bilmirəm. Əslində, bu maraqlı da deyil. Nə mənası  var ki nəticəni dəyiməyəndən sonra?!  Fakt budur ki, 20 ildir ki, bizim deyil.

Bilirsiniz, Şuşa haqqında  daha çox yazmaq istərdim. Öz gözlərim ilə gördüyümü yazmaq  isə daha səmimi olardı. Amma çox təəssüf ki, Şuşa işğal olunduqda  mən hətta dünyaya belə gəlməmişdim.  Buna görə də haqqında eşitməklə kifayətlənmək məcburiyyətində qalmışam.  Mənim üçün ən təəssüfverici hal budur ki, Şuşanın işğalından 20 il keçsə də, biz hələ də onu geri qaytara bilməmiş, hər il bayramlarda gələn il bayramı Qarabağda – Şuşada keçirək deyə-deyə qalmışıq. Həə,  bir də bir şeyi bildirməliyəm ki, heç kimə sirr deyil ki, Şuşanı verdikdən bir gün sonra Qələbə gününü qeyd edirik.  SSRİ-nin Qələbə gününü!. Şuşanın ermənilərin işğalında olmasında onların da əvəzsiz köməyi olan SSRİ-nin! Buna görə də Sanki  Şuşanı verməyimizi qeyd edirmişik kimi hiss edirəm 9 mayda.

Haqqında kitablardan, verilişlərdən, ağsaqqal və  ağbirçəklərdən eşitdiyim Şuşanı, Qarabağı çox tezliklə öz gözlərimlə görməyi arzu edirəm. İnsanların  həsrət qaldıqları yurdlarına qovuşmağını, şad və təhlükəsiz yaşadıqlarını görməkdən gözəl bir şey olmaz yəqin ki. 

Əlimizdən aldıqları Qarabağ torpağını Dağlıq Qarabağ respublikası adı ilə tanıtmağa çalışan ermənilərin bir gün torpaqları  sülh yolu ilə qaytaracaqlarına inanıram. Hətta buna əminəm. çünki atalar boşuna deməyib ki, özgə atına minən tez düşər. Bu “tez” in 20 ili keçməsinə baxmayaraq mən yenə inanıram.

Bütünlükdə Dağlıq Qarabağı  itirsək də, nədənsə işğal altında qalan torpaqlarımız deyəndə ağıllara ilk olaraq Şuşa gəlir.. Bəlkə də  Qarabağ dedikdə ağlımıza ilk olaraq Şuşa gəldiyi üçün Şuşanı Qarabağın mənəvi paytaxtı adlandırmaq olar. Çünki Şuşasız Qarabağ yoxdur, ürəyi, bir parçası əksikdir.

Ülkər Eldarqızı
BDU Jurnalistika fakültəsi, 2-ci kurs

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır