Modern.az

1 may Zəhmətkeşlər günü necə yarandı? - Qətliamın yaratdığı BAYRAM, VİDEO

1 may Zəhmətkeşlər günü necə yarandı? - Qətliamın yaratdığı BAYRAM, VİDEO

1 May 2020, 22:29

Bu gün dünyanın əksər ölkələrində Beynəlxalq Əmək Günü kimi qeyd olunur.

Azərbaycan SSRİ-nin tərkibində olduğu vaxtlarda,  1920-1991-ci illərdə ölkəmizdə də bu gün böyük coşquyla keçirilərmiş. Məktəblilər pioner qalstuklarını, komsomol nişanlarını ağ koftalarına taxıb uzun paradlara düzülər, əməkçiləri salamlayırmışlar. Peşəsində fərqlənən əməkçilərə mükafatlar, fəxri adlar verilərdi.

Bəs bu günün tarixi kökü nəyə dayanır?


1886-cı il 1 mayda Amerikanın Çikaqo şəhərində 300 mindən çox fəhlə hər gün 10-15 saat gərgin iş rejiminə etiraz olaraq nümayişə çıxdılar.

Həmin il 1 Maydan başlayaraq səkkiz saatlıq iş günü və istirahət hüququ üçün ümumi tətillər başlandı.

Lakin dinc tətillərə silahlar qarışanda işin gedişatı dəyişdi. 4 may tətilində fəhlələrdən birinin bomba atmasına cavab kimi polislər də silahlarla qarşılıq verdilər.

Etiraz aksiyası zəhmətkeşlərlə polislər arasında qanlı toqquşmayla nəticələndi. 7 polis əməkdaşı, 4 mülki şəxs öldürüldü və ümumilikdə 100-ə yaxın şəxs yaralandı.

Həmkarlar ittifaqlarının sədrləri və 8 işçi hərəkatının lideri tutuldu. Onlardan 4-ü edama məhkum edildi.

Hökumətin gözlədiyinin əksinə, bu repressiya və edam qərarları yeni və daha güclü etirazlara, zəhmətkeşlərin beynəlxalq birliyinə təkan verdi.

Fəhlə tətilləri qısa müddətdə Amerikanın digər sənaye mərkəzlərinə, Avropanın iri şəhərlərinə və Rusiyaya da yayıldı.

3 il sonra, 1889-cu ildə fəhlə partiyalarının beynəlxalq birliyi - İkinci İnternasionalın iştirakçıları Paris konqresinə toplaşaraq 1 mayı bütün dünya fəhlələrinin birlik, mübarizə günü elan etdilər.

Hər ilin 1 may tarixini mitinqlər və boykotlarla qeyd etmək qərarı alındı.

İlk dəfə 1890-cı ildə zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü Avstriya-Macarıstan, Belçika, Almaniya, Danimarka, İspaniya, İtaliya, ABŞ, Norveç, Fransa, İsveç və bəzi başqa ölkələrdə qeyd edilmişdi.

“1 May” əsasən, 8 saatlıq iş günü çağırışları ilə başlasa da, bu məqsədə nail olduqdan sonra da bu proses bitmədi.

Uşaq əməyinə qarşı aparılan sinfi mübarizəni sürətləndirmək və işçilərin sosial sığorta ilə təmin edilməsi növbəti hədəflər oldu.

Dünyanı bürüyən sinfi mübarizə Rusiyada bir qədər kəskin xarakter almışdı.

Rusiya proletar kütlələrinin kommunist-bolşevik partiyası sıralarında güclü siyasi fəaliyyəti Böyük Oktyabr İnqilabına səbəb oldu.

Nəhayət, Leninin başçılığı ilə tarixdə sosialist sistemə dayanan ilk fəhlə-kəndli dövlətinin – SSRİ-nin yaradılmasına gətirib çıxardı.

Bu səbəbdəndir ki, Sovet İttifaqında 1 may dünyada ən möhtəşəm səviyyədə keçirilirdi.

Hazırda bu bayram kommunist ölkələri olan Şimali Koreya, Kubada , keçmiş sovet ölkələrində , Rusiya və

Türkiyədə də qeyd olunur.

Azərbaycanda isə 1992-ci ildə "1 May" bayramı sinfi ideologiyanı daşıyan şəxslərin təşəbbüsü ilə yaradılması əsası ilə ləğv edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi