Modern.az

Kimin hansı serialı yarımçıq qaldı? - SORĞU

Kimin hansı serialı yarımçıq qaldı? - SORĞU

İqtisadiyyat

3 May 2012, 17:36

Mayın 1-dən Azərbaycan telekanallarında əcnəbi serialların yayımı dayandırılıb. Milli Televiziya və Radio Şurasının (MTRŞ) yerli telekanallardakı xarici seriallara qoyduğu  qadağa tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Yerli telekanallarda 30-dək xarici serialın izləyicisi olan tamaşaçılar MTRŞ-nin insanların hüquqnu pozmaqda ittiham edirlər.

Modern.az-ın əməkdaşı bir sıra tanınmış və sadə insanlarla sorğu keçirib. Bilmək istədik ki, kim hansı seriallara baxırdı və hansı serialı yarımçıq qaldı?

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay deyib ki, televizora baxmağa çox da vaxt tapa bilmir, amma izlədiyi serial var.  
“Baxanda Türkiyə telekanalında yayımlanan “Muhtəşəm yüzil” serialına və rus kanallarına baxıram. Azərbaycan telekanallarında yarımçıq qalan serialım olmadı”.

Bakıdakı orta məktəblərdən birnin müəlliməsi Sevinc Xudiyeva isə ailəsilə birlikdə yerli kanallarda seriallara baxırmış:
“ATV telekanalında yayımlanan “Yaprak dökümü” serialını izləyirdim. Dayandırılandan sonra baxa bilmirəm”.

Qol.az saytının redaktoru Aydın Bağırov Azərbaycan kanallarında yayımlanan heç bir seriala baxmadığını bildirib:
“Ümumiyyətlə, serial həvəskarı deyiləm. Bir-iki bəyəndiyim serial var ki, onu da Türkiyə kanallarında izləyirəm. Amma bizdə xarici serialların dayandırılması prosesi bu cür yox, tədricən aparılmalı idi. Hər halda qərar çıxarılanda ölkədə seriallara baxan böyük bir təbəqə nəzərə alınmalı idi. Çünki inanmıram ki, indi həmin təbəqə bizim telekanallarda yayımlanan və rəsmi dialoqlarla dolu olan yerli serialların çoxuna xarici seriallar kimi maraq göstərsin”.

İctimai TV-nin əməkdaşı Fərqanə Əliyeva telekanallarımızda yayımlanan iki seriala baxdığını deyib. Yəni onun yarlmçıq qalan serialı olub:
““Amaci” və İctimai TV-də yayımlanan “Balaca gəlin” hind seriallarına baxırdım. Məlum qərar qəbul olunduqdan sonra, hamı kimi mən də təəssüflənirəm”.

Publika.az saytının yazarı Günay Muradlı da seriala baxmağa vaxtının olmadığını deyir:
“Ancaq sevinirdim ki, seriallar var. Blokların ağzında yığışıb işə gedənlərin müzakirəsini aparan qadınlar evə yığılmışdı. “Amaci”nin adını Facebook-da görmüşdüm. Lakin hələ də o qadını tanımıram. Deyilənə görə uzun paltar geyinirdi. O qadın peyda olandan sonra şəhərdəki qızlarımız yubkalarını uzadıb”.

Tamaşaçı İlqar Həsənov “dillər əzbəri olan “Amaci”yə baxdığını etiraf edib:
“Məşhur “Amaci” serialına baxırdım. Artıq üç gündür ondan məhrum edilmişik. Bizim seriallara isə baxmağa həvəs yoxdur. Bizim seriallarda mövzu yaxşı olsa da, çəkiliş və danışıqlar sıfırdır”.

“New Baku Post” qəzetinin əməkdaşı Səbinə Əvəzqızı isə seriala baxmaq imkanlarının məhdud olmağından təəssüf hissi keçirir:
“Əgər belə bir imkan yaranarsa, yalnız xarici kanallara baxıram. Yerli kanallarda seriala yox, yalnız xəbərlərə baxıram. Amma bildiyimə görə, kanallarımızda “çeynənmiş” seriallar verilirmiş”.

Sadə bakılı Lalə Babayeva də iki telekanalda yayımlanan serialı izləyirmiş:
“ANS-də “Aliyə”, ATV telekanalında isə “Yaprak dökümü” seriallarına baxırdım. İndi xarici serialların yayımı dayandırılıb. Ona görə, daha çox türk kanallarındakı seriallara baxacam”.

“Səs” internet TV-nin xəbər aparıcısı Aynurə Asimqızı da serialdan uzaq olduğunu bildirib:
“Heç bir seriala baxmırdım və ona görə də heç biri yarımçıq qalmadı. Teleradio Şurasının atdığı bu addımı alqışlayıram”.

Tələbə Bənövşə Əsədova bildirib ki, qiyabi oxuduğu üçün yerli kanallarda yayımlanan serialları izləməyə vaxtı çox imiş:
“ATV kanalında yayımlanan “Aşka sürgün” və “Kaybolan yıllar”, “Space”də “Bu zalım dünyada doğulma”, “Lider”də “Muhtəşəm yüzil” seriallarına baxırdım. İndi bu seriallar dayandırıldığı üçün, peyk vasitəsilə xarici seriallara baxacam”.

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir