Modern.az

Binə Ticarət Mərkəzi kiçik sahibkarları niyə incidir...

Binə Ticarət Mərkəzi kiçik sahibkarları niyə incidir...

5 May 2020, 14:23

Martın 24-dən Azərbaycanda elan olunan xüsusi karantin rejimi səbəbilə iri ticarət mərkəzləri, o cümlədən, Binə Ticarət Mərkəzi bağlanıb. Əvvəlcədən müəyyən edilmiş qaydalara görə, bu ticarət mərkəzindəki icarə haqları 1 ay əvvəldən ödənilir. Bu səbəbdən də sahibkarlar artıq aprel ayının ödənişini martda həyata keçirmiş olublar. Karantin rejimi yumşaldıldıqda sonra onlayn satış həyata keçirmək istəyən sahibkarlara rəhbərlik tərəfindən icazə verilməyib və işçilər icarəyə götürdükləri mağazalara buraxılmayıb. Buna səbəb kimi növbəti ay üçün ödənişlərin tələb edilməsidir.


Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, özəl sektordakı münasibətlərin tənzimlənməsinin öz qanunauyğunluqları var:

“Nəzərə almaq lazımdır ki, burada söhbət özəl sektordakı münasibətlərdən gedir. Həm yeri icarəyə verən özəl şirkət sahibkardır, həm də ordan istifadə edənlər fərdi sahibkardır. O baxımdan hər zaman qeyd etdiyimiz kimi, korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq, belə hallarda məhz icarədarların icarəçilərə güzəştə getməsi məqsədəuyğundur. Biz biznesə müraciət edən zaman da sosial, korporativ məsuliyyət prinsiplərinin öndə tutulmasını təklif etmişik”.

 

İqtisadçı deputat qeyd edib ki, dövlət sahibkarlara genişmiqyaslı yardımlar edir:

“Eyni zamanda, təklif olunan və parlamentdə birinci oxunuşdan keçən vergi güzəştləri paketində də icarə vergisininin 2 dəfə azaldılması, əmlak və torpaq vergisinin sıfırlanması nəzərdə tutulub. Bu ondan xəbər verir ki, dövlət sahibkarlara həm birbaşa, həm də dolayı olaraq dəstək göstərir. Bununla da sahibkarların xərclərinin azaldılmasına çalışır. Bu yalnız pandemiya dövrü üçün deyil, postpandemiya dövründə də müşahidə olunacaq. Çünki təklif olunan güzəştlər ilin sonuna qədər qüvvədədir. Bu baxımdan sahibkarlara, xüsusilə də kiçik sahibkarlara dəstək verilməsi çox vacibdir. Bu özəl münasibətlərdir, artıq iki tərəfin birlikdə qərar verməsinə ehtiyac var. Amma bütün hallarda biz indiki şəraitdə kiçik sahibkarlığın, eləcə də fərdi sahibkarların dəstəklənməsi üçün güzəştlərin verilməsini məqsədəuyğun sayırıq. Ümid edək ki, korporativ sosial məsuliyyət prinsipləri tətbiq olunacaq və kiçik sahibkarların pandemiya səbəbindən gəliri olmayan fərdi sahibkarlara da özəl dəstək veriləcək. Bu, mütləqdir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı