Modern.az

“Başarı bədəl istər” konfransı keçirildi - FOTO

“Başarı bədəl istər” konfransı keçirildi - FOTO

4 May 2012, 16:10

“Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və Odlar Yurdu Universitetinin (OYU) təşkilatçılığı ilə Odlar Yurdu Universitetində “Başarı bədəl istər” mövzulu konfrans keçirilib. Professor Nurullah Gəncin məruzəçi olduğu konfransda ilk olaraq Odlar Yurdu Universitetinin rektoru, millət vəkili, professor Əhməd Vəliyev salamlama nitqi ilə çıxış edərək, bu konfransın görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə təşkil olunduğunu bildirib. Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva isə öz çıxışında “bir millət, iki dövlət” kəlamının müəllifi olan tarixi şəxsiyyətin doğum günü ərəfəsində belə bir konfransın təşkilatçısı və iştirakçısı olmaqdan qürur duyduğunu qeyd edib.
N.Gəncin əslində Azərbaycanda qonaq olmadığını, burada öz vətənində olduğunu qeyd edən Qənirə Paşayeva deyib: “Qardaş ölkənin görkəmli elm və sənət xadiminin çox aktual bir mövzuda tələbə-gənclər qarşısında  çıxış etməsi, onları maraqlandıran suallara cavab verməsi, hesab edirəm, bu günü onların, bizim hər birimizin ən yaddaqalan günlərimizdən birinə çevirəcək. Çünki başarı əldə etmək, başarılı olacağına inanmaq, bu inama uyğun həyat tərzinə malik olmaq gələcəyin hər bir peşə sahibinə, hər bir mütəxəssisə gərək olan əsas inkişaf, tərəqqi amilidir”.

Millət vəkili Nurullah Gəncin həyat və fəaliyyət yolundan danışaraq, bu həyat və fəaliyyət yolunun da özlüyündə bir örnək təşkil etdiyini vurğulayıb. “Başarı bədəl istər” mövzusunda məruzə edən professor, şair Nurullah Gənc bir şəxsin, bir cəmiyyət və xalqın, ölkənin başarı əldə etməsi yollarından, bu sahədəki parlaq tarixi faktlardan danışıb.

Millət vəkili Gülər Əhmədova bu məruzəni bir növ psixoterapiyaya bənzətdi və gənclərimizə belə məruzələrin tez- tez təşkil olunmasının əhəmiyyətindən danışıb:
“Daim inkişafda olan dünyada insanların çox problemləri və stressləri var. Həmçinin də bu problemlər daha çox gənclərin həyatında yaşanır. Onlar tələbə olduğu vaxtdan artıq gələcək həyatları barədə fikirlərə və stresə qapılırlar. Yəni mən nə edəcəm və necə edəcəm deyə düşünürlər. Bir az da ümidsizlik halları yaşanır. Təəssüf ki, indi Azərbaycanda gənclər arasında intiharların sayı artıb. Bu tədbirin əhəmiyyəti də ondan ibarətdir ki, gənclərimizə öz yollarını tapmaqda bir növ stimul rolunu oynadı. Əvvəllər Azərbaycanda da belə məruzəçilər var idi, amma indi demək olar ki, kiçik auditoriyalara üz tuturlar. Qənirə xanıma da belə elm xadimini Azərbaycana dəvət etdiyi üçün təşəkkür edirəm” . Öz şəxsi həyatından, Türkiyə cəmiyyətindən, elm və sənətin məziyyətlərindən, elmin irfana dönüşməsindən, elm və sənətin həyata tətbiqindən ətraflı danışan görkəmli alim “böyük xəyalları olan insanlar böyük işlər görərlər” kəlamını xatırladaraq tələbələri böyük xəyallara, ideallara və onların gerçəyə dönüşməsi üçün əzmlə çalışmağa səsləyib. Azərbaycana səfərə gəlməsindən çox məmnun olduğunu bir daha qeyd edən Nurullah Gənc mənsub olduğu ailənin də əslən Azərbaycan, Gəncə kökənli olduğunu bildirib.

Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev parlaq çıxışı üçün qonağa təşəkkür edərək, qarşıdakı aylarda onu təkrar universitetdə görməkdən mənun olacaqlarını ifadə edərək, hörmətli elm və sənət xadiminin iştirakı ilə yeni konfranslar düzənləyəcəklərini bildirib. Sonda Qənirə Paşayeva Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi adından ona plaket təqdim edib. Konfransda millət vəkili Gülər Əhmədova və İspartdakı Süleyman Dəmirəl Universitetinin müəllimi, həmyerlimiz Abdulla Avey, universitetinprofessor və müəllimləri, bir sıra QHT rəhbərləri, KİV təmsilçiləri iştirak edib.



Könül Səid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir