Modern.az

Şuşasız daha bir il...

Şuşasız daha bir il...

4 May 2012, 15:51
Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Şuşa Qarabağın mənəvi paytaxtıdır” mövzusunda yazılıb

Öz vətənindən üz döndərmiş adam,
Öz vicdanından da üz döndərmiş olur!  (A.Qalan )
Hər il mayın 8-nə sayılı günlər qaldıqda hamı Şuşanı yada salmağa başlayır. Bütün mətbuat, televiziya, radio, kütləvi informasiya vasitələrinin hər biri Şuşanın işğalı haqqında məlumat verir. Yalnız  bu, bir gün çəkir. Təəssüflər olsun ki, çoxlarımız Şuşanı işğal olunduğu gündə xatırlayırıq. Bəlkə də, heç bəzilərimiz Şuşanın neçə il işğal altında olduğunu belə bilmir.
Bu gün hamının dilində belə bir cümlə var: “ Bizim dərdimiz birdir- o da Qarabağ ”. Lakin nədənsə bu ifadə çox az adamı təsirləndirir. Bəlkə də onları qınamaq düzgün deyil. Çünki 1992-ci il Qarabağ hadisələrində iştirak etsəydik, bir anlıq onların keçirdikləri hissləri yaşasaydıq, onda Qarabağ dərdinin həqiqi olduğunu anlayardıq.
Artıq 20 ildir ki, Şuşa ermənilərin yaşayış məskənidir. Artıq 20 ildir ki, Şuşada erməni qocalar, kişilər, qadınlar və uşaqlar yaşayır. Artıq 20 ildir ki, əsil şuşalılar öz doğma yurdlarına həsrət qalıblar.
“Mən tamamilə əminəm ki, dünyada heç bir xalq başqa bir xalq üzərində üstünlüyə malik deyildir ”. ( Q.E.Lessinq ) Lessinqin dediyi kimi, erməni xalqı da heç vaxt bizdən üstün ola bilməz! Onlar yalnız  öz qurduqları yalana inanır və üstəlik  bütün dünyanı da, bu yalana inanmağa çağırırlar.
Öz səfalı meşələrinə, bulaqlarına, təmiz havasına, istirahət guşələrinə görə məşhur olan Şuşa tarixi bir şəhərdir. XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşa təkcə Azərbaycanın siyasi, iqtisadi və mədəniyyət mərkəzi deyil, həmçinin, azadlıq və istiqlaliyyət rəmzinə çevrilmişdi.
XX əsrin ikinci yarısından başlayaraq Şuşa ticarət, sənətkarlıq və mədəniyyətin inkişafına və əhalisinin sayına görə Azərbaycanda birinci, Zaqafqaziyada isə Tiflisdən sonra ikinci şəhər sayılırdı. Elə buna görə də Şuşaya o zaman “ Bala Paris ” adı verilmişdi. Azərbaycanın elm, poeziya və musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq Şuşada teatr, sirk tamaşaları, mətbəə, kitabxana, “ Realnı ” və “ Qorodskoy ” uçilişləri, seminariya və bir sıra mədəni maarif müəssisələri yaranmışdır. Şuşa, həmçinin, istedadlar məskənidir. Azərbaycan Respublikasının  Elmlər Akademiyasının topladığı məlumata görə, XIX  əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsvəxənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur. Lakin təəssüflər olsun ki, bədnam qonşularımız olan erməni daşnaqlarının Şuşanı işğal etməsi nəticəsində şəhər xarabalığa çevrilmiş və tarixi-memarlıq və incəsənət abidələri dağıdılmışdır. Bütün bu olanları unutmaq olarmı?
“ Vətən borclu deyil, biz borcluyuq vətənə! ” ( Bəxtiyar Vəhabzadə )
 Bu gün mayın 8-ni şuşalılar matəm günü kimi qeyd edir. Hamı da  “ Şuşasız daha bir ili də başa vurduq ” deyir. Biz  ya vətənimizin rifahı üçün yaşamalı, ya da ki, onunla birlikdə məhv olmalıyıq. Gəlin, özümüzü məhv etməyə qoymayaq və zəfər çalaq! İndi susub ah-nalə çəkməyin yox, Qarabağ uğrunda döyüşməyin vaxtıdır. Artıq 8 mayı Şuşanın işğalı günü kimi deyil, Şuşanın qurtuluş günü kimi qeyd etməyin vaxtıdır!

Fidan Əliheydər
BDU Jurnalistika fakültəsi, II kurs
              
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır