Modern.az

Zakir Qaralov necə XATIRLANACAQ?..

Zakir Qaralov necə XATIRLANACAQ?..

6 May 2020, 08:25

Mayın 1-də Zakir Qaralovun Respublika Prokurorluğunda nə az, nə çox – düz 20 il sürən rəhbərliyinə son qoyuldu.   
Ölkə başçısının sərəncamı ilə Kamran Bayram oğlu Əliyev Azərbaycan Respublikasının yeni Baş prokuroru təyin edildi.

Bununla da qanunların icra və tətbiq olunmasına nəzarət edən ən mühüm dövlət qurumunda rəhbərlik dəyişdi.

2000-ci il aprelin 25-də Baş prokuror vəzifəsinə təyinat alan Zakir Qaralov bu postu düz 20 ildən sonra tərk etdi, daha doğrusu vəzifədən azad edildi. Onun özünə qalsaydı, yəqin ki, daha 5 il müddətinə qalıb işləyərdi.


Maraqlıdır, 20 il vəzifədə olmuşn Zakir Qaralov Baş prokuror kimi necə xatırlanacaq?

Modern.az saytı cəmiyyətin tanınmış nümayəndələrinin bununla bağlı fikirlərini təqdim edir:

 

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib ki, Zakir Qaralov fəaliyyəti ilə bağlı incəliklər var və o məqamları bilmir:


“20 il vəzifədə işləyən adamın vəzifədən azad olunması normal haldır. 20 il böyük müddətdir, yəni bu qədər zaman sonra Baş prokurorun dəyişməsi mənə qəribə gəlmədi. Zakir Qaralovun fəaliyyətini qiymətləndirməkdə çətinlik çəkirəm. Çünki bu işin incəlikləri var və mən o incəlikləri bilmirəm”.

 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, keçmiş deputat Çingiz Qənizadə isə deyib ki, bərbad halda olan prokurorluq orqanlarını Zakir Qaralov nizama salıb:


“Zakir müəllimin fəaliyyətini yüksək qiymətləndirirəm. 2000-ci ildə Baş prokuror təyin olunandandan sonra bərbad halda olan prokurorluq orqanlarını bugünkü sistemli bir quruma çevirdi. O, qanunun aliliyini üstün tutan şəxslərdən biri idi. Eyni zamanda, onu qeyd etmək istəyirəm ki, Zakir Qaralov Baş prokuror təyin edildikdən sonra prokurorluq orqanlarında çox ciddi nizam-intizam yaradıldı. İşə qəbul prosesi iki mərhələli olmaqla obyektiv şəkildə həyata keçirildi. Bundan başqa, kadrların yerləşdirilməsində də hər hansı neqativ halların olmasının kimsə şahidi olmayıb. Yəni bu sistemdə heç kim nəyəsə görə vəzifəyə gəlib deyə bilmərik. Onu da qeyd edim ki, prokurorıuq əməkdaşları arasında da çox ciddi nizam-intizam var idi və bu gün də var. Ümid edirəm ki, Kamran Əliyev də qanunun aliliyini təmin edəcək. Bu gün ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasında digər hüquq-mühafizə orqanları kimi, prokurorluq orqanlarının da müstəsna yeri var”.

 

Deputat Fazil Mustafa deyir ki, hüquq-mühafizə orqanında çalışan rəhbər şəxsdən hamı razı qala bilməz:

“Hüquq-mühafizə sistemi elədir ki, birinin xeyrinə addım atıb digərinin xeyrinə atmasan, səndən biri razı qalacaqsa, biri də narazı qalacaq. Mən Zakir Qaralovun cinayət məsələlərində və digər işlərdə fəaliyyətini araşdırmamışam. Amma Milli Məclislə onun münasibətləri kifayət qədər normal və mədəni idi. Deputat kimi ona müraciət edəndə də çox yüksək səviyyədə bizi qəbul edib, fikirlərimizi dinləyib. Ona görə də mən onun işini yaxşı qiymətləndirirəm. Prokuror-deputat arasında normal münasibət çox vacibdir.
Dediyim kimi, cəmiyyətin düşüncələri haqqında bir söz deyə bilmərəm. Çünki bir vəzifəli şəxsdən hamı eyni səviyyədə razı qala bilməz”.

 

Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli deyir ki, Zakir Qaralovun müsbət xatırlanacağını düşünmür:

“Hüquq kənarda qaldığı müddətdə şəxsiyyətlərin bir o qədər də fərqi yoxdur. Zakir Qaralovun dönəmində olan bir neçə hay-küylü məsələni sizin diqqətinizə çatdırmaq istəyirəm. Ölkəyə milyonlarla dollar qrant gətirən beynəlxalq qurumlar, yerli QHT-lər hamısı süni, qondarma ittihamlarla bağlandı və ya ölkədən çıxarıldı. Onlardan bəziləri, vətəndaş cəmiyyəti inistutlarının təsisçiləri həbs olundu. Yəni bunlar hamısı keçmiş Baş prokurorun birbaşa iştirakı ilə olub.  Zakir Qaralovun bu mənada fəaliyyətini yüksək qiymətləndirmirəm, çünki hüquq sisteminin nümayəndəsi kimi siyasi iradəcə azad deyildi. Amma istər o olsun, istər başqası -  siyasi iradədən azad olmadıqları müddətcə müsbət xatırlanmayacaqlar”.


Zakir Qaralovun çoxdan getməli olduğunu deyən sabiq Baş prokuror İlyas İsmayılov onun  barəsində ətraflı danışmaq istəməyib….

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi