Modern.az

“Ədəbiyyatı jurnalistikaya uduzdurmaqla məşğulam” - MÜSAHİBƏ

“Ədəbiyyatı jurnalistikaya uduzdurmaqla məşğulam” - MÜSAHİBƏ

6 May 2020, 18:18

Adalet.az-ın əməkdaşı  Azedu.az saytının baş redaktoru Elmin Nuri ilə söhbətləşib.

 

Modern.az həmin müsahibəni təqdim edir:

 

-AYB üzvüsən. Ədəbiyyat müsahibələri və bu ətrafda gedən söhbətlər… Bəs, özün sırf hansı bədii mətnləri ortaya qoymusan?

  

-2010-cu ildən bu yana baş verən bəlkə də bütün ədəbi proseslərdən xəbərdaram. Jurnalist fəaliyyətimi də ədəbiyyat, mədəniyyət sahəsi üzərindən qurdum. Amma təəssüf ki, uzun müddət jurnalistikanı ədəbiyyata uduzdurmaqla məşğul oldum. Bu hələ mənə azlıq edib, indi də bu gözəl dünyanı jurnalistika ilə birlikdə təhsilə də məğlub etdirməklə məşğulam. Amma Emin, xahiş edirəm ki, bu cümləni başlığa çıxarmazsan (gülür). İnanırsan, ədəbiyyat bir başqadır e…Ya da ki, bunu sənə deməyə gərək yoxdur ki… Ədəbiyyatı yaşamaq…Həyatın ən möhtəşəm anları, çəkisizlik vəziyyəti, fiziki dünya ilə metafizik aləmin tən ortasında var-gəl etmək… O yazıçı, o şair xoşbəxtdir ki, bu "gediş-gəliş”in zövqünü yaşaya bilir, özünün xəyali "xilas məkanı”na varmağı bacarır. Ədəbiyyat- mənə görə, nə sənətdir, nə elmdir, nə xüsusi bir sahədir, o, yalnız bu "xilas məkan”ının özüdür. Yazılan nəhəng və ölümsüz əsərlər isə böyük ədiblərin bu xəyali, şəfası, səfası və cəfası ilə müqəddəs olan məkandan pıçıldadıqlarıdır… Bəli, "Don Kixot” Servantesin, "Karamazov qardaşları” Dostoyevskinin, "Muncuq oyunu” Hessenin, "Qətl günü” Yusif Səmədoğlunun pıçıltısıdır…

 

Emin, səninlə çox söhbətlərimiz olub, tez-tez oxuduqlarımızdan danışmışıq, amma bugünkü Azərbaycan ədəbiyyatında dediyim o "pıçıltılar” çox az gözə dəyir. Yəni, oxuduqlarım arasında deyirəm.

 

Özümə gəlincə isə mən hələlik bu xəyali, müqəddəs məkanın səsini dinləyirəm. Bütün səsləri özümdən təcrid etmişəm. Ancaq Ədəbiyyat zonasının səs dalğalarını qəbul etməkdəyəm… İndi bilmirəm, bu "pıçıltılara” çevriləcəkmi, ya yox… 

 

- Deyirlər, korona AYB-nin lap ürəyincə oldu, qurultay təxirə salındı…

 

-Həə, yenə də gəldik bu söhbətə… Amma kaş ki, bir az da ədəbiyyatdan danışsaydıq. Bir neçə ay bundan öncə, dünyanın koronavirusa yoluxmamış halından əvvəl Hüseyn Cavid parkında və onun qarşısındakı Akademiya bağında səninlə bu barədə xeyli söhbətləşdik. Söhbətimiz metroda da davam etdi – bu arada, metro üçün elə darıxmışam ki -amma bir sonuca vara bilmədik. Düşünürəm ki, Azərbaycan Yazıçılar Birliyi üçün qurultay keçirmək çox da problemli məsələ sayılmamalıdır. Doğrudur, müxtəlif səbəblərdən ləngimə ola bilər və olur da, amma bu o demək deyil ki, koronavirus pandemiyası sırf bu səbəbdən AYB rəhbərliyinin ürəyincə olan bir meyara çevrilsin.

 

Şəxsən mənim üçün bu qurumun yeri bir başqadır: AYB mənə ilk növbədə ehtiyacım olan bir şeyi, özgüvəni qazandırıb. Başda gənclər üzrə katib Rəşad Məcid olmaqla özümə qarşı hər zaman diqqət görmüşəm. AYB sayəsində prezident təqaüdçüsü olub, 2017-ci ildə gənclər mükafatına layiq görülmüşəm. Bunlar mənim üçün yuxarıda sadaladığım həmin xəyali, ülvi məkana- ədəbiyyata gəlmək və onu yaşamaq üçün viza rolunu oynayıb. İndi gəldik əsas məsələyə: demək, AYB-nin bilinməyən, gizli funksiyası içində azacıq qığılcım olan şəxsləri məhz bu MƏKANa uğurlamaqdır. Yazıçılar Birliyinin mənim üçün funksiyası məhz budur!

Darıxma, qurultay da keçiriləcək, gedib iştirak da edəcəyik, qurultayla bağlı danışmağa xatirələr də olacaq …

 

-Elmin, bir az reallığa qayıdaq: ədəbi mübahisələr, bir-birini qəbul etməmək, saytlararası ədəbi müharibələr də göz önündədir axı. Sən isə mücərrədlikdən danışmağa meyil edirsən…

 

-Evdə xudmani bir iş otağım var: kiçik kitabxanası və yazı masası ilə birgə… Amma o otaq mənim üçün özünün kitabxanası, yazı masası ilə birlikdə bayaq dediyim MƏKANa giriş qapısıdır. İşdə olanda da bəzən ora üçün darıxıram. Ədəbiyyat bir maqnit kimi ruhu özünə çəkir… Bu, mənim real yaşantımdı, mücərrədim deyil. O ki, qaldı qeyd etdiyin məsələyə, əsl ədəbiyyatda heç zaman mübahisə ola bilməz, əsl yazıçı heç zaman mübahisənin mərkəzində ola bilməz… Əsl yazıçı, şair, Emin, özün bilirsən axı, öz dünyasında var-gəl edir, ruhunda gəzişir, çırpışır, beyninin süzgəcindən, ruhunun ən dərin qatından çıxardığı sözlərlə, cümlələrlə birlikdə ağrayır, ağlayır, gülür, sevinir. Heç belə adamın da "filankəs filan saytda barəmdə niyə belə dedi?” söyləməyə vaxtı olar?!

 

-Gənclər Şurası formallıqdır, ya?

 

-Nə xoş təsadüf ki, ikimiz də Gənclər Şurasının üzvüyük. Dəyər verənlərə bir daha təşəkkür edək. İndiki heyət və nəzərə çarpacaq qədərilə görülən işlər, hazırlanan proqram hazırkı Gənclər Şurasının formal olduğunu qətiyyən deyə bilməz. Şuranın sədri Fərid Hüseyni, müavin Cavid Zeynallını, yerdə qalan üzvlərin əksəriyyətini məndən yaxşı tanıyırsan. Bəzilərinin işinə, bəzilərinin istedadına bələdsən. Doğrudur, bir neçə nəfər var ki, onları şəxsən tanımıram. Amma ümumilikdə indiki Gənclər Şurasının fəaliyyəti özündən əvvəlkilərini çox qabaqlayacaq.

 

-Təhsil saytı AZEDU.az portalının baş redaktorusan. Təhsildəki xəbər boşluğunu doldura bilirsiniz?

 

-AzEdu təhsil portal iki ildir ki, həyatımın bir parçasına çevrilib. Özün də müəllimsən, ucqar kəndddə dərs demişəm, indi də evdən xeyli uzaqda bir məktəbdə təhsil verirsən, məni yaxşı anlayarsan: bəzən Ədəbiyyatdan çıxıb Təhsilə varanda burnuma elə xəyali və xoş qoxular gəlir ki… XX əsrin əvvəllərindəki maarifçilərimizin qoxusunu duyuram sanki… Kənd və şəhər məktəblərində dərs deyən Mirzə Cəlil, Üzeyir bəy, Sabir, Nemanzadə, Abdulla Şaiq… AzEdu.az təhsil portal mənim üçün bu missiyanı daşıyır.

 

Əhatə dairəmiz çox böyükdür, minlərlə insanın bizdən faydalandığının fərqindəyik. Telefonlarımız, vatsap mesaj və zənglərimiz, səhifələrimizə gələn məktublar bitib-tükənmir. Daim bizdən nəyisə öyrənməyə çalışırlar. Ona görə ki, yazdığımız hər kiçik xəbərdə belə az öncə dediyim o qoxunu axtarmışıq. AzEdu.az bu gün yüzlərlə müəllimin yaxın dostuna çevrilib, mübaliğə etmirəm. Abituriyentlər, valideynlər bizə çox güvənirlər. Amma yenə də görüləsi çox işlər var. Baş direktorumuz Elşad Eyvazlı başda olmaqla, komandamızla onların bir qismini yerinə yetirəcəyik. Bizdən hələ çox sürprizlər gələcək, gözləyin (gülür)

 

Müəllimlərin bir çoxu qəlibdən çıxa bilmirlər

 

-Tez-tez təhsil işçilərindən, müəllimlərindən açıqlama , müsahibə alırsınız. Belə desəm həmin müəllimlərin cavabları şablon, əttökən olur adətən. "Bəyin oğurlanması” filmində deyilən kimi bir az diri olmaq lazımdır. Düzdü, bu izin günahınız deyil. Amma müəllimlər niyə belə cansıxıcı, şablon danışır? Belə şablon danışanlara cəmiyyət niyə inansın və istedadı olan şəxs belə əttökən ola bilərmi?

 

-Çox təəssüf ki, burada səninlə razılaşmalıyam. 2 il ərzində elə bir gün olmayıb ki, müəllimlərlə təmas qurmayaq, onlarla çalışmayaq. Müəllimlər əsas auditoriyamızdır. Böyük rezonans yaradan və mükafatlandırılması Milli Məclisdə keçirilən "İlin gənc müəllimi” müsabiqəsinə müraciət edən elə müəllimlər gördük ki, adam yaxşı mənada dəhşətə gəlirdi. İştirakçıların fəaliyyət göstəriciləri hamımızı yaxşı mənada təəccübləndirirdi. Axı necə olur ki, bir kənd müəllimi dərsini keçməklə yanaşı, bu qədər işlər görə?! Müsabiqələr keçirə, layihələr apara, müxtəlif oyunlar qura, yarışmalar təşkil edə, hələ üstəlik dərslərindən zəif olan şagirdləri də əlavə olaraq hazırlaya… Belə müəllimlərimiz çoxdur, həqiqətən! Amma dediyində də həqiqət var. Müəllimlərin bir çoxu qəlibdən çıxa bilmirlər. Hətta bunların arasında gənclər də var və heç də azlıq təşkil etmirlər. Kreativ yanaşma, yaradıcı düşüncə, xarakter, işıqlı ruh, aydın zəka bəzilərində nəzərə çarpmır. Bəlkə də bunu ətrafa yansıda bilmirlər, amma reallıq odur ki, çatmır.

 

Bəzən, problemini bildirmək istəyən müəllim fikrini elə sistemsiz, elə yöndəmsiz və əsassız izah edib ki, onun yerinə yazını özümüz yazmışıq. Bəzən, müəllim çox bəsit, işinin əlifbası sayılan elə sadə məsələlərlə bağlı bizə müraciət edib ki, mat qalmışıq…

 

Bəzilərini isə sadəcə, anlamaq mümkün deyil: özlərinə o dərəcədə qapanıblar ki, başlarını sinif otağından çölə çıxarmaq istəmirlər. Nə isə, gerisi mənə qalsın…

 

-Koronavirusa görə birbaşa təhsil dayandırılıb . Siz bu çətin durumda müəllim, şagird, valideynlərə necə yardımçı ola bilirsiniz? Nələr edirsiniz ki, onların çətinliyi əksinə azalır…

 

-AzEdu.az təhsil portalı martın ortalarından bu yana, ev şəraitində olsa da belə daha da gücləndirilmiş iş rejiminə keçib. Təhsilin bütün pillə və istiqamətləri üzrə materiallar hazırlamağa, müəllim-şagird-valideyn üçbucağı ətrafında maarifləndirmə işləri aparmağa çalışırıq. Görülən işlər barəsində çox danışmaq istəməzdim. Arzu edərdim ki, bu müsahibəni oxuyan hörmətli oxucu portalımıza baş vursun. Bu zaman görülən işlərlə özü tanış ola bilər.

 

Şəhərin mərkəzində də sufi olmaq mümkündür

 

-Tez-tez sufiyanə paylaşımlarının, yazılarının şahidi oluram. Bakının mərkəzində-"Tarqovı”da işləməklə, kompüter qabağında rahat yazmaqla sufi, dərviş olmaq mümkündür?

 

-Bu barədə də səninlə dəfələrlə müzakirə, hətta mübahisəmiz də olub. Bu arada, mənə Nəsimi ilə bağlı bağışladığın dəyərli, fundamental kitaba görə çox sağ ol, dəyərli mənbədir. Sufiyanə paylaşımlar, yazılarla əslində öz dünyama varıb, ruhum boyunca gəzdiyim zaman apardığım qeydlərdir. Öz ruhunun ən dərin qatlarından, idrakının ucqarlarından qopardığın materiallarla bu İşıq dünyasını özün üçün yaradır, səhmanlayırsan. O zaman artıq fərqi yoxdur ki, sən şəhərin mərkəzində, kiçik ofisdə kompüter qarşısındasan, ya geniş düzəngahda, ya da intəhasız bozqırdasan… Bunların heç birinin fərqi yoxdu: Çünki hər bir halda öz İşıq dünyamızda oluruq. Son ucu Ali Haqqa, Küllə gedib varan işıqlı dünya…

 

-Bu istiqamətdə nələri oxuyur, nələri yazırsan?

 

-Seyid Yəhya Bakuvini oxuyuram… Həyatı, əsərləri haqqında daha da bilgilənmək fikrindəyəm. Doğrudan da möhtəşəm bir şəxs olub. Dünyaya çıxarmaq gücündə olan bir fikir sistemin -xəlvətiyyəni fəlsəfə, sufi tariximizə o bağışlayıb. Gündəlik oxu proqramımda təsəvvüfə aid mütləq nəsə olmalıdır. Hazırda yazı masamın üzərində Yunus Əmrə Divanı, bir Qərb aliminin – Uilyam Çittinq - təsəvvüflə bağlı "Təsəvvüfə giriş” kitabı və təbii ki, təsəvvüf terminləri lüğəti var.

 

Yazıya gəldikdə isə, təsəvvüf, eləcə də Şərq fəlsəfə və elm tarixinin ən görkəmli nümayəndələri haqqında portret yazılar, bioqrafik hekayələr yazıram.

 

Sufiyanə mövzularla bağlı silsilə esselər yazmağı düşünürəm. Sağlıq olsun!

 

-Yenidən ədəbiyyata qayıdaq: Gənc ədiblər Məktəbi -2 -nin üzvü olmusan. Məzunlar arasında səncə, kimlər öz fəaliyyəti ilə xüsusi fərqlənir?

 

-Gənc Ədiblər Məktəbinin, xüsusən də birinci və ikinci buraxılışlarının uğurlu məzunları var. Sual "ikinci” üçün ünvanladığı üçün konkret cavab verəcəyəm: Emin Piri, Ramil Əhməd, İntiqam Yaşar, Taleh Mansur…

 

Başqa uğurlu yetirmələr də var. Adlarını unutdumsa, üzrlər. Həm də kiminsə adını unutmağım onun ədəbiyyatdakı yerinə, istedadına qəti xələl gətirmir. Odur ki, istedadı olan gənc yazarlar yalnız bu talantı necə realizə etmək barəsində düşünsünlər…

 

-Jurnalist kimi müsahibə, araşdırma və təhlillərin məlum, bəs, dediyin esse, eləcə də başqa hekayələrini nə zaman oxuyacağıq?

 

-Esse və hekayələrimi bir kitab halında çap etdirmək fikrim var. Mən heç zaman lovğalığı sevməmişəm, amma bütün məsuliyyətimlə deyirəm: O hekayə və nəsr əsərləri ilə ədəbiyyatımız çox şey qazanacaq!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi