Modern.az

Şuşasız Qarabağ yoxdur

Şuşasız Qarabağ yoxdur

5 May 2012, 10:28

Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Şuşa Qarabağın mənəvi paytaxtıdır” mövzusunda yazılıb

Artıq 20 ildir ki, Şuşa erməni silahlı qüvvələri tərəfindən işğal olunub. Bu uzun illər ərzində Şuşa torpağı ermənilərin ayaqları altında inləyir.Səbirsizliklə düşməndən xilas olunacağı günü gözləyir.Şuşa kimi xalqımız da bu günün gələcəyinə ümid edir.Hər nəfəsdə bir ümid var.Nə qədər ki, xalqımız nəfəs alır bu ümid də yaşayacaqdır.20 ildir ki ,yüzlərlə şuşalı Şuşasız dünyaya göz açıb.Onlar yalnız şəkillər,lent yazıları,ata-analarının söhbətləri ilə Şuşanı əyani olaraq beynlərində canlandıra bilirlər.Bu şəhər çox gözəl olduğundan onu görməsək də deyilənləri nəzərə alsaq,təsəvvürümüzdə canlandırsaq,onu qismən görmüş kimi oluruq.Şuşa şəhərinin yaranması Qarabağ xanlığının yaranması ilə bağlıdır.Şəhərin əsasını Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Bu gün Şuşa ermənilərin əlində olsa da onun sazlı,sözlü,nəğməli sədası xalqımızın yaddaşındadır. Şuşa məşhur ədiblərin, aşıqların, xanəndələrin, şairlərin,görkəmli bəstəkarların vətənidir. Həmin şəxslərin adını saymaqla qurtarmaq olmaz. Bir sözlə Şuşa mədəniyyətimizin beşiyidir. Şuşa həm də memarların,xəttatların,nəqqaşların,rəssamların vətəni kimi də məşhurdur. Şuşa Azərbaycanın bəlkə də yeganə bölgəsidir ki,bu qədər tarixi şəxsiyyətləri,incəsənət xadimləri ilə tanınır. Dünyada bir neçə şəhər var ki,musiqi onun hər daşına,qalasına hopmuşdur. Şuşa da belə şəhərlərdəndir. Hətta xalq arasında məşhur bir kəlam var ki,’’Şuşada körpələr bələkdə muğam üstdə ağlarlar’’-bu deyim bir daha Şuşanın musiqi mədəniyyətimizin beşiyi olduğunu sübut edir. Şuşanı elə buna görə də Qafqazın konservatoriyası adlandırırdılar.Şuşa həm də öz səfalı yerləri,istirahət guşələrinə görə də məşhur idi.Şuşa adı gələndə ağlımıza ilk olaraq gələn fikirlərdən biri də Xarı bülbüllə bağlıdır.Bu gülə dünyanın heç bir yerində,hətta Azərbaycanda da rast gəlmək mümkün deyil. Buna ancaq Şuşada rast gəlmək olar.Bütün bu gözəlliklər 1992-cı il mayın 8-də dağıldılaraq yerlə yeksan olundu.Şuşanın işğalı ilə ermənilər bütün Dağlıq Qarabağın ərazisini işğal etdi.Şuşanı işğal etmək düşmənlər üçün tarix boyu çox çətin olub.Çünki Şuşa hündür bir zirvədə yerləşirdi. Elə buna görədir ki,Şuşa hər zaman ona qarşı olan hücumları asanlıqla dəf edə bilmişdir.Heç ermənilərə də Şuşanın işğalı asan başa gəlməmişdir. Ermənilər tarixi faktları saxtalaşdıraraq Şuşanı ‘’erməni mədəniyyətinin beşiyi’’ kimi qələmə verməyə cəhd göstərirlər.Ancaq bunu heç bir zaman sübut edə bilməyəcəklər. Çünki tarixi faktlar sübut edir ki, Şuşa əzəli Azərbaycan torpağıdır.İşğal altında olan Şuşamızın başı dumanlıdır.İnşallah tez bir zamanda bu dumanlar çəkilər. Biz öz Şuşamıza uzun çəkən həsrətdən sonra qovuşarıq.

Gülşad Kamilova
BDU-nun Jurnalistika fakültəsinin II kurs tələbəsi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir