Modern.az

Şuşa - Qarabağın mənəvi paytaxtıdır

Şuşa - Qarabağın mənəvi paytaxtıdır

5 May 2012, 10:33

Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Şuşa Qarabağın mənəvi paytaxtıdır” mövzusunda yazılıb

“Gün keçir” filmindəki o kor qocanı xatırlayaq. Bu ağsaqqal İçərişəhərdə daş divarlardan tuta-tuta, əllərini tanış daşlara sürtə-sürtə öz evinin qapısını tapır. Bax, mənə də elə gəlir ki, 20 il həsrətlə qisas gününü gözləyən şuşalıların gözlərini bağlasan belə, o qala divarının daşlarından tuta-tuta öz doğma Şuşasına qovuşacaqlar.

Bəli, Şuşasız düz 20 il... 20 ildir ki, Şuşanın intiqamsız, yazıq, təhqirolunmuş, tapdalanmış halda qalmasına göz yumuruq. Bununla belə çox əfsuslar olsun ki, bu gün Evrovision mahnılarının sözlərini əzbər bilən Şuşanın işğal tarixini bilməyən “ziyalı”larımız, gənclərimiz var. Şuşanın dildə deyilən süni vətən sevgisi sözlərinə, oxunan mahnılara, intonasiya ilə deyilən şeirlərə ehtiyacı yoxdur. O, isti nəfəsə, oğul qızlarının qan bahasına əldə etdiyi bayrağa, düşmən ayağı çəkilmiş torpağına möhtacdır.

Bu bəxti, bu taleyi sənə kim yazdı Şuşa?! Taleyin amansızlığıdırmı, zamanın qəddar hökmüdürmü? Bu qismətin bəxş etdiyi qanlı hərfləri bir-birinin ardınca düzdükdə hər qısa yazının sonunda sətr arası bir söz formalaşır: Xəyanət! Xəyanətinsə qurbanı təkcə ana-bacı namusu,şəhid qanı deyil, həm də bu qanla suvarılmış və bu namusdan yoğrulmuş torpaqlarımız da olur. Şuşa haqqında bu gün söz demək, dərd açmaq çox ağırlaşıb, bir xalqın faciəsinə çevrilib. Hələ şuşanı heç görmədən onun gözəlliyi, əfsanəliyi haqqında yalnız kitablardan oxuyan, ata-babasından eşidən mənim kimi minlərlə gənc üçün bu daha çətin və məsuliyyətlidir. Şuşanın işğalından 20 il keçir. Elə bil nə füsunkar torpaq itirmişiy, nə tarixlər şahidi olan bir yurd əlimizdən gedib, nə də şairlər, yazıçılar diyarını itirmişik. Elə bil bir yuxu görmüşük, dəhşətli bir yuxu. Bu yuxuda Şuşanın buz bulaqlarını, çaylarını Topxanamızı, əfsanəvi 17 bulağı, 17 məscidi, 17 məhəlləni əldən vermişik. Gəlin, Şuşanı yalnız yuxularımızda görməkdən əl çəkək. Yoxsa nəinki o şəhidlərin ruhu, hətta tarix belə bizi heç vaxt bağışlamaz.

Milli yaddaşsızlıq və unutqanlıq gec-tez bizə keçmiş müsibətləri təzədən yaşamağı “qismət etdi”. Biz aldandıq, lakin avamlıqdan, bilməməzlikdən yox, yaddaşsızlıqdan tora düşdük və bizim sadəlövhlüyümüzün də tarixi kökləri vardır.

Həmin kökün əsasını kiçik xalqları itaətdə saxlayan imperiya siyasəti təşkil edir, böyük siyasətin isə daim sadiq və sədaqətli icraçıları olur. Lakin bu icraçılar hiyləgər,

çoxüzlü və imkanlı olduğu üçün böyük mənafeyini təmsil edən zaman özünü də unutmur; İfa zamanı öz niyyətini də ustalıqla həyata keçirə bilir.

Bu gün vətən torpağı igid oğullarımızın al qanı ilə yoğrulur. Öz qanından, canından keçən övladlarımızın şəhid məzarları bizi hələ çox ağladıb, sızladacaq. Lakin biz ağlaya-ağlaya mübarizə apararaq özümüzü tanıyacaq, kişiliyimizi biləcək, soy kökümüzə, türklüyümüzə qayıdacağıq. Biz dünənimizdən, yaxın keçmişimizdən ibrət dərsi almalı, yaddaşımızı itiləməliyik. Bu əsr ərzində başımıza gətirilən müsibətləri unutmamalıyıq, bizi daha nələr gözlədiyini yaddan çıxarmamalıyıq. Bir milyondan artıq qaçqın soydaşlarımızın ağır taleyinə dayaq durmalı, onların da, özümüzün də sabahkı gününün qayğısına qalmalıyıq! Hələ ki dincliyimiz pozulub. Neçə illərdi Vətən torpağında erməni faşistləri ilə ölüm-dirim mübarizəsinə qalxmışıq. Şəhərlərimiz yandırılıb, kəndlərimiz dağıdılıb, el-obamız düşmən tərəfindən yağmalanıb.

Dilbər Cıdır düzü, diş göynədən bulaqlar, basılmaz səngər-Topxana, Ulu Kirs düşmən tapdağı altında inləyir. Ana torpaq nalə çəkir. “Qoymayın məni düşmən çəngində amanın günüdür. Natavanin, Üzeyirin, Bülbülün, Cabbarın, Nəvvabın ruhu sizi bağışlamaz!”

Bir də Şuşanın göylərində dolaşan şəhid ruhları bizi torpağa nicata çağırır. Həm kövrək, həm ağlar, həm də zəhmlə bizi döyüşlərə səsləyir.

Qarabağın başında Şuşa adlı tacıydım,
Yaraya məlhəm idim, ağrıya əlacıydım,
Qafqazın qucağında ən barlı ocağıydım,
Bağbanıma, bağıma, barıma güllə dəydi!
Allahım göydə susdu, Tanrıma güllə dəydi!

Yanağına hopmuş göz yaşlarını silərək onu əsarətdən qurtarmaq üçün ümid gözlədiyi oğulların ruhları SƏNİ, MƏNİ, BİZİ haraylayır! Bəlkə də nə vaxtsa Yuxarı Gövhər Ağa məscidini donuz yuvasına çevirən düşmənlərimizi qovub, məscidimizi təmizləyib, oradan azan səsini duyacağıq. Bəlkə də nə vaxtsa torpağın üstündə şərəfsiz yaşamaqdansa, torpağın altında yatmağa şərəf sayan oğullarımız kimi şərəfli ölümü seçəcəyik. Mən əminəm ki, sevincdən neçə-neçə ürəyin partlayacağı, neçə-neçə dizin tutulacağı “Bazar daşı”nda neçə-neçə dilin-dodağın torpaq yalayacağı, neçə-neçə bəxtəvər

üz-gözün daşlara sürtüləcəyi o xoşbəxt və tarixi günə az qalıb. Bax, onda biz Şuşada qoyub gəldiyimiz şəhid məzarları ilə üzbəüz olacaq, hər birimiz vicdanımız və şəhid ruhları ilə təkbətək qalacağıq. Ən ağır sınaq, ən çətin imtahan da elə o olacaq. Onda şəhid ruhu:

“Sən qəriblikdə nə etdin?” Şuşasız qalanda şuşalı olmaq üçün nə etdin?! – deyə soruşacaq. Səngərdə olan əziz qardaşlarımız! mənim də ürəyim sizinlə yanaşı səngərdə döyüşür, sizinlə yanaşı enişə enir, yoxuşa çıxır, yüyürür, döyüşür. Allah-Təala sizi qorusun. Hər gün qələbə ümidi ilə yaşayan:

Günay İmanova

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi