Modern.az

İcra hakimiyyətləri LƏĞV EDİLƏ bilər

İcra hakimiyyətləri LƏĞV EDİLƏ bilər

Ölkə

7 May 2020, 08:58

Azərbaycanda yerli İcra hakimiyyətlərinə etimad və inam son dərəcə azalıb. Prezidentin sərəncamları ilə yerlərdə İcra Hakimiyyətinin başçısı təyin edilən məmurlar həmin dövlət orqanlarını korrupsiya və rüşvət bataqlığına çeviriblər.

Belə olmasaydı, son bir neçə ayda 5 icra başçısının ard-arda həbs olunmasına şahidlik etməzdik. Belə görünür ki, ölkə başçısının dəfələrlə səsləndirdiyi xəbərdarlıqlar bu məmurlara kar etməyib.

Əvvəlcə Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov, sonra Yevlax Şəhər İcra Hakmiyyətinin keçmiş başçısı Qoca Səmədov, ardınca Neftçalanın icra başçı İsmayıl Vəliyev, daha sonra Biləsuvarın icra başçısı Mahir Quliyev... Dünən isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev həbsxanaya göndərildi...

İndi hamı dörd gözlə bu həbsləri həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) qara maskalı əməkdaşlarının hansı rayonda peyda olacağını gözləyir.

Vəziyyət o yerə çatıb ki, ayrı-ayrı bölgələrin sakinləri sosial şəbəkələrdə çağırış edib korrupsioner məmurları qandallayan DTX-ının qara maskalı əməkdaşlarını öz rayonlarına dəvət edirlər.

Yerli İcra hakimiyyətlərinin işi onu göstərir ki, idarəetmə sisteminin bu həlqəsində geniş islahatlara ehtiyac var.  Hətta onunları ləğvini tələb edənlər də çoxdur...

Bu islahatların vacibliyini Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev də Modern.az-a açıqlamasında vacib sayıb:

“Hesab edirəm ki, strukturda dəyişik olunmalıdır. Paralellik var, bir tərəfdə bələdiyyələr, bir tərəfdə İcra hakimiyyətləri.

Son həbs edilənlərin hamısında oxşar korrupsiya sxemləri, oxşar maliyyə mənbələri, büdcədənkənar yalançı fondların yaradılması, sahibkarların incidilməsi, məktəblərdən, həkimlərdən vəsaitlərin toplanması müşahidə edilir. Elə bil ki, hər icra başısında xərac siyahısı var və hər ay xərac toplamaqla məşğul olurlar.

İdarəetmənin başqa formalarını da nəzərdən keçirmək lazımdır. Məsələn, vilayət idarəetmə formasına nəzər salmaq olar. Mərkəzi İcra Hakimiyyətinin idarəetməsini daha da yüksəltmək, yerlərdə bütün funksiyaları bələdiyyələrə vermək, onların da statuslarına baxmaq lazımdır. Bu zaman Fransadakı modelləri nəzərdən keçirmək olar. Dövr dəyişib, tələblər artıb, ehtiyaclar yüksəlib. İcra hakimiyyətləri yanında vətəndaş cəmiyyəti institutlarının nəzarətinin effektiv təşkililə bağlı qanunun tətbiqi prosesini sürətləndirmək olduqca vacibdir. Bütün yerli İcra hakimiyyətləri yanında İctima şuralar yaradılmalıdır, amma yaradılmayıb. Çünki imkan vermirlər, yerli məmurlar ictimai nəzarəti istəmirlər. Onlar yerli liderlərlə danışıqlara getmək istəmirlər. Halbuki, vətəndaşlar idarəetmənin bütün səviyyələrində təmsil olunmalıdırlar”.



“Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu da icra başçıları ilə bağlı maraqlı fikir bildirib:

“1998-1999 illərdə Prezident Aparatından işlədiyim xarici təşkilata müraciət olunmuşdu ki, bələdiyyələrin formalaşması ərəfəsində regionlarda təlimlər, seminarlar keçirib Avropa yerli özünüidarəetmə təcrübəsini təqdim edək. Mən də təlimlərin təşkili məqsədilə tədbirdən əvvəl rayonlara gedib təşkilati işləri görürdüm. Təbii ki, hər dəfə də icra başçıları ilə görüşməli olurdum. Bu başdan deyim ki, azsaylı istisnalarla ümumilikdə heç də ürəkaçan məşğuliyyət deyildi, amma ədalət naminə bunu da qeyd etməliyəm ki, o dövrün icra başçıları indikilərlə müqayisədə intellekt, mədəniyyət, abır-həya və tərbiyə etalonu sayıla bilərdilər. Amma artıq o zaman məndə belə bir təəssürat yaranmışdı ki, sanki Azərbaycan cəmiyyətinin ən axırıncı adamlarını küçədən tutub icra başçısı təyin eləyiblər.

Məsələn, bir rayonun icra başçısı Rusiyada oxuduğumu biləndə mənə tələbəlik illərində necə Rusiyaya gedib rus qızları ilə əyləndiyini danışmışdı. Digəri (öz rayonumda) İcra hakimiyyətində işləyən mənim orta məktəb müəllimim olmuş şəxsi yanımda təhqir eləmişdi, üçüncüsü, dördüncüsü və s. Qısası, adamın ürəyi bulanırdı, amma işimi yerinə yetirmək üçün bütün bu şeylərə dözməliydim.

Bir dəfə rayonların birində icra başçısına bələdiyyənin nə olduğunu və Milli Məclisdə onlarla bağlı iki qanun layihəsinin hazırlanması haqda düz yarım saat danışdım. Adam sözün həqiqi mənasında qoyun kimi üzümə baxıb sonda belə bir sual verdi:

- Ə, qardaş, sən mənə ayrı şeyi de ey. De görüm bu bələdiyyə gəlib mənimlə vəzifə davası eliyəcək,  yoxsa əlimin altında işləyəcək?

Sualı anlayıb, işimin xatirinə dedim ki, ay müəllim, bələdiyyə kimdir ki, sizinlə vəzifə davası eləsin!? Gəlib qarşınızda əl buyruqçusu olacaq (sonralar məlum oldu ki, sən demə özüm də bilmədən elə düzünü demişəm). Elə bunu demişdim ki, cəld dönüb ikiəlli selektorun düymələrini basdı və 2 dəqiqə keçməmiş 2 müavini və 3 şöbə müdiri içəri daxil olub sıraya düzüldülər.Üzünü bunlara tutub dedi ki, “müəllim Bakıdan gəlib, tədbir keçirəcək, odur ki, gedin sizə nə tapşırsa, dediyi kimi yerinə yetirin, kimdən narazılıq eləsə, iti qovan kimi qovacam”. Bu, azmış kimi, müavinin birinə hansısa məsələyə görəsə elə mənim yanımda ən axırıncı küçə söyüşləri işlətməkdən də çəkinmədi. Tez sağollaşıb çıxdım və elə qəbul otağındaca həmin adamlardan üzr istəyib dedim ki, yanlış anlaşma olub. Mənə sizin köməyiniz lazım deyil, özüm hər şeyi təşkil edəcəyəm. Onlar qorxudan israr eləsələr də ki, kömək etsinlər, razılaşmayıb çıxdım. Elə bilirdim ki, o söyüşlər mənə deyilib. Tez o, iyrənc binanı tərk edib, havaya çıxıb siqaret çəkdim ki, özümə gəlim.

... və bu, mənim üzləşmiş olduğum ən ürəkbulandıran hadisələr deyildi.

Odur ki, indi bəzi icra başçılarının həbsinin əsl səbəblərini biləndə çox da təəccüblənmirəm. Baxmayaraq ki, həmin səbəblər yazılası, deyiləsi, danışılası məsələlər deyil”.

Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev deyir ki, əgər İcra hakimiyyətləti ləğv olunmayacaqsa, icra başçılarının təyini və azad edilməsilə bağlı rotasiya prinsipi təmin edilməlidir:

“Bir icra başçısı 5-6 il bir yerdə işləyirsə, o zaman özəl və sabit münasibətlər sistemi yaranır. Bu isə korrupsiya üçün zəmindir, qohum-əqraba sisteminin idarəetmə sisteminə daxil edilməsinin özü yeni korrupsiya halları deməkdir.

Həbs edilən icra başçılarının mal-mülklərinin sayı hesabı yoxdur. Hələ bunlar idarəetmə sisteminin ən aşağı pilləsində təmsil olunubla. Bunlar 1 ilin- 2 ilin içərisində özlərinə sərvət toplayırlar. Bu əmlak sənin-mənim əmlakımın hesabına toplanıb. Bu azmış kimi humanitar yardıma əl uzadırlar. Yoxsulun son tikəsini ocaq başında qaynayan qazanından çıxarıb öz qohum-əqrabasına yedizdirmələri artıq vicdansılızqıdır, Allahsızlıqdır. Bu nə dində var, nə imanda, nə də ata-babalardan gəlmiş vərdişlərdə".


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir