Modern.az

“İlham Əliyev yeni hakimiyyət qurur” - Zahid Oruc

“İlham Əliyev yeni hakimiyyət qurur” - Zahid Oruc

7 May 2020, 16:28

Məlum olduğu kimi Azərbaycanda bir neçə ayda 5 icra başçısı ard-arda həbs olundu. Belə görünür ki, ölkə başçısının dəfələrlə səsləndirdiyi xəbərdarlıqlar bu məmurlara kar etməyib.

 

Əvvəlcə Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov, sonra Yevlax Şəhər İcra Hakmiyyətinin keçmiş başçısı Qoca Səmədov, ardınca Neftçalanın icra başçısı İsmayıl Vəliyev, daha sonra Biləsuvarın icra başçısı Mahir Quliyev... Dünən isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev həbsxanaya göndərildi...

 

Adıçəkilən şəxslərin həbs olunmasının səbəbi isə məlum olduğu kimi vəzifələrinin icrası müddətində rüşvətxorluq, korrupsiyaya yol vermə və dövlət malının mənimsənilməsidir.

 

Maraqlıdır, hakimiyyət strukturlarında inzibati qaydada cəzalandırma mexanizmi tətbiq olunsa da, yenə də bu çirkin əmələ yol verilməsinin səbəbi nədir? Bu halların qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc deyir ki, korrupsiyaya yol verən şəxslər ölkədə aparılan islhatları dərk etmədiklərindən bu əmələ yol verirlər:

 

“2019-cu ildən başlayaraq prezident İlham Əliyev tərəfindən bütün hakimiyyət qollarında köklü dəyişikliklər həyata keçirilir. Çox müsbət hadisədir ki, dəyişikliklər dövlətin zirvəsindən gerçəkləşdirilir. Şübhə yoxdur ki, bu xalqımız tərəfindən də rəğbətlə qarşılanır. Bu çox vacib bir komponentdir. Əks halda biz yalnız müxtəlif ölkələrdəki mənzərələrin şahidi olardıq. Yəni küçə və meydandakı aksiyaları, vətəndaşlararası toqquşmaları nəzərdə tuturam. Bəzi ölkələrdə hakimiyyətin dəyişdirilməsinin gerçəkləşdirilməsi qanlı nümunələrlə mövcuddur. Bizim ölkəmizin nümunəsində prezident İlham Əliyev on illər ərzində Azərbaycanın daxili və beynəlxalq mənafelərinin təminatı üçün mühüm fundament formalaşdırıb. Belə ki, prezident iqtisadi müstəqilliyi bərqərar edib, transmilli layihələr həyata keçirib. Lakin məhz elə həmin dövrdə daxili siyasətdə yer alan və bu etibardan sui-istifadə edən hansısa mənfi ənənələrlə çalışan və indi də o mövqeyini qoruyub-saxlayan adamlar bizə elə gəlir ki, 2019-cu ildən başlanan bu prosesləri tam mahiyyəti ilə dərk etmədiklərindən ağır və sərt hərəkətlərin ünvanına çevriliblər. Mənim aləmimdə prezident İlham Əliyev yeni hakimiyyət qurur. Bu özlüyündə mənəvi, siyasi, fəlsəfi, idraki xüsusiyyətlərə görə xarakterizə olunan yeniliklərdir. Bu nə yaş komponenti ilə bağlıdır, nə xaricdə nə də ölkə daxilində təhsil almaqla bağlıdır. Ən başlıca olaraq, meyarlar dəyişib. Prezident hazırda sadə və ucqarda yaşayan vətəndaşın qəlbindən xəbər verən tələbləri açıq dilə gətirir. Yəni cəza addımlarında da sübut edir ki, onun dözümünün bir limiti var. Bizə görə həmin məlum qırmızı xətt artıq hamıya bəllidir. Millətə xidmət etməyən insanlar qarşılarında Dövlət Təhlükəsizlik Xidməti orqanlarının, həmçinin antikorrupsiya qurumlarının nümayəndələrini görəcəklər. Heç şübhəsiz ki, korrupsiya mürəkkəb təbiətə malikdir. Bu hətta bəşəri mahiyyət daşıyır, bir sıra hallarda beynəlxalq terrorizm kimi geniş köklərə malikdir. Lakin institusional tədbirlər korrupsiyaya qarşı mübarizədə çox effektivdir. Ona görə də hökumət, Nazirlər Kabineti təzələnəndən sonra ardınca Prezidnet Adminstrasiyasında baş verən dəyişikliklərin, Milli Məclisin ən azı 1/3 tərkibinin yenilənməsinin, Baş prokurorun 20 ildən sonra xidmətinin dayandırılması haqda qərar verilməsinin, bölgələrdə insanların həyatına təsir göstərən və qanunları pozan icra hakimiyyəti başçılarına qarşı sərt addımların atılmasının şahidiyik. Bundan sonrakı mərhələdə bölgə idarəçiliyində yeni strukturların şahidi ola bilərik. Bu məsələlər institusional qaydada reallaşacaq. Çünki prezident hər zaman bu məsələni qabardır. Belə ki, əgər Bakıya bölgələrdən əhali axını varsa, iqtisadiyyatın yalnız paytaxtda təmərküzləşməsi baş verirsə və kənd təsərrüfatı ilə aqrar sənayenin önəmi birinci yerə çıxırsa, bu artıq kəndlərə qayıdış proqramlarının reallaşamasını tələb edəcək”.

 

 

Deputat əlavə edib ki, vətəndaş cəmiyyəti inistutları 20 il bundan əvvəlki dövrlə müqayisədə xeyli zəifləyib və hakimiyyət orqanlarında güclü nəzarət mexanizmi qurulmalıdır:

 

“Hakimiyyət orqanları arasında güclü nəzarət mexanizminin qurulmasına hər zaman ehtiyac olub. Bəzən korrupsiya və rüşvətxorluğu din, yaxud da milli mənsubiyyətlə əlaqələndirməyə çalışırlar. Amma mən bu fikirləri qəbul etmirəm. Pis millət yoxdur, ümumiləşdirmələr aparmaq olmaz. Bizim millətin tarixində çox uğurlu dövlət adamlarının olması faktı hər kəsə məlumdur. Ulu öndər Heydər Əliyev də hər zaman belə kadr korpusu formalaşdırmağa çalışıb. Ona görə də biz hamımız yaxşı başa düşməliyik ki, dövlət üçün ən mühüm sərvətlərdən biri məhz kadrlardır. Bu resursdur, böyük dayaqdır və əsas nüvə mərkəzidir. Bizdə bəzən yaxşı məmur sonda bütövlükdə dövlət adamına çevrilə bilmir. Bu əlbəttə ki, asan məsələ deyil və uzun zaman tələb edir. Dediyimiz kimi, ilk səbəb qarşılıqlı nəzarət mexanizminin formalaşdırılmasıdır. İkinci məsələ azad medianın mövcudluğu, bu zaman mətbuatın çirkli əllərdə olmaması da zəruridir. Eyni zamanda, regionlarda vətəndaş cəmiyyəti inistutları güclü olmalıdır. Zənn edirəm ki, hazırda bu məsələ çox zəifdir. Yəni paytaxt çevrəsində belə, həmin təşkilatların mövqeləri 20 il bundan qabaqkı dövrlə müqayisədə xeyli zəifləyib. Amma digər tərəfdən dövlətlə əməkdaşlıq edən qurumların da sayı artıb. Lakin bu məsələnin bütün coğrafiya üzrə yayılması lazımdır.

 

Bundan başqa müsbət idarəçilik ənənələrinin sonadək bərqərar ola bilməməsi qısa zaman çərçivəsində müharibənin vurduğu ağır zərbələrin ortadan qaldırılması, regionlarda şəhid, Qarabağ əlili, eləcə də qaçqın və məcburi köçkünlərin problemləri ilə  bağlı sosial çağırış və tələblərin birinci yerdə durması islahatları xeyli ləngidib. Amma bununla bərabər prezident geri alınmayacaq bir qərar verib. Hesab edirəm ki, bu, bütünlüklə idarəçiliyə yeni mədəniyyət, yeni yanaşma gətirilməsi deməkdir. Elə zənn edirəm ki, bu artıq o mənaya gəlir ki, prezident komandasında elə insanları görmək istəyir ki, o ictimai nüfuz sahibi olsun. Hakimiyyət çirkli məmurlardan təmizləndikcə güclənir. Heç şübhəsiz bu dövlətin də möhkəmlənməsinə yaxşı təsir edir. Düşünürəm ki, aparılan islahatlar pandemiyanın təsirindən yan keçib yenidən davam etdiriləcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir