Modern.az

Azərbaycan düşmənə daim gərək “presinq” tətbiq etsin

Azərbaycan düşmənə daim gərək “presinq” tətbiq etsin

8 May 2020, 08:32

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

 

Bəs indi özlərini səriştəsiz, vəzifə hərisi və xəyanətkar hesab etməyən siyasətçilər nədən Qarabağı azad etmək istəklərini qəti şəkildə ortaya qoymurlar?

 

Hər il Şuşanın və ya hər hansı bir rayonun işğal günü gələndə ənənəvi olaraq yerli televiziya kanallarında bir neçə nəfər siyasətşünas yığışıb hamısı birağızdan "Qarabağ səriştəsiz siyasətin, xəyanətin, vəzifə hərisliyinin qurbanı oldu" - deyib, sanki bununla da işin birdəfəlik bitdiyini hesab edirlər. Təəssüf ki, bu yanaşma azqala 30 ildir cəmiyyətin də dilindən düşmür. Əslində Şuşanın o vaxt hansı yolla əldən verilməsi indi əsas müzakirə mövzusu olmamalıdır. Çünki bunu az-çox artıq hər kəs bilir.

 

Ancaq bu yerdə məntiqdən doğan belə bir sual yaranır: bəs indiki zamanda özlərini səriştəsiz, vəzifə hərisi və xəyanətkar hesab etməyən siyasətçilər nədən Qarabağı azad etmək istəklərini qəti və açıq şəkildə ortaya qoymurlar? Sözsüz ki, onlarda belə bir istəyin olmasına heç kim şübhə etmir. Ən azı ona görə ki, Qarabağı azad edənlər ömürlərinin sonunadək öz kreslolarında sağa-sola boş-boşuna yellənsələr belə xalq onları həmişə qəhrəman sanacaq. Amma vaxt getdikcə Qarabağın da Azərbaycandan daha "uzaqlara" getdiyinin fərqinə varmaq lazımdır.

 

Şərt təkcə ordunun güclü, silah-sursatın müasir, büdcənin çox olmasında deyil. Azərbaycan tərəfi indiki pandemiya şəraitində heç olmasa, diplomatiya və hərbi meydanda futbol termini ilə desək düşmənə daim gərək "presinq" tətbiq etsin ki, o papağını qarşısına qoyub yaxşı-yaxşı fikirləşsin. Ancaq təəssüf ki, "komandalar" arasında hər şey əksinə görünür.

Baxın, gündəmdən düşməyən "İran körpüləri" ilə bağlı ermənilər öz mediasında - "Yada salaq ki, bu barədə razılıq Aprel müharibəsindən təxminən 1 ay əvvəl bağlanıb. Görünür Azərbaycan ümid edirmiş ki, təcavüz nəticəsində əraziləri özünə qaytaracaq. Buna görə də tələsərək İranla "əməkdaşlıq" haqqında bu razılaşmanı imzalayıb", yazaraq Azərbaycanı görün necə məsxərəyə qoyurlar. Bu azmış kimi, üstəlik yazırlar ki, "Azərbaycan 2016-cı ilin Aprelində suqovşaqları tikilən yeri işğal etməyə nail ola bilmədi. Ancaq bu erməni tərəfi ilə Tehranın arasında problem olmadığından İrana tikintini davam etdirməyə mane olmadı", deyə Azərbaycan tərəfinə psixoloji zərbə də endirirlər. Siz burada hələ "işğal etməyə nail ola bilmədi" ifadəsinə diqqət edin. Belə çıxır ki, əgər Azərbaycan sabah beynəlxalq müstəvidə qəbul edilmiş və Ermənistanın işğalında olan ərazilərini azad etsə, bu, "dqr"nın  işğal olunması hesab olunacaq. Bu isə o deməkdir ki, artıq bütün hallarda ermənilər Dağlıq Qarabağda özlərinin öturuşmuş "müstəqil bir dövlətin" vətəndaşları kimi hiss edirlər. Bax, indiyədək düşmənə bu dillə danışmağı və belə  rahat şəraiti yaradan elə məhz Azərbaycan özü olub.    

Baxın, Bako Saakyan qəti şəkildə - "Nə ərazi, nə də status məsələsində keçmişə qayıtmaq olmayacaq. Artsaxın təhlükəsizliyi və müstəqilliyi alış-veriş məsələsinə aid deyil", deyir. Bunun ardınca isə düşmən ordusunun Qarabağda yerləşən xüsusi təyinatlı qüvvələri taktiki təlimlərə başlayır, gecə şəraitində müdafiə və əks-hücum taktikaları sınaqdan çıxarır, ağır texnika və artilleriya vasitələri ilə Azərbaycana açıq-aşkar hədə-qorxu gəlir. Ancaq Azərbaycanın baş diplomatı - "Konflikti danışıqlar yolu ilə həll etmək imkanı mövcuddur. Yalnız vur-tut burada tərəflərin siyasi iradə nümayiş etdirməsi qalır", - deyir. Maraqlıdır, cənab Məmmədyarov burada hansı imkanları nəzərdə tutur? Məgər erməni tərəfinin bu qədər açıq şəkildə verdiyi bəyanatlar aydın deyilmi? Doğrudur, baş diplomatın bu sözü Azərbaycan cəmiyyətinin qulaqlarını artıq döyənək etsə də, amma bu yerdə onun - "Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü istənilən vasitə ilə bərpa etməyə tam hüququ çatır", - deməsi, adamı bir az sakitləşdirir. Hərçənd, bu sözü də cəmiyyət az eşitməyib, sadəcə bu deyimdə düşmənə qarşı heç olmasa bir balaca təpki hiss olunur. Sözsüz ki, indiki pandemiya şəraitində "İran körpülərini" əsas götürərək Azərbaycan ordusu Qarabağın cənub tərəfindən daxil olaraq ilkin mərhələdə Füzuli, Cəbrayıl, Zəngilan rayonlarını azad etməklə düşmənə əsl təpkinin nə olduğunu göstərməsi daha doğru olardı.

Ancaq sözdə olan bu kimi təpkiləri ermənilər heç veclərinə də almırlar və onların indi qarşıya qoyduqları əsas məsələ Dağlıq Qarabağı "müstəqil respublika" kimi beynəlxalq təşkilatlara, həmçinin dünya ölkələrinə tanıtmaqdır. Beynəlxalq təşkilat demişkən, məgər bu yaxınlarda dünyada 1 nömrəli beynəlxalq təşkilat sayılan BMT-nin rəsmi saytında Ermənistanın bu buradakı daimi nümayəndəsinin vasitəsi ilə qondarma "dqr" rejiminin ötən illərdəkindən başqa, 2016-cı ilin Aprel döyüşlərinin 4-cü ildönümü ilə bağlı Azərbaycanı ittiham edən və BMT Baş katibi Antoniu Quterrişə dünyanın bütün "qaynar nöqtələri"ndə atəşkəsin bərqərar olması ilə bağlı çağırış yer alan daha 2 yeni "sənəd"i yayımlanmadımı? Doğrudur, BMT "dqr"-nı dövlət kimi tanımır və onu tanımaqla öz-özünü təkzib etmiş olar. Ancaq ermənilərin yazdıqları məktubda özlərini cəfakeş, eyni zamanda demokratik və sülhpərvər bir "dövlət" olaraq gözə dürtmələrini gələcəyə hesablanmış siyasət kimi unutmaq olmaz.  

Dünya ölkələrinə gəlincə isə, bu yaxınlarda ABŞ-ın Minnesota ştatının senatının "dqr"nın "müstəqilliyini" tanıması buna açıq sübutdur. Yeri gəmişkən, Minnesot ABŞ ştatları sırasında qondarmaçıların "müstəqilliyini" tanıyan sayca 10-cu ştatdır. ABŞ başda olmaqla azqala bütün dünyaya zığıya-zığıya yalançı "erməni soyqırımı"nı tanıtdıqları kimi, bu gedişlə ermənilər yaxın gələcəkdə "dqr"-nın da müstəqilliyini dünya ölkələrinə və beynəlxalq təşkilatlara tanıda bilmələrinə artıq şübhə qalmır.

Məgər ermənipərəst ABŞ konqresmeni Ceki Kançelyan separatçıların 31 martda keçirilmiş "prezident" və "parlament" "seçki"lərini rəsmi Bakının  "siyasi şou" adlandırmasına məhəl qoymadan - "Azərbaycanın Qarabağın müstəqilliyini tanıyıb-tanımamasından asılı olmayaraq orada həyat inkişaf edəcək. Qarabağda demokratiyanın davamlı olması çox vacibdir", - deyə, həyasızcasına öz niyyətini dünyaya bildirmədimi? Bundan başqa, digər bir ABŞ konqresmen Frank Pallone daha irəli gedərək - "Dünyaya Dağlıq Qarabağda demokratiyanın bərqərar olduğunu göstərmək çox vacibdir. Qeyd etmək istəyirik ki, "Artsax"da azad cəmiyyətin bütün standartlarına cavab verən bir demokratiya var", - demədimi? Doğrudur, ABŞ Dövlət Departamenti ötən illər ərzində "dqr" bölgəsində keçirilən heç bir qanunsuz "seçki"ni tanımayıb. Ancaq bir vaxtlar uydurma "erməni soyqırımı"nı tanımıyanların sonradan "bu qırılmışlarla" hətta "dostlaşması"nı Azərbaycan diplomatları heç bir halda diqqətdən kənarda qoymamalıdırlar. Çünki düşmən çox hiyləgər və fürsətçildir.

Bu arada onu da deyək ki, Türkün çörəyinin duzunun olamamasını tarix həmişə sübut edib və bu gün də etməkdədir. Baxın, Türkiyənin koronavirusla bağlı ABŞ-a etdiyi yardım "arxa qapıdan" Suriyada döyüşən kürd terrorçularına, Azərbaycanın İrana verdiyi 5 milyon dollar yardım isə ağırtonnajlı avtomobillərlə Cəbrayılda  Araz üzərində salınmış "İran körpülərindən" keçib Qarabağdakı erməni terrorçularına çatdırılır. Amma bununla belə bütün Qafqazın şeyxi Allahşükür Paşazədə ABŞ prezidenti Donald Tranpa məktub göndərir ki, İrana qarşı qoyulmuş sanksiyaları ləğv etsin.

Nə isə, deməyə söz çoxdur, ancaq bu gün Şuşanın işğal günüdür. Erməni quldurları düz 28 il öncə Şuşanın, elə həm də bütövlükdə Azərbaycanın "başını" dumanlandıraraq, "Dağlarda toy" əməliyyatı adı altında ona "toy" tutdular. Bu "toydan" xoşbəxtlik payı götürən isə hələki onlardır. Ümid edirik ki, Xanın səsi havalanan dağlarda yeni toy, əsl Azərbaycan toyunun çalınacağı gün uzaqda deyil. Lap inanırıq ki, bu yaxınlarda ölkədə koronavirusa görə keçirilməsi qadağan olunmuş toylara icazə veriləcəyi gün olacaq. Azərbaycan toylarının davasız ötüşmədiyini isə hər kəs, həm düşmən, həm də qoy elə bütün dünya bilsin.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir