Modern.az

Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan...

Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan...

Aktual

5 May 2012, 18:34

Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Şuşa Qarabağın mənəvi paytaxtıdır” mövzusunda yazılıb

Bura Azərbaycandır. Əsrlər boyu ağır təzyiqlərə məruz qalmış Azərbaycan. Azərbaycan çox zəngin bir dövlətdir. Azərbaycan yaralıdır. Çünki onun 20 % torpaqları öz əlində deyil, düşmən tapdağındadır. Vətənimizin alınmaz qalaları olan Qarabağ, Şuşa, Laçın, Cəbrayıl, Kəlbəcər indi erməni quldurlarının məskəni olub. Mən Azərbaycanlıyam, Qarabağlıyam. Qarabağımızın, Şuşamızın işğalı mənim  və bütün Azərbaycanlıların qəlbini ağrıdır. Qarabağ adını həmişə dillərdən eşitdikcə gözlərimizin qabağına Muğam, gözəl təbiət, təmiz səma gətirmişik. Azğınlaşmış düşmən bütün bunlar bəs deyilmiş kimi Qarabağın gözəl abidələrini də söküb talan etdilər. Oğuz igidlərinin at oynatdığı Cıdır düzündə, İsa bulağında “Erməni vilayəti” yaratdılar.

Kəsildi bülbülün səsi, qızıl parçası olan Qarabağımızı itirdik, Xarı bülbülün ürəyinə qara xal düşdü.

1992-ci  il may ayının əvvəllərində Şuşanı mühasirəyə alındı. 1500 nəfər döyüşçüsü olan Şuşa batalyonunda 500 döyüşçü qalmışdı. Mayın 7-dən 8-nə keçən gecə şəhər güclü arteriya atəşinə tutuldu və 6000 düşmən əsgəri 72 tankla şəhərə hücum etdi. Azərbaycan hərbi hissələrinin döyüş texnikası şəhərdən çıxarıldı. Ön mövqedə duran qəhrəman əsgərlərimiz həyatları bahasına hücumun qarşısını almaq istəsələr də, bu mümkün olmadı. Mayın 8-i Şuşa işğal olundu. Bu bizim tariximizə qanlı hərflərlə yazıldı. Bu il 2012-ci il mayın 8-i artıq Şuşanın işğalının 20 ili olur. Vətən yolunda şəhid olan qəhrəmanlarımız heç vaxt yaddan çıxmayacaq.

Əsrlərdən bəri başı bəlalı olan Azərbaycan cəmiyyəti hücumlara məruz qalsa da öz möhtəşəmliyini, dözümlülüyünü, möhkəm iradəliliyini qoruyub saxlaya bilmişdir. Bir vaxtlar öz qanı bahasına əldə etdiyi müstəqilliyi əlindən alınsa da bu uzun çəkmədi. İgid oğullarımızın sayəsində bu azadlıq, müstəqillik yenidən özünə qayıtdı. Öz müstəqilliyimizin qaytarılması üçün xalqımız çox qurbanlar verdi.

Biz Qarabağımızı tezliklə azğın düşmən tapdağından azad edib, şəhidlərimizin ruhunu şad edəcəyik. Vətən sevgisi əzəli və əbədi bir qəlb odudur. Elə buna görədir ki, insan da bu sevgiyə köklənəndə dünyanı bütün gücü onun qoluna toplanır, göyün bütün işığı və nuru onun qəlbinə, fikrinə dolur. Mən də bütün qəlbimlə odlar diyarı Azərbaycana, bu müqəddəs torpağa bağlıyam. Onun fərəhi mənim fərəhim, onun kədəri mənim kədərimdir.

Qarabağ adı necə də gözəl səslənir, necə də musiqili və ahəngdardır. Qarabağ - Üzeyir Hacıbəyovun qədəm qoyub yeridiyi torpaq, yurdumuzun dilbər guşəsidir.

Şuşa - qəsbkar şahların başını bədənindən düşürən tarixi şəhər, gözəl məskəndir.

Topxana, Şahdağımız, Qoşqarımız, göylərə baş çəkən Göyəzənimiz, Vaqif yadigarı olan cənnət diyarımızdır.

Vətənimizin dilbər guşəsi bir zamanlar dillər əzbəri olan Qarabağ torpağı indi düşmən tapdağı altındadır. Odu-ocağı  dağılmış, torpağı talanmış bu elin həsrəti hamımızın qəlbini ağrıdır. Vaxtilə musiqi festivalları keçirilən, çal-çağırından qulaq tutulan, indi isə gülü-çiçəyi qan ağlayan Cıdır düzünün də gözü nəmli, sinəsi dağlıdır. Azərbaycanın ürəyi sayılan Şuşa indi haray qoparır.

Bizim hər birimizin ən böyük arzusu qələbədir. İşğal olunmuş torpaqlarımızın, doğma Qarabağımızın geri qaytarılması, azad olunmasıdır. Mən inanıram ki, tezliklə Qarabağımız düşmən tapdağından azad olacaq. Şuşada yenidən musiqi festivalları keçiriləcək. Qarabağın şikəstəsi Şuşada oxunacaq və bizdə bunun şahidi olacağıq. Azərbaycan yenidən parlayacaq. Azərbaycan bütöv, azad, suveren bir xalq olub, irəliyə addımlayacaq. Ən inkişaf etmiş dövlətlər sırasında parlayacaq. Bu mənim arzumdur və bunun bir gün real olacağına inanıram!

Mən bir Qarabağlı olaraq öz inşamı ürək ağrısı ilə yazdığım şerlə tamamlayıram.

Şuşasız olmayır günümüz inan,
Şuşasız vətənim gülsüz bülbülüdür.
Şuşanın qəlbində döyünən ürək,
Cıdır düzü, İsa bulağı, Xarı bülbüldür.

Şuşam sən mənim vuran ürəyim,
Sazımız, sözümüz, muğamımızsan.
Hər zaman, hər yanda görünür yerin,
Sən bizim həmişə yanımızdasan.

Bir gün olacaqsan yenə də bizim,
Qalxacaq bayrağımız Cıdır düzünə.
Qarabağ şikəstəsi söyləyəcəyik yenə,
Havalansın xanın səsi,
Qarabağın şikəstəsi deyə.

Bakı Slavyan Universiteti
102 pedaqoji fakültə  
I kurs tələbəsi  Yelmarlı Şövkət  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!