Modern.az

Böyük Qələbədən payı olan xankəndili ziyalı – Cəmil Xudiyev

Böyük Qələbədən payı olan xankəndili ziyalı – Cəmil Xudiyev

8 May 2020, 20:31

20-ci əsrin tarixinə 9 may günü Qələbə bayramı kimi həkk olunub. Məhz 1945-ci ilin may ayının 8-dən 9-a keçən gecə Berlinin Karlhorst qəsəbəsində yerləşən hərbi məktəbin yeməkxanasında Vermaxtın qeyri-şərtsiz və tam kapitulyasiyası ilə bağlı akt imzalanıb. Akta alman generalı Vilhelm Keytel, SSRİ tərəfdən isə marşal Georgi Jukov imza atıb. Bununla da 1418 gün davam edən Böyük Vətən müharibəsi alman faşizminin məğlubiyyəti ilə sona çatıb.

Böyük Qələbənin əldə olunmasında azərbaycanlıların da rolu danılmaz faktdır. 650 min nəfərdən artıq azərbaycanlı müharibə dövründə cəbhələrə yollanıb, onlardan 330 min nəfəri geri dönməyib. Qürurverici faktdır ki, müharibədə 130 nəfər azərbaycanlı göstərdikləri şücaətə görə Sovet İttifaqı Qəhrəmnı adına, 400 min nəfəri isə müxtəlif orden və medallara layiq görülüblər.

Ömrünün gənclik dövrünün 4 ilini müharibədə keçirən soydaşlarımızdan biri də Cəmil Xudiyev olub.

Cəmil Xudiyev 1924-cü ildə Xankəndi şəhərində anadan olub. Müharibə başlananda 17 yaşı tamam olan, hələ çağırış yaşına düşməyən gənc Cəmil cəbhəyə könüllü gedənlərin sırasında dayanıb.

 

 

 

Cəmil Xudiyevin döyüş yolları ən ağır cəbhələrdən keçib, tank qoşunlarında xidmət edən gənc döyüşçü Stalinqrad uğrunda gedən ağır döyüşlərin iştirakçısı olub. 1943-cü ildə hərbi əməliyyatlar zamanı yaralanmasına və müalicədən sonra arxa cəbhəyə dönmək imkanı olmasına baxmayaraq o, yenidən cəbhəyə qayıdıb. Xidmətini Ukrayna cəbhəsində davam etdirən Cəmil Xudiyev Böyük Qələbəni Almaniyanın şərqində qarşılayıb.

Müharibədən sonrakı dövrdə Cəmil Xudiyev ali təhsil almaq arzusunu gerçəkləşdirib. O, Bakı Dövlət Universitetinin tarix fakültəsinin məzunu olub. Həyatını bütövlükdə pedaqoji fəaliyyətə bağlayan Cəmil müəllim Yuxarı Qarabağda tanınmış ziyalılardan biri sayılıb.

Cəmil müəllim uzun illər Xankəndi şəhərində yaganə Azərbaycan məktəbi olan Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə tarix və veteran zabit kimi ibtidai hərbi hazırlıq fənnini tədris edib. Erməni millətçiləri üçün bu məktəb həmişə hədəf seçilib, imkan düşdükcə onun fəaliyyətinə əngəlliklər yaradılıb. Bu mübarizədə Cəmil müəllim sözünü deməyi bacaran, ermənilərin məkrli planlarını ifşa edə bilən ziyalılardan biri olub.

Cəbhədən qayıdan Cəmil müəllim üçün ikinci cəbhə Xankəndi şəhərində açılıb. Hər addımda erməni xislətinin iyrəncliyini hiss edən Cəmil Xudiyev millətçilərin məkrli niyyətlərindən agah olub. O, yüksk təhsilli savadlı bir tarixçi kimi erməni həmkarlarına əsl həqiqətləri başa salıb, ermənilərin tez-tez biruzə verdikləri torpaq iddialarına tarixi faktlarla cavab verib.

Mövcud dövr Xankəndi şəhərində yaşayan azərbaycanlıların xeyrinə işləməyib. Xankəndi zaman-zaman daşnak yuvasına çevrilib. Bu şəhərdə yaşayan azərbaycanlılara qarşı gizli tələlər qurulub.

Nəhayət, 1967-ci ildə ermənilərin iç üzü açılıb. Erməni məktəblisini vəhşicəsinə qətlə yetirərək, cinayəti azərbaycanlıların üstünə atmaq, üç azərbaycanlıya məhkəmədə ən ağır hökmü oxumaq və hələ bundan sonra da hər üçünü günün ortasınada şəhərin mərkəzində diri-diri yandırmaq bütün Azərbaycanın diqqətini Xankəndi şəhərinə yönəldib. Həmin dövrdə DTK sədri vəzifəsində çalışan Heydər Əliyevin Xankəndi şəhərinə ezamiyyəti nəticəsində bütün həqiqətlər üzə çıxıb, erməbi məktəblisinin məhz ermənilər tərəfindən qətlə yetirilməsi sübut olunub. Bununla bağlı Heydər Əliyevin rəhbərliyi ilə aparılan araşdırmalarda və istintaq prosesində Xankəndi şəhərində yaşayan azərbaycanlılar da fəallıq göstəriblər. Məhz Dağlıq Qarabağ Muxtar vilayətində sayılıb seçilən ziyalılardan biri kimi, Cəmil Xudiyev də bu hadisələrdə böyük fəallığı ilə fərqlənib.

Cəmil müəllim Xankəndi şəhərində, bütövlükdə vilayətdə işi çətinə düşən azərbaycanlılara yardımçı olub, onların problemlərinin həlli üçün müvafiq qurumlara tutarlı məktubları ilə müraciət edib, yerli azərbaycanlıların haqqını yersiz gələn erməni məmurlardan tələb edib.

Xankəndi şəhərində yaşayan erməni “ziyalılar” Cəmil müəllimlə mübahisə etməkdən, fikir mübadiləsi aparmaqdan həmişə çəkiniblər. Ağır müharibə yollarını keçmiş bu ziyalınan qarşısında özlərini aciz sayıblar.

 

 

Beləcə, Cəmil müəllimin ikinci müharibə həyatı Xankəndi şəhərində davam edib. Amma ömür bu mübarizəni davam etdirməyə imkan verməyib. O, 1975-ci ildə vəfat edib.

Böyük Qələbəni görən Cəmil müəllimin məzarı işğal altında olan Xankəndi şəhərindədir. Yəqin ki, özümüzün Böyük Qələbəsi olmayınca, döyüşçü ziyalımızın ruhu şad olmayacaq.

Bu gün Qələbə bayramında yaxınları, doğmaları Cəmil Xudiyevi böyük ehtiramla yad edirlər, onun həyat yollarını xtırlayırlar.

Fürsətdən istifadə edib bu yazı vasitəsi ilə  İkinci Dünya maharibəsi iştirakçılarına, onların ailələrinə, o cümlədən atam Cəmil Xudiyevin ailəsinə göstərdiyi qayğıya, həssas yanaşmaya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlığımı bildirirəm.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi