Modern.az

Bakı Cıdır Meydanında bəzi məmurların da atları saxlanılır

Bakı Cıdır Meydanında bəzi məmurların da atları saxlanılır

Reportaj

11 Yanvar 2010, 14:28

Azərbaycanda atçılığa maraq həmişə böyük olub. Bir neçə minillik yaşa malik atçılıq həm də mlli mədəniyyətimizin və tariximizin bir hissəsidir. İndiyədək dünyada 260-a yaxın at cinsi yetişdirilib ki, onlardan da ikisi-«Qarabağ» və «Dilboz» cinsləri məhz Azərbaycana məxsusdur.

Ata-babalarımızın atla bağlı düzüb-qoşduğu ibrətamiz kəlamlar bu gün də dilimizdə dolaşır ki, bu da igidin yaraşığı sayılan ata verilən qiymətdir. Əcdadlarımız atçılıqla bağlı olan digər sahələr-atüstü oyunlar, faytonçuluqla da daim fəxr ediblər. Hazırda Azərbaycanda bir sıra dövlət və özəl atçılıq təsərrüfatları fəaliyyət göstərir. Bakı Dövlət Cıdır Meydanı da onlardan biridir. Hazırda Cıdır Meydanında təmir-bərpa işləri həyta keçirilir. Tribuna, atların saxlanıldığı tövlə, meydançada yenidənqurma işləri görülür.

Atçılığın vurğunu olan ailə

Cıdır Meydanında usta-məşqçi qardaşlar Şəmsəddin və Nurəddin Atayevlərlə görüşüb atçılıq barədə söhbətləşdik. Şəmsəddin Atayev deyir ki, atçılıqla dədə-babadan məşğul olublar və bu ənənə nəsildən-nəsilə ötürülüb: “Ötən əsrin 50-ci illərindən Ağdam Atçılıq Zavodunda çalışmışam. Ermənilərin hücumu zamanı zavod onların əlinə keçdi. O vaxt oradan gətirdiyim təkcə 2 baş at oldu. Ev-eşik hamısı erməniyə qaldı. Ağdamdan gələndən sonra Bakı Cıdır Meydanında məskunlaşdıq və burada işimizi davam etdirməyə başladıq. İndi burada çalışanların çoxu qohumlarımdı. Bizim nəsildə ata çox böyük maraq olub. Oğlum, bacım uşaqları, qohum-əqrəbamın əksəriyyəti atçılıq sahəsində çalışır”.

Nurəddin Atayev də atçılıq sənətinin vurğunudur: “Biz nəsillikcə atçı ailəsiyik. Atlara qulluq göstərməkdən də heç vaxt yorulmamışam. Həm çörəyim burdan çıxır, həm də sevdiyim bir işdən hər zaman zövq alıram”.

Cıdır Meydanının tanınmış atları

Usta-məşqçinin sözlərinə görə, hazırda Bakı Dövlət Cıdır Meydanında 250 baş at saxlanılır: “Bunlar “Qarabağ”, “Dilboz”, “İngilis”, “Draken”, “Qabarden”, “Ərəb”, “Budyonnı” və “Poni” at cinsləridir. “Qarabağ” cinsi əsasən orta boylu, beli düz, gövdəsi enli, qızılı rəngdə,quyruq tükləri isə nazik olur.
“Dilboz” cinsi isə boz, göy, dəmir rəngində olur, quruluşuna və əzələlərinin gözə çarpması ilə fərqlənir. Burada saxlanılan atlara xüsusiyyətlərinə görə adlar vermişik: “Səfir”, “Nurlu”, “Parça”, “Sakit”, “Sünbül”, “Baykal”, “Banu”, “Lyuks”, “Bağır”, “Pəhləvan” və s. Cıdır Meydanında olan atlar Şəki və Qazax rayonlarında artırılır, böyüdülür, sonra bura gətirilir. Burada isə təlim keçəndən sonra yarışa çıxarılır”.

Cıdır yarışları

Nurəddin Atayev deyir ki, atlara gündə 2 dəfə qulluq göstərilir. Səhər və axşam onlar ot, digər qüvvətli yem və su verilir. Atlara qulluq göstərənlər tövlələri və ərazini yaxşı vəziyyətdə saxlamağa çalışırlar. Məşqçilər atların vaxtlı-vaxtında müayinədən keçirildiyini də deyirlər. Nurəddin ustanın sözlərinə görə, atlara normal təlim keçəndə çaparı yerə atmır: “Həftənin bazar günləri həm atlar, həm də işçilər dincəlir. Qalan altı gün isə atlara səhər saatlarında məşq keçirilir. Çünki səhər onlar daha gümrah olurlar. Zəif atlara gün ərzində 15-20 dəqiqə, güclü atlara isə 1-2 saat təlim keçirik. Çalışırıq atlara və çaparlara yaxşı məşq keçək. Зapar atda olan gücü almalıdır ki, qatıldığı yarışda qalib gələ bilsin”.

İgid odur, atdan düşə, atlana...

Məşqçilərlə söhbəti yekunlaşdırandan sonra Cıdır yarışlarının keçirildiyi meydana baş çəkdik. Qələbəlik idi, kimi yeni at çapmağı öyrənir, kimi yarışa hazırlaşır, kimi də at oyunlarının fəndlərini yerinə yetirirdi.
Atçılığa həvəs göstərən istənilən şəxs məşqə yazıla bilər. “Bizdə stabil qiymət yoxdur. Kimin gücü nəyə çatır, onu verir. Amma gərək bizim də əziyyətimizi qiymətləndirsinlər. Məsələn, maraq üçün 1-2 saat atda gəzmək 5-10 manat, aylıq hazırlıq isə 50-100 manat civarındadır”-deyə məşqçilər bildirirlər.

Cıdır meydanında həvəskarlarla da söhbətləşdik. 4-cü sinif şagirdi Çinarə böyüyəndə çapar olacağını deyir: “İndi at çapmaq mənimçün tezdi. Çünki atdan yıxıla bilərəm. Amma 2 ilən sonra at çapa bilərəm”.

Elə at belindəcə sualarımızı cavablandıran Yeganə xanım ata olan marağını bu cür ifadə edir: “Rayonda yaşayanda at çapmağı öyrənmişəm. Hərdən həvəsim olanda bura gəlirəm. Həm də bunun özü bir idmandır. Məşqçilərə də minnətdaram ki, hər zaman bizə kömək göstərirlər”.

8 ildi at çapmaqla məşğul olan Şamxalın təəsüratlarını öyrənirik: “İndiyə kimi yarışlarda 8 priz qazanmışam. Qış aylarında 200-300 manat, yayda isə 500-600 manat maaş alıram. Növbəti keçiriləcək yarışa “Şərqi” adlı atla çıxacam. Ancaq 18 yaşım olsa da, çəkimin artması at çapmağıma mane olur”.
Atçılığa həvəs göstərən 12 yaşlı Rauf hələki zəif atlarda gəzməyi öyrənir: “Atları çox sevdiyimdn burada tövlənin təmizlənməsinə və başqa işlərə köməklik edib, arada mən də at çapıram. İnşallah, gələcəkdə məşhur çapar olmaq arzum var”.
Məşqçi köməkзisi Emin də işindən razıdır: “Gündəlik işim atlara qulluq göstərmək, çaparlara məşqlərdə köməklik göstərməkdir. Nə qədər çətin peşə olsa da, çalışırıq işimizin öhdəsindən gələk”.
Əlabbas Cıdır Meydanının yaxşı çaparlarındandır. O, məharətini 6 yaşlı “Pəhləvan” adlı atı çapmaqla bizə də göstərdi.
Məşqçi Şəmsəddin Atayev tələbələri olan çaparların 5 dəfə kubok qazandıqlarından danışdı: “İldə bir dəfə at yarışları keçirilir. Yarışlarda “Patron”, “Səfir”, “Katyuşa” adlı atlarımız qalib gəlib. 2010-cu il mayın 10-da növbəti at yarışı keçiriləcək. İndi ona hazırlaşırıq”.

Burada məmurların da atları saxlanılır

Bakı Dövlət Cıdır Meydanındakı çaparlardan öyrəndik ki, burada bəzi məmurlara məxsus atlar da saxlanılır.Məsələn, “Qarabağ” cinsindən olan bir atı göstərib onun ARDNŞ-nin prezidenti, deputat Rövnəq Abdullayevə məxsus olduğunu dedilər. İcazə verilmədiyindən həmin atın şəklini çəkə bilmədik. Onu da dedilər ki, bir çox tanınmış müğənni və idmançılar tez-tez Cıdıra at sürməyə gəlirlər. Tanınmış müğənnilər Rəqsanə, Xatirə, Zamiq, futbolçu Zaur Ramazanov, boksçu Vüqar Ələkbərov da Cıdır Meydanına tez-tez gələnlər arasındadır. Cıdır Meydanında saxlanılan atların müxtəlif qiymətləri var: at var onun qiyməti 5-6 min manatdır, at da var onunku 50 min manatdır. “Ərəb” cinsindən olan bir atın qiymətinin 50 min manat olduğunu dedilər. Həmin atın hazırda Qazaxda olduğunu öyrəndik. “Qartal” adlı bir atı göstərib 20 min, “Şərqi” və “Sava” adlı atların isə 10 min manat qiyməti olduğunu dedilər.

Atlar hər zaman insanın həyatında özünəməxsus rol oynayıb. Elə müasir dövrümüzdə də bu, belədir. O səbəbdən də həmişə “At igidin yaraşığıdır”...


 
Günay MUSAYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir