Modern.az

Azərbaycan jurnalistlərinin 80 faizinin mənzil problemi var

Azərbaycan jurnalistlərinin 80 faizinin mənzil problemi var

11 Yanvar 2010, 16:35

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ)  Azərbaycan jurnalistlərinin 2009-cu ildə sosial durumlarınının öyrənilməsi üçün yekun araşdırmalarını başa çatdırıb.  JuHİ sədri Müşfiq Ələsgərli Modern.az-a bildirib ki, təşkilatın dekabr ayının ilk günlərindən başlayaraq  keçirdiyi sorğuya ölkənin son 5 ildə fasiləsiz  və gündəlik nəşr  olunan, imici və ictimai rəyə təsir imkanı ilə seçilən 40-a qədər qəzet və İnformasiya Agentliklərinin, həmçinin 20-yə qədər həftəlik nəşrlərin  əməkdaşları cəlb edilib (Ümumilikdə 60 redaksiya əhatə olunub). 
Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda əmək münasibətlərinin rəsmiləşdirilməsi (əmək müqavilələrinin bağlanması), aylıq gəlirlərinin miqdarı, jurnalistləri  daha çox narahat edən digər məsələlərlə bağlı sualları cavablandırıblar. 

Gündəlik nəşr edilən qəzetlərin  və informasiya agentliklərinin əməkdaşları arasında keçirilən sorğunun nəticələri nisbətən ürəkaçan mənzərə yaradıb.  Belə ki, sorğunun nəticələrinə əsasən, bu qrup redaksiyaların yalnız 10  faizində əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı problemlər var (yəni bu tip redaksiyalarda əmək müqavilələri ya bağlanmayıb, ya da əməkdaşlardan yalnış baş redaktorla şəxsi bağlılığı olan əməkdaşlarla müqavilələr bağlanıb).  Qalan redaksiyalarda (90 faiz) jurnalistlərlə əmək müqavilələri bağlanıb.  Bağlanan əmək müqavilələrinin nə dərəcədə işlək olması problemi isə yenə də qalmaqdadır.  Sorğunun nəticələrinə görə, işçilərlə əmək müqaviləsi bağlamış redaksiyaların 78 faizində əmək müqavilələri simvolik xarakter daşıyır (Ya müqavilələr reallığı əks etdirmir, ya da onların şərtlərinə əməl olunmur). 

Müqayisə üçün qeyd edək ki, 2007 və 2008-ci illərdə keçirilmiş sorğularda əmək münasibətləri rəsmiləşdirilməyən redaksiyaların sayı 85 faizlə ifadə olunurdu (2009-cu ildə 10 faiz). 

Bu qrup redaksiyalarda (yəni simvolik də olsa, əmək münasibətləri rəsmiləşdirilən redaksiyalarda) jurnalistlərin orta aylıq gəlirlərində də inkişaf nəzərəçarpacaq dərəcədədir.   Belə ki, əməkdaşlarının rəyi soruşulan 40-a yaxın gündəlik qəzet və informasiya agentliklərindən 73 faizində jurnalistlərin aylıq gəlirlərinin 300-350 manat civarında olduğu aydınlaşıb.  Redaksiyaların 18 faizində aylıq gəlirlər 400 manatdan yuxarı, 9 faizində  isə 250 manat civarındadır. 

Müqayisə üçün qeyd edək ki, 2007 və 2008-ci illərdə keçirilmiş sorğularda jurnalistlərin orta aylıq gəlirlərinin 200 manat civarında olduğu müəyyənləşmişdi. 

Həftəlik və ayda 2 dəfə nəşr olunan qəzetlərdə isə (20 redaksiyanın əməkdaşları arasınada  sorğu keçirilib) vəziyyət yenə də ağır olaraq qalır. Bu tip redaksiyalarda jurnalistlərin orta aylıq gəlirləri 100-150 manat civarındadır (Yalnız 3 redaksiyada fərqli göstərici olub-200 man, 250 man, 275 man).  Bu tip redaksiyaların yalnız  5 faizində işçilərlə əmək müqavilələri bağlanıb. Qalan redaksiyalarda (95 faiz) əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində heç bir addım atılmayıb.  

Rəyi soruşulanların önə çəkdikləri ən ciddi problem isə yenə də mənzilsizliklə bağlıdır.  Şəxsi mənzili olmayan və ya aldığı əmək haqqı ilə bu problemi həll edə bilməyən jurnalistlərin sayı ötən illərdə olduğu kimi, 80 faizlə ifadə olunur. 

JuHİ sədri bildirib ki, 2009-cu ildə jurnalistlərin aylıq gəlirlərindəki artım tendensiyası təqdir olunası hal kimi qiymətləndirilir.  Əmək münasibətləri rəsmiləşdirilən redaksiyaların sayının kəskin şəkildə artımı isə ilin ən uğurlu hadisələrindən biri kimi  qeyd oluna bilər.  Növbəti illərdə əmək münasibətlərini rəsmiləşdirmiş redaksiyalarda əmək müqavilələrinin simvolik haldan işlək hala gətirilməsi üçün addımlar atılacaq. 

JuHi sədri jurnalistlərin sosial durumlarında baş verən bu yeniliklərin  ortaya çıxmasında Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in  İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi xidmətinin olduğunu vurğulayıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi