Modern.az

“Atəşkəs” Qarabağda atəşi kəsə bilmədi - VİDEO

“Atəşkəs” Qarabağda atəşi kəsə bilmədi - VİDEO

12 May 2020, 22:27

Bu gün Qarabağ müharibəsində atəşkəs rejimini təmin edən "Bişkek protokolu" nun qüvvəyə minməsindən 26 il ötür.

 

Bu müqavilənin əsas konturları 1994-cü il martın 18-də Moskvada cızılmışdı. Həmin gün Rusiyanın müdafiə naziri Pavel Qraçovun dəvəti ilə Moskvaya gedən Ermənistanın o zamankı müdafiə naziri Serj Sarkisyan və Azərbaycanın müdafiə naziri Məmmədrəfi Məmmədovla atəşkəsin martın 1-də dayandırılması barədə protokol imzalamışdılar. Ermənistan tərəfinin hücumları davam etdirməsinə görə həmin protokol martın 1-də qüvvəyə minmədi.
 

1994-cü il aprelin 9-dan 10-na keçən gecə Ermənistan ordusu Tərtər əməliyyatına başladı. Ağdam-Bərdə yolunu və Tərtər rayonunun mərkəzini nəzarətə almaq istəyən Ermənistan komandanlığı uğurlu gedişat olarsa, Yevlaxa qədər irəliləmək xəyalına düşmüşdü. 1 aydan çox davam edən qanlı döyüşlər zamanı düşmən qüvvələri Tərtərin Talış, Madagiz, Seysulan kəndlərini, Ağdamın Güllücə, Orta Qərvənd, Şıxlar və Baş Qərvənd kəndlərini ələ keçirsələr də, Tərtərin rayon mərkəzini tuta bilmədilər.
 

Düşmən Tərtərin Qapanlı kəndinə daxil olsa da, Seysulan kəndinə qədər geri oturduldu. Müharibənin son hərbi kampaniyası təmas xəttində ciddi mövqe dəyişikliyi yaratmadı. Erməni tərəfi 2 mindən artıq hərbçisini itirərək, bütün hərbi potensialını tükətdi.

Müharibədən yorulmuş tərəflər daha sonra Moskvanın vasitəçiliyi ilə atəşkəs danışıqlarına başladılar.
 
1994-cü il mayın 5-də Azərbaycan və Ermənistan arasında "Bişkek protokolu" imzalandı. Həmin sənədi Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, qondarma “DQR parlamentinin spikeri” kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, RF Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imzalamalı idi.

Afiyəddin Cəlilovun sənədi imzalamaqdan imtina etməsindən sonra müqaviləni mayın 8-də Bakıya gətirən Vladimir Kazimov protokolun spiker Rəsul Quliyev tərəfindən rəsmi Bakının düzəlişləri ilə imzalanmasına nail oldu.
 
Protokolun bəndlərindən biri mayın 8-dən 9-na keçən gecə bütün tərəflər tərəfindən atəşkəsin dayandırılmasını nəzərdə tuturdu. Bundan sonra mayın 9-da Azərbaycanın müdafiə naziri Məmmədrəfi Məmmədov, mayın 10-da Ermənistanın müdafiə naziri Serj Sarkisyan müqaviləyə imza atdılar.


Mayın 12-də isə "Bişkek protokolu" qüvvəyə mindi.


Silahlar susduqdan sonra münaqişənin sülh yolu ilə həlli üçün addımlar atılmağa başladı.



Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradıldı.



2016-cı ilin Aprel döyüşləri "Bişek protokolu"nun faktiki olaraq qüvvədən düşməsi anlamı yaratmış və münaqişənin həllində yeni situasiya doğurmuşdu. Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli yenilənmiş "Madrid prinsipləri" əsasında Rusiya XİN rəhbəri Sergey Lavrovun adını almış sülh planı çərçivəsində aparılır. Amma rəsmi Yerevanın danışıqların həlli ilə bağlı ziddiyyətli və fərqli açıqlamalar verməsi sülhün əldə olunmasında ən ciddi problemə çevrilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir