Modern.az

İTBAŞI (1-ci bölüm)

İTBAŞI (1-ci bölüm)

Ədəbi̇yyat

13 May 2020, 11:51

Mahir Qabiloğlunun romanı

Q
ədim qəbiristanlıq. İnsan selinin ucu-bucağı görünmür. Yolaverənlər məmləkətinin xalqı öz şahını – Həqqi Şahı son mənzilə yola salır. Hamı qəmgindir, kədərlidir. Qəbiristanlığa hakim olan sükutu bir nəfərin hönkürtüsü pozur:

– Ata, məni tək qoyub hara getdin, ay ata!

Ağlayan məmləkətin yeni şahı olacaq Göyverən idi. Üzüqoylu məzarın üstünə uzanaraq, torpağı ovuclarıyla sıxıb hönkürürdü. Heç kim cürət edib yaxın getmirdi. Baş vəzir Qurban da dinmirdi. Vəkillər, saray əyanları isə nəzərlərini onun üzünə dikmişdilər. Sanki bir işarə gözləyirdilər. O isə susurdu. 

– Baş vəzir, bəlkə bir əncam çəkəsən. Bəlkə bu göyvərən səhərəcən ağlayacaq burda. Biz də durub gözləməliyik? – deyə ikinci vəzir Qüdrət baş vəzirin qulağına pıçıldadı.

– Yavaş! Eşidər. Əcəlin çatıb? İstəyirsən ki, birinci fərmanı səninlə bağlı olsun? Neçə dəfə sizlərə demişəm: “göy­və­rən” yox, Göyverən. Bu gündən də Göyverən Şah. Qandın?  Axır bir gün bir hərfin yox e... açıq deməyə cürətiniz çatmayan bir söyüşün güdazına verəcəksiz özünüzü.

– Söyüş niyə olur?  Düz demirəm bəlkə? Vallah, bir əmrin bəsdir ki, bu gədəni yalın əllə parçalayım. Allah haqqı, səndə fil hövsələsi var. O boyda taxt-tac əlindən çıxıb, yenə də dözürsən.

– Kəs səsini! Sonra xalqa nə cavab verəcəksən? Həqqi onun vəliəhd olmasını meydanda elan edib. Hələlik itaət edib, dözməliyik.

– Ay Qurban, öz aramızdı, deyəsən göyvərənə gözün düşüb ha... bunu da öz hərəmxanana qatmaq istəyirsən...

Bu dəfə də Qurban səsini qaldırdı. Hamı başını onlara tərəf çevirdi. Qüdrət onun hirsləndiyini görüb tez kənara çəkildi. Əslində Həqqi Şahın ömrünün son günlərində keçmişi kənd uşağı olan iyirmi bir yaşlı Əfdalı gözlənilmədən vəliəhd elan etməsi baş vəziri mənən öldürmüşdü. Amma dinə bilməmişdi. Biruzə verməsə də, bu dərdi içində çəkirdi. Düzdür, Həqqi Şahın nə vaxtsa on iki yaşlı oğlan uşağı Əfdalı övladlığa götürməsi onu da, şahı da ölümdən qurtarmışdı. Elə Göyverənin özünü də. Amma səkkiz il sonra naməlum xəstəliyə düçar olan Həqqi Şahın,  gözlənildiyi kimi onu yox, Göyverəni vəliəhd elan etməsi bütün sarayı çaş-baş salmışdı. Axı iyirmi bir yaşlı gənc bu boyda məmləkəti necə idarə edəcəkdi? Özü də bu gənc nə ağıl-dərrakəsinə, nə də xarici görünüşünə görə taxt-taca layiq insan idi. Bir də ki, Həqqi Şahdan sonra hamı, ən əsası saray əhli taxt-tacın sahibi kimi yalnız onu – baş vəziri görürdü. Rəsmən vəliəhd elan olunmasa da. Qanunlar belə tələb edirdi. Çünki Həqqinin nə bacısı, qardaşı, nə də ailəsi, övladı vardı. Həqqi Şah oğlanbaz idi. Bu iyrənc cəhətini isə yalnız baş vəzir bilirdi. Saray əhli bunu gözləriylə görməsə də, sadəcə hiss etmişdilər. O da ki, Göyverən sarayda peyda olduqdan sonra.

Qurbanın Həqqi Şahla nə vaxtsa açıq söhbəti də olmuşdu:

– Şahım, taxt-tacın sonrakı taleyi sizi narahat etmirmi?

– Yox, Qurban, heç narahat etmir.

– Şahım, bu – dövlət quruluşunda vəliəhd təyin etmək – çox vacib məsələlərdəndir.

– Əsla, baş vəzir. Mən müdrik adam deyiləm. Məndən sonra bu taxt-tac kimə istəyir qalsın. Bir də... mənim sənin kimi baş vəzirim var. Ölsəm, qanunlara görə davamçım sənsən. Məmləkətimdə də yeni sülalənin başlanğıcı olacaq. Sənin də ki, maşallah nə qədər oğul-uşağın. Azı iki-üç əsr şahlığın davam edəcək. Boş ver. Bunlar xırda şeydir.

Bu söhbətdən sonra baş vəzir bir az arxayınlaşmışdı. Düzü sevinmişdi də. Amma heç kimə deməmişdi. Çünki sarayda bir kəs bilsəydi, gecəylə aradan götürərdilər onu. Qorxurdu. Çünki hamı üzdə nümayiş etdirməsə də, ürəyində özünü “sonsuz” şahın yerinə  layiq görürdü – vəzirlər də, vəkillər də, əyanlar da, hətta şeyx, axund da... Bu söhbət ikisinin arasında olsa da şah nümayişkaranə, rəsmən onu  taxt-tacın vəliəhdi elan etməmişdi. Bunu tələb etməyə isə Qurbanın cürəti çatmırdı.  Artıq məmləkətin ikinci şəxsi kimi həyatından qorxmağa da başlamışdı. Çünki hər an şahlığın bir addımlığında idi. Bu isə saray əhlinin arzusunun hələ çox əsrlər ürəyində qalması demək idi.  Hamı birinci olmaq istəyirdi.

Həqqi Şahla qırx il idi bu yolu birgə gəlirdilər və dövləti də çox sevirdi. Sədaqətli idi. Sonu isə belə. Heç bir kökü olmayan, damarlarından göy yox, adi qan axan, uşaqbaz Həqqi Şahın oğulluğu Əfdal, artıq şah idi – Göyverən Şah. Bu qondarma adı da ona Həqqi vermişdi. Canının qorxusundan. Bədahətən. Bəs necə? Şahların da qorxduğu bir nöqtə olurmuş.

Göyverən isə qəbri qucaqlayıb ağlayırdı. Hava da qaralmaq üzrəydi. Baş vəzirin işarəsiylə şeyx Mərdan Göyverən Şaha yaxınlaşdı:

– Şahım...  şahım, artıq vaxtdı. Məmləkətin hər yerində sizin adınızdan ehsanlar verilir. Qalada da sizin gəlməyinizi gözləyirlər. İzn versəydiniz axund Bərxudar bir dua oxuyub, ziyarətin başa çatdığını elan edərdi.

Göyverən Şah ağlamağını saxladı. Ayağa qalxdı. Başıyla axund Bərxudara  işarə verdi. O, dua oxuduqdan sonra camaatı ehsan çadırlarına dəvət etdi. Hamı bir ağızdan “Allah rəhmət eləsin” deyərək qəbiristanlığı tərk etməyə  başladı. Lap axırda Göyverən Şahla baş vəzir – qabaqda baş sərdar Abbas və on silahlı əsgər, arxada isə baş mühafiz Aslan və on mühafiz olmaqla, qəbiristanın qapısından çıxıb saraya doğru addımlamağa başladılar.  Baş vəzir dinmirdi.  Xəyalı onu uzaqlara aparmışdı.  Həqqi Şah həqiqətən də bu dövləti ədalətlə idarə etmişdi. Böyüklə böyük, kiçiklə kiçik olmuşdu.  Ona görə də heç vaxt mühafizlə gəzməzdi. Özü də xalq arasına çıxanda şah əbasını çıxarar, sadə geyinərdi. Yanında bəzən baş vəzir olardı. Qurbanla  uşaqlıqdan dost idilər. Yaşıd idilər. Yetmişi haqlamışdılar.  O, Həqqi Şahın atası Alqan Şahın vaxtında baş vəzir olmuş Aqilin oğluydu. Yolaverənlər sülaləsinin hakimiyyəti dövründə nəsillikcə bu vəzifəni tutmuşdular. Amma Həqqi Şahın vaxtında bəzi qaydalar dəyişmişdi. Qadınlara qarşı laqeyd olan şah hərəmxananı qeyri-rəsmi ləğv etmişdi, sarayın idarə edilməsini baş vəzir Qurbana tapşırmışdı. Özü isə daim paytaxtı və əyaləti gəzməyə çıxar, bir şikayət olan kimi məmurları amansızcasına cəzalandırardı. Qazi çağırmazdı, divanxana qurmazdı. Cəzanı elə o saat – elə o kəndin, o şəhərin mərkəzi meydanında – camaatın gözü qabağında verərdi. Buna görə də kimsə cürət edib qanunları pozmazdı. Bilirdilər ki, Həqqi Şahın yalnız bir cəza növü var. Bu, nə edam, nə də zindandır. Yalnız daş-qalaqdır – daş-qalaqlı ölüm.  Bax bu daş-qalaqda da bütün həqiqət üzə çıxardı. Təqsirləndirilən məmura şikayətçidən başqa kimsə daş atmayanda, Həqqi Şah bilirdi ki, bu məsələ şər-böhtan imiş. Elə həmin dəqiqə böhtan atan o cəzaya layiq görülərdi. Sonuncu addımı isə özü atardı. Ən böyük daşı qaldırıb qanına qəltan olan günahkarın başına elə vurardı ki, o saat canını tapşırardı. Çox sadə bir üsuli-idarəetmə idi. Qanunlar saat kimi işləyirdi. Hamı razıydı. Şahın bu qanundan kənar hərəkəti bütün mövcud qanunları qoruyurdu.  Özü də sevdiyi addımı o, əsasən səlahiyyət sahibləri olan, xalqı incidən məmurlara, əyanlara, qazilərə qarşı atardı. Ona görə də xalq öz şahını sevirdi, əyanlar isə qorxurdu. Amma səfərlərin çoxunda müəmmalı şəkildə on iki-on üç yaşlı oğlan uşaqlarından da kimsə yoxa çıxardı. İzi-tozu da tapılmazdı. Heç kim də baş açmazdı ki, uşaqlar hara yoxa çıxıb.  Çünki ortada iz, cüzi dəlil-sübut da olmurdu.

– Baş vəzir Qurban! – Göyverən Şahın səsi baş vəziri xəyalından ayırdı.

– Bəli, şahım.

– Vəzir, görəsən mən öləndə xalq mənə də bu cür rəhmət oxuyacaq?

– Şahım, Allah sizə min il ömür versin...

– Onu bilirəm, vəzir! – deyə Göyverən Şah səsini qaldırdı, – Sən sualıma cavab ver! Lap min ildən sonra da olsa yəqin ki, öləcəyəm. Bax onda bu xalq mənə də bu cür rəhmət oxuyacaqmı?

– Şahım, Yolaverənlər çox gözəl xalqdır. Balaca bir yaxşılıq elə, min dəfə sağ ol deyəcək. Allaha inanırlar. Zülm, səfalət çəkəni də ümidini Haqq dünyasına, cənnətə bağlayıb. Ölənin də dalınca heç vaxt danışma...

– Uzatma, vəzir! Deyəcəklər, ya yox?

– Deyəcəklər, şahım, deyəcəklər. Amma bir əmma var.

– Nə əmma?

– Dilucu deyəcəklər, yoxsa ürəkdən? Bax, əmma budur.

Göyverən  daha dinmədi. Baş vəzirin nə dediyini başa düşürdü. Bu cavab onu qəzəbləndirsə də, hirsini uddu. Vəzirin səsində ona qarşı açıq inamsızlıq vardı. Bəlkə də bu, nifrət idi. Atasının ölüm ayağında ona etdiyi vəsiyyəti  yadına saldı: “Səni vəliəhd elan etdim. Yadında saxla. Sənin bir düşmənin və bir dostun var. Düşmənin baş vəzir Qurbandır, dostun isə Barəngah”. Bu vəsiyyətdən baş vəzirin xəbəri yox idi. Gözlənilmədən vəliəhd elan olunmasının yeganə səbəbini də Göyverən Şah özü bilirdi.

– Sözündən belə çıxır ki, bu xalq ona pislik edənə də rəhmət oxuyur, eləmi? – deyə sükutu yenə Göyverən Şah pozdu.

– Bəli, şahım.

– Əsaslandır!

– Üzr istəyirəm, şahım, bir kənddə onun-bunun namusuna sataşan qoluzorlunun biri var idi. Heç kim bacarmırdı onunla. Axırda Həqqi Şahın həmin kəndə yolu düşəndə şikayəti ona elədilər. Atanız da onu daş-qalaq etdirdi. Basdırılanda bir adamın da dilindən “Allah rəhmət eləsin” kəlməsi çıxmadı. Amma dəfn edilən günün səhərisi bütün kənd bir ağızdan ona rəhmət oxuyurdu.

– Niyə?

  • Kimsə qəbiristanlığın yanından keçəndə hiss edir ki, peyin iyi gəlir. Baxıb görüb ki, bir araba təzə mal peyinini boşaldıblar bu əskiyin məzarının üstünə. İy aləmi götürüb. Xəbər tezliklə bütün kəndə yayılıb. Elə bil ki, ürəklərindən tikan çıxarıblar. Hamısı da bir ağızdan başlayıblar deməyə ki, “Ay bunu eləyənin Allah atasına rəhmət eləsin”.

– Hə, nə olsun? Bunun o ölənə nə dəxli var ki?

– Şahım, demə bunu edən gorbagorun oğluymuş. Daş-qalaq meydanına gedəndə atasının ona etdiyi vəsiyyəti yerinə yetiribmiş.

Qalaya qədər Göyverən Şah bir kəlmə də danışmadı. Ehsan verilən yerə çatanda bütün əyanların eşikdə dayandıqlarını gördü. Onu uzaqdan görən kimi hamısı hönkürtü ilə ağlamağa başladılar. Göyverən Şah yaxınlaşanda təzim etdilər. Şah  dayanıb diqqətlə onların sifətinə baxdı. O cür hönkürtüylə ağlayanların yanaqlarında göz yaşlarından əsər-əlamət yox idi.  Nəzərləri saray həkimi Loğmana sataşdı. Əlini qılıncının qəbzəsinə apardı. Hirsindən az qaldı ki, gözləri hədəqəsindən çıxsın. Amma qəzəbini birtəhər boğdu. Daha doğrusu, onu dövrəyə alan saray əyanlarından qorxdu. Atası Həqqi Şah hündürboy, pəhləvan cüssəli idi. O isə bəstəboy, arıq və çəlimsiz bir gənc. Gəzəndə belindən sallanan qılıncı  ayaqlarına dolaşırdı. Yaxşı ki, qulaqları vardı. Yoxsa ki, atasının başına ölçülmüş tac, düşüb  çiyinlərində dayanardı. Həqqi Şah heç vaxt onu dövlət işlərinə yaxın buraxmazdı, səfərlərə özüylə götürməzdi. Saraydan kənara addımını da atmamışdı. Amma yaxşı təhsil vermişdi ona. Biliklərə yiyələnmişdi. Amma dövlətin, dinin tarixini mükəmməl bilmirdi. Sarayda dolaşan, Həqqi Şahın vaxtında baş verənlərlə bağlı şayiələrdən xəbərdar idi yalnız. Saray əyanları həmişə ona çəpəki nəzərlərlə baxırdılar. Bəzən lap açıq-aşkar “Göyverən” yerinə, “göyvərən” deyərək cırnadırdılar da... Məsələ o yerə çatmışdı ki, işə Həqqi Şah qarışmışdı. “Kimdən “göyvərən” sözünü eşitsəm, boynu vurulacaq” əmrindən sonra əyanların ağzı yığışmışdı. Amma gizlində, öz aralarında hamı onu “göyvərən” deyə çağırırdı. Əfdal onların nə demək istədiklərini yaxşı bilirdi. Amma nə etsin ki, həyat onun taleyini belə yazmışdı. Sarayda o tək idi. Heç kim onunla bu günəcən yaxınlıq etməmişdi. Saray əyanlarının uşaqları da ondan qaçırdılar. Xidmətçilərin uşaqları ilə oynamağa ixtiyarı yox idi. Çünki o, şah oğluydu. Amma “şahzadəm” deyə çağrılmırdı. Bircə  Həqqi Şah ona məhəbbətlə yanaşırdı. Bu isə ata-oğul məhəbbəti, insani münasibət deyildi. Ara-sıra baş vəzir onu dindirirdi.  O isə baş vəzirdən yaman qorxurdu. 

İndi isə şah idi. Hamı ondan qorxmalıydı. Birinci nədən başlayacağını bilirdi. İlk addımlarını ölüm yatağında Həqqi Şah ona başa salmışdı. Bir də ki, nail olacağı məqsədi. Amma niyəsini, məğzini çox da dərindən başa düşməmişdi. Daha doğrusu, Həqqi Şahın ona başa salmağa vaxtı çatmamışdı. Düzü, heç şah olacağına da inanmırdı.  Sağ qalmağına şükür edirdi. Çünki bütün saray, məmurlar, əyanlar, baş fərraş baş vəzir Qurbanın adamları idi. Təkcə baş mühafiz Aslan və baş sərdar Abbasdan başqa. Həqqi Şah Göyverəni onlara, onları isə Göyverənə dönə-dönə tapşırmışdı.

Hərəmxana Həqqi Şahın dövründə qanunlara zidd ləğv olunmuşdu. O da ki, anasının ölümündən sonra. Sarayda bir zənən xeylağı da yox idi. “Qadın saraya, dövlət işlərinə xələl gətirər” – Həqqi Şah belə düşünürdü. Vəzir Qurban isə qadın “xəstə”siydi, gözəllik aşiqiydi.

Göyverən Şah ehsan verilən məkana daxil oldu. Hamı yerini aldı. O, ilk dəfəydi ki, belə bir məclisdə iştirak edirdi. Stolun üstündəki təamlara baxdı. Əlini uzatmaq istəyəndə baş vəzir qulağına nə isə pıçıldadı. Göyverən özünü dikəltdi. Bundan sonra baş axund dua oxudu.

– Allah Həqqi Şaha rəhmət eləsin.  Gözəl insan, ədalətli şah, xalq adamı idi. Qəbri nurla dolsun, – deyə baş axund məclis əhlinə müraciət elədi. Bir ağızdan “Allah rəhmət eləsin” sədaları mağarda əks-səda verdi, – Allah şahımız Göyverənə uzun ömür, can sağlığı versin, məmləkətimizi uzun müddət sülh və əmin-əmanlıqla idarə etsin.

Bu dəfə “Amin” sədaları məclis üzərində dövr elədi. Ortaya çörək və duz gəldi. Axundun duasından sonra əllər süfrəyə uzandı.

 

***

 

Gecə. Baş vəzirin iqamətgahı. Sarayın bütün əyanları burdadır.

– Sabah meydanda Göyverəni şah kimi xalqa təqdim edəcəyəm, – deyə baş vəzir sözünə başladı.

– Hələ gec deyil. Bəlkə gecəynən onu aradan götürək? – deyə ikinci vəzir Qüdrət hövsələsini boğa bilməyib Qurbanın sözünü kəsdi, – Sonra peşman olmamaqçun. Sonrakı peşmançılıq da nəinki fayda vermir, əksinə zərər gəti...

– Yenə başladın?

– Özünüz bilərsiniz. Amma sonra deməyin ki, demədi. Görəcəksən, bu bizim hamımızı öz gününə salacaq. Onun elə də sakit olmağına baxmayın. Həqqinin oğludur. Hər şeyi ona başa sa...

– Daha bəsdi. Bura sabahkı görüşü müzakirə etməyə yığışmışıq, Göyverəni devirməyə yox. Gedib saray mühafizlərinin qulağına çatar, gecəynən qırarlar hamımızı. Özün yaxşı bilirsən ki, baş mühafiz Aslan Həqqinin ən yaxın adamıydı. Ancaq ona tabeydi. Məndən də bineyi-qədimdən zəhləsi gedir. Qəbiristanlıqda da gördün necə qoruyurdular onu? Özüm də vahimələnmişdim. Ona görə də sakit otur, qulaq as. Onsuz da bu cavandır. Dövləti idarəetmə təcrübəsi yoxdur. İdarəetməni mənə tapşırar – sağ olsun, tapşırmaz – yenə də sağ olsun. Zadəganlığımızı ki, əlimizdən almayacaq. Sabah hamılıqla onun ətrafında olmalıyıq. Nə desə əməl etməliyik – ən azı elin gözünə. Yavaş-yavaş özü-özünü xalqın gözündən salacaq. Dövləti idarə etmək asan məsələ deyil...

– Yox, baş vəzir, – deyə Qüdrət yenə onun sözünü kəsdi, – mən o nə dedi, eləyə bilmərəm. Birdən dedi ki, mənim kimi göyvərən olmalısan. Deməliyəm ki, “başüstə”?

“Allah eləməsin”, “bizdən iraq” deyərək  saray əyanları, məmurlar qulaqlarını çəkib, “kiş-kişlər olsun”, “Allah eləməsin” deməyə başladılar.

– İnanmıram o səviyyəyə enə. Necə olsa, şahdır. Mən də onu elə təqdim edəcəyəm ki, başqa söz deyə bilməsin. Mən dediklərimi sadəcə təsdiq etməklə müraciətini bitirəcək.

– Neynək, siz deyən olsun, baş vəzirimiz. Amma yaddan çıxarma ki, sabah meydanda kimin baş vəzir olacağı da aydınlaşacaq. Yansan, birinci elə sən yanacaqsan.

– Nəhs gətirmə, vəzir Qüdrət. Sabaha çıxaq, hər şey yaxşı olar inşallah.

– Amin! – deyə hamı bir ağızdan səsləndi.

 

***

 

Səhər. Göyverən Şah lap erkən oyanıb. Mühafizlər ətrafında iki dövrə vurub dayanıblar.

– Şah sağ olsun, meydanda bütün təhlükəsizlik tədbirləri görülüb, dediyiniz süd dolu çəlləklər də hazırdır, – deyə baş mühafiz Aslan Göyverən Şaha məlumat verdi, – məsləhət bilsəniz, baş vəzir başda olmaqla əyanları da nəzarətə götürək. Hər ehtimala qarşı. Onlardan nə desən çıxar.

– Necə?

– Oxatanlar yerləşdirəcəyəm qalanın mazğalları bərabərində.  Nişangahda saxlayacaqlar onları.

– Yaxşı, Aslan. Amma əlavə olaraq hərəsinin arxasında da bir nizəli mühafiz dayansın. Sənin işarəni gözləsinlər. Deşib öldürməsinlər, sadəcə... mən deyəndə yüngülvari bizləsinlər.

– Başüstə, şahım, siz bilən məsləhətdir.

Bu zaman baş vəzir saraya daxil olur. Göyverənə təzim edib:

– Qibleyi-aləm sağ olsun, hamı meydana yığışıb. Sizin gəlişinizi gözləyirlər. Şeyx Mərdan, baş axund Bərxudar və digər din xadimləri də qaydalara görə sizin dəvətinizin intizarındadırlar.

Şah baş vəzirin sözlərinə əhəmiyyət vermədən ətrafındakılara əmr verdi:

– Gedək!

 

***

 

Meydan camaatla doludur. Hamı yeni şahını görməyə, salamlamağa gəlib. Ürəklərdəki nigarançılıq gözlərdən oxunur. Ara-sıra səslər eşidilir:

– Görəsən, bu necə olacaq? Atası kimi, ya ondan da yaxşı?

– Nə vaxt görmüsən ki, təzə gələn köhnədən yaxşı olsun? Hə?

– Eh, necə olur olsun. Onsuz da camaat həmişə üzüyola olub. Nə deyiblərsə, onu da eləyiblər. Adımızı elə-belə, boşundan yolaverən qoymayıblar ha...

– Amma qəribə adı var e... Heç vaxt belə ad eşitməmişik: Göyverən.

– Yəqin, nəsli göyərti becərib, satmaqla məşğul olub.

– Ola bilər. Axı, Həqqi Şahın uşağı yox idi. Bunu götürüb saxlamışdı.

– Ay bala, onun heç arvadı var idi ki, uşağı da ola?

– Sus! Mühafizlər eşidər. Allahın işinə qarışmayın. Belə məsləhət bilib, belə də olub.

– Niyə gecikirlər? Gəlsəydi, bir görərdik onu.

– Yaxşı ki, baş vəzir şah olmadı. Yoxsa dərimizə saman təpəcəkdi.

– Düz deyirsən.

– Əyanlar heç olmasa Həqqi Şahdan qorxurdular. İndi yəqin əl-ayaqları açılar. Bu şahımız cavandır.

Bu zaman şeypurlar səslənir, təbillər guruldayır. Göyverən Şah at belində meydana daxil olur. Camaatın alqışı ətrafı bürüyür. Əvvəlcədən hazırladıqları, ovuclarında saxladıqları Məhəmmədi gülünün  ləçəklərini ona tərəf atmağa başlayırlar. Göyverən Şah atından enib, xüsusi hazırlanmış geniş kürsünün üstünə çıxır. Arxada isə saray əyanları və məmurlar düzülürlər. Onların da arxasında mühafizlər dayanırlar. Qaydaya görə baş vəzir Qurban irəli çıxır:

– Camaat, Yolaverənlər sülaləsinin növbəti nümayəndəsi, taxt-tacın yeni sahibi Göyverən Şahı sizə təqdim edirəm. İnanıram ki, onun hakimiyyəti dövründə də xalq firavan yaşayacaq, Həqqi Şahın qoyduğu haqq yolu uğurla davam etdiriləcək.

“Yazıq xalq”, “Nə xalq, xalq salıb bu?”, “Yəqin “xalq” deyəndə özünü nəzərdə tutur”, “Xam şah düşüb əlinə. Nə xamlayacaq bunu?!” pıçıltıları meydanı bürüsə də baş vəzirin bu sözlərini həm camaat, həm də əyanlar alqışlarla qarşıladılar.  Göyverən Şah baş vəzirin sözünü kəsərək irəli çıxdı:

– Camaat, sizə yeni şahınız kimi ilk müraciətimi edirəm. Yəqin bilirsiniz ki, Həqqi Şah məni oğulluğa götürüb. Əsl adım Əfdaldır. Amma atam yaşlı vaxtlarında məni tapmağını böyük qismət, Tanrının  göndərdiyi bir hədiyyə kimi qiymətləndirib. Ona görə də adımı Göyverən, yəni Allah bəxşişi – Ulu Göyün bəxşişi qoyub. Mən Göyün, Tanrının Sizlərə göndərdiyi bir elçiyəm. Bu yaxınlarda da atam Həqqi Şah meydanda, sizin qarşınızda məni taxt-tacın vəliəhdi elan etdi. Baş vəzir düz demədi. Mən Yolaverənlər sülaləsinin nümayəndəsi deyiləm. Mən xalqın içindən çıxan biriyəm. Sizlərdən biriyəm. Ona görə də sizin hüzurunuzda Yolaverənlər sülaləsinin hakimiyyətinin Həqqi Şahın ölümüylə başa çatdığını, bununla da Yolaverənlər dövlətinin adını dəyişdirdiyimi bəyan edirəm. Bundan sonra məmləkətin adını atam Həqqi Şahın nurlu xatirəsinə – Həqq dövləti adlandırıram. Və Həqq dövlətini, əsası mənimlə qoyulan Göyverənlər sülaləsi idarə edəcək.

Meydana sükut çökdü. Əyanlar hamısı başını çevirib baş vəzirə baxdılar. O da çaşqın baxışlarını Göyverən Şaha dikdi. Bu nə demək idi? Bu boyda dövlətin də adını özbaşına, məsləhətləşmədən dəyişmək olar? Əlbəttə ki, şahın buna ixtiyarı çatırdı. Amma belə tələskənliyə niyə yol verdi? Yox, burda nəsə var. Bu, iyirmi bir yaşlı uşağın ağlının məhsulu deyil. Deməli, Həqq dövləti və Göyverənlər sülaləsi. Bəs Göyverəndən başqa sülalənin hansı nümayəndəsi var? Axı mən onun bütün nəslini qılıncdan keçirmişəm. Göyverən Şah nitqinə davam etdi:

– Ay camaat, mənim qohum-əqrəbam sizsiniz. Arxamda dayananları görürsünüz də... bunlar saray əhlidir. Baxmayaraq ki, hər birinin öz soyu var. Amma bu gündən onları bir ad birləşdirəcək – Göyverənlər sülaləsi, Göyverənlər ailəsi, Göyverən soyadı. Əgər istəmirlərsə, sizin qarşınızda etiraz edib tutduqları mənsəbləri tərk etsinlər. Çünki məmləkətdə artıq Göyverənlərin dövrü başlayır.

Alqışlar meydanın sükutunu yenidən pozdu. “Göy-ve-rən!”, “Göy-ve-rən!” sədaları ətrafı bürüdü.

– Atam Həqqi Şahın qoyub getdiyi sarayın tərkibini eyniylə saxlamaq istəyirəm. Amma...

Göyverən Şah sözünü kəsib, üzünü baş vəzirə, əyanlara çevirdi. Onların gözündən sevinc yağırdı. Şah sözünə davam etdi:

– Qanunlara görə saray əyanlarını sizə mən təqdim etməliyəm. Amma qoyduğum yeni qaydalara əsasən, istəyirəm ki, onlar irəli çıxıb, özləri-özlərini – yeni soy adlarını, sonra adlarını – bir-bir təqdim etsinlər və sizin qarşınızda diz çöküb Həqq xalqına namusla xidmət edəcəklərinə and içsinlər. İlk olaraq baş vəzirim Göyverən Qurban buyursun.

Meydana yenidən sükut çökdü. Əyanların sevincli sifəti dəyişdi. Üzlərinə meyit rəngi çökdü. Baş vəzir irəli addım atmaq istədi. Amma yerindən tərpənə bilmədi. Elə bil kimsə onu kürsüyə mıxlamışdı. Baş vəzir təyin olunacağını, yaxud da ki, mənsəbini itirəcəyini gözləyirdi. Amma sarayda başqa anlam verən bu soyadını özünə götürməyi, özü də meydanda öz diliylə elan etməsi onun üçün ölümə bərabər idi. Meydan isə gözləyirdi. Baş vəzir yerindən tərpənmirdi. Bu vaxt Göyverən Şah başı ilə Aslana işarə verdi. Arxada duran mühafizlərdən biri nizənin ucuyla baş vəzirin yumşaq yerini dümsüklədi. O ağrıdan qışqırıb, irəli hoppandı. Əlini arxasına aparıb yanını ovuşdurmaq istəsə də, özünü sındırmadı, bir təhər dözdü. Bunu camaat görməsə də, əyanlar yaxşı gördülər. Bu onlara da bir işarəydi. Növbəti nizə onlar üçün də vardı. Bəziləri aradan çıxmağa cəhd etsələr də, əvvəlcədən təlimatlandırılan saray mühafizləri imkan vermədilər. Qurban irəli çıxıb diz çökdü:

– Mən, Göyverən Qurban, hamınızın qarşısında and içirəm ki, Göyvərənlər sülaləsinin nümayəndəsi və baş vəziri kimi Həqq xalqına, Həqq dövlətinə namusla xidmət edəcəyəm.

Meydanı yenidən alqış sədaları bürüdü. Baş vəzir ayağa durub öz yerinə keçmək istəyəndə Göyverən Şah çiynindən basdı:

– Yox. Belə də and içmək olar? Ay camaat, bilirsiniz də “içmək” sözünün mənası nədir? Əlbəttə ki, bilirsiniz. Su içmək, süd içmək, zəhər içmək... Bu “and” sözü əvvəllər  “anda” olub. Yəni ki, kimsə kiməsə öz sədaqətini sübut etmək istəyibsə, ortalığa qablarda süd gəlib. Hər iki şəxs biləyinin dərisini çərtib qanlarını o qaba töküb, südə qarışdırıblar. Sonra isə bardağa doldurub sonadək içiblər. Bu mayenin adına da “anda” deyilib. Yəni ki, “anda içmək”, indiki dildə desək, and içmək. Baş mühafiz Aslan!

Aslan mühafizlərə işarə edir. İçi südlə dolu iri çəlləyi kürsünün yanına gətirirlər. Göyverən Şah sözünə davam edərək:

– İndi, ay camaat, siz də qanınızdan bu südə qatın, saray əyanları da... Sonra isə bardaqlarla götürüb için. Bax, bu olsun əsl and içmək.

Şah sözünü bitirən kimi Aslan aşağı tərəfdən kürsüyə yaxınlaşdı. Diz çökmüş baş vəzirin qolundan yapışıb çəlləyə tərəf dartdı. Baş vəzir iməkləməyə macal tapmayıb, üzüüstə kürsüyə sərələndi. Aslan onun əbasını dirsəyinədək çirmələyib, qəməsini çıxartdı. Biləyini çərtdi. Baş vəzirin qanı süzülüb, çəlləyə axmağa başladı. Bu mənzərədən zövq alan səfillər, sırtıq dilənçilər özlərini irəli verib, çirkli əbalarının qolunu çirmələyib, əllərini irəli uzatdılar. Geyimlərindəki bitlər südə tökülməyə başladı. Mühafizlər eyni qaydada onların da biləklərini çərtdilər. Qırmızı qan çəlləyə axdı. Mühafizlərdən biri iri taxta çömçəylə çəlləyi qarışdırırdı. Qırmızı qan ağ südə qarışdıqca, çəlləkdən buxar qalxmağa başladı. Ətrafı qəribə iy bürüdü. Aslan çəlləkdən bir bardaq anda götürüb Qurbana verdi. Göyverən Şah:

– Qurban, bayaq dediklərini təkrar et və andanı son qətrəsinə qədər iç. Aslan, bu andadan camaata da ver.

Birinci, cındırından cin hürkən səfil irəli keçdi. Bardağı əlinə aldı. Dizüstə çökən baş vəzirə yaxınlaşdı. Ləbaləb dolu bardağı zərblə onun bardağına toqquşdurdu. Düz vəzirin gözünün içinə baxdı. Onun anda içməyini gözləmədi, başına çəkdi. Sonra boş badəni yuxarı qaldırıb:

– Ay camaat, nə dadlıymış baş vəzirin qanı. Mən baş vəzirin qanını içdim, – deyə qəhqəhə çəkdi. Sonra qəşş eləyib, sanki içkidən məst olubmuş kimi yerə sərələndi.

İzdiham irəli yeriyib qollarını çəlləyə uzadırdılar. Mühafizlər də onların biləklərini çərtirdilər. Artıq çəlləkdəki süd ağ rəngini itirirdi. Baş vəzir isə bu mənzərəyə dəhşətlə baxaraq, sözlərini təkrar etməyə başladı:

– Mən, Göyverən Qurban, hamınızın qarşısında and içirəm ki, Göyvərənlər sülaləsinin nümayəndəsi və baş vəziri kimi Həqq xalqına, Həqq dövlətinə namusla xidmət edəcəyəm.

Bunu deyib bardağı başına çəkdi və andanı son qətrəsinədək içdi. Ayağa durdu. Sol əliylə qanı hələ də axan sağ biləyini sıxdı. Ürəyi bulandı. Özünü güclə saxlayıb əyanların sırasına tərəf addımladı və birinci yerdə dayandı.

– Qüdrət, buyur, növbə sənindir, – deyə Göyverən Şah elan elədi.

İkinci vəzir Qüdrət baş vəziri qəzəblə süzdü. Həmən irəli çıxdı. Diz çökdü. Əbasının qolunu dirsəyəcən çirmələyib, irəli uzatdı. Aslan onun biləyini qəməylə çərtib çəlləyə tərəf dartanda, ağrıdan qışqırdı. Amma Aslan bu bağırtıya əhəmiyyət vermədi. Qüdrətin biləyini elə sıxdı ki, qanı fışqırmağa, qanı camaatın qanına qarışmağa başladı. Çəlləyin üzündə qırmızı qabarcıqlar yaranmışdı. Aslan Qüdrətin qanından çəlləyə xeyli axıdandan sonra, onun əlini buraxdı. Bir bardaq anda götürüb ona verdi. Qüdrət özünü toparlayıb, diziüstə dikəldi:

– Mən, Göyverən Qüdrət, hamınızın qarşısında and içirəm ki, Göyvərən sülaləsinin nümayəndəsi və ikinci vəziri kimi Həqq xalqına, Həqq dövlətinə sədaqətlə xidmət edəcəyəm.

Yenə də meydanı alqış sədaları bürüdü. Beləliklə bütün saray əyanları bəziləri könüllü, bəziləri nizəylə dümsüklənəndən sonra irəli çıxıb and içdilər. Əyanların sırası başa çatsa da camaat çəlləyin kənarında növbə durub dayanmışdı. Hamısının əbasının qolu dirsəyəcən qatlanmış vəziyyətdə idi. Göyverən Şah yenə də müraciət etdi:

– Bu gündən bütün saray əyanlarını, əyalətdəki məmurları Göyverən soyadıyla çağırmayanlar mən şaha hörmətsizlikdə suçlanaraq zindana atılacaqlar. Əmrimi qulaqlarınızda sırğa edin. Bir şeyi də deyim ki, əyanlar, məmurlar yaddan çıxarmasınlar. Mənim yaratdığım dövlətdə bir eynilik olacaq: “Hamı bərabərdir, bərabərdir, bərabər”.

Bu zaman xalqın içindən də “Şahım, mən də Göyverən sülaləsinin üzvü olmaq istəyirəm”, “mən də...”, “mən də...” sədaları gəlməyə başladı. Buna əhəmiyyət verməyən Göyverən Şah sözünə davam etdi:

– Mənim bir fərmanım da var. İstəyirəm ki, baş vəzir onu oxusun.

Baş vəzir irəli çıxdı. Şah əlindəki tumarı ona uzatdı. O, tumarı səliqəylə açıb fərmanı oxumağa başladı:

– Bu gündən etibarən məmləkətdəki bütün və-lə, yox, va-li... va... – baş vəzir karıxıb Göyverən Şahın üzünə baxdı.

– Davam elə, Göyverən Qurban. Nə yazılıbsa, necə yazılıbsa, elə də oxu! – deyə şah səsini ucaltdı.

– Bu gündən etibarən məmləkətdəki bütün va-li-duz-nalar ölüm hökmüylə cəzalandırılacaqlar.

Baş vəzir fərmanı  höccələyə-höccələyə oxuyub başa çıxdı. Meydan sükuta daldı. Baş vəzir üzünü şaha çevirdi. Anlaşıqsız baxışlarla onun sifətinə baxdı. Vələduzna eşitmişdi. Amma “validuzna” sözünü ilk dəfəydi ki, oxuyurdu. Göyverən Şah üzünü xalqa çevirib:

– Bütün validuznalar qulağını açıb eşitsin. Bundan sonra onların boynu vurulacaq. Özü də mərkəzi meydanlarda, camaatın gözünün qabağında.

Səhərdən biri-birinin üzünə mat-mat baxan, deyilən sözün mənasını anlamayan  camaat “xalqın gözünün qabağında” ifadəsini eşidən kimi Göyverən Şahı alqışlamağa başladılar. Şah bu alqışlar altında atına minib meydanı tərk etdi.

 

***

 

Axşam. Baş vəzirin iqamətgahı. Baş mühafiz və baş sərdardan başqa sarayın bütün əyanları burdadırlar.

– Baş vəzir Göyverən Qurbana eşq olsun! Nə oldu, xoşuna gəldi yeni soyadın? – deyə ikinci vəzir Qüdrət baş vəzirin üstünə xoruzlandı, – Bunu istəyirdin də... hə? Bunu arzu edirdin ki, dalını nizəylə dümsükləyib deşik açsınlar, qanın axa-axa diz çöküb and içəsən, adını da Göyverən qoysunlar. Hə? Hələ əsli-nəcabəti olmayan, üstündən biti tökülən, yüz xəstəliyi olan səfillərin qanı qarışan südü – andanı içməyini demirəm. O səfil ki, cında xələtinin qolunu çirmələdiye, bax onda südün içinə bilirsən nə qədər bit düşdü? Deyimmi ki, indi o bitlər hardadı? Bax bizim baş vəzirin qarnında keyf edirlər, artıb-çoxalırlar, – deyə Göyverən Qüdrət qəşş eləyib özündən getdi. Ondan başqa heç kim gülmədi. Əyanlar hamısı başını aşağı salıb qanıqara, dinməzcə oturmuşdular. Qüdrət handan-hana özünə gəlib üzünə ciddi görkəm verdi, – Dünən sizə dedim axı, onu gecəylə aradan götürmək lazımdır. Qulaq asmadınız. Sonu da belə. Hamımız göyvərən olduq. Özü də ki, bitli göyvərən. Hələ Allah bizi başqa xəstəliklərdən qorusun. Yenə də şükür, min  şükür ki, adımız göyvərən oldu. Amma sizə deyirəm, belə getsə, elə əsl göyvərən olacağıq. Hələ bu harasıdır? Allah betərindən qorusun...

– Tələsmə, Qüdrət. Hələ dünyanın axırı deyil, – deyə Qurban onun sözünü kəsdi.

– Nə? Nə “Qüdrət”? Xahiş edirəm adımı bütöv çağırın. Gül kimi təzə adım var – ikinci vəzir Göyverən Qüdrət. Gedib şahın qulağına çatar göyvərən deməməyin, başına oyun açar.

– Belə ürəkliydin, belə cəsurdunsa irəli çıxmayaydın.

– İrəli çıxmayaydım? Sənin arxanı deşən o nizəni mənim bilirsən də harama soxardılar? Hərif özünsən. Yaxşı at özünə qamçı vurdurmaz. Bütün təqsirlər səndədir. Sən bizi sürüklədin bu biabırçılığa. Artıq heç nə  bizi qurtara bilməz. Xalq da gördün onu necə alqışladı? Bizi onların qarşısında diz çökdürdü. Biz heç müqəddəs kitaba – Qurani-Kərimə and içəndə diz çökməmişdik. Xalq heç e.., bizi özünün qarşısında diz çökdürdü. Buna yenə də min şükür, hələ gör sabah nə olacaq.

“Min şükür, min şükür” deyə digər əyanlar əllərini göyə qaldırdılar.

– Nə “min şükür, min şükür” salmısız? – deyə ikinci vəzir özündən çıxdı, – Mən bunları doluyuram, bunlar da “min şükür, min şükür”... Amma xoşum gəldi sizdən. Siz heç olmasa baş vəzirimiz Göyverən Qurbandan ağıllısınız. Bilirsizmi sizin “min şükür”ünüz nəyə bənzədi? Deməli iki nəfərə ölüm hökmü oxuyurlar. Ertəsi gün də qalanın həyətində asacaqlarmış. Məhkumlardan biri özünü ələ ala bilmirmiş. Başlayıb zindanda qışqırmağa: “Sabah bizi asacaqlar, sabah bizi asacaqlar. Balalarım yetim qalacaq, arvadım dul qalacaq...” O biri məhkum isə sakit oturub “şükür sənə, ay Allah. Buna da min şükür” deyib dururmuş. Axırda kəmhövsələ ölümə məhkum hirslənib tutur bunun yaxasından ki, “nə şükür, şükür salmısan e? Bundan da o yanası var məgər? Sabah sübh tezdən bizi asacaqlar e... öldü­rə­cəklər, qandın?” Hövsələli məhbus qayıdıb deyir ki, “ay kişi, şükr elə, bundan da pis ola bilərdi”. Xülasə, səhər açılır. Bunların hər ikisini meydana aparırlar. Edam kürsüsünə qaldırırlar. İpin ilgəyini boğazlarına keçirirlər. Bu dəm görürlər ki, uzaqdan tozanaq qalxdı. Şahın çaparı “Dayanın! Əl saxlayın! Şahın yeni fərmanı var!” qışqıraraq gəlir. Cəllad tez ilgəyi məhkumların boğazından çıxarır. Çapar özünü çatdırıb “Şahdan məhbuslarla bağlı yeni fərman var” deyərək, əlindəki tumarı hakimə təqdim edir. O, tumarı açaraq oxuyur və üzünü hamıya tutaraq “Şahımız məhkumlarla bağlı yeni qərar verib. Əmr edilir ki, edamdan qabaq məhkumlar pazlanmalı, sonra edam olunmalıdırlar”.  Şükürlü məhkum üzünü hövsələsiz məhkuma tutaraq “Gördün? Bax mən buna görə şükür edirdim. Sən isə inanmırdın” – deyir. İndi bu Göyverən Şah da ölümün bir addımında olsanız sizi pazladaraq həqiqi göyvərənə çevirəcək, sonra ölməyə imkan verəcək. Düz eləyirsiniz. Şükür eləyin, şükür. Bu hələ başlanğıcdır.

– Ay Göyverən Qüdrət, min şükür dedin, din yadıma düşdü. Heç bu Göyverənin yadına şeyx, axund, molla düşmədi ey... Hələ mən yadına da saldım. Nə əcəb? – deyə baş vəzir xəbər aldı.

– Nə şeyx, nə axund, nə molla? Din, şəriət yadına düşdümü ki, onlar da yada düşə? – deyə vəkil Fərmanın çiçəyi çırtladı. – Özü də ki, bu göyverən birinci özü and içməliydi – əlini Qurani-Şərifə basaraq. Yəqin şeyx cənabları və bütün din xadimləri şahın kafirəxas hərəkətindən narazı qalıblar. Özlərini təhqir olunmuş hesab edirlər. Bax biz bundan yaxşı istifadə etməliyik.

– Sən öz dərdinə qal, Göyverən Fərman, – deyə Qüdrət vəkilin üstünə çımxırdı, – Sən gözə göründün nə qazandın ki... Heç olmasa məmləkətdə göyvərən olmayan bir zat varsa, bunlar da din xadimləridir. Getsinlər min dəfə Allaha şükür eləsinlər ki, dəvət olunmayıblar. Amma mənimçün qaranlıq qalan əsas məsələ odu ki, niyə Həqqi Şah taxt-tacı baş vəzirə yox, Göyverənə verdi?

Səhərdən söhbətlərə sakit qulaq asan saray həkimi Loğman udqundu, rəngi qaraldı. Baş vəzir sözün məcrasını dəyişdirərək:

– Yaxşı, Göyverənlər, söhbəti bitirin. Hamı bayram süfrəsinə əyləşsin. Göydə Allah, yerdə Göyverən Şahımız var olsun. Yeni sülaləmiz mübarək – Göyverənlər sülaləsi.

 

***

 

Saray. Göyverən Şah taxtında əyləşib. Qəzəblidir. Baş mühafiz Aslan qarşısında dayanıb.

– Aslan, deməli şeyx, axund və mollalar saraya qarşı çıxırlar, eləmi?

– Elədir, şah sağ olsun.

– Özləri cəhənnəmə, cümə namazlarında xalqı mənə qarşı qaldırmaq istəyirlər?

– Elədir, şah sağ olsun.

– Məni xalqın gözündə hörmətsiz etmək üçün fürsət gözləyirlər?

– Elədir, şah sağ olsun.

– Nəyi əsas gətirirlər?

– Deyirlər ki, şah bizi – ali ruhaniləri andiçmə mərasiminə dəvət etməməklə İslam dininə hörmətsizliyini nümayiş etdirib.

– Düz deyirlər, düz deyirlər. Gərək baş vəzirə qulaq asıb, dəvət edəydim. Arxalarını da nizələtdirib... Nə isə. Sonra nə deyirlər?

– Sonra deyirlər ki, rəiyyət, hamı, şahın özü də Allahın quludur. Qul da qulun qarşısında diz çöküb and içər? Əzəldən hamı Allaha itaət edib, bir and yerimiz olub – onun bizlərə göndərdiyi Qurana and içmişik. Bu “anda-manda” məsələsi hardan meydana çıxdı?

– Həəəə... – deyə şah fikrə getdi, – sonra nə deyiblər bu keçisaqqallar?

– Şah sağ olsun, deyiblər ki, anda içmək belə yaxşı şey idisə, elə Göyverən Şah birinci özü içəydi də...

– Yaxşı, yaxşı... – deyə şah işarət barmağını yelləməyə başladı. – Sonra, sonra nə deyiblər, Aslan!

– Deyiblər ki, yeni şahımız savadsızdır. İlk fərmanında iki hərf səhvi edib. Baş vəziri də pis vəziyyətə salıb. Bu boyda şah “vələduzna” sözünü “validuzna” kimi yazıb. Özü də qanunlarımızdan xəbəri yoxdur. Bilmir ki, yüz illərdir vələduznalar – vələd əz zinalar – zinadan doğulan biclər də, onları doğanlar da şəriət qanunlarına əsasən səngsar – daş-qalaq edilirlər. Daha sonra deyiblər ki, şah gör nə qədər həddini aşıb ki, özünü Allahın elçisi adlandırıb. Özünü peyğəmbər elan...

– Get o şeytanları saqqalından sürüyüb gətir bura, – deyə Göyverən Şah qışqırıb taxtından ayağa qalxdı.

– Şahım, başüstə. Amma qanunlara görə mühafizlərin silahlı və ya lap silahsız məscidə daxil olması qadağandır. Din dövlətdən ayrıdır. Arzu eləsə,  şah məscidə gedə bilər. Ya cümə namazında, ya da dini mərasimlərdə...

– Dövlətdən ayrıdırlarsa onda dövlətin işinə niyə qarışırlar? Mən elə bilirdim ki, baş vəzir, əyanlar müzürrdürlər. Bunlar demə saray əyanlarından da qorxuluymuşlar. Deməli, mənim yüksək qiymətləndirdiyim, qarşılarında saray əyanlarını diz çökdürdüyüm, qanlarını qarışdırdığım rəiyyətim də bunların mənim haqqımda dediklərinə sakitcə-dinməzcə qulaq asıblar?

– Bəli, şahım. Heç cınqırlarını da çıxarmayıblar. Əksinə, razılıq əlaməti olaraq başlarını da tərpədirlərmiş.

– Yaxşı, – deyə şah azca düşünüb işarə barmağını yellətdi, – növbəti cümə namazında mən onlara göstərərəm. Gələn cümə nəzərə al, məscidə gedəcəyik.

– Başüstə, şahım.

– Aslan, sən Barəngahı tanıyırsan?

– Haranı, şahım?

– Haranı yox, kimi. Barəngah adlı biri var məmləkətdə.

– Xeyr, şahım, tanımıram.

– Qəribədir. Aslan, kimsə bilməsin, onu axtar tap. Lazımdır mənə.

– Başüstə, şahım. Şahım, son vaxtlar baş vəzirin evində yığışırlar əyanlar. Əvvəllər sarayda olurdular. Xəbər çatırdı. Amma, indi nə baş verir, xəbər tutmaq olmur. Bəlkə baş vəziri sıxma-boğmaya salım. Həqqi Şahın vaxtından yanıqlıyam ondan. Əminəm ki, nəsə qarışdırmaq istəyir...

– Tələsmə, Aslan, tələsmə. Onun da vaxtı gəlib çatacaq. Sən saraydan muğayat ol. Mühafizləri ikiqat artır. Mühafizəni elə gücləndir ki, əyanlar saraya girəndə əsməcəyə düşsünlər.  Mən burda səndən başqa heç kimə inanmıram. Yeganə dayağım sənsən.

– Şahım, bunun üçün əlavə pul lazımdır.

– Yeni fərmanımı hamıya çatdırın. Məmləkətdə vergilər ikiqat artırılır.

– Başüstə, şahım. Allah ömrünü uzun eləsin. Şahım, baş vəzir və əyanlar  gəliblər. Qəbulunuzu gözləyirlər.

– Qoy gəlsinlər.

Mühafizlər baş vəzir və əyanları şahın hüzurunadək müşayiət edirlər. Baş vəzir təzim edib:

– Şah sağ olsun, bəzi dövlət məsələləri var. Onları sizin nəzərinizə çatdırmağı özümə borc bildim.

– De, Göyverən Qurban.

Baş vəzir bu müraciətdən tutuldu. Bir az da qızardı. Arxada dayanan əyanlardan kimsə pıqqıldadı da. Amma baş vəzir özünü sındırmayıb sözünə davam etdi:

– Şah sağ olsun, zati-aliləriniz hərəmxananı bərpa etmək istəyirmi? Yəni ki, qanunda var. Amma atanız onu sözdə ləğv etmişdi.

– Hərəmxana? Baş vəzir, nə gözəl təklif. Düzünü deyim səndən bu cür gözəl təklif gözləmirdim. Baş vəzir, bilirsənmi, çoxları hərəmxananı qəhbəxana kimi qəbul edir. Amma, əslində, bilirsən hərəmxana nədir? Hərəmxana məmləkətin gözəl, bakirə, ağıllı qızlarının bir yerə cəm olunması, qorunması deməkdir. Hərəmxana dövlətin gələcəyidir. Hərəmxana digər dövlətlərlə əlaqələrimizin möhkəmlənməsidir. Hərəmxanalar müharibələrə son qoyublar. Hərəmxanalar müharibələr başladıblar. Hərəmxanalar öz dövlətlərinə, xalqlarına sülh gətiriblər. Şahın hərəmxanasına pis gözlə baxanların gözləri çıxarılıb, axtalanıblar. Sən bunları başa düşürsənmi?

– Bəli, şahım.

– Hərəmxana bərpa edilsin!

– Başüstə, şahım. Fərmanınızın yerinə yetirilməsinə elə bu gün başlayacağam. Yerlərə xəbər göndərəcəyəm ki, məmləkətin ən gözəl, ən ağıllı, ən yaraşıqlı qızlarını seçib saraya gətirsinlər. Xacələr tapsınlar.

Şahın o saat cavab verməsi baş vəziri çaşdırmışdı. O, “yox” cavabı gözləyirdi. Tam əmin idi ki, Həqqi Şahın vaxtındakı kimi Göyverən Şaha da hərəmxana lazım olmayacaq. Amma, fikrində yanılmışdı.

– Baş vəzir, əgər həqiqətən mən dediklərimi düzgün başa düşdünsə, öz dediklərini hələlik kənara qoy. Mən Həqqi Şahın dövründəki hərəmxananın bərpa edilməsindən danışıram. Əmr edirəm ki, bərpa edilsin. Yəni ki, köhnə hərəmxananı bərpa et! Mən demirəm ki, ay baş vəzir Göyverən Qurban, yenisini yarat. Qandın?

– Şahım, düzünü siz bilirsiniz. Amma Həqqi Şah hərəmxananı ləğv edəndən sonra hərəsi bir tərəfə dağıldı. Çünki Həqqi Şah göstərişində belə buyurmuşdu ki, hərəmxana ləğv edilsin və hərəmlər hansı bölgələrdən gəlmişdilərsə ora da qaytarılsınlar. Lap tapsaq da, yəqin ki, ən cavanının otuz beş-qırx yaşı olar.

– Qəbuldur. Mənimçün belə də qəbuldur. Bir də ki, yaşın bura nə dəxli var? Biz bir saray tərkibini bərpa edirik. İndi sənin yetmiş yaşın var, arxada duranların da yaşı əllini, altmışı keçib. Baş vəzirlikdən, saraydan uzaqlaşdırım sizi? Şahın hərəmxanasına bu nə hörmətsizlikdir? Özü də ki, onlar rəsmi olaraq, hələ də şahın qanuni hərəmləri sayılırlar. Hərəmxananı heç kim fərmanla ləğv etməyib. Əmr edirəm: axtarın, tapın və saraya qaytarın! Yəni bu qədər çətindir?

Baş vəzir üzünü arxada dayanan əyanlara çevirdi. Hamısı matdım-matdım ona baxırdı.

– Bəli, şahım, çox çətin olacaq. Bəlkə də mümkünsüz, yəqin ki, ərdədirlər, oğul-uşaqları var, – deyə baş vəzir gözünü Göyverən Şaha zillədi.

– Qurban Göyverən, özləri ərdədirlərsə, qızlarını gətir hərəmxanaya qat! Oğlu olanı xacə elə!

Qurbanı soyuq tər basdı.

– Başüstə, şahım. Əmriniz qısa vaxtda yerinə yetiriləcək.

– Qurban, eşitdiyimə görə Həqqi Şahın hərəmxanasındakı qızlar çox gözəl olublar.

– Düz buyurursunuz, şahım, çox gözəl idilər.

– Ağıllı, bilikli idilər.

– Düz buyurursunuz, şahım. Ağıllı, bilikli idilər. Onlar üçün müəllimlər tutmuşduq.

– Heç birinə də toxunmamışdılar. Bakirəydilər.

– Bəli, şahım.

– Yəqin onların törəmələri də gözəl olar. İstər oğlan, istər qız.

– Düz ehtimal edirsiniz, şahım.

– Baş vəzir, yəni bu qədər çətin olar onları tapmaq?

– Düz buyurursunuz. Çox çətin olacaq?

Bu zaman baş mühafiz Aslan təzim edib:

– Şahım, əgər baş vəzirimiz üçün çətindirsə, mən qısa vaxta həll edim bu məsələni, – deyə Aslan baş vəzirin önünə gəlib gözünü ona zillədi. Baş vəzirin rəngi ağarmışdı. Tir-tir əsirdi.  Əyanlar isə başlarını aşağı salmışdılar. Qurbanın başı gicəlləndi. Səndələdi. Özünü ayaq üstə güclə saxladı.

– Yox, şahım, Aslanın işi onsuz da başından aşır, özüm həll edərəm. Necə olsa, bu mənim səlahiyyətlərimə aid məsələdir.

Aslan yenidən Göyverən Şaha israrla müraciət etdi:

– Şahım, mənə üç gün vaxt verin, həll edim məsələni.

– Yox, baş mühafiz Aslan, baş vəzir qoy özü həll etsin.

– Düzünü siz bilirsiniz, şahım.

– Göyverən Qurban, vəziyyət necədir? Məmləkətdə nə var, nə yox?

– Hər şey qaydasındadır, şahım. Hamı atanız Həqqi Şaha rəhmət oxuyur.

– Vergilər necə, yığılırmı?

– Yığılır, şahım. Amma bir az çətinlik var.

– Niyə?

– Bilmirəm, şahım.

– Bu gün vergiləri iki dəfə qaldırdım.

Ortaya sükut çökdü. Handan-hana baş vəzir dilləndi.

– Camaat üçün çətin olacaq.

– Mühafizəmi gücləndirmək üçün lazım idi. Ona görə.

– Siz bilən məsləhətdir, şahım. Ölkəmiz üçün xeyirli olsun.

– Yaxşı, gedin! Baş vəzir, sən isə qal, – hamı çıxandan sonra, – Göyverən Qurban, Barəngahı tanıyırsan?

– Tanımıram, şahım, – deyə baş vəzir həmən cavab verdi.

Şah fikrə getdi: bu Qurban sualıma o saat cavab verdi. Aslankimi “nəyi?”, “haranı?” demədi. “Hansı” sualını da vermədi. Axı Barəngah nadir sözdür. Deməli, tanıyır. Amma özünü bilməməzliyə vurur.

– Yaxşı, get!

 

***

 

Axşam düşür. Göyverən Şah baş mühafiz Aslanla dərviş paltarı geyib şəhərə çıxırlar.

– Hansı səmtə gedək, şahım?

– Varlılar yaşayan məhəllələrə.

– Başüstə, şahım. Elə yolumuz o səmtədir. Uzaqdan bilinir.

Qabaqda kasıb geyimli bir kişiylə bir qadın gedir. Yanlarında balaca oğlan və qız uşaqları var. Hər varlının evinin yanında dayanıb həsrət dolu gözlərlə hasardan o yana baxırlar. Uşaqlardan biri soruşur:

– Dədə, nə gözəl evdir?

– Hə, oğul, varlı evidir.

– Bizim də belə evimiz olacaq?

– Ay arvad, – deyə kişi əsəbləşir, – bunu da mən başa salım sənə? Elə bil ki, nökər Qulamın yox, əyan Yağdamarın qızısan. Uşaqları başa sal da... şişib-eləsələr neyləyəcəksən?

– Ay kişi, əsəbləşmə. Neçə dəfə demişəm bunlara ki, belə şeylər görəndə nə demək lazımdır. Ay oğul, demişəm?

– Demisən, nənə, demisən.

– Nə demişəm?

– Demisən ki, nəsə bir yaxşı şey görəndə şişməməkçün həmən bu sözləri deyim: “Dədəm gətirib, nənəm bişirib, mən yemişəm”. Nənə, axı bunları yemək iyi burnuma dəyəndə deməliydim.

– Ay oğul, – deyə dədə çömbəlib oğlunu özünə yaxınlaşdırdı, – var-dövlətdir, belə evlərdir, bu cür yaşayışdır – dadlı yemək kimi bunlar da bizim üçün əlçatmazdır. O cür deməsək, tez saralıb solarıq. Nə vaxtsa cənnətdə bunları qazanacağıq. İndi nəfsimizi boğa bilməsək pis yollara düşərik, oğurluq edərik. Onda o günləri necə görərik? Əksinə, cəhənnəmə yuvarlanarıq.

– Başüstə, dədə, bundan sonra yaddan çıxartmayacağam sənin sözlərini. Dədə, bəs burda yaşayanlar hara düşəcək?

– Cəhənnəmə, mənim balam. Bütün bunlar haram yolla qazanılıb. Bütün günü işləyirəm, çalışıram. Bəs mən niyə qazanmıram ki?

– Onda mən belə ev istəmirəm. Mən istəyirəm ki, cənnətə düşəm.

– Ay mənim ağıllı balam, – deyib kişi qəhərləndi. Uşağı qucaqladı.

Şah bu mənzərəni maraqla seyr edirdi.

– Aslan, bunlar kimdi?

– Şahım, bunlar xalqdır. Bir gözü tox, bir gözü ac, qarnı isə həmişə ac olan qara camaat.

– Mənim şahlığım dövründə onların hamısı xoşbəxt olacaq. Bu məmləkətdə ac adam qalmayacaq. Hamı bərabər olacaq.

– Allah ömrünü uzun eləsin, şahım.

Abad məhəllələrlə iki nəfər addımlayır. Biri balacaboy sısqa, o biri pəhləvan cüssəli, hündür. Uzaqdan isə ara-sıra uşaq səsləri gəlir: “Dədəm gətirib, nənəm bişirib, mən yemişəm. Dədəm gətirib, nənəm bişirib, mən yemişəm”.

– Şahım, təsadüfdən ikinci vəzir Qüdrətin evinin yanına gəlib çıxmışıq.

Şah yerdən qənbər götürüb naxışlı taxta qapını döyür. Hasarın o tərəfindən səs gəlir:

– Kimdir?

– Dərviş babayıq. Gecələməyə yer axtarırıq, – deyə baş mühafiz şahın izniylə dilləndi.

– Nə dərviş? Bircə dərvişimiz çatışmırdı.

– Yaxşı, olsun Allah qonağı, – bu dəfə Göyverən Şah səsə səs verdi.

– Sizə verəcək heç nəyimiz yoxdur. Nə çörəyimiz var, nə də damımız! – deyə hasarın o yanından kimsə cavab verdi.

– Biz hər qapını döymərik. Hasarından, qapısından imkanlı evə, varlı evinə oxşayır. Axı, sizinçün bir tikə çörək nədir ki? Ya da gecələməyə it damı, – deyə Göyverən Şah səsinə bir az da yazıqlıq qatdı.

– Nə varlı, nə çörək? Bu təzə şah bizdə pul qoydu ki, hələ bir kasıb-kusuba da paylayaq? İki dəfə vergiləri qaldırıb bu göyvərən. İtilin burdan!

Qapı çırpıldı. Səs kəsildi. Göyverən Şah tutulmuşdu. Daha heç nə deyə bilmədi. Aslan əlini dərviş əbasının altında gizlətdiyi qəməyə apardı. Göyverən Şah əlindən tutdu.

– Lazım deyil, Aslan. Heç kim bilməməlidir ki, mən dərviş seyrinə çıxıram. Hər şeyin öz vaxtı var.

 

***

 

Gecə. Ətraf sükuta bürünüb. Göyverən Şahın isə atası öləndən yuxusu ərşə çəkilib. Daxili iztirablar onu səhərəcən yatmağa qoymur. Həqqi Şahın ölümü doqquz il davam edən bir iyrənc məhəbbətə son qoymuşdu. Bu doqquz ildə Əfdal  həmişə onun caynağından qaçıb-qurtulmağa cəhd göstərmişdi. Amma alınmamışdı. Kürəyinə, peysərinə tökülən ağız suyunu yumaq üçün saatlarla çimsə də, yenə də özündən iyrənə-iyrənə qalmışdı. İndi isə qurtulmuşdu. Həqqi Şah öləndə sevinirdi. Amma günlər ötdükcə darıxmağa başlamışdı. Yox, bu ata nisgili deyildi. O sığalları, iri cəmdəyin ağırlığını, şəhvətdən yaranan, kürəyinə yaxılan ağız suyunu ruhən yaşasa da, cismən... Bu nə hal idi? Özü də başa düşmürdü. Anlamırdı ki, nə istəyir. Neçə dəfə qətlə yetirmək istədiyi Həqqi Şahın gecə “işgəncə”lərini yenidən yaşamaqmı istəyir? Darıxdığı, onu yatmağa qoymayan budurmu? Yox. Əsla. Dözməlidir. Bu müvəqqəti haldır. Bu ruhi haldır. Axı, fitrətən o, göyvərən deyil, adı Göyverən olsa da... Onu sonradan bu hala salıblar. Hər şey unudulacaq, yaddan çıxacaq. Hərəmxana bərpa edilən kimi, özünü xanımların ağuşuna atacaq. Nəinki Həqqi Şah, heç dövlət işləri də yadına düşməyəcək. Bütün şahlar belə olub. O da elə olmalıdır. Yox. Atası vəsiyyətində demişdi ki, məmləkətdə bərabərlik yaradana qədər rahatlaşmasın. Bir də... Barəngahı tapsın. Yoxsa, özünü aradan götürərlər. Hələ ki, məmləkətdə Göyverən sülaləsinin qırx bir üzvü var. Bir özü, bir də sarayın qırx əyanı. Onlar da ki, mənsəblərini, mövqelərini itirməmək naminə bu adı özlərinə zorən götürmüşdülər. Bəs din xadimləri? Bəs ordu, mühafizlər? Bəs hər çalınan mahnıya oynayan xalq? Yox, məmləkətdə yalnız bir nəfər – o, mahnı çalmalıdır, hamı da bu mahnıya oynamalıdır. Bəs buna necə nail olmalıydı?

Səhər azanı Göyverən Şahı fikirlərdən ayırdı. Dan yeri sökülürdü. Bu gün ilk dəfəydi ki, cümə namazına gedəcəkdi. Həm şah, həm də müslim kimi.

 

***

 

Günorta. Mühafizlər məscidi əhatəyə alıblar. Belə mənzərəni dindarlar ilk dəfəydi görürdülər. Çünki Həqqi Şah nəinki mühafizsiz gəzər, xalq içinə çıxanda, cümə namazına gələndə heç şah əbası da geyinməzdi. Şeyx, baş axund Göyverən Şahın hərəkətindən qeyzlənsələr də, təmkinlərini qoruyub saxlayırdılar. Necə olmasa da, axı onlar deyən kimi olmuşdu. Şah məscidə təşrif buyururdu. Göyverən Şah onların ayağına gəlirdi. Nəhayət süvarilər məscidin qarşısında dayandılar. Şah atdan düşdü. Burdan o yana tək gedəcəkdi. Mühafizlərin içəri daxil olması qadağan idi. Amma baş mühafiz Aslan ehtiyat tədbirləri görmüşdü. İbadət etməyə gələnlər arasında öz adamlarını yerləşdirmişdi. Hər ehtimala qarşı qəmələri də vardı. Çünki şeyx Mərdan və baş axund Bərxudar linçə meylli din xadimləriydi. Bircə işarələri bəs idi ki, avam camaat onların göstərdiyi adamı təpiklər altına salıb, əzib-öldürsünlər. Düzü, baş mühafiz Aslan Göyverən Şahın din xadimlərinin əlindən yığdığını bildiyindən, onlara qəzəbli olduğundan cümə namazına getməyinə qarşı çıxmışdı. Özü də məmləkətin ən çox adam tutan baş məscidinə. Amma Göyverən Şah razılaşmamışdı. Ona görə də Aslan baş verəcək hər hansı bir xoşagəlməz vəziyyətə hazır idi.

Şah həyətə  girdi. Şeyx Mərdan, baş axund Bərxudar onu məscidin qapısında qarşıladılar. Birinci sırada özləriylə yanaşı yer göstərdilər. Namaz başlandı və başa çatdı. Şeyx Mərdan ayağa durub üzünü dindarlara tutdu:

– Ey dindarlar, cümə namazımıza yeni şahımız Göyverən Şah təşrif buyurub. Əminik ki, hər cümə namazında onu aramızda görəcəyik. Həqq dövlətinin bayrağıyla bərabər İslamın bayrağını  da uca tutacağına əminik. Bunu o, mübarək cümə günündə bura təşrif buyurmağıyla sübut etdi. Əgər qibleyi-aləmin dindarlarımıza sözü varsa, buyursun.

Göyverən Şah ayağa durdu. Hörmət əlaməti olaraq din xadimləri də ayağa durub, onun bərabərində, üzü dindarlara tərəf dayandılar.

– Ey gözüylə görənlər! – deyə şah başını ali din xadimlərinə çevirib çıxışına başladı. Şeyx, axund, din xadimləri anlaşılmazlıqla bir-birinə baxdılar. Məscidin içində və həyətində olan dindarlar içində bir təlaş hiss olunmağa başladı. Mühafizlərin əli qılıncların qəbzəsinə uzandı. Göyverən Şah isə özünü sındırmadan müraciətini uca səslə bir daha təkrar etdi, – Ey gözüylə görənlər!

Bu dəfə təlaş açıq-aydın hiss olundu, dindarlardan bəziləri ayağa qalxdılar. Məscidin içində olan mühafizlər də durub, hazır vəziyyətdə dayandılar. Şeyx Mərdan əlini havaya qaldırıb nəsə işarə vermək istəyirdi ki, şah sözünə davam etdi:

– Ey gözüylə görənlər  – Məkkəni və digər müqəddəs ocaqlarımızı. İlk olaraq sizi salamlayıram.

Şeyxin əli qeyri-ixtiyari aşağı düşdü. Ali din xadimləri çaş-baş qalaraq bir-birinə baxdılar. Dindarlar da bilmirdilər nə etsinlər. Onlara şahın bu cür təhqiramiz  müraciəti və arxasını  başqa cür gətirməyi çatmırdı. Təhqirlə təqdirin, istiylə soyuğun arasında qalmışdılar.

– Ay camaat, şeyx həzrətləri məni qibleyi-aləm adlandırdı. Amma dini qanunlara görə bütün müsəlmanların qibləsi Məkkədə yerləşən müqəddəs Kəbənin səmtidir. Bunu şeyximiz də, axundumuz da, din xadimləri də, adi mollalar, dindarlarımız da bilir. Bəs görəsən şeyximiz niyə belə səhvə yol verdi? Xeyr, bu səhv deyildi. Çünki əsrlər boyu “Göydə Allah, yerdə şahımız” deyiblər. Şah da xalqı üçün bir qiblə olub. O hara baxıbsa, xalq da ora baxıb. Şah hara çevrilibsə, xalq da ora çevrilib. Şah nə deyibsə, xalq da ona qulaq asıb. Bu xalq olmasa şah kimə şahlıq edəcək, hə? Əgər burda xalq yığışmasa, şeyx, axund kimə moizə, xütbə oxuyarlar? Xalq olmasa saray, əyanlar kimə lazımdır? Ən nəhayət, xalq olmasa və məscidə nəzir, xüms, zəkat, fitrə ödəməsə, din xadimləri necə yaşaya bilərlər? Nə yeyərlər? Nə geyərlər?

Məscidə lal sükut çökmüşdü. Şah sözünə davam etdi:

– Niyə çaşdınız mən “ey gözüylə görənlər” ifadəsini işlədəndə? Şeyx həzrətləri, niyə əliniz yuxarı getdi? Şahını sevən dindarlara öz şahlarını linç etdirməkmi istəyirdiniz? Müqəddəs yerləri necə görmüşdünüz? Gözünüzlə, eləmi? Bəlkə yalan deyirəm? Siz düzünü deyin. Yalan deyirəmsə, dindarlara da izah edin!

– Düz deyirsiniz, şahım! – deyə birinci şeyx Mərdan dilləndi, – Ayağımızla getmişik, gözümüzlə görmüşük.

– Bəli, bəli, şeyx həzrətləri düzgün buyurur, – deyə axund Bərxudar və digər din xadimləri də şeyx Mərdanın səsinə səs verdilər.

– Məni savadsızlıqda günahlandırmısınız. Guya ki, “vələduzna” yerinə “validuzna” yazdığıma görə. Birincisi, mən elə validuznalar haqqında fərman vermişəm. Savadsız da o kəsdir ki, “validuzna” sözünün mənasını bilmir. Ey din xadimləri, o ki, qaldı mənasını bildiyiniz  vələduznalara... bu günə qədər neçə vələduzna-bic və bic anası edam olunub?

– Heç bir nəfər də edam olunmayıb. Şikayət daxil olmayıb, ona görə, – deyə şeyx Mərdan cavab verdi.

– Çünki tərbiyəsiz qadının başının üstünü kişilər həmən alırlar. Başını keçəl qırxırlar, camaatın gözü qabağında başını kəsirlər, daş-qalaq edirlər... Özləri isə siğəni siğə dalıyca elətdirirlər. Özü də sizlərə elətdirirlər. Budurmu sizin şəriət qanunlarının kəsəri? Amma bundan sonra elə olmayacaq. Biclər doğulmalı, bundan sonra edam edilməlidirlər. Ona görə də bu gündən cəzalandırılmaqla bağlı dini qanunları dövlət qanunlarına şamil edirəm. Edam cəzalarını da yalnız özüm verəcəyəm. İcrasını da mərkəzi meydanda – camaatın gözü qabağında həyata keçirəcəyəm. O cümlədən vələduznaların da, validuznaların da...

– Hökm sizindir, şahım, – deyə din xadimləri razılıq əlaməti olaraq başlarını tərpətdilər.

– Saray əyanları əsrlər boyu sizin əlinizdən Qurani-Kərimi alıb, öpüb, gözlərinin üstünə qoyub, and içib və öz hakimiyyətlərini sürüblər. Sonra da xalqın qanını sorub, onun hesabına varlanıb, kef çəkiblər. Bir dəfə siz şeyx, siz axund və digərləriniz onları cümə namazında biabır etmisinizmi?

– Xeyr, şahım, – deyə şeyx Mərdan cavab verdi.

– Bəs onda əyanların xalqın qarşısında diz çöküb, onlar qarşısında and və ya anda içməkləri niyə acığınıza gəlib? Xalqın qarşısında and içiblər, andlarını pozsalar xalqın qarşısında da edam ediləcəklər. Onları xalq cəzalandıracaq. Mənə irad tutmusunuz ki, özümə Allahın elçisi demişəm. Xeyr, düz deməmişəm. Allahın yerə göndərdiyi elçilər, indi hamısı Allahın dərgahındadırlar. Mən Allahın elçisi deyiləm. Mən Allahın əksiyəm.

– Ya şeyx, axı mən bildiyim qədər, şah Allahın yerdəki kölgəsidir. Belə eşitmişəm, – deyə axund Bərxudar şeyx Mərdanın qulağına astaca pıçıldadı.

– Ay Bərxudar, əşşi, nə fərqi var? İkisi də mövcud olmayan bir şeydir –  əks də, kölgə də... Allahı görmüşük ki, hələ bir kölgəsini də sezək? Qulaq as. Görək daha nə deyir bu uşaq.

– Rəiyyətim göydə Allahı, yerdə məni bilib saraya pənah gətirir. Qibleyi-aləminiz mənəm və hamınız mənə tabesiniz. Mühafiz və əsgərlərdən başqa hamı məni görəndə qarşımda baş əyməlidir. O cümlədən siz ali din xadimləri də...

– Biz yalnız Allaha itaət edirik, ondan qorxuruq, ona baş əyirik!

Şeyx Mərdanın bu sözləri yenidən kütləni həyacanlandırmağa başladı. Göyverən Şah onun sözünü kəsdi:

– Mən razı. Bu camaata da nümayiş elə baş əyməyini. Baş əy, mən də, bu camaat da baxıb öyrənsin.

Şeyx, axund, digər din xadimləri diz çöküb başlarını göyə qaldırıb əllərini açıb yuxarı uzatdılar:

– Xudaya, yalvarırıq sənə, özün keç şahımızın günahından.

– Camaat, gördünüz bunların baş əyməyini? Əksinə başlarını dikəldib yuxarı baxdılar. Əllərini də açdılar ki, bəlkə Allah onlara nəsə bir şey göndərsin ruzu olaraq. Amma bunlar gələndə, siz baş əyirsiniz, təzim edirsiniz. Əlbəttə ki, hörmət əlaməti olaraq. Amma onlar Allahın yerdəki əksi olan şahları qarşısında baş əyməyi özlərinə əskiklik bilirlər. Dalıyca hədyanlar danışırlar. Məni sizin yanınızda hörmətdən salmağa çalışırlar.

Göyverən Şahın sözündən sonra şeyx dodağının altında “Vəkil Fərman, Allah sənə lənət eləsin” deyə mızıldandı. Əllərini sinəsində çarpazlaşdırıb, şaha təzim elədi. Nə qədər asta desə də şah onun sözlərini eşitdi. Digər ali din xadimləri də şeyxə baxıb şahın qarşısında baş əydilər.

– Növbəti cümə görüşənədək, – deyib Göyverən Şah məsciddən çıxdı. Atına minərək mühafizlərin müşayiətiylə saraya tərəf yol aldı.

 

***

 

Saray. Baş vəzir və əyanlar şahın qarşısında dayanıblar. Şah qəzəblidir. Onları bir-bir süzür.

– İkinci vəzirim Göyverən Qüdrət.

– Bəli, şahım.

– Məmləkətdə işlər necə gedir? Nə yenilik var? Nəsə həmişə baş vəzir Qurbanı qabağa verirsiniz. Özünüzsə bir kəlmə də danışmırsınız.

– Hər şey qaydasındadır, şahım. Sayənizdə yaxşı dolanırıq.

– Yaxşı?! – deyə şah qeyzləndi.

– Üzr istəyirəm, şahım.  Dilimdən çıxdı. “Əla” demək istəyirdim.

– Oğul-uşaqdan nəyin var?

– Şahım, üzr istəyirəm, beş arvadım var, on uşağım. Onlardan biri oğlandır. On iki yaşı var.

– Evin də yəqin ki, böyük olar.

– Bəli, şahım. Malikanəm, qulluqçu, kənizlərim də çoxdur. Qapıma da nə qədər yetim-yesir gəlirsə, heç birini naəlac yola salmıram.

Qüdrəti şahın  bu cür xoş, məhrəm dindirməyi digər əyanları narahat etməyə başladı. Xüsusilə də baş vəziri. Hətta qısqanclıq hissi də yaranmağa başladı.

– Deməli sən həm də yetim-yesirin, kasıb-kusubun adamısan.

– Bəli, şahım.

– Xub, xub...

O gecə ikinci vəzirin “bu göyvərən şah bizdə pul qoydu ki, hələ kasıb-kusuba da paylayaq?” sözləri şahın qulağında əks-səda verdi. Amma  hirsini boğdu.

– Göyverən Qüdrət, bilirsən də... vergiləri iki dəfə qaldırmışam.

– Bəli, şahım. Fərmanınızla tanışam.

– Bəs sən xəzinəyə nə qədər vergi ödəyirsən?

– Şahım, səxavətinizlə biz saray əyanları bütün vergilərdən azadıq. Əksinə yığılan vergilərdən bizə məvacib yazılır, xərclərimiz ödənilir.

– Vergidən azadsınız? Xəzinənin puluna beş arvad, kəniz, qulluqçu saxlayırsınız? Siz belə qudurmusunuz? Baş xəzinədar Hətəm, saray əyanlarının haqqını ikiqat azalt! Başqa yerdən nə gəlirləri varsa onlardan da vergi tutub, xəzinəyə yatır!

– Şahım, nə gəlir, nə filan, – deyə Qüdrət şahın qabağında diz çökdü, – gəlirimiz yalnız sizin kəsdiyiniz haqdır. Vəssalam-şüttamam. Buna da güclə dolanırıq.

– Hə?! Mülkləri o pula almısan? İqamətgahını o məvaciblə tikmisən? Hətəm, əyanların haqqını daha iki dəfə də azalt! Baş vəzir Göyverən Qurban!

– Bəli, şahım.

– Göyverən Qüdrət bu gündən ikinci vəzir deyil! Fərmanı hazırla, hamıya elan et!

– Başüstə, şahım.

– Baş mühafiz Aslan, Göyverən Qüdrətin evində, mülklərində axtarış apar. İndiki məvacibinin dörd mislindən artıq nə çıxsa, xəzinəyə təhvil ver. Ata-baba evini saxlamaqla mülklərini xəzinənin nəfinə müsadirə et!

– Başüstə, şahım.

Bunu deyən kimi, iki mühafiz Göyverən Qüdrətin qoluna girib sürüyərək saraydan çıxartdılar. Baş vəzirin, əyanların rəngi ağardı. Göyverən Şahın hirsi isə hələ soyumamışdı.

– Vəkil Göyverən Fərman.

– Bəli, şahım, – deyə ayaq üstə ölən Fərman titrəyə-titrəyə cavab verdi.

– Sənin oğul-uşaqdan nəyin var? Sənin də arvadın çoxdur?

– Şah sağ olsun, üzr istəyirəm, məndə azdır. Dörd arvadım var. Bir oğlum, beş qızım.

– Oğlunun neçə yaşı var?

– Şah sağ olsun,  on üç yaşı var. Mülküm...

– Onu soruşmuram. Göyverən Fərman, heç ömründə zina etmisənmi?

– Xeyr, şahım.

– Bəs sənə qarşı necə – zina ediblərmi?

– Xeyr, şahım. Olsaydı, şəriət məhkəməsinə müraciət edərdim.

– Hə?! Deməli xəbərin yoxdur. Qurban Göyverən, sən necə, zina etmisənmi?

– Xeyr, şahım.

– Bəs hansısa cinayət, qətl törətmisənmi?

– Belə hallar olub. Amma, şahın verdiyi tapşırığı canla-başla yerinə yetirməyi cinayət yox, şərəf saymışam. Hamısını da bircə-bircə saya bilərəm. Yalnız birindən başqa. Onu sirr kimi bu vaxta qədər qoruyub saxlamışam.  Qəbr evinə də özümlə aparacağam.

Göyverən Şah fikrə getdi: deməli, yeganə sirr. Baş vəzir ona söz atır. Yaxşı, Qurban!

– Çox gözəl, çox gözəl. Mən əyanlarımı belə də bilirdim. Saray öz tərbiyəsi, ağzıbütövlüyü ilə bütün məmləkətə nümunə olmalıdır.

Baş vəzirin qorxudan rəngi ağarmışdı.  Saray əyanlarının üzündəki təlaş da aydın görünürdü. İllərlə dövləti idarə edənlər iyirmi bir yaşlı şahın suallarından heç nə anlaya bilmirdilər. Qüdrəti şah niyə bu günə saldı, onlara görk olmaq üçünmü? Yəqin danışdıqlarını kimsə gedib çatdırıb şaha. Aralarında xəbərçi var. Vəkil Fərman da bilmirdi nə etsin. Ömründə onunla belə sorğu-sual etməmişdilər. Əyanlar hamısı ümidli baxışlarını baş vəzirə dikmişdilər. Baş vəzir arxayın idi. Çünki bütün əyanlara susmağı, dinməzcə itaət etməyi tapşırmışdı. Amma Qüdrətin və Fərmanın hərəkətlərindən xəbəri yox idi.

– Baş vəzir, məmləkətdə nə var, nə yox? – deyə şah sükutu pozaraq soruşdu.

– Şahım, hər şey qaydasındadır. Məmurların başı vergi yığmağa qarışıb. Əmrinizi canla-başla yerinə yetirirlər. Xəzinə də dolmağa başlayıb. Amma camaatın vəziyyəti bir balaca pisləşib.

– Təbiidir, baş vəzir, dövlətin güclənməsi üçün camaat qənaət etməlidir. O cümlədən siz də. Hərəmləri necə, axtarırsan?

– Axtarıram, şahım. Bütün məmləkətə çaparlar göndərmişəm.

– Çapar göndərmisən? – deyə şah gülümsündü.

– Bəli, şahım.

– Bəlkə paytaxtdadırlar – elə qulağımızın dibində? – deyə şah qımışdı. Baş vəzir və əyanlar bir az da təlaşlandılar, – Yaxşı, gedə bilərsiniz.

Əyanlar otaqdan çıxırlar. Şah üzünü baş mühafizə tutub:

– Aslan, sənə söz demişdim, nə oldu? Barəngahı soruşuram.

– Adamlarıma demişəm, axtarırlar. Hələ ki, bir xəbər yoxdur.

– Axtar, Aslan, axtar. Barəngah mənə çox lazımdır.

 

***

 

Axşam düşür. Azan səsləri şəhəri bürüyür. Sonuncu karvan qafilələri qalaya daxil olmağa başlayır. Sahibsiz itlər hürə-hürə onları qala qapısınacan ötürürlər. Şah eyvandan şəhərə baxır. Damların bacasından tüstü çıxır. Gülüş, mahnı, nərdtaxtanın səsi... aləmi götürür. Şəhər yaşayır. Göyverən Şah öz-özünə düşünür: mən burda, ən yüksək zirvədə olan sarayımda. Ayağımın altında da bu boyda şəhər. Özüm də şah. Belə çıxır ki, bunları mən idarə edirəm? Bunlara mənmi əmr edirəm ki, çay iç, nərd oyna, siğə oxuyub kef elə, torpağı becər, ölünə yas saxla, toy çaldır? Yox. Deməli, bunları idarə edən gözə görünməz qüvvə var. Onda mən kimə lazımam? Onda niyə mənə vergi ödəməlidirlər? Qoşun saxlamaq üçünmü? Düşmən hücum edəndə onsuz da qoşun çatışmır. Camaat səfərbər olunur. Ondansa silah anbarı yaradım. Kimsə hücum edəndə silahı xalqa paylayım, qorusunlar dövləti, həm də özlərini. Amma, bu xalqın da qorumalı nəyisə olmalıdır ki, düşmənin qabağına çıxsın da... Əyanlar varlı olsalar da hamıdan birinci qaçıb gizlənirlər. Eşitməmisənmi ki, gəmini birinci siçovullar tərk edir – qızıl hərisi kimi tanınan siçovullar? Bir də ki, əgər mən yaxşı şahamsa, niyə qonşumu düşmən etməliyəm? Elə siyasət qurmalıyam ki, qonşularımı – güclü ya gücsüz –  asılı vəziyyətdə saxlayım, zəif yerlərini bilim. Əvvəllər elə bilirdim ki, yaman çətin şeymiş dövləti idarə etmək. Amma indi baxıram ki, çox asandır. Camaat biri-birini idarə edir. Sadəcə imkan yaratmalısan. Bəs onda niyə vergiləri qaldırdım? Sarayımı qorumaq üçünmü? Yəni, qırx əyandan belə qorxub mühafizləri, qoşunu artırmağa dəyərdimi? Belə qorxursansa edam elətdir, getsin. Onsuz da hamısının axırına çıxacaqsan bir-bir. Yox, onda sarayı da  gərək ləğv edim. Bir şahla saray nəyə gərəkdir ki? Əksinə, sarayı böyütməliyəm, hərəmxana yaratmalıyam. Xalqın da canı çıxsın vergiləri ödəsin. Mən onların yox, onlar mənim rəiyyətimdir! Bəs Qüdrət? Yox, o, dilinin badına getdi. O biri məmurların da məvacibinin kəsilməsinə səbəb oldu. Bu cəzayla ağzını bağladımmı? Birdən gedib orda-burda danışsa ki, şahımız göyvərəndir. Onda nə edəcəyəm? Gərək zindana saldıraydım.  Yox, dili kəsmək mümkün deyil, gərək boynunu vurduraydım. Yox, mən başkəsən deyiləm. Mən cəmiyyətdə bərabərlik yaratmalıyam. Hamı məndən razı qalmalıdır. Çünki mən xalqın içindən çıxmışam. Mənim məmləkətimdə nə kasıb, nə də varlı olmalıdır. Hamı bərabər olmalıdır. Hamı yaxşı yaşamalıdır.

Şah xəyalından ayılır, – Aslan! – deyə çağırır. Aslan otağa daxil olur, – Dərviş paltarını geyin. Şəhərə çıxırıq.

 

Ardı var

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır