Modern.az

Bir zamanlar Əfqanıstan - müharibə nələri dəyişdi -  VİDEO

Bir zamanlar Əfqanıstan - müharibə nələri dəyişdi -  VİDEO

Reportaj

13 May 2020, 18:40

Fasiləsiz müharibələrin, səfalət və narkoticarətin məskəni, dünyanın ən təhlükəli ölkələrindən olan Əfqanıstan.

Orada yaşayan insanların xəyalı bir gün silah səsi eşitməmək, normal həyatlarına geri dönməkdir.

Bəli normal həyatlarına... Çünki illər öncə inanılması çətin olsa da, bu ölkədə həyat öz axarında idi.

İllər ötdükcə inkişafa doğru getməyin əksinə, Əfqanıstan gerilədi...

 

Tarixə bir nəzər salaq

 

1953-cü ildə Məhəmməd Davudun "idarə olunan iqtisadiyyat" adlı mütərəqqi islahatları kral Əhmad Zahir şahın, ruhani və mülkədarların müqaviməti ilə qarşılaşdı. Güclü təqiblərə dözməyən M.Davud 1963-cü ildə istefa verməyə məcbur oldu. Onu əvəzləyən Məhəmməd Yusif 1964-cü ildə Konstitusiyanı qəbul edir. Bununla da siyasi partiyaların yaradılmasına icazə verildi, Əfqanıstan Xalq Demokratik partiyasının (ƏXDP) yaradılması Əfqanıstan Respublikasının tarixində mühüm hadisə oldu. Qapalı səsverməyə keçildi, qadınlar seçmək hüququ qazandılar.

1950-60-cı illərdə Əfqanıstanda təhsil müqəddəs hesab olunurdu. Ölkədə həmçinin qadınların təhsil almasına böyük önəm verilirdi, bu gün isə qadınların getdiyi məktəblər bombalanır.

Sosializm ideyalarına sadiq ƏXDP milli dekomratik hökumət yaratmaq niyyətində idi. Bununla paralel ölkədə İslam təməlçilərinin birləşməsi prosesi də gedirdi. Onlar isə İslam qanunlarına və dəyərlərinə əsaslanan cəmiyyət qurmaq uğrunda mübarizə aparırdılar. Eyni zamanda Əfqanıstanda yaşayan müxtəlif xalqlar arasında milli zəmində toqquşmalar baş verirdi.

Siyasi vəziyyət getdikcə mürəkkəbləşirdi.

 

Əfqanıstanda dövlət çevrilişləri

 

1973-cü il iyulun 17-də Məhəmməd Davud Əfqanıstanın son kralı Zahir şahı devirərək cümhuriyyət elan edir. Xarici siyasətdə SSRİ, Səudiyyə Ərəbistan və İranla sıx əlaqələr qurulur.

1978-ci il aprelin 27-28-də isə silahlı çevriliş nəticəsində prezident M.Davud öldürülür və Əfqanıstan Demokratik Respublikası yaradılır. ƏXDP-nın baş katibi Nur Məhəmməd Təraki dövlət başçısı, Babrək Karməl onun müavini, Hafizulla Əmin isə baş nazirin müavini və xarici işlər naziri təyin olunur.

 Sosializm cəmiyyəti qurmaq istəyən hökumət qadınlara kişilərlə bərabər hüquq verir, pulsuz ibtidai təhsilə keçilir. Din əleyhinə olan addımlar isə kütləvi etirazların başlanmasına səbəb olur. Sosialist dəyişikliklər səbəbilə mövcud rejim daxilində də vəziyyət kəskinləşir.

Nəticədə dövlət başçısı Nur Məhəmməd Təraki keçmiş müttəfiqi Hafizulla Əmin tərəfindən devrilir.

 

SSRİ-Əfqanıstan müharibəsi

 

SSRİ-nin çökməsində vacib rol oynayan müharibə 1979-89-cu illərdə baş verib. Bu müharibə həm SSRİ, həm də Əfqanıstan üçün böyük fəlakətlərin başlanğıc nöqtəsi olur.

Müharibəyə səbəb isə sovetyönümlü N.M.Tərakinin ölümündən sonra SSRİ-nin Əfqanıstandakı dayaqlarını itirmək istəməməsi idi.

10 il davam edən müharibə SSRİ-nin məğlubiyyəti ilə başa çatır. 1989-cu il fevralın 15-də son sovet əsgəri Əfqanıstanı tərk edir.

 

Əfqanıstanda vətəndaş müharibəsi

 

Əfqanıstanda sovetin geri çəkilməsilə Kabil rejimi silahlı müxalifətə qarşı mübarizə meydanında tək qalır. Vətəndaş müharibəsinin hökm sürdüyü Əfqanıstanda müharibə yenidən alovlanır.

1992-ci il aprelin 27-də müxalifət qüvvələri Kabilə daxil oldu, bir gün sonra Sibqətullah Mocaddadi paytaxta gəldi və xarici diplomatların iştirakı ilə hakimiyyəti mövcud olan rejimin vitse-prezidentindən aldı. O, Əfqanıstan İslam Dövlətinin prezidenti, eləcə də Cihad Şurasının başçısı oldu. Ölkədə İslam diktaturası quruldu. Universitetlər və bütün əyləncə müəssisələri bağlandı, bütün din əleyhinə kitablar və spirtli içkilər qadağan edildi, dövlət qurumlarında məcburi namaz tətbiq olundu, qadınların hüquqları əhəmiyyətli dərəcədə məhdudlaşdırıldı.

1994-cü ilin sonunda Rabbaninin lider kimi nüfuzu o qədər zəif idi ki, hökumətin varlığı praktiki olaraq hiss olunmurdu. Bu zaman etnik tayfalardan olan puştunların yeni bir radikal hərəkatı olan “Taliban” güclənirdi.

1996-cı ilin sentyabrında Kabilin təslim olması ilə Əfqanıstanda “Taliban” hakimiyyəti başlanır. Əfqanıstan İslam Əmirliyi adlı ölkənin qurulduğu elan edilir.

Ölkədə qadınların hüquqları daha çox tapdalanır, hətta Əfqanıstanda qadınların işləməsi belə qadağan olunur.

 

Amerika-Əfqanıstan müharibəsi

 

2001-ci il 11 sentyabrda "Əl-Qaidə" terror təşkilatının ABŞ-da törətdiyi terror hadisələrindən sonra rəsmi Vaşinqton təşkilatın lideri Üsamə bin Ladenin sığındığı “Taliban”dan onun ekstradisiyasını tələb etdi. Lakin “Taliban” rejiminin lideri Molla Ömər köhnə dostu bin Ladeni qorumağı üstün tutdu. Bununla da ABŞ antiterror əməliyyatını bəhanə edərək Əfqanıstana qoşun yeritdi.

Həmin ilin oktyabrından başlayaraq Əfqanıstan kütləvi aviasiya və raket zərbələrinə məruz qaldı, “Taliban” qüvvələri zəiflədi.

Noyabrın 13-də isə “Taliban”ın tərk etdiyi ölkə paytaxtı Kabil ələ keçirildi. Dekabrın 7-də  “Taliban”ın son “qalası” - Qəndəhar şəhəri də təslim oldu. “Taliban” hakimiyyətdən çəkildi.

2004-cü ildə ölkədə prezident seçkiləri keçirildi və Həmid Karzay ölkə başçısı seçildi. Ölkədə NATO-nun dəstəyi ilə dünyəvi hakimiyyət qurulsa da, “Taliban” hərəkatı hökumət qüvvələrinə və NATO hərbçilərinə qarşı partizan müharibəsinə başlayır. Paralel olaraq, ölkədə narkotik istehsalı ildən-ilə artır.

Hazırda “Taliban” hərəkatı hələ də böyük nüfuza malikdir və mərkəzi hakimiyyət onunla danışıqlar aparır. Bir zamanlar Asiyanın ən çiçəklənən ölkələrindən sayılan Əfqanıstan bu gün qeyri-stabil siyasi həyatı, terror aktları, səfalət, aclıq və s. ağır problemlərlə yaşayır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı