Modern.az

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media

11 Yanvar 2010, 19:59

«Media əhvalatları» rubrikasını davam etdiririk. Oxucularımızın maraqla izlədiyi rubrikamızın budəfəki qonaqları jurnalist həmkarlarımız Xətayi Əzizov, Pərvin Abbasov, Seymur Qasımbəyli və Əlişir Əhəddir.

Xətayi Əzizov, AzərTAc-ın əməkdaşı

«Alə, digan, hara qaçaceysən, onsuz da tutaciyəm səni»

- 2005-ci ilin may ayı idi. Azərbaycan İslam Partiyası rəsmi olaraq bağlanmışdı, üzvlərinin hərəsi bir yerə dağılmışdı. O vaxt Assa-İradə” İnformasiya Agentliyində işləyirdim. Rəhbərlik bu partiyanın üzvlərini tapıb müsahibə götürənə yüksək qonorar vəd etmişdi. Mən də bundan istifadə edib həmin partiyanın əməkdaşlarından birini tapıb görüşdüm.
Müsahibə günü üzüm tüklü idi, yəni tənbəllik edib qırxmadım, eləcə də görüşməyə getdim. Təzə köynəyimin də yaxalığını ütü ilə yandırmışdım. Atmağa heyifim gəldiyindən, anam yaxalığı söküb əvəzində iranlıların geyindikləri kimi «stoyka varatnik» köynək düzəltmişdi. Təsəvvür edin, ağ köynəkdə, üzüm  tüklü, əlimdə də balaca təsbeh. Çoxlarının yadında olar, bir vaxt ağ corab geyinmək də dəbdə idi. Bir sözlə, əsl iranlı görkəmində idim.
Görüşdüyüm partiya nümayəndəsi dedi ki, «səni bizimkilərin toplaşdığı yerə apararam, amma bilmirəm necə təqdim edəcəm». Dedim  «deyərsən İrandan gəlib, buradakı vəziyyəti öyrənir». Birtəhər razılaşıb Maştağa qəsəbəsinə getdik. Bizi bir evə apardılar. Buradakıların hamısı dindar idi, amma bir nəfər də olsun partiya üzvü yox idi. Nə isə, içəri keçib iranlılarsayağı salam verdim. Salamımı ehtiramla alıb yuxarı başda yer göstərdilər. Astaca həmin yerə keçdim və köynəyimin altında-qarnımın üstündə gizlətdiyim diktafonu işə saldım, sonra sorğu-sual başladı. Heç kimliyimi soruşmadılar, yalnız niyə gəldiyimi və onlara necə kömək edəcəyimi xəbər aldılar.
Mən də dedim: «Əziz qardəş və bacılərım, qulluğunuzda ərz edim ki, məni Təbrizdən göndəriblər. Məqsədimiz şimallı bacı və qardaşlarımızın vəziyyətini öyrənmək, sizlərin istəklərini bilmax və köməx göstərmaxdır. Odur ki, biz istərdux ki, siz öz istəklərinizi bizə bildirəsuz ki, biz öz işimizi biləx».
Bəlkə də bu cür danışmaq üçün nə qədər məşq etsəydim də alınmazdı. Amma bilmirəm qorxudan, ya nədəniydisə çox gözəl alınmışdı. Yataqxanada bir-iki iranlı tələbə ilə tez-tez görüşərdik, bu ləhcəni də onlardan eşitmişdim.
Bunlar çox danışdılar, hərə öz arzusunu deyirdi. İş o yerə çatmışdı ki, bəziləri partiya məsələsini, sədr Hacı Əlikramı unudub öz problemlərindən danışırdılar. Kimisi oğlunu oxumaq üçün İrana göndərmək, kimisi işləmək, kimisi də alver etmək istəyirdi. Məni bura gətirən yoldaşa baxdım. İşarət eylədik ki, çıxaq. Üzümü hacılara tutub dedim: «Əziz qardəşlərım, qulluğunuzda ərz edim ki, biz indi getməliyux, Bakidə bir sıra görüşlərimiz də var. Onları da başa vurub geri qayıtmalıyux. İnşallah yaxın vaxtlarda sizinlə bir də görüşərux».
Maşın ayırdılar və sürücüyə tapşırdılar ki, bizi şəhərə aparsın. Maşına oturanda elə bil üstümüzdən dağ götürüldü. Mənimlə gedən yoldaş dedi ki, «gördün, qardaş, bunlara başqa şey lazımdır». Artıq metronun “Əzizbəyov” stansiyasına çatırdıq. Birdən mənimlə gedən partiyanın keçmiş nümayəndəsi qayıtdı ki, «birdən gördüklərini yazarsan ha, yazma». Dedim, «ayə, uşaqsan, hamısını diktafona yazmışam». Sürücü bunu eşidib maşını saxladı və qışqıra-qışqıra üstümə gəldi: «Nə dedün, alə. Sən iranlı dögülsən begəm?».
Allaha and olsun maşından necə düşdüyümü indi də xatırlamıram. Axmağın əlindəki iri qəssab bıçağını görüb elə qaçırdım ki, heç fələk də tuta bilməzdi. Özümü bir təhər metro stansiyasına saldım. O axmaq adam da arxamca gəlirdi. Səsini eşidirdim: «Alə, digan demirəm sənə, hara qaçaceysən, onsuz da tutaceyəm səni. Sən öləsən, səni tutsam öldüreciyəm». Bəxtim onda gətirdi ki, mənə çata bilmədi.

«Ay Nizami müəllim, Xaqani yox, Xətayi»

- 1998-ci ilin prezident seçkilərinə hazırlıq dövründə prezidentliyə namizədlərlə görüşürdük. Jurnalistlərdən Tofiq Türkel, Mürtəza Bünyadlı və mən birlikdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasına getdik. Namizədlər hələ gəlib çıxmamışdılar. Dəhlizdə siqaret çəkirdik. Uşaqlardan kimsə soruşdu ki, Nizami Süleymanova səs verəcəksiniz?
Dilimi dinc saxlamadım, dedim , ay uşaqlar, Nizami müəllimə böyük hörmətim var, akademikdi, yaxşı ixtiraları var. Amma bu günədək onu inandıra bilməmişəm ki, mənim adım Xaqani yox, Xətayidir. Elə nə vaxt görür, deyir ki, «Xaqani, salam, görəsən, bunun axırı necə olacaq». Tofiq qayıtdı ki, “əgər elədirsə, burda da Xaqani deyəcək, desə qonaqlığın məndə, yox deməsə, sən qonaqlıq verəcəksən”. Razılaşdıq.
Namizədlər toplaşdılar, hər biri öz platformasından danışdı. Növbə sual-cavaba gəlib çatdı.
Mən sual verib heç oturmağa macal tapmamışdım, birinci sözə Nizami müəllim başladı: «Bilirsən, ay Xaqani, sən doğru deyirsən, amma…». Daha sözünün sonunu dinləmədim və sərt şəkildə dedim: «Ay Nizami müəllim, neçə dəfə deyərlər, Xaqani yox, Xətayi».
Uşaqlar o qədər güldülər ki, sualımın cavabı onunla da bitdi.

Pərvin Abbasov, «Lent.az» saytının müxbiri

«İngiliscə oxuya bilirəm, amma başa düşmürəm»

- Parlamentin iclaslarından birində müxalifətçi deputatlardan biri vitse-spiker Valeh Ələsgərova kitab bağışlamaq istədiyini dedi. Bildrdi ki, Valeh Ələsgərov bir neçə il əvvəl ölkənin iqtisadi vəziyyətini nümayiş etdirmək üçün yalnız makroiqtisadi göstəricilərdən istifadənin kifayət olmadığını demişdi, amma kitabda vitse-spikerin dediklərinin doğru olmadığını sübut edən faktlar var. Əlavə etdi ki, «sözügedən kitab ingiliscədir və bilirəm ki, Valeh müləlim ingilis dilini bilir. Valeh müəllim, bu kitaba baxarsız».
Spiker Oqtay Əsədov kitab təqdim edən deputata müraciətlə dedi: «Valeh müəllim həqiqətən də ingiliscəni bilir, amma mən bilmirdim ki, sən də ingiliscə bilirsən».
Fasilə vaxtı mən kitab gətirən deputata yaxınlaşıb ingilis dilini bilib-bilmədiyni soruşdum. O da «ingiliscə oxuya bilirəm e, amma başa düşmürəm» cavabını verdi…

Mətbuat konfransında «razborka»

- Keçmiş Beynəlxalq Mətbuat Mərkəzinin kiçik zalında Astaradan gələn bir qrup şəxs problemlərinin mediada işıqlandırılması üçün mətubat konfransı keçirirdi. Tədbir də saat 12-də olmalı idi. Ancaq jurnalistlər və şikayətçilər vaxtından bir neçə dəqiqə əvvəl  zalda idilər. Tədbirin başlamamasından istifadə edən jurnalist həmkarlarımızdan biri cənub zonasından olan digər həmkarımıza «sataşmağa» başladı. Saat 12-ni keçəndən sonra onun başının işləməyəcəyini bildirdi. Bir dedi, iki dedi, cənub zonasından olan həmkarımız buna gülümsəməklə cavab verdi. Birdən Astaradan gələn şikayətçilərdən biri ayağa qalxdı ki, «qaqaş, sən çaşırsan aaa… Biz də talışıq, nə demək istəyirsən ki?!».
Təsəvvür edin, mətbuat konfransı bir tərəfdə qaldı, astaralılar jurnalistin üstünə düşdülər. Onları güclə aralayıb əlbəyaxa olmalarına imkan vermədik. Amma «razborka» üçün mətbuat konfransından sonra görüş təyin etdilər. 

Seymur Qasımbəyli, «Şərq» qəzetinin müxbiri

«Eşidirəm, siz danışın»

- 2007-ci il idi. «Şərq» qəzetinin redaksiyasında telefonla siyasətçilərin birindən müsahibə alırdım. Səsi də diktafona yazırdım. Müsahibənin şirin məqamında birdən müsahibim «alo, Seymur, eşidirsən?» deyə soruşdu. Mən də cavabında «bəli, eşidirəm, siz davam edin» dedim. Bundan sonra o nitqinə davam etdi. Müsahibəni bitirəndən dərhal sonra kompüter arxasında əyləşib yazmağa başladım. Yazını tez yekunlaşdırım deyə, diktafonu çiynimin üzərinə qoyub başımla sıxmışdım və vaxt itirmədən yazırdım. Birdən diktafonda «alo, Seymur, eşidirsən?» sözlərini eşitdim. Bu an özümdən asılı olmayaraq diktafonu telefon kimi qulağıma tutub, uca səslə «eşidirəm, siz danışın» dedim. Bir də baxdım ki, redaksiyadakılar gülməkdən uğunub. Sən demə, müsahibəyə o qədər aludə olmuşam ki, onun diktafondan səsləndiyini unutmuşam.

Zəlimxan Məmmədliyə əfvlə bağlı sual

- Əfv fərmanının imzalanacağı gözlənilirdi. Mən də millət vəkili, Əfv Komissiyasının üzvü Zəlimxan Yaquba zəng vurub əfvin olub-olmayacağını soruşmaq istədim. Bu məqsədlə telefon kitabçamdan millət vəkilinin nömrəsini götürüb zəng vurdum. Zəlimxan müəllimlə xoşhal olduqdan sonra sualımı verdim. O da cavab verdi ki, əfvin verilib-verilməyəcəyi haqda məlumatı yoxdur. Əfvlə bağlı komissiyaya müraciətlərin olub-olmamasını da soruşdum. O isə cavabında bir az da əsəbi şəkildə «mən hardan bilim» dedi.
Sonra məlum oldu ki, Zəlimxan Yaquba deyil, telefon kitabçamda Zəlimxan Yaqubdan sonra ad və soyadı ilə birlikdə əlaqə koordinatlarını qeyd etdiyim Zəlimxan Məmmədliyə zəng etmişəmmiş.

Əlişir Əhəd, «tia.az» saytının rəhbəri

Beş dəqiqəlik Əflatun Amaşov

- Mətbuat Şurasının yeni yaranan vaxtlarında həmkarım Aqil Ələsgərlə Gədəbəyə toya getmişdik. Tamada ev yiyəsindən bizi necə təqdim edəcəyini soruşdu. Ev yiyəsi də jurnalist olduğumuzu dedi. Həmin vaxtlar da Mətbuat Şurasının sədri Əflatun Amaşov tez-tez telekanallara çıxırdı. Tamadaya elə gəldi ki, jurnalist deyəndə elə Əflatun Amaşov nəzərdə tutulur. Mikrafonu əlinə alıb əvvəlcə bizi Mətbuat Şurasının yaranması münasibətilə təbrik etdi və «sözü Əflatun bəyə veririk» deyib mikrafonu bizə tərəf uzatdı. Aqil özünü itirmədən məni qabağa verdi ki, «beş dəqiqəlik də olsa Mətbuat Şurasının sədri ol».

Nazirin yerinə inək şəkili

- 2005-ci il idi. Nigar Almanqızı rayona toya gedəcəyini, bunun üçün də «presspost.az» saytında informasiyaları yeniləməyimi xahiş etdi. Mən də razılaşdım. Kompüterin iş stoluna «1» və «2» kimi qeyd etdiyim şəkillər var idi. Şəkilləri iki yazı üçün nəzərdə tutmuşdum. Biri o vaxtkı xarici işlər naziri barədə idi, digəri isə türk mətbuatından inəklər barədə maraqlı informasiya idi. Mən də ədəb-ərkanla informasiyaları şəkillərlə sayta yerləşdirdim. Üstündən bir saata yaxın vaxt keçmişdi, bir də gördüm, Nigar rayondan zəng edib qışqıra-qışqıra deyir ki, «sən neynəmisən, nazirin yerinə inək şəkili vermisən, tez onu dəyiş, hamı Bakıdan mənə zəng edir».
Deməyəsən, adlarını «1» və «2» kimi qeyd etdiyim şəkillərin ünvanını səhv salmışam.   

«Qəzetçilikdən anlayışı olmayan Zakir Abas redaktorluq eşqinə düşüb»

- 1998-ci ildə əməkdar jurnalist Zakir Abbas «Məqam» qəzetini çıxarırdı. Həmin qəzetə işə düzəlmək üçün Zakir Abbasın qəbuluna getmişdim. Ordan-burdan danışandan sonra sual verdim ki, hansı sahədən yazım. Zakir müəllim də «əşi, götür prokurordan yaz, nazirdən yaz, kimdən istəyirsən yaz, lap elə götür məndən yaz. Məni tənqid elə, bu, mənim çox xoşuma gələr». 
Mən də jurnalistikaya təzə gəlmişəm, təcrübəm yox, sadəlövh vaxtlarımdı. Zakir müəllimin axırıncı cümləsindən tutdum ki, bunu tənqid etsəm, xoşuna gələcək. Tapşırığı alanda o vaxt «Yeni Müsavat» qəzetində işləyən Etibar Cəbrayıloğlunun yanına getdim. Etibar bəy də Zakir Abbası yıxıb sürüməklə guya mənə köməklik göstərdi. Məqalədə təxminən belə bir cümlə də var idi: «Qəzetçilikdən anlayışı olmayan Zakir Abbas baş redaktorluq eşqinə düşüb».
Yazını Zakir Abbasa göstərmək üçün bir gün sonra redaksiyaya getdim. Mən gedən günü də «Məqam» qəzeti Milli Məclisdə tənqid olunmuşdu.
Zakir bəy iki səhifəlik yazıya baxandan sonra üzünü mənə tutub dedi ki, «oğul, sənin yazdığın bu dəqiqə Milli Məclisdə oturanlara çox lazımdı. İmkanın varsa, yazdığını onlara da çatdır».

Hazırladı: Lalə MUSAQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi