Modern.az

İki şairin ƏHVALATI - Qabil Məmməd Rahimi necə ağlatdı...

İki şairin ƏHVALATI - Qabil Məmməd Rahimi necə ağlatdı...

15 May 2020, 22:20

"Yalan deyə bilmədim"

O zamankı әdәbi mühitimizdә çox adam Mәmmәd Rahimdәn borc alırdı – içi mәn qarışıq. Sözümdә nә mübaliğә, nә rişxәnd, nә dә ki, istehza var. Bu günah olardı. Bәli, maşın almaq fikrinә düşdüm, qaçdım Rahimin üstünә, qaraj almaq lazım oldu, gәldim Rahimin yanına, maşını әzib tökdüm, usta pulu üçün gәldim Rahimgilә. Daha nә bilim nә üçün, nә üçün...

Heç vaxt da mәni әliboş qaytarmazdı. Borc da nә borc! Tәsәvvür elәyin ki, o vaxt “Zimbala” deyilәn “Moskviç”in qiymәti 25.000 manat idi, mәnim dә cәmi 2000 manat pulum vardı. Bu sәfәr kişi özünü saxlaya bilmәdi:

– Әşşi, 23 min dә borc olar? Bir yolluq de ki, mәnә maşın al dә.

Mәlәk xanım işә qarışıb hәlә üstәlik әrini danladı da:

– Uşağı utandırma, verirsәn ver, vermirsәn vermә.

Onu da deyim ki, ömrünün sonunadәk (yalnız borc yox) mәn hәmişә Rahimdәn xeyirxahlıq, qayğıkeşlik görmüşәm.

...Günlәrin bir günü “Azәrbaycan” jurnalında Rahimin “Xәzәr sularında” adlı iri hәcmli poemasını görüb oxudum. Әsәr mәşhur dәniz neftçisi Mixail Kaveroçkinin vә onun iyirmi nәfәrdәn ibarәt briqadasının sularda faciәli surәtdә hәlak olmasından danışırdı. Ancaq necә danışırdı?! Çox
quru, solğun... Qısası: zay bir şey... Poemanı oxuduqca elә bil adamın barmaqları arasından çarhovuza iyirmi bir dәnә xırda, hamar daş sürüşüb düşürdü.

Hә, necә deyәrlәr, Qәribi burada ağlamaq tutur. Fikirlәşdim ki, Rahim müәllim mütlәq vә mütlәq poeması haqqında mәndәn vә mәhz mәndәn fikir soruşacaq... Bu qәdәr yaxşılıqların müqabilindә (hәlә borclarımın hamısını qaytarmamışdım) onun öz alәmindәki tәbii, mәntiqi qәnaәtinә görә mәn “Xәzәr sularında”nı әmәlli başlı tәriflәmәliydim...

Ay Allah, neynәyim, nә çarә qılım? Ölsәm dә tәriflәyә bilmәyәcәkdim. Pislәmәyә dә, yәni hәqiqәti demәyә dә, üzüm gәlmirdi, utanırdım.

Başladım Rahimdәn qaçmağa, mümkün qәdәr gözünә görünmәmәyә. Fәqәt, sәn saydığını say, gör fәlәk nә sayır.

Günlәrin bir günü nә üçünsә gәldim “Azәrnәşr”ә. Binayi-qәdimdәn bәdii әdәbiyyat şöbәsi ikinci mәrtәbәdәdir. Nә isә, işimi görüb qurtarıb pillәkәni enib küçәyә çıxmaq әvәzinә, elә bil şeytan mәnә buyurdu ki: “Qalx üçüncü mәrtәbәyә!”

Tәnәffüs idi. Nәşriyyat klubunun böyük zalında şıdırğı nәrd gedirdi, şaqqıltıdan qulaq tutulurdu. Rahim dә buradaydı.Başı oyuna bәrk qarışsa da, gözucu mәni gördü. Aradan çıxa bilmәzdim, işim bitmişdi. Yaxınlaşdım:

– Rahim müәllim, salam! Necәsiz?

Üzümә baxmadan (gözü oyundaydı, nәrdin ustasıydı):

– Yaxşıyam. Soora-soora.

Fasilә qurtardı, nәrd-taxtalar büküldü. Oyunçular qalxıb gedәndә mәn dә onlara qarışıb aradan çıxmaq istәdim. Qolumdan tutdu.

– Hara gedirsәn, dayan görüm?

Fağır-fağır әylәşdim.

– Hә, tәzә poemamı – “Xәzәr sularında”nı deyirәm, oxumusan?

– Bәli, oxumuşam.

– Utanma, fikrini de, bilirәm ürәyin xoş sözlә doludur, de gәlsin.

– Rahim müәllim, siz xalqımızın gözәl lirik şairisiniz (başladım şeirlәrindәn misralar, bәndlәr, parçalar demәyә).

Kişi üzümә şübhәylә baxdı:

– Keç mәtlәbә, o boyda tәzә dastandan danış.

– Rahim müәllim, siz öz bakılımsız, mәnә çox yaxşılığınız olub.

– Uzaqdan gәlmә, fikrini de, fikrini!

– Rahim müәllim, mәn indi dә sizә borcluyam, özü dә gec qaytaracağam.

– Alә, qurtar görüm, nә borc-borc salmısan...

– Rahim müәllim, әsәriniz zaydır!..

Allah haqqı, kişini elә bil ildırım vurdu:

– Nә, nә dedin?

– “Xәzәr sularında” poemanız zaydır!

– Sәn nә hәyasız adamsan (nankor demәyә deyәsәn dili gәlmәdi, utandı).

– Şillәlәyin, böyüyümsüz.

– Әşşi, sәn kimsәn?

– Mәn sizin kiçiyiniz, oxucunuz, sizә ürәkdәn yanan gәnc dostunuz. Yalan danışa bilmirәm, sizdәn tәrbiyә almışam. Soruşursunuz, hәqiqәti deyirәm. Elә bil qәlәminiz ucundan fırtınalı dәnizlә әlbәyaxada hәlak olan iyirmi bir nәfәr cәsur adam yox, iyirmi bir dәnә xırda, hamar “beşdaş” daşı düşüb suya...

– De görüm, әdәbiyyatımızın vicdanı, tәnqidçi akademik Mәmmәd Arifә inanım, yoxsa sәnә?! De görüm, akademik, yazıçı, ictimai dövlәt xadimi, Yazıçılar İttifaqının sәdri Mirzә İbrahimova inanım, yoxsa sәnә?!

– Mәnә inanın, mәnә, Rahim müәllim!

– Nöşün?

– Ona görә ki, o böyük adamlar sizә düzünü demir, sәmimi danışmır, hәmyaş olduğunuza görә sizinlә üzgöz olmaq istәmirlәr... Bir dә, bir dә ki...

– Nә bir dә ki?

– Bir dә ki, sizin xasiyyәtinizә bәlәddirlәr. Bilirlәr ki, onsuz da siz onların düz sözünә inanmayacaqdınız...

Araya qәribә, ruhi, psixoloji, lap deyәrdim ki, sәhnәlәrdә, tamaşalarda gördüyünüz sükut çökdü. Hәr ikimiz başımızı aşağı salmışdıq. Üzümә baxmadan dedi:

– Yaxşı, dur, çıx get!

...Bu әhvalatdan bir xeyli sonra yenә dә “Azәrbaycan” jurnalının növbәti nömrәlәrinin birindә Rahimin “Ögey ana” adlı tәzә poemasına rast gәldim. Öz-özümә vird elәdim: “Ya Әmirәlmöminan! Kaş ki, bu әsәri yaxşı olaydı, yanında xәcalәtliyәm, axı...”

Götürüb oxudum. Allah üzümә baxdı, әsәr hәqiqәtәn xoşuma gәldi. Poemada bütün dünyanın adәt etdiyi әzazil, zalım, paxıl ögey ana obrazı yox idi. Tamam әksinә idi. Özü dә bu yaxşı Ögey ana şairin, әsәrin şeiriyyәtindә daha tәsirli, canlı görünürdü vә tәbii ki, bir az da mәn özümü
necә deyәrlәr, xoş ovqat üstündә köklәdim.

Yazıçılar İttifaqının hәndәvәrindә gördüm Mәmmәd Rahim gәlir. Qabağına yeriyib salam verdim. Salamımı ağızucu aldı.

– Rahim müәllim, “Ögey ana” poemanızı oxudum.

– Hә, yenә gül ağzını açmaq istәyirsәn?

– Rahim müәllim, sizi tәbrik edirәm, poemanızı birnәfәsә oxudum, xoşuma gәldi – tәsirli, axıcı...

Bu sözlәrdәn sonra nә görsәm yaxşıdı?! Rahimin gözlәri dolmuş, kirpiklәri islanmışdı. Elә mәn dә kövrәlmişdim...

1987

QABİL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...