Modern.az

“Məni tanıyanların əksəriyyəti təəssüf ki, atam Akif Səmədi tanımır” – Ulucay Akif

“Məni tanıyanların əksəriyyəti təəssüf ki, atam Akif Səmədi tanımır” – Ulucay Akif

Ədəbi̇yyat

16 May 2020, 10:04

Bu günlərdə onun 25 yaşı tamam oldu. Ədəbiyyata cəmi 5-6 il əvvəl gəlsə də çox tez məşhurlaşdı. Bir çoxları düşündü ki, bu gənc Akif Səmədin oğlu olduğuna görə belə tez tanındı. Özü isə bunu inkar edir.

 

Modern.az-ın “Ədəbi şənbə”sində Ulucay Akiflə söhbətləşdik. O, karantin dövrünə düşən doğum günündən, ümumiyyətlə, karantin günlərini necə keçirməsindən, çapa hazırladığı kitabdan danışıb.

 

 

-Ulucay, bu günlərdə 25 yaşın tamam oldu. Əvvəla, səni təbrik edirəm. Keçim suala, doğum günün karantin dövrünə dəng gəldi. Kimlərlə keçirdin ad gününü?

 

 

-Çox sağ ol! Uşaqlıq illərindən dostluq etdiyim məhəllə uşaqları, yaxınlıqda qalan dostlarım gəldilər, evimdə qeyd etdik. Bir araya yığışmaq üçün yaxşı bəhanə oldu.

 

 

-Karantin dövrünü necə keçirirsən? Yeni şeirlərin, yazıların ərsəyə gəldimi bu günlərdə? Mütaliə edirsənmi?

 

 

-Hərdən əsəbləşirəm evdə qalmağa, amma ümumilikdə karantin ürəyimcədi. 3-4 gözəl şeir yazmışam bu müddətdə. Oxumaq üçün ayırdığım bir neçə kitab var idi, onları oxumuşam, hələ qalanlar da var. Kitabdan yorulanda film izləyirəm, filmdən yorulanda gitaraya keçirəm. Evdən işləyirəm deyə lap o qədər də çox vaxt qalmır. Evdə sıxılırdım deyə gəlmişəm nənəmin yanına. Nənəmlə vaxt keçirmək daha maraqlıdı.

 

 

-Şair, bir çoxları sənin ədəbi cameəyə gəlişini atan Akif Səmədlə bağlayırlar. Deyirlər ki, Akif Səmədin oğlu olmasaydı, Ulucay bu qədər məşhurlaşmazdı. Bütün bu deyilənlərə münasibətin nədir? Ümumiyyətlə, Ulucay Akifi ədəbiyyata, poeziyaya kim gətirib, kimə borcludur?

 

 

-Ümumiyyətlə, məşhurluq, şöhrət elə bir şeydi ki, onu heç kimin hesabına qazana bilməzsən, onu gərək özün qazanasan. Söhbət qalıcı şöhrətdən gedir. Məni tanıyanlar da atama görə yox, öz hesabıma tanıyır. Heç məni tanıyanların əksəriyyəti təəssüf ki, Akif Səmədi tanımır, çünki çoxu gənclərdi. Orta və yaşlı nəsil də Akif Səmədin oğlu olduğumu sonradan öyrənirlər. Əvvəl özüm də atamın adını çəkməməyə çalışırdım ki, heç kim başqa cür anlamasın, amma indi hər fürsətdə fəxrlə onun adını çəkirəm. Kim necə başa düşür düşsün, bu mənə maraqlı deyiləm. Yaxşı ki, Akif Səməd kimi sanballı bir kişinin oğluyam!

 

 

 

-Dönüb arxaya baxaq, 25 ildə nələri qoyub gəlmisən?

 

 

-25 il böyük-böyük danışmaq üçün çox az müddətdi. Allah xeyirlisini yazsın, ömür hələ irəlidədi. Bu 25 ili isə dolu-dolu yaşamışam. Kədərini də, xoşbəxtliyini də, çılğınlığını da. 25 ilin dadını lazımınca çıxarmışam. Özümü çərçivəyə salmadan...

 

 

-Atanın dostları Akif Səmədin 60 illiyində sənin kitabını nəşr edəcəklərini söylədilər. Nə oldu o kitabın axırı? Çap olundumu?

 

 

-Hə, atamın yubileyində yaxın dostu Fərman Qəhramanlı ikinci kitabımı çap etməyi öhdələrinə götürdüyünü dedi. Elə atamın bir neçə kitablarını da onlar – Fərman Qəhramanlı və Naimə Qaramanlı – öz nəşriyyatlarında çap ediblər. Sağ olsunlar, mənə də belə gözəl bir söz verdilər. Söz qüvvəsindədi, sadəcə həm mənim tənbəlliyimə, həm də karantinə görə bir az yubanır. Allah qismət etsin, gözəl bir kitab çap olunacaq.

 

 

-Son dövrlər ədəbiyyat cameəsi sönük görünür. Sanki süstlük hökm sürür. Səbəbini nədə görürsən?

 

-Ədəbiyyat cameəsində sönüklük var, düzdü, amma müşahidə etmişəm, deyəsən bu sönüklük tək ədəbiyyatda yox, bütün sahələrdə özünü büruzə verir. Səbəb isə insanların artıq hər şeydən çox tez bezməsidi. Texnologiya bizi elə hala gətirib ki, hər şeydən tez bezirik. Özümdə də bunu müşahidə edirəm. 5 səhifə kitab oxuyursan, yarımçıq qoyub keçirsən filmə, yarım saat ona baxıb çıxırsan eyvanda çay içməyə… Adicə telefonla oynayanda belə, bir az feysbukda olursan, çıxıb girirsən instaqrama, ordan da vatsapa. Yəni bir yerdə qərar tuta bilmirik. Bunu etiraf etməliyik ki, insanların kitaba marağı azalıb, bu danılmazdı. Filmlər, sosial şəbəkələr, texnoloji yeniliklər daha maraqlıdı insanlara. Yazıçılarda günah axtarmaq lazım deyil. Amma əminəm ki,insanlar axır-əvvəl texnoloqiyadan bezib kitaba qayıdacaqlar.

 

 

-Gənc həmkarlarından kimləri oxuyursan? Kimləri bəyənirsən? Hansı şairləri özündən güclü hesab edirsən?

 

-Rastıma çıxan hamını oxuyuram. Şeirləri və şairləri müqayisə etməyi sevmirəm. Hərə bir qərəz, qeyri-obyektivlik, dostbazlıq axtarır belə suallara cavab verəndə. Kimin gözəl şeirini, yazısını oxusam, özünə  yazıram, zəng edirəm, fikrimi bildirirəm. Tanıyanlar bilir ki, təkcə bu yox, bütün məsələlərdə qısqanclıq və paxıllıqdan uzaq adamam. Təki gözəl şeirlər, yazılar yazılsın, biz də oxuyaq. Fərqi nədi kim yazdı?!

 

 

-Bir çoxları hesab edir ki, Azərbaycanda şeirin gələcəyi yoxdur. Məhz buna görə də ya nəsrə keçir, ya da ölkədən gedir. Sən bu barədə nə düşünürsən?

 

 

-Nəinki şeir, elə nəsrdə də vəziyyət elədi. Ümumiyyətlə, bizdə ədəbiyyatdan düz-əməlli gəlir qazanmaq real görsənmir. Bunun da bir çox səbəbləri var ki, elə demək olar bu işin içində olan hamı da bu səbəbləri bilir. Kitab sənayesi yox səviyyəsindədi. Nəşriyyatlar öz yazarlarımızı təbliğ etməkdə maraqlı deyillər. Hansını deyəsən e, ay Tural. Danış danış qurtaran deyil ki… Heç olmasa gözəl mətnlər yazaq, sonrası bəlkə düzələr.

 

Tural Turan

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...