Modern.az

“Bütün yuxularımı Kəlbəcərdəki evimizdə görürəm” – Elməddin Nicatla şənbə söhbəti

“Bütün yuxularımı Kəlbəcərdəki evimizdə görürəm” – Elməddin Nicatla şənbə söhbəti

16 May 2020, 10:59

Şair Elməddin Nicatla bölgə ədəbiyyatından, Kəlbəcərlə bağlı xatirələrindən, eləcə də doğma rayonunun hazırda müxtəlif bölgələrimizdə yaşadılan ədəbi mühitindən danışmışıq.

 

Elməddin Nicat Modern.az-a müsahibəsində hazırda bölgələrimizdə ədəbi mühitin durumu haqqında da fikirlərini bölüşüb.

 

-Elməddin bəy, karantin rejimi yaradıcılığınıza necə təsir edib?

Yeni şeirlər, esselər yazılıbmı?

 

 

-Əvvəla, xoş gördük, dünyanın sosial izolyasiya - təbiətin, atmosferin təmiz və aydın vaxtında. Karantin rejimi bütün dünyada olduğu kimi ölkəmizdə də bir çox qayğılara və mətləblərə işıq tutdu. Ölkə rəhbərliyinin zamanında atdığı addımlar pandemiyanın yarada biləcəyi böyük fəsadların şükür ki, xalqımızdan yan keçməyini təmin etdi. Qaldı ki, bir yaradıcı insan kimi mənə də yazılarım üzərində işləmək, yeni yazılara nəfəs vermək üçün bir məqam oldu. Bir neçə yeni şeir, nə vaxtdan ürəyimin bir köşəsinə qısılıb qalan bir neçə mövzuya işıq tutmağa macal tapa bildim. Mütaliə etmək üçün bir xeyli oxunması və məni gözləyən kitabları oxuyaraq vaxtın dadını çıxarmağa vaxt tapdım.

 

 

-Azərbaycan ədəbiyyatından daha çox kimləri oxuyursunuz? Kimlərin yaradıcılığı sizi qane edir?

 

 

-Hər kəsdən fərqli olaraq, mən Azərbaycan ədəbiyyatını daima izləyir və oxuyuram. Bu karantin günlərində də sırf öz yazarlarımızı, Rüstəm Kamalın, Zamiq Abdullayevin, Rübabə Sahibin hərəsinin gözəl bir hekayəsini, Şahnaz Şahinin esselerini, Çinarə Ömrayın "Məcnunxana"sını, İradə Aytelin hekayələrini oxudum. Şeir isə hər gün və hər kəsdən oxuyuram. Mənə görə yaxşı nümunə bir udum dağ havası kimidir. Çəkirəm ciyərlərimə ruhum və könlüm bayram edir. Kimlərin yaradıcılığı məni qane edir deyərkən, özümüzdən yaşlı nəsil ədəbiyyatımızda sözünü demiş hər kəsi təqdir edir və oxuyuram. Gənclərimizdən isə, mən bu gün Vüsal Hicran, İntiqam Yaşar, Taleh Mansur, Elməddin Mətləb, Elçin Məmmədov, Əfsanə Rəvan, Emil Rasimoğlu, Fuad Cəfərli, Çinarə Ömray, Arzu Hüseyn, Aygün Sadiq, Valeh Qoca, Müşfiq Cəbi, elə siz Tural Turanı və bir neçə adını unutduğum gənclərimiz var ki, sevə-sevə oxuyur, yaradıcılıqlarından mənəvi zövq alıram.

 

 

-Hazırkı ədəbi camiədə sanki bir süstlük hökm sürür, rəngarənklik yoxdur. Sizcə səbəbi nədir?

 

 

-Bütün dövrlərdə ədəbi camiə fərqli görünüş və yanaşmaları ilə müəyyən kəsim könül adamlarının ruhu və mənəvi tələbatını ödəməkdə boz qalıb. Bu gün də həmin birrəngli susqunluğun olması mənə görə də var. Amma deməzdim rəngarənglilik yoxdur. Yeni nəfəslər, təzə yanaşmalar fərqli baxış bucaqları ədəbiyyat meydanında söz qılıncını ovxarlı və kəsərli saxlaya bilən qələmdaşlarımız var. O qeyd etdiyimiz çatışmamazlıqların səbəbi isə bir qisim "ədəbiyyat monopolist"lərinin və müəyyən ədəbi qruplaşmaların hər şeyi öz əllərində cəmləyib özlərindən sonrakılara qarşı qısqanclıqla yanaşmasıdır. Ən böyük çatışmazlıqlardan biri də sosial şəbəkələrdə "like ədəbiyyat"ı deyilən ağrılı bir qaraguruhun mövcudluğudur. Mənə görə isə ədəbiyyatın meydanı daima geniş və kimsə kimsənin yerini dar etmədiyi bir məkandır.

 

 

-Bölgələrdə yazıb-yaratmaq çətin deyil ki? Ümumiyyətlə, bölgədə yazıb-yaratmağın hansı üstün və əskik tərəfləri var?

 

 

-Bütün zamanlarda və dünyada mərkəz ədəbiyyatı deyəcək bir ədəbiyyat olmayıb. Ən gözəl ədəbi nümunələr elə bölgələrdə yaranıb. Amma müasir dünyanın qaydaları bir balaca fərqli və çevikdir. Ədəbi tədbirlərin-şeir gecələrinin, kitab təqdimatlarının, şair və yazıçılarla görüşlərin tez-tez və çox olduğu yerlərdə ədəbi düşüncə, yaradıcılıq aktivliyi daha çevik və rəngli olur. Yəni, böyük canlanma və qaynaşmanın hərəkətliliyi sürətli bir gəlişmə ortaya çıxarır. Mənə görə mərkəzdə olmanın özəlliyi budur. Bölgədə isə özxoduna, heç bir təsirin və çevikliyin toxunmadığı təbii bir ədəbiyyat yaranır. Hansı ki, bu ədəbiyyat gələcəkdə bir ölkənin ədəbi taleyini və dünyaya çıxışının ana xəttini təşkil edir. Çünki mərkəzdə baş verən modern çevikliyin içərisinə bölgə təbiiliyi qarışır və bu da millətin yeni ədəbi taleyini, özsözünü gəlişdirmiş olur.

 

 

 

-Kəlbəcərdənsiniz, hazırda Kəlbəcər ədəbi mühitinin durumunu necə qiymətləndirərdiniz?

 

 

-Bəli, bu yaxınlarda işğalının 27-ci ildönümünü şou proqramların tüğyan etdiyi televiziya kanallarının xəbər buraxılışlarında bir neçə fraqmentlə qeyd etdiyimiz Kəlbəcərdə doğulmuşam... Kəlbəcərin dünyanın ən gözəl təbiət muzeyi olduğunu tək bizlər yox , avropalı alimlər deyib. Tanrının özəl qələmiylə çizgilənmiş təbiətin qoynunda doğulan insanların da ruhu, könül dünyası rəngarəng olmalıydı. Son illərdə Azərbaycan Elimlər Akademiyasının Ədəbiyyat inistitutunda dəyərli alim İlham Məmmədlinin "Kəlbəcər ədəbi mühiti" adlı bir elmi monoqrafiyası yazıldı. Hansı ki, bəzi ədəbiyyatşünaslar- bir rayonun ədəbi mühiti ola bilərmi?- deyərək etiraz etsələr də böyük akademik Bəkir Nəbiyev öz çıxışında Kəlbəcərin digər rayonlardan fərqli olaraq ədəbi mühitinin olduğunu hər kəsin diqqətinə çatdırıb və bu monoqrafiyanın elmi şurada təsdiq edilməsini istəmişdi. Ağdabanlı Qurbandan üzü bu yana Kəlbəcərdə ədəbi mühit çox aktiv olub. Ağdabanlı Qurbanın yaratdığı "Qurban bulağı" ədəbi məclisi öz dövrünün ən qaynar ədəbi məclislərindən biri olub. Hətta Aşıq Ələsgərin həmin məclisdə dəfələrlə iştirak etməsi Kəlbəcər ədəbi mühitinin uzaq bir keçmişdən cilalanaraq bu günümüzə gəldiyinin faktlarla, sübutlarla qeyd edə bilərik. Kəlbəcər ədəbi mühiti Azərbaycan ədəbiyyatına heca şeiri üzərində çox dəyərli qələm adamları bəxş edib. Bu gün o taylı bu taylı Azərbaycanda Ağdabanlı Qurban, Qara Ələsgərov, Zal Cabbarlı, Bağban Umud, Uğurlu Salman, Zərraf, Yusif Hüseyn, Milli Daşqın, Cabir Qurbanov, Elçin Şirinov, Məmməd Aslan, Ənvər Rza, Bəhmən Vətənoğlu, Şücaət, Şamil Dəlidağ, Əyyub Yaqub Cabbarov qardaşları, İdris, Əli Qurbanov, Əli Mirzəyev, Əlqəmə, Mehdixan, Cabir Umud, Adil Cəmil, Mirsəyyaf Zamanlı, Xəqani Həbiboğlu, Nadir Məmmədli, Seyid Əli, Məhəbbət Kəlbəcərli, İsməli Dağlaroğlu, Zahid Muxtar, Elşən Əzim, Ələmdar Cabbarlı, Vüsal Hicran, Valeh Qoca, Ərəstun Kamal, Rəsul Murovdağlı, Eyvaz Əyyub və s. kəlbəcərli şairlərin şeirləri dillər əzbəridir. Kəlbəcər Azərbaycanın təbiət muzeyi olduğu kimi, ədəbiyyatımızda da öz ədəbi mühiti olan bölgələrimizdəndir.

 

 

-Kəlbəcərlə bağlı hər hansı xatirəniz qalıbmı yadınızda? Qoyub gəldiyiniz eviniz yuxularınıza girirmi?

 

 

-Kəlbəcər mənim uşaq yaddaşımda elə daş üstünə yazılan yazı kimi qalıb. Mən Kəlbəcərdən gələndə 11 yaşım var idi. Uşaq yaddaşı möhkəm olur deyirlər. Elə uşaq yaddaşıma yığdığım Kəlbəcəri yaşayıram hələ ki... Kəlbəcərlə bağlı olan xatirələrim ancaq uşaqlıq xatirələri oldu. Çünki Kəlbəcərlə birlikdə uşaqlığımı da itirdim. Mənim uşaqlığım 11 yaşımda öldü... Kəndimizə olduğum son günü belə xatırlayıram: mart ayının 28-i idi. Yaz günəşi qarı əridib evimizin qarşısından keçən çayı daşdırmışdı. O tay- bu tay gedən çay körpünün üstündə ayaqlarımı yalayıb keçirdi. Mənsə sinif yoldaşlarımla sözləşmişdim, Qaranın yurdu və Çaxmaq binəsi tərəfə gedib bənövşə, nərgiz yığacaqdıq. Evə dönəndə anam əlində nəsə tikirdi, atam kəndin mərkəzində camaatın içində idi. Az keçmədi atam gəldi gördüm anamla nəsə danışdılar və atam uca səslə dedi Qənaət rayondan gəlib deyir rayonda kimsə qalmayıb. Sabah kamaz maşınlarla əhali kənddən çıxacaq... 29 mart kəndimizdə son gün oldu...

Hə elə vaxtdan sonra yuxularım Kəlbəcərdən gələn son və tək uşaq şəklim kimi ağ qara oldu. Kəlbəcərdən sonra evimiz olmadı bütün gördüyüm yuxuları da Kəlbəcərdəki evimizdə görürəm...

Son olaraq Kəlbəcərin işğal ildönümünə yazdığım bir şeiri oxuyuram sənə...

 

Qışdan hələ çıxmayıbdı

Qar içində bu yaz ölür.

Don vurubdu bənövşəni

Kəsib şaxta, ayaz ölür.

 

Dərd könüldə taraz bitir,

Gözlərdən Kür, Araz bitir.

Addım-addım bir az bitir

Vətən hər il bir az ölür.

 

İtkiyə yaş ahu-zardı

Hər il gəlir dərdin ardı...

İldönümlər intihardı

Ağlayırıq avaz ölür.

 

 

Söhbətləşdi: Tural Turan

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır