Modern.az

Məlhəmlər məlhəmi

Məlhəmlər məlhəmi

16 May 2020, 20:50

Azad Müzəffərli

(hekayə)

      
Binanın həyətini bəşərin xoşbəxtlik himni başına götürmüşdü. Balacaların çal-çağırı hamının ruhunu oxşayırdı. İstirahət günüydü deyə uşaqların əksəriyyəti həyətdə vur-çatlasındaydılar. Dünya veclərinə deyildi. Baş-başa verən analar da öz haylarındaydılar. Çözələmədikləri nəmənə qalmamışdı. Dünyanın siyasi mənzərəsindən tutmuş adi məişət qayğılarına qədər istənilən mövzunu çoxbilmişlər təkin incələməkdəydilər. 


-      Elxan, ciciş, gəl düşək həyətə sən də qoşul məhəllə uşaqlarına oyna, mən də mağazaya dəyim, qayıdıram... Sənə oyuncaq da, meyvə şirəsi də alacam, hə, qaqaş...

        
Oyuncaq, meyvə şirəsi adını eşitcək Elxan tezcənə anasına sarı götürüldü, onu qolundan dartıb həyətə sürüklədi. Anası ciyərparasını həyətdəki qapıbir qonşularına əmanət eləyib alış-verişə yollandı.

       
Azca keçmiş anası heç Elxanın umurunda da deyildi. Başı körpələrlə oynamağa nə təhər qarışmışdısa, dünya onundu. Böyüklərin ara-sıra xəbərdarlıqlarını da əslində kimsə vecinə almırdı. Hər kəsən öz hayındaydı. Elxanın qəfil çığırtısı bu əmin-amanlığı nə təhər pozdusa, gəl-görəsən. Səsini başına atmışdı. Bərk yıxıldığından dizi əməllicə-başlı göyərmiş, əllərinin içi isə qızarmışdı. Qonşular ha əlləşsələr də, kara gəlmədi. Balaca mələrtisini kəsmək bilmirdi, əksinə. Axırda əlacsız qalıb, yuxarı mərtəbədə yaşayan qadın  həkimin dalınca götürüldülər. Xoşbəxtlikdən iş günü olmadığından o, evdəydi. Uşağa ürək-dirək verən həkim onun zədəsinə məlhəm yaxdı, əlini ovucuna alıb ehmallıca sığalladı.

-      Hə, indi mənim bu qəşəng balam yaxşı oldu, sağaldı. Bu kişidi ey, kişi qırığı, sənə qurban, görürsünüz, daha heç ağlamır da... 

      
Bayaqdan nisbətən də olsa kiriyən Elxan sanki bu kəlmələrə bəndmiş. Yenə səsi kəllə-çarxa qalxdı. Xoşbəxtlikdən bu məqamda mağazadan qayıdan anası övladının səsini tanıyaraq yüyrək özünü ona yetirdi, bağrına basdı. Xeyri olmadı, balaca bir az da səsinə güc verdi, elə bil, ətini kəsmişdilər. Çığırtısı ürəkləri dağlayırdı. Uşağın mələrtisinə özünü ona çatdıran qonşu - Xeyrəddin qoca üzünü üç yaşın içində olan körpənin anasına tutdu, göz-qaşla dizindən və əlindən öpməsinə işarə etdi. Əlacsızlıq içində çapalayan ana dərhal balasını öpüşə qərq etdi. Buna bəndmiş kimi artıq bəyirməkdən səsi kallaşan Elxan xırp çığırtısına son qoydu. Bərk-bərk anasına sarıldı. Bir daha səsi çıxmadı, elə bil, bayaqdan qışqırtısı ərşə bülənd olan bu deyildi.

     
Aradan on altı il ötmüşdü. Elxan yenə dardaydı. Düşmən gülləsinə tuş gəlmişdi. Xeyli ermənini qəhrəmancasına o dünyalıq edən igid əsgərin yarası çox ağırdı. Həkimlərin gecəli-gündüzlü səyinə baxmayaraq huşu özünə gəlmirdi ki, gəlmirdi. Hospitalda reanimasiyadaydı. Bundan xəbər tutan valideynləri qaranəfəsə özlərini yetirmişdilər. Reanimasiyaya giriş isə qadağandı. Əsgərin anası ciddi-cəhdlə baş həkimi oğlunu görməyə razı salmağa çalışırdı.

-      Biz fəxr edirik ki, oğlumuz Vətən uğrunda igidlik göstərərək bizim başımızı uca eləyib. Çox sağ olun ki, siz də əlinizdən gələni əsirgəmirsiniz...


-      Bu bizim mənəvi borcumuzdur, nə mümkündür onun həyatı uğrunda maksimum çalışırıq... Biz yaxşı anlayırıq ki, onun həyatı huşunun özünə qayıtmasından asılıdır... Ağır da olsa , mən bunu deməliyəm...


-      Var olun... Amma məni də bir ana kimi anlamağa çalışın. Reanimasiyanın girişindən də olsa onu görməyə imkan yaradın, hədsiz dərəcədə xahiş edirəm... Allah eləməsin, bəlkə də bu onunla sonuncu görüşüm olacaq... Mən, ağır yaralı da olsa,  mütləq balamı göz dolusu görmək istəyirəm...


-      Analayıram, anacan, xahiş edirəm, Siz də məni başa düşün... Qanun buna yol vermir, reanimasiyaya kimsəni buraxmağa haqqımız yoxdur...


-      Həkim, dünənə qədər o mənim gözümdə uşaq idi. İndi isə Vətənin şərəfini uca tutmuş bir döyüşçüdür, kişi oğlu kişidir... Mən məhz oğlumun bu halındakı çöhrəsini də görmək istəyirəm, heç olmasa, onu belə xatırlayaram... Buna kəskin ehtiyacım var... Söz verirəm, cınqırımı da çıxarmayacağam...

Baş həkimin daha deməyə sözü qalmadı. Əsgər anasını reanimasiyaya qədər şəxsən özü müşayiət etdi.  Tamam huşsuz halda uzanan, amma çöhrəsindən bəxtiyarlıq yağan oğlunu daş heykələ dönən ana səssiz-səmirsiz xeyli seyr etdi. Arada qanrılıb baş həkimdən oğlu ilə vidalaşmağa qiyabi icazə istədi. Bayaqdan şahidi olduqlarından özünə yer tapmayan baş həkim razılıq əlaməti olaraq ehmallıca qafasınə yellədi.

Aram addımlarla övladına yaxınlaşan ana bircə dəfə onun alnından öpdü. Balasının bu halını gözlərinə, ruhuna hopdurdu. Məğrur görkəmini sındırmadan reanimasiyadan çıxa-çıx da, atılıb-düşən tibb bacısının sevincək səsi ətrafı başına götürdü:

-      Əsgər özünə gəldi, əsgərin huşu özünə qayıtdı... Eşidirsiniz məni... O yaşayacaq, o yaşayacaq!  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır