Modern.az

\"Azərbaycanın belinin kəməri Laçında, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda qırılıb...\"

\

17 May 2020, 08:50

Yurdsuz-yuvasız şairlər sırasında onun da adı var. 28 ildir ki, Laçın deyib, Laçın eşidir. Yuxusunun yolunu, sözünün girişini öz doğma elindən, obasından salır həmişə... Şair İlham Qəhrəmanla söhbətimizin başı da, ayağı da 28 illik həsrətin qibləsi – Laçın oldu.

 

 

- İlham müəllim, siz doğulduğunuz Laçın torpağına, Laçın camaatına çox bağlı adamsınız. Bunun ən ümdə səbəbi nədir?

 

- Sizin sualınızda həm də mənim cəmiyyətdə hansı statusda görünməyimin əksi var – bu, taledi, qədərdi. Bunlar qaçılmaz olan məfhumlardı. Laçında evimiz el yolunun qırağında idi. Laçının bir çox kəndlərinin Laçın şəhərinə gəlib-gedən yolu bizim evin yanından keçirdi. Evimiz Həkəri çayının üstündəki körpünün yanında olduğu üçün atamı tanıyanlar ona Körpü Umud, mənə isə sinif  yoldaşlarım Çaylı İlham deyirdilər. Evimiz həmişə qonaq-qaralı olardı. Laçında az kənd olardı ki, o kənddən insan tanımayım.

 

Dolayısıyla mən bir qələm adamı kimi daha çox öz içimə, yaddaşıma, müşahidələrimə bağlıyam. Bəlkə də desəm inanmazsız, mən yol gedə-gedə özüm də bilmədən Laçında kiminləsə dialoqda oluram – bu adam doğma da ola bilər, uzaq birisi də, müəllim də ola bilər, bazar adamı da. Və birdən bu xəyali söhbətdən ayılıb reallığa qayıdıram. Məncə bu torpaqdan və tanıdığım insanlardan doğmalığın gətirdiyi inikasdır. Bu klassik poeziyada şairlərin dediyi təcallaya yaxın ruhi bir vəziyyətdir, bəlkə də elə özüdür.  Bəzən Laçında vaxtilə getdiyim yollarda hansı döngədə hansı daş, ağac, yolun harasında çökək olduğunu fikirləşib tapmayanda yaddaşım mənə əzab verir.

 

Yaddaşın itməsi çox ağır olur, ölüm kimidi. Yaddaşı qınamaq olmur – təkrar yoxdu axı, təzələnmə olmur. Laçında tanıdığım ağacların hər biri indi mənə qardaşım kimi gəlir. Əl vurduğum ağaclar əlimə necə təsir edibsə, onlar bir hiss kimi məni tərk etmir – tutaq ki, tut ağacının əlimə köçürdüyü hisslər, doğurduğu assosasiya ardıc ağacından tam fərqliydi və yaxud yaş otla quru ot da o sıradan. Laçın Azərbaycan cəmiyyəti, onu görməyənlər üçün tanışlıq baxımından deyək ki, Şuşadan fərqli idi. Laçının bəxti bu sarıdan da gətirmədi. Onun bütün sirrləri – gözəlliyi, sərvəti, təbiəti, dağları, mədəniyyəti, folkloru, etnoqrafiyası sərgi qaldı, xam qaldı. Yəni Laçın itkisi Şuşanı görən adamı Şuşa qədər yandırmır. Sualınıza cavab kimi başqa bir amil də görünür doğulduğum elə-obaya oğulluq borcu hissi özüm də bilmədən mənə hakim olur. Belə demək mümkünsə, hansısa qüvvə diqtə edir.

 

- Tədqiqatlarınız da Laçınla bağlıdır; Sarı Aşıq və Laçın folkloru... Bu kitablar necə yarandı?

 

-Əvvəl Sarı Aşığı deyim –Salaman Mümtazın “Azərbaycan ədəbiyyatının qaynaqları” kitabında “Aşıq Abdulla” adlı məqaləni oxuyandan sonra onun Milli kitabxanadan 1935-ci ildə Zəngəzura ekspedisiya zamanı camaatdan toplayıb tərtib etdiyi “Sarı Aşıq və boyatıları” kitabının üzünü çıxardıb səhv qurulan cinaslarını düzəldə-düzəldə kompüterə köçürürdüm. Bayatıların hər biri heyrət doğururdu. Aşıq ana dilimizin hər qatında sözə fikir yükləmiş böyük söz ustasıdır. Maraq onun günümüzə gəlib çatan irsini toplamağa çəkdi məni. Belə-belə başqa mənbələrdən də - Bəhlul Behcətin kitabından, Təbrizdə “Əxtər”də çıxan kitabından,  eləcə də M.İbrahimovun “Cənubi Azərbaycan ədəbiyyatı  antologiyası”, Musa Urudun “Zəngəzur” kitabı və başqa mənbələrdən Haqq Aşığını yığıb “Gül dəftəri” adında kitab buraxdım. Şükür kitab artıq ikinci dəfə çap edildi və nakam aşıq öz yaradıcılığıyla, ədəbi irsiylə yaradıcı aşıqlar cərgəsində layiqli yerini tutdu. O kitabın bir adı da böyüklər üçün ana dilidi. Dilimizi bilmək istəyənlər folklor kitabları içində o kitabı mütləq oxumalıdırlar.

Laçın folklorunu toplamağıma qığılcım Laçının Qorçu kəndindən bir xəstə qadının dediyi bu bayatı oldu. Bayatı belədi:

 

Ərəbəm oxumuşam,

Nə dərdi çoxumuşam.

Nə gələn var, nə gedən,

Elə bil yoxumuşam.

 

Qaçqınçılığın ilk illərinin dünyagörmüş, Laçında qonaq-qaralı olmuş insanlarda yaratdığı nisgilin ağır siqləti var bayatıda. Bu mənada bayatılar həm də bizim şeirlə yazılan tariximizdir deyə bilərik. Qadının bayatısı məni tutmuşdu. Qərar verdim ki, üzüm tutan qapılara gedəcəm. Evdə dədəm və nənəmdən qələmə aldığım xeyli ağız ədəbiyyatı nümunəsi də var idi. Başladım qapı-qapı yığmağa və bu zaman işimin mahiyyətini bilən kəslər tanıdığı başqa söz bilən adamları mənə isnad verirdilər. Beləcə Nabrandan Daşburunacan həmyerlilərimizdən topladığım “Laçın folkloru” və daha sonradan həmin kitabdan ayrılan “Laçın lətifələri” araya-ərsəyə gəldi. Əlavə edim ki, Laçın folklorunun toplanması işini passiv də olsa davam etdirirəm. Bu işdə sosial şəbəkə də əlimdən tutur.

 

- Şeirlərinizdən də yurd nisgili qırmızı xətt kimi keçir.

 

-Bu bir şair kimi özümdən asılı deyil. Deyir yurdundan sürülən ölüncə ağlar. Düşmənin Azərbaycanın, onun ordusunun sümük tutmayan vaxtından istifadə etməsi adamı yandırır. Torpaqlarımız o vaxtkı ordunun başıpozuqluğunun, nizam-intizamsızlığının, komandirlərin səriştəsizliyinin qurbanı oldu. Ən pisi odur ki, düşmən bizim torpaqlarda irəliləyəndə dünya münsifləri ona dur demirdilər, amma, biz özümüzə gəlib torpaqlarımızı azad etmək isdəyəndə hər yerdən səs-səsə verirlər. Bu gün dünyada Azərbaycan qədər ikili standartın qurbanına çevrilən başqa ölkə yoxdur. Biz o qədər güclü olmalıyıq ki, bizə qarşı olan ədalətsizliyə güc gələk. Qafqazda sülh üç xalq arasında ədalətin təntənəsindən sonra mümkün olacaq. 

 

- "Ağlama qələm eşidir" kitabınızın adında da hüzn var... İçində kədərli şeirlər var. Necə qarşılandı kitab?

 

-“Ağlama, qələm eşidir” kitabında son 4-5 ildə yazdığım şeirlər toplanıb. Bu kitab yaradıcılığımın bir mərhələsi kimi dəyərləndirilməlidir. Kitab haqda söz deməyi oxucunun  öhdəsinə buraxaq. Kitabın çapından təxminən 1-2 ay keçəndən sonra mənə həbsxanadan bir məhbus zəng etdi və xeyli müddətdir kitabın təsirindən çıxa bilmədiyini dedi. Eyni zamanda həmin ağzıbirdə məhbusların kitabı maqraqla oxuduğunu bildirdi. Ədəbiyyatşünas  alim Nərgiz Cabbarova kitaba mənim yaradıcılığımın mahiyyətini ehtiva edən başılıqla - “Xalq ruhunu özündə qoruyan şeirlər” - ön söz yazıb. O da sağ olsun. Amma düzü ədəbi aləmdə kitabın müzakirəsinin təşkilinə cəhd etmədim. Məni tanıyanlar bilir ki, belə işlərdə səriştəm yoxdu. Bir tərəfdən də o fikirdəyəm ki, kitab yazılandan sonra özü öz başını dolandırmalıdı.

 

- Son vaxtlar işğal olunan başqa rayonlara da şeirlər həsr edirsiniz. Bu silsilə davam edəcək?

 

-Bilirəm “Ağdam” şeirinə işarə edirsiz. Şair üçün Vətənin hər yeri əzizdir. Azərbaycan üçün bu əzizliyin məkanı, sərhəddi siyasi xəritəyə sığışmır. Vətəni ağsaqqal qocanın əlində gözəl muncuqlu daşları olan bir təsbehə oxşatsaq Dərbənd, Borçalı, Göyçə, Zəngəzur, Dərələyəz, Qarabağ həmin təsbehdən qopub düşən daşlar olar. Şeir yaşantıların, müşahidələrin, hardasa həm də mütaliənin qarışığının məhsuludu. Ağdam mənim Laçın-Bakı yolumun üstündə tez-tez keçib getdiyim, bəzən düşüb yorğunluğumu aldığım, bazarlıq etdiyim şəhərdi. Yəni o şəhərdə çox olmuşam. Ağdamda laçınlılar bir doğmalıq hiss edirdilər. Elə bir din-iman şəhərin bu günü gözdağıdır. Tarix həm də Ağdamla ermənilərin bizə olan nifrətini görk elədi, göstərdi. Xocalıda insanlarımızın kütləvi şəhidliyi varsa, Ağdamda quduzlaşmış düşmənin şəhərimizi şəhid etməsinin şahidi oluruq.  Şeirlərimdə Şuşanın da, Xocalının da, Qubadlının da, Şəkinin də, Nabranın da, Bərdənin də, Bakının da adları eyni sevgiylə çəkilir, elə Təbrizin, İstanbulun da. Yəni mən yaşantılarımı, içimdən keçənləri yazıram, heç vaxt şeir yazmağı planlaşdırmıram.   

 

-Əslində, Laçında daha az, Bakıda daha çox yaşamısınız. Bakıya şeiriniz varmı?

 

-Bakı məni qınamaz, konkret ad çəkməklə ona şeir yazmamışam deyə. Amma, “Bakıda qırılan ağaclara elegiya” , “Yaxşı günlərin ardınca”, “Mənzərə janrında” şeirlərim və bu səpkidə yazdığım şeirlərim elə Bakıya həsr olunub. Axı mənim ictimai-siyasi məzmunlu ağrı-acılarla dolu, qarşılaşdığım hər hansı xoşagəlməz mənzərələrə xitabən qələmə aldığım mövzuların hamısında Bakının payı və mən deyərdim ki, şəkli, siması var. Bakıda olanda ona olan sevgini elə də hiss etmirsən. Elə ki, sərhəddən kənara qədəm qoydun nə qədər doğma, əvəzsiz olduğunu və Bakı üçün necə darıxdığını hiss edirsən. O sevgili kimidir.   

 

- Sizin üçün poeziyada Vətən mövzusu nə deməkdir? Poeziya o acıları ovudur, yoxsa o dərd yazmağınıza kömək edir?

 

-Bilməmiş olmazsınız – Laçında çöldə telefon tirlərinə  qısa şəkildə “tel ağacı” deyirdilər. O telefon dirəkləri dikdə, təpədə basdırılanda üstünə bağlanmış telefon simləri əsən mehdən aramsız sızıldayar, zümzümə edərdi. Mən həmin dikdə basdırılan tel ağacıyam. Meh əsən kimi Laçının, Vətənin dərdini sızıldayıram, züm-zümə edirəm. Yəni şeir yazıram.

 

- Laçına qayıtmaq ümidiniz varmı?

 

-Təbiətdə ən ümidsiz yerdə - daşı qaldırırsan ki, altında cücərti, işığa uzanan yaşıl bitki var. Ölkənin sərhəddi onun qurşağı, belinin kəməridi. Azərbaycanın belinin kəməri Laçında, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda qırılıb. İnanırıq ki, bir gün o kəmər yerinə bağlanacaq. Ölkə rəhbəri Qarabağ məsələsində öz dəmir iradəsini həmişə nümayiş etdirir. Rəhbərin ümidverici çıxışı, xalqa da, orduya da ruh verir. Haqsız olan düşmən torpaqdan çıxmırsa, haqlı olan niyə torpağından əl çəkməlidir?!

 

Söhbət etdi: Şərif Ağayar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır