Modern.az

Ermənistan ATƏT-i nə at yerinə qoyur, nə də ki...

Ermənistan ATƏT-i nə at yerinə qoyur, nə də ki...

Analitika

18 May 2020, 08:49

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

Azərbaycan Ordusunun keçirəcəyi təlimlərlə Araik Arutunyanın Şuşada "and içmə mərasimi"nin üst-üstə düşməsi, Hərbi And içmiş Azərbaycan əsgərinin öz şücaətini göstərməsi üçün əsl şərait yaradır.

 

Ermənistan "paşası" şənbə günü keçirdiyi onlayn mətbuat konfransında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını sülh yolu ilə geri qaytarmayacağını bir daha təsdiqlədi.


O, özünün "məxməri inqilabından" sonra Qarabağ işğalının tənzimlənməsi ilə bağlı heç bir yeni sənədin təqdim olunmadığını dilə gətirərək, bununla Rusiyanın baş diplomatı Lavrovun bir qədər əvvəl açıqladığı "danışıqlar masasında mərhələli həll planı sənədi var", deməsini birbaşa rədd etdi. Bununla yanaşı, "ermənibaş" - "Ermənistan müzakirədə öz prinsiplərini və öz mövqeyini ortaya qoyub", - deyir. Yəni, o, hakimiyyətə gələndə əvvəlcə - "İrəvan danışıqlar prosesini Serj Sarkisyanın qaldığı nöqtədən davam etdirməlidirmi?", - deyə, sual verib, cavab isə: "Yox, Sarkisyandan qalan irs bizim üçün qəbuledilməzdir və bizə nəyisə pərçimləməyə cəhd etmək lazım deyil", - deyərək öz mövqeyini konkret bildirib.

Bu da o deməkdir ki, danışıqlar yolu ilə nəzərdə tutulan köhnə sənədlərin heç birini Ermənistan tərəfi qəbul etmir. Bu azmış kimi, o, Qarabağ separatçı rejiminin danışıqlarda tərəf kimi iştirakını əsas götürərək, onlar olmadan hər hansı bir sənədə imza atılmasının mümkün olmayacağını da açıq şəkildə bəyan edir. Digər tərəfdən də məsələnin həllində erməniləri dünyanın gözünə "demokratik" və ya "kardaşyan" simalı xalq kimi dürtməyə çalışan bu "ermənibaş" məsələnin tənzimlənməsi ilə bağlı gələcək planı labirintə salaraq - "Əgər hansısa variant işlənsə, onda ilk növbədə bu, Ermənistan Təhlükəsizlik şurası və Qarabağdakı separatçı rejimlə, sonra "parlamentlərlə", daha sonra isə xalqla müzakirə olunmalıdır", - deyə, təsəvvür edir.


"Hakimiyyət və ya Ermənistan baş naziri Artsax məsələsinin həllində erməni xalqının xeyirinə olmayan işə gedərmi?", sualına isə Paşinyan suala elə sualla cavab verərək - "Bu sualı siz mənə vermirsiniz, özünüzə verirsiniz. Siz, Artsax məsələsi həllinin erməni tərəfinin xeyirinə olmaması ilə razı ola bilərsinizmi?", - deyib, işğal olunmuş Azərbaycan torpaqlarını xoşluqla geri qaytarmayacaqlarının növbəti "nöqtəsini" qoydu.

Əslində geridə qalan illərdə də Ermənistan hakimiyyətinin öz xalqı qarşısında sadiqlik edərək, Azərbaycan torpaqlarını işğaldan azad etməyəcəkləri barədə verdikləri bu kimi sözlər və ya bəyanatlar heç də təəccüblü deyil. Burada daha çox təəccüblü olan odur ki, rəsmi Bakı - "Ermənistan öz aqressiv ritorikası ilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fəaliyyətinə zərbə vurur", deməklə, sanki bu ifadəni heç vaxt dəyişməyəcəyinə "sadiqlik" göstərir.

 

Maraqlıdır, əgər rəsmi Bakının bildirdiyi kimi Ermənistan danışıqlar prosesindən geri çəkilirsə və ya işğal olunmuş Dağlıq Qarabağda gümüş mədənlərinin istismarı və qiymətli metalların qanunsuz ixracını artıq ənənəyə çevribsə, o zaman nədən Azərbaycan ordusu ayağa qaldırılmır?!

 

Əslində Azərbaycan belə məqamlarda Ermənistanı ən azı sözlə təhdid edib, müharibə hədəsi ilə səksəkədə yaşamağa məcbur etmək əvəzinə, öz mahiyyətini çoxdan itirmiş ATƏT-lə güya qorxutduğunu güman edir. Ermənistan isə indiyədək ATƏT-i nə at yerinə, nə də it yerinə qoyur. Ancaq düşmən tərəfdə hər şey əksinə cərəyan edir. 

 

Baxın, Ermənistan tərəfi cəbhədə - Gədəbəydə, Goranboyda, Tərtərdə, Füzülidə, Ağdamda ara vermədən, hətta iriçaplı silahlarla belə atəş açaraq, Azərbaycan kəndlərini daim gərginlikdə saxlayırlar. Hayların hər iki cəbhədə - istər diplomatiya, istərsə də hərbdə sakit dayanmaları yoxdur. Onlar gah "şimali Artsax" deyə Gəncəbasarı hələlik sözlə "nişana" alır, gah Şəmkiri "erməni torpağı" edib bu rayonun Çardağlı kəndini özləri üçün "generallar vətəni" adlandırır, gah Naxçıvanla bağlı Qars müqaviləsinin pozulması üçün dünyaya çağrışlarını gündəmdə saxlayır, gah da Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəni öz faşist Njdelərinə, həmçinin "baba Paşinyana" tay edirlər. Bütün bunlar onu göstərir ki, ermənilər həm diplomatiya, həm də hərbi sahədə Azərbaycana qarşı davamlı olaraq yalnız hücumdadırlar.

 

Diqqət edin, erməni "paşası" yuxarıda qeyd etdiyimiz mətbuat konfransında - ön cəbhədə 23 yeni atəş nöqtəsi, 216 müasir monitorinqaparma qurğusu, gecə-gündüz görüntü cihazları yerləşdirildiyini, bundan əlavə, burada 148 döyüş mövqeyinin elektrik enerjisilə, 235-nin su, 330-nun isə günəş batareyası ilə təmin edildiyini böyük həvəslə bildirərək Qarabağı necə "müdafiə" etdiklərini nümayiş etdirir. O, bura hərbi qüvvələrində 1343 yeni avtotexnikanın 33 ədəd mühəndis texniki maşınların cəmləşdirildiyini də gizlətmir. Ən nəhayət isə ön cəbhədə müddətlə xidmət edən əsgərlərin müqavilə əsasında xidmət edənlərlə əvəzlənməsi prosesinin davam etdirilməsini də bildirdi. Yəni, artıq Azərbaycan ordusu ilə qarşı-qarşıya 18 yaşlı erməni əsgəri deyil, daha yaşlı və təcrübəli əsgərlər dayanacaq.   

 

Ancaq Azərbaycan ordusu hələ ki məşq edir. Bu durumla 18-22 mayda nəzərdə tutulan hərbi təlimi belə, Azərbaycana çox görən erməni icmalçı Naira Ayrumyan - "Azərbaycan Naxçıvanda təlim keçirir, Bakı Ermənistanı təhrik edir?" başlıqlı şərhi ilə qaragözlük edərək hələ heç nə başlamamış haray-həşir salır. Ayrumyan hətta bu təlimə görə Ermənistan müdafiə nazirliyinin - "Ermənistan, sərhəddinə və Artsaxın təmas xəttinə yaxınlaşan istənilən canlı və hərbi texniki qüvvəyə təxribat kimi baxılacaq və müvafiq ölçülər götürüləcək", - bəyanatını, narahatlıqla yazır. Azərbaycanın Ermənistan müdafiə nazirliyinə - "Azərbaycan ordusu təlimləri beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində keçirir", cavabı isə erməni tərəfi əməlli-başlı vurnuxmaya salıb. Bu üzdən də erməni mediası hərəkətə keçərək - "Təlimlər məhz cəbhə xəttində olacaq" başlıqlı həyəcandolu xəbərlər paylaşaraq  İrəvanı təcili olaraq "bu təhdidlə" bağlı öz hərbi tərəfdaşlarına məlumat verməyə çağırır. Onlar rəsmi Bakının irimiqyaslı təlim keçirməsinə nə zərurət olduğunu və ya nə məcbur etdiyini sual olaraq ortaya qoyub başına fırlanırlar. Onlar burada, hətta Donald Tranpın Respublika Günü münasibətilə Azərbaycan prezidentinə göndərdiyi təbrik məktubundan da xoflanır və bu məktubda güman etdikləri güya sətiraltı mənanı xainliklə, özlərinə sərf edən qaydada təhlil etməyə cəhd edirlər.

 

Ancaq Azərbaycan Ordusunun 18-22 mayda keçirəcəyi təlimlərlə əldədüzəltmə "dqr"-ya "prezident seçilmiş" Araik Arutunyanın "prezident" kimi 21 mayda Şuşada "and içmə mərasimi"nin üst-üstə düşməsi, Vətən uğrunda canından keçməyə hazır olan və ona hərbi And içmiş Azərbaycan əsgərinin öz şücaətini göstərməsi üçün əsl şərait yaradır. Yetər ki, əmr verilsin! Çünki Dağlıq Qarabağda  terrorçu yuvaları darmadağın edilməlidir! Onda Şuşanı "işıqlı gələcək" rəmzi adlandırıb təntənəli şəkildə "prezidentliyə" dartınan nəinki Araik Arutunyan, hətta  bütün dünya erməniləri Azərbaycan torpaqlarına bundan sonra bir daha iddia etməyəcəklərinə əbədi olaraq and içmiş olarlar. İşğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi isə Dünya azərbaycalılarının əsl təntənəsi olar! Bu, həm də ermənilərin farslarla "körpü məsələsi" qohumluğunun da nə qədər doğru olub-olmadığını tam çılpaqlığı ilə üzə çıxarmış olar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub