Modern.az

Keçmiş mətbuat katibləri hazırkı həmkarları barədə: “Əksəriyyəti tənqidə dözümsüzdür”

Keçmiş mətbuat katibləri hazırkı həmkarları barədə: “Əksəriyyəti tənqidə dözümsüzdür”

18 May 2020, 16:36

İstər dövlət qurumu, istərsə də özəl müəssisələrdə mətbuat xidməti anlayışı çox mühümdür. Çünki məhz bu sahənin əməkdaşları cəmiyyətdə təmsil etdikləri qurum haqqında pis, yaxud yaxşı fikir yaratmaq imkanına malikdirlər. Hətta uğurlu mətbuat katibinin köməyi ilə yaxşı görülməyən bir işi belə ideal formatda cəmiyyətə çatdırmaq mümkündür. Bir tərəfdən də medianın daim ehtiyac duyduğu şəxslər də mətbuat xidmətinin nümayəndələridir. Amma təəssüf ki, bəzi mətbuat katibləri “əlçatmaz zirvə” olub, standart mətn və məlumatların mediaya ötürülməsindən başqa bir iş görmür. Belə olanda da həmin şəxslər çevrilirlər qələm sahiblərinin qınaq obyektinə. Bu da nə mətbuat katibinin, nə də onun təmsil etdiyi qurumun xeyrinədir. Gec-tez operativ olmayan mətbuat katibinin sonu bəllidir, ona görə özlərini “toxunulmaz şəxs” yox, jurnalistlərin dostu kimi aparsalar daha yaxşı olar.

 

Maraqlıdır, mətbuat katiblərinin işini bir zamanlar bu sektorda çalışan şəxslər necə qiymətləndirir? Onlar hazırkı həmkarlarından razıdır?

 

Modern.az-ın əməkdaşı bu sualla bir zamanlar mətbuat katibi işləmiş şəxslərə müraciət edib:

 

 

Nəqliyyat Nazirliyinin mətbuat katibi olmuş Namiq Həsənov son dönəmlərdə təyin olunan mətbuat katiblərinin işindən razı qaldığını deyib:

 

“Mətbuat xidmətində işlədiyim müddətdən indiyə qədər keçən zaman ərzində təyin olunan mətbuat xidməti rəhbərlərinin işlərində müsbət addımlar görürəm. Yəni əvvəllər texniki baxımdan, medianın suallarına cavab vermək baxımından sıxıntılar olurdu. Amma getdikcə bu xidmət peşəkarlaşır. Dövlət qurumları da, özəl qurumlar da mətbuatda öz sözünü deyən, jurnalistlərlə işləmə bacarığı olan adamları mətbuat xidmətinə gətirirlər. Düzdür, mən özüm də vəzifədə olanda normal xidmət edə bilməmişəm. Çünki saytlar, qəzetlər, televiziylar çox, mətbuat katibi isə təkdir. Ona görə bəzən işləri çatdıra bilmirdim. Buna görə bəzən məndən küsüb-inciyənlər olurdu ki, suallarını cavablaya bilməmişəm. Bu baxımdan, mətbuat katiblərini qınaya bilmirəm. Bəzən elə olub ki, hansısa televiziya verilişinə qonaq çağırırdılar, 1 saat verilişdə olduğum vaxt ərzinə mənə nə qədər zəng gəlib cavabsız qalırdı. Amma ümumilikdə götürəndə məmur olan, ya elə jurnalist kimi işləyən şəxs dönüb mətbuat katibi olub. Son təyinatlarla çox razıyam. Məsələn, Anar Cəbrayıllı, Ceyhun Səfərov, Vaqif Aydınoğlu işininin peşəkarıdır. Əslində bu cür peşəkarlar çoxdur, adını çəkmədiklərim inciməsinlər. Təbii ki, mətbuata qapalı olan mətbuat katibləri də var. Ümid edirəm ki, bu yazını oxuduqdan sonra onlar da işlərinə düzəliş verər”.

 

 

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi olmuş Yəhya Babanlı mətbuat xidmətlərinin media ilə işləmə prinsipinin qanunvericiliyə uyğun olmadığını deyir:

 

“Ümumiyyətlə medianın özünü saflaşdırmağa ehtiyac var. Çünki mətbuat sağlam deyilsə, digər tərəfdə də sağlamlıq axtarmaq doğru olmazdı. Mətbuat xidmətlərinin işi birbaşa jurnalistlərdən aslıdır, bir də çalışdıqları qurumun rəhbərindən. Yəni rəhbərlik  medianı nə qədər ciddiyə alırsa, mətbuat xidməti də bir o qədər jurnalistlə effektiv işləyir. Əgər rəhbərlik öz işinə cavabdeh şəkildə məsuliyyət hissi daşıyırsa, mətbuat xidmətinə də sərbəstlik verəcək. Tam mənada demək istəyirəm ki, mətbuat xidmətlərinin işinə yenidən baxmaq lazımdır. Mətbuat xidmətləri jurnalistlərlə işləmə mexanizmində qanunvericilikdən gələn tələblərə cavab verə bilmirlər. Mən özüm də bu sahədə çalışmışam, demirəm ki, qüsurlarım olmayıb. Amma həmişə çalışmışam ki, mənə verilən səlahiyyət çərçivəsində işi düzgün qurum. Mətbuat xidmətlərini ciddiyə almasaq da, əslində bu sahə çox ciddi sahədir. Qurumun işinin şəffaflığının təqdim olunması məhz mətbuat xidmətindən aslıdır”.

 

 

4 ilə yaxın “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi olan Nəsimi Paşayev jurnalistlərin mətbuat xidmətlərinə yox, mətbuat xidmətlərinin jurnalistlərə ehtiyacı olduğunu deyir:

 

“Açığı konkret ad çəkərək fikir bildirmək istəmirəm. Çünki əksəriyyəti tənqidə dözümlü deyil. Demək olar həmkarlarımın çoxu ilə şəxsən tanışam. Bəzən tənqidi fikir bildirəndə küsürlər. Amma ümumi fikir bildirmək olar. İstənilən qurumun mətbuat xidməti jurnalistlər üçün əlçatan olmalıdır. Bu, birinci və dəyişilməz qaydadır. İkincisi, nədənsə elə düşünülür ki, jurnalistlərin mətbuat xidmətlərinə ehtiyacı var. Əslində isə tam tərsidir. Media qurumları mətbuat xidmətlərinin əsas köməkçiləridir. Lazım olan informasiyaları ictimaiyyətə çatdırmaq üçün jurnalistlərlə qarşılıqlı əməkdaşlıq edilməlidir. Yəni mətbuat xidməti rəhbərinin kefi istəyəndə jurnalistə müraciət etməməlidir. Bütün bunlar isə peşəkar şəkildə həyata keçirilməlidir. Hansısa maddi maraq üstün tutulmamalıdır. Qarşılıqlı peşəkar münasibət həm də hansısa qurum haqqında gedən neqativ xəbərlərin qarşısının alınmasında, operativ müdaxilə edilməsində mühüm rol oynayır. Hazırda bu prinsiplərlə fəaliyyət göstərən mətbuat xidmətləri azlıq təşkil edir. Belə insanların fəaliyyəti göz önündədir və zaman-zaman media nümayəndələri tərəfindən tənqid olunurlar. Hətta suallara cavab verməsələr belə mətbuat xidmətləri jurnalistlərin zənglərinə, elektron poçtlarına cavab verməlidirlər. Bu isə məlumatın əhəmiyyətindən asılı olaraq 7/24 də ola bilər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır