Modern.az

Bakıdakı dəhşətli yanğının 5 ili tamamlandı: 15 ölü, 50 yaralı...

Bakıdakı dəhşətli yanğının 5 ili tamamlandı: 15 ölü, 50 yaralı...

19 May 2020, 08:46

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 5 il ötür.

Modern.az-ın məlumatına görə, 2015-ci ilin 19 may 10:30-da qeydə alınan həmin yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər isə xəsarət alıb.

Yanğının başlamasına səbəb kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilib.

Baş verən yanğın faktı ilə bağlı Prezident tərəfindən Dövlət Komissiyası yaradılıb. 20 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hadisə yerini ziyarət edib. Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Cinayət Məcəlləsinin 3 maddəsi əsas götürülüb. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb.

 2015-ci il il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Onlar Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilmişdilər.

2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrlik etdiyi heyət təqsirləndirilən şəxslərə hökm oxumuşdu.

Təqsirləndirilən, "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov 3 il rəhbər vəzifə tutmaq hüuqundan məhrum edilməklə 8 il illik azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilənlər - Uğur Bəşirov 5 il, Qəzənfər  Novruzov 4 il, Ədalət Rəcəbov 4 il, Nizami Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmə Ağacavad Məmmədov və Akif Əlibəyova şərti cəza müəyyən edib.

Yanğın nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat verilib. Bundan əlavə, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım ödənilib.

Binanın təmiri üçün dövlət büdcəsindən 3 milyon manat ayrılıb.

Ümumilikdə isə yuxarıda göstərilən xərclərin ödənilməsi üçün Azərbaycanın 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə cəmi 5 milyon manat vəsait təqdim edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı