Modern.az

Azərbaycan vətəndaşları Türkiyədə 90 gün vizasız qala biləcəklər - SAZİŞ

Azərbaycan vətəndaşları Türkiyədə 90 gün vizasız qala biləcəklər - SAZİŞ

20 May 2020, 14:57

Bu gün parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda 7 məsələyə baxılıb.

 

Komitə sədri Səməd Seyidov gündəlikdəki qanun layihələrini şərh edib.

Öncə bu il fevralın 25-də Azərbaycan və Türkiyə hökumətləri arasında Bakıda imzalanmış Sazişlər və Əlavə Protokol barədə məlumat verilib. Bildirilib ki, bu sənədlər Azərbaycan-Türkiyə əlaqələrinin yeni mərhələyə yüksəlməsi üçün çox vacibdir. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” ölkəmizin iqtisadi maraqlarına uyğundur.

 

Qeyd olunub ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Saziş vacib və əhəmiyyətli məsələləri əhatə edir. Belə ki, bu sənəd ölkələrimiz arasında dostluq və əməkdaşlığı möhkəmləndirməklə yanaşı, Azərbaycan və Türkiyə vətəndaşlarının səfərlərini də asanlaşdıracaq. Saziş hər iki tərəfin etibarlı pasport sahiblərinə şamil ediləcək. Yəni tərəflərin vətəndaşlarına məxsus pasportların ölkəyə giriş tarixindən etibarən ən azı 6 ay etibarlılıq müddəti olmalıdır və qonşu ölkədə vizasız maksimum qalma müddəti 90 gün nəzərdə tutulur.

 

Komitə üzvlərinə məlumat verildi ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin məramı uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirməkdir.

Nəzərə çatdırıldı ki, 2013-cü ilin 13 noyabrında Ankarada imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”də 2020-ci ilin 25 fevralında zəruri dəyişikliklər edilib. Müasir çağırışlardan irəli gələn həmin dəyişikliklərə dair Bakıda imzalanmış Əlavə Protokoldakı müddəalar mühüm əhəmiyyətə malikdir.

 

Sonra Səməd Seyidov Azərbaycan və Türkmənistan hökumətləri arasında bu il martın 11-də Bakıda imzalanmış sənədlər barədə məlumat verdi. Bildirdi ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Saziş ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərini daha da inkişaf etdirmək, qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin fəaliyyəti üçün əlverişli şərait yaratmaq məramına xidmət edir.

 

Komitədə baxılan Azərbaycanla Türkiyə və Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair Sazişlərin və Protokolların təsdiq edilməsi barədə qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir