Modern.az

Şuşadakı “andiçmə” şousu Paşinyanın nəyinə lazımdır? - TƏHLİL  

Şuşadakı “andiçmə” şousu Paşinyanın nəyinə lazımdır? - TƏHLİL  

20 May 2020, 23:10

Ermənistanın hərbi-siyasi rəhbərliyi 1994-cü ilin mayında hərbi əməliyyatları müvəqqəti dayandıran Bişkek protokollarının imzalandığı tarixdən Qarabağın müstəqil subyekt kimi danışıqlar prosesində iştirak etməsinə, beynəlxalq aləmin onu münaqişə tərəfi kimi tanımasına çalışırdı.

 

Bununla bağlı Dağlıq Qarabağ üçün özünəməxsus “gerb”, “bayraq”, "himn”, “dövlət stukturları” və s. formalaşdırmağa başladılar. Müstəqil dövlət imici formalaşdırmağa hesablanmış, amma reallıqda klounadanı xatırladan bu miskin imitasiyanın əsas elementlərindən biri də qondarma Dağlıq Qarabağ respublikasının prezidentinin “andiçmə” mərasimidir.

Sırf daxili effektə hesablanmış bu şou beynəlxalq aləmdə heç bir diqqət və maraq görmür. Düzdür, zaman-zaman erməni diasporunun elektorat dəstəyindən, məhdud, merkantil siyasi ambisuyalar xatirinə erməni konyakının qoxusu ilə bəzi xarici siyasətçilər Dağlı Qarabağa səfərlər edir.

 

Onlar arasında ən “parlaq simalar” kimi Fransa parlamentinin deputatı Valeri Buaye, Nikol Paşinyanın 2018-ci ildə Ermənistan vətəndaşlığı verdiyi eks-deputat Fransua Roşbluan, son Qarabağ səfərindən sonra rəsmi Bakının sərt reaksiyasından səksəkəyə düşən Rusiya Dumasının deputatı Konstantin Zatulin, Avropa parlamentinin eks-deputatı Eleni Teoxarus, Lüksemburqlu qeyri-ciddi siyasətçi Frenk Engel, ABŞ Konqresində heç bir real təsir imaknı olmayan konqresmen Frenk Pallone, Ed Roys, korrupsiyada ittiham olunaraq siyasi reputasiyasını ciddi zədələyən senator Bob Menendes və başqaları daxildir.

 

Adlarını çəkdiklərimizin Dağlıq Qarabağa çoxsaylı səfərləri, münaqişə barədə ermənipərəst, cəfəng fikirləri, öz ölkələrinin siyasi arenalarında obyektivlikdən uzaq çıxışları, Dağlıq Qarabağın beynəlxalq aləmdə tanınma yolunda irəliləməsi təəssüratı yaratsa da, əslində reallıq tam başqadır.

Sadalanan və Qarabağa gələn daha kiçik kalibrli digər xarici siyasətçilər ümumi mənzərədə magrinal bir qrup təşkil edir. Onların öz ölkələrində ciddi, təşkilatlanmış lobbi olduğunu, yaxud ölkələrinin siyasi orientasiyasının müəyyən edilməsində söz sahibi olduğunu düşünmək absurddur.

Məsələn, Fransua Roşbluan 2013-cü il martın 19-da yaradılan “Fransa-Dağlıq Qarabağ dostluq klubu”nun sədri olub. Yaradıldığı il 11 siyasətçinin üzvü olduğu həmin klub bu illər ərzində qondarma rejimin leqitimləşdirilməsi ilə bağlı heç bir real addım ata bilməyib. Analoji məqsədlərlə 2019-cu ilin sentyabrında yaradılmış “Qarabağın Avstraliyalı dostları”, 2013-cü il fevralın 26-da yaradılmış “Litva parlamentinin Dağlıq Qarabağla dostluq qrupu”, 2014-cü il oktyabrın 15-də yaradılmış “Avropa parlamenti-Dağlıq Qarabağ dostluq qrupu”, 2017-ci il oktyabrın 18-də yaradılmış Belçkikanın Flamand bölgəsinin yerli parlamentinin Qarabağ separatçıları ilə dostluq klubu və 2019-cu il martın 19-da Kanada nümayəndələr palatasında “Dağlıq Qarabağ xalqının parlament dostları” kimi qruplar pafosa, xarici görüntüyə xidmət edir.

Ötən illər ərzində bu qruplar, erməni diasporu və ermənipərəst siyasətçilər heç bir real fəaliyyət göstərə bilməmişdilər. Ermənistanın xarici siyasətdəki əsas fəaliyyət istiqamətlərindən biri olan Dağlıq Qarabağ rejiminin hüquq və siyasi legitimləşdirilməsi hədəfi ötən 26 ildə demək olar ki, tam iflasa uğrayıb.

Əksinə, son illər Azərbaycan diasporu Avropa siyasətinə, mətbuatına Qarabağ münaqişəsi barədə alternativsiz mənbə kimi təqdim edilən erməni yalanlarına qarşı uğurlu mübarizə aparır, bölgədəki reallıq barədə onlara yeni məlumatlar verir.  

 

Azərbaycanın ildən-ilə artan diplomatik nüfuzu, diaspor fəallığı, beynəlxalq arenada dostlarının artması Nikol Paşinyan hakimiyyətinə Dağlıq Qarabağı danışıqlar prosesinin müstəqil tərəfi kimi təqdim etmək planlarının üstündən xətt çəkir. Amma rəsmi Yerevan hələ də bu cəhdlərindən əl çəkmir.

Məhz bu səbəbdən mayın 21-i, yəni sabah qondarma rejimdə həmin “andiçmə” şousunun yeni şousu oynanılacaq. Şuşanın Mədəniyyət Evində saat 18:00-da Qarabağ sepatratçılarının yeni lideri Araik Arutunyan “səlahiyyətlərinin icrasına başlayacaq".

“Mərasim” qapalı keçiriləcək və nəinki xarici qonaqlar, hətta yerli media nümayəndələri də həmin şouda iştirak imkanından məhrum olacaqlar. “Andçimə”yə yalnız Qarabağ ermənilərinin rəhbər şəxsləri və Nikol Paşinyanın başçılığı ilə Ermənistandan gələn şəxslər qatılacaq.  

 

Ermənistanda 5200-dən çox, Qarabağda isə 29 nəfərin COVİD-19-a yoluxduğu bu şəraitdə Nikol Paşinyanın “andiçmə” şousuna qatılması rəsmi Yerevanın həm Qarabağı müstəqil subyekt kimi tanıtmaq cəhdi, həm də Nikol Paşinyanın daxildəki siyasi rəqibləri ilə hesablaşması kimi qəbul olunmalıdır.

Bundan əvvəl, 1994-cü il noyabrın 24-də separatçıların ilk "prezidenti" Robert Koçaryanın, ardınca Arkadi Qukasyan və Bako Saakayanın Xankəndində keçirilən "inaqurasiya" mərasimləri Qarabağın müstəqil subyekt kimi tanınması cəhdi, həm də "Qarabağ klanı"nın əzələ nümayişi idi. İlk dəfə Şuşada baş tutacaq bu dəfəki "inaqurasiya" şousu isə Nikol Paşinyan üçün "Qarabağ klanı" üzərində qələbinin simvolu olacaq. 

2018-ci ildə hakimiyyətə gəldiyi gündən "Qarabağ klanı" və Qarabağdakı siyasi elita ilə mübarizə şəraitində olan Nikol Paşinyan üçün Serj Sarkisyanın komandasında yer alan Bako Saakaynın siyasi orientasiyası tez-tez dəyişən Araik Arutunyanla əvəzlənməsi önəmli idi. Yerevandakı hakimiyyətə sədaqət andı içən Arutunyan yaxın 5 ildə Qarabağda Serj Sarkisyan və Robert Koçaryanın komandasında yer almış radikal ünsürlərin itaətə gətirilməsində Paşinyana kömək edəcək. 

 

Pandemiya şəraitində Qarabağda əhalinin sağlamlığını təhlükəyə ataraq tez-tələsik seçki keçirmək ideyası da məhz bununla bağlı idi. Çünki Koçaryan komandasının üzvü Vitali Balasanyan Arutunyana "qələbə" ciddi təhlükə yaradırdı. 

Bu faktorları nəzərə aldıqda sabah Şuşada keçiriləcək "andiçmə" şousu Nikol Paşinyan üçün ilk növbədə "Qarabağ klanı" üzərində qələbəsini qeyd etmək anlamı verir.

Populist və qeyri-ciddi siyasətçi olsa da, Paşinyan sələfləri olan radikal Qarabağ millətçiləri Serj Sarkisyan və Robert Koçaryan kimi Dağlıq Qarabağın heç zaman dünya birliyi tərəfindən müstəqil subyekt kimi tanınmayacağına əmindir. Paşinyanın Şuşa təxribatı sırf daxili auditoriyada xoş təəssürat yaratmağa hesablanmış ucuz reklam fəndu sayılmalıdır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir