Modern.az

“Heç kimə belə ömür arzulamıram...” - Vəfa Fətullayeva öz ölümündən “YAZIB”

“Heç kimə belə ömür arzulamıram...” - Vəfa Fətullayeva öz ölümündən “YAZIB”

Reportaj

21 May 2020, 09:02

Bu gün – 21 may tarixi Əməkdar artist, Dövlət mükafatı laureatı mərhum Vəfa Fətullayevanın anım günüdür.

Modern.az-ın məlumatına görə, Vəfa Fətullayeva 1945-ci il avqustun 25-də Bakıda görkəmli sənətkarların ailəsində anadan olub. 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. İlk dəfə uşaq olarkən çıxdığı doğma səhnəyə ömrünün sonunadək sadiq qalıb. Milli Dram Teatrının səhnəsində İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Fəridə, "Mahnı dağlarda qaldı" tamaşasında Gülgəz, M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında Şərəfnisə, M.İbrahimovun "Kəndçi qızı" əsərində Bənövşə, Anarın "Sizi deyib gəlmişəm" tamaşasında Zeynəb və s. maraqlı obrazlar yaradıb. 

Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə - xərçəngə düçar olan aktrisa 1987-ci il mayın 21-də, 42 yaşında vəfat edib. 

Vəfa Fətullayva Zaur Nağıyev adlı şəxslə ailə qurmuşdu. Amma tez bir zamanda ayrılmışdılar və övladları olmamışdı. Aktrisanın sonralar sevənlər olsa da, o, inci dəfə ailə qurmamışdı.

Qeyd edək ki, Vəfa Fətullayeva görkəmli aktrisa, SSRİ Xalq artisti Hökumə Qurbanova və Xalq rəssamı Nüsrət Fətullayevin övladıdır.


Modern.az saytı mərhum aktisanın dilindən yazılmış yazını təqdim edir:

- Bu gün may ayının 21 ci günüdür... Həmin gün dünyada hansı hadisələrin baş verdiyini xatırlamıram... Bəlkə də adi günlərdən biridir... Mənim üçün isə mayın 21-i ölüm günü kimi tarixə yazılacaq... Bu gün mənim hayatımın 42-ci ilinin son günü olacaq... 1945-ci ildən başlayan ömür yolum, bu gün bitəcək... Yox, təkcə ömür yolum deyil, həm də bütün arzularım məhv olacaq... Xatirələrim qurumuş payız yarpağı kimi od tutub yanacaq... Bilirsiz, necə gözəl arzularım vardı?!.. Hələ uşaqlıq illərimdən qalan və həyata keçməyən neçə-neçə arzularım, bu gün mənimlə birgə torpağa qərq olacaq... Düşünürdüm ki, hələ həyatım qarşıdadır, çox işlər görə bilərəm... Demə hayat yanımdan ötüb keçib, mən isə onu görməmişəm...

Xəstəxanada yatdığım günlərdə özüm-özümlə "Gültəkin"i məşq edirdim, sözlərini əzbərləyirdim... İnanırdım ki, tezliklə sağalacam və yenidən həyatım qədər sevdiyim teatrın səhnəsinə çıxacam... Ən çox sevdiyim hətta həsrətində olduğum "Güntəkin"i oynayacam... Ömür vəfa etmədi... Hər dəfə mən bu rolun sözlərini oxuyanda anam palatadan çıxırdı, qayıdanda isə nə qədər gizlətməyə çalışsa da, gözlərində yaş olduğunu görürdüm... Demə anam hiss edirmiş bu rolu oynamaq mənə qismət olmayacaq, ona görə də ağlamaq tuturdu onu, mən görməyim deyə dəhlizdə dayanırdı... Biz ikimiz də eyni xəstəlikdən əziyyət çəkirdik... İkimizin də ağrıları eyni olurdu... Anam öz ağrılarını biruzə verməsə də, mən bunu bacarmırdım... Çünki mən onun kimi güclü deyildim... Bəzən elə ağrılarım olurdu ki, yatağımda ilan kimi qıvrılırdım...

Xəstəxanada yatdığım üç ay ərzində mən nələr yaşadım, nə əzablar çəkdim, bunu anamdan başqa heç kim bilmədi... Anamla biz bir palatada yatırdıq... Səhərə qədər gözümə yuxu getmirdi, ağrılarım dözülməz həddə çatmışdı... Anam üzü pəncərəyə tərəf uzanar, uşaq kimi ağlayardı... Mən ölümdən heç vaxt qorxmadım... Bircə anama yazığım gəlirdi, qorxurdum ki, ölərəm, itirərəm onu... İndi biz yenə də bir yerdəyik, daha heç nədən qorxmuram...

Həkimim Susana xanım hər gün işə gələndə birinci mənə baş çəkirdi, görəndə ki, oyağam, bilirdi ki, gecəni yatmamışam... Deyirdi, "Axı belə olmaz, sən yatmalısan. Belə getsə apardığımız müalicənin heç bir nəticəsi olmayacaq"... Hələ bacım, yazıq Nailə mənim üçün nələr etmədi... Mən bacıma ömrüm boyu borclu qaldım... O məni dünyalar qədər sevirdi... Nailə də elə mənim kimi tənha idi, ancaq onun heç olmasa övladı vardı, mənim isə heç kimim qalmadı... Bu idi məni yandıran, mənə əzab verən... Mən heç kimə belə bir ömür arzulamıram...

Atam yazıq heç bilmirəm necə dözdü bu dərdə... Hər gün gəlirdi yanıma, oturardıq, saatlarla söhbət edərdik, mənə təsəlli verərdi... Son vaxtlar yaman kövrək olmuşdu, özünü güclə saxlayırdı, yanımda ağlamasa da,  səsindəki titrəyişi gizlədə bilmirdi... Mən onun sinəsinə ömrünün ahıl çağında böyük bir dağ çəkdim... Atam məni dünyalar qədər çox istəyirdi... Mən nə günlər gördüm, İlahi... Kənardan nə qədər xoşbəxt görünsəm də, mən bədbəxt qadın olmuşam...

Son günlərimdə yavaş-yavaş unudulduğumu hiss edirdim... Dostlarım, özümə yaxın bildiyim insanlar getdikcə məndən uzaqlaşmağa başladı... Xəstəxanada hər səhər özümü səhmana salırdım, saçalarımı darayırdım ki, yanıma gələn olsa, məni pis vəziyyətdə görməsin... Ancaq elə vaxt olurdu ki, günlərlə, hətta həftələrlə palatamın qapısını açan olmurdu... Bilirsiz, xəstəxana elə bir yerdir ki, insanın gözü hər an qapıda qalır... İstəmədən belə yenə də kiminsə gəlişini gözləyirsən... Düzdür, sənət yoldaşlarımdan bəziləri hərdən yanıma gəlirdi, bəlkə də xala-xətir qalmasın deyə... Sonradan isə mən özüm heç kimi görmək istəmədim...

İnsanların bu qədər vəfasız olduğunu gec başa düşdüm... Çox gec başa düşdüm... Zaur bir dəfə mənə demişdi "Vəfa, sən tək qalacaqsan", elə də oldu... Mən sonda tək qaldım... Buna hətta sevinənlər də oldu... Sanki məndən kiminsə qisasını almağa çalışırdılar... Bilmirəm harda səhv etdim, harda günah işlətdim ki, Allah bunu mənə bağışlamadı... Əslində bilirdim... Həyatımın ən böyük səhvini 1969-cu ildə etmişdim, ancaq bunu mənim gəncliyimə, cavanlığıma bağışlamaq olardı... Ancaq mən bu səhvi özümə heç vaxt bağışlamadım, heç vaxt...

Həyatımın son aylarında yalnız o gəlirdi yanıma... Mən o insanın adını deməyəcəm... Biz iki il olardı ki, tanış olmuşduq, onu deyə bilmərəm, ancaq mənim həmin insana qarşı dost münasibətim vardı... O, son günlərimə qədər mənim yanımda oldu... Hər dəfə deyirdim ki, xahiş edirəm gəlmə, istəmirəm məni bu halda görəsən... Ancaq o mənim etirazıma baxmayaraq yenə də gəlirdi, son günümə qədər də gəldi... Yox o insan nə Zaur idi, nə də Fuad... Yaxınlarım onun kim olduğunu yaxşı bilir... Birdə ki, onun adını söyləməyin artıq heç bir mənası yoxdur... Keçdi o günlər, çoxdan keçdi...

Mən anamın qolları üstə keçinmişəm... Ölümün üzünə gülə-gülə...Həmin vaxt palatada anamdan başqa heç kim olmayıb... Bu gün mənim həyatımın son günü olacaq, 1987-ci il may ayının 21-i səhər saat 4 radələri... Mən bir də nə danışacam, nə sevəcəm, nə də ki...

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir