Modern.az

Allahın qəzəbinə gəlmişlər...

Allahın qəzəbinə gəlmişlər...

Ədəbi̇yyat

21 May 2020, 12:48

Şəmsiyyə Musaqızı,
Əməkdar jurnalist

Necə  olduq belə? Birdən hər şey anlamını itirdi...

Birdən doğrular yanlış, yanlışlar doğru oldu. İnsanlığa  sanki bir at milçəyi  qondu ki, istədiyin qədər qaç...

Eşə,  dosta sarılmaz, əlimizi uzatmaz olduq.

Nə hala gəldik?  Öz əlini , öz üzünə sürtəmmirsən...

Olması imkansız işlər oldu, iki ay öncə anlatsalar inanmazdın...

Havadakı bütün uçaqlar quş kimi yerə endi...

Dənizdəki gəmilər dayandı…

Otellər bağlandı,

Ən böyük turizm  yeri xəstəxanaya çevrildi...

Oyunlar təxirə düşdü...

Bir neçə insanın bir arada olacağı hər şey qısaldıldı...

Məktəblər bağlı...

Qatarlar durdu, yollar boşaldı...

Neft sudan dəyərsiz oldu...

Kəbə qapılarını qapadı, Kəbə...

Kimin gücü yetərdi buna....

Toplantılar,  satışlar, toylar,  təntənələr hamısı ləğv olundu...

Ölsən cənazənə gələcək insan tapa bilməzsən...

"Turist axını olacaq, bazarı artıraq" deyərkən, turist gəlməsin deyə bütün uçuşları dayandırdılar...

Hər şey yalan oldu dostlar...

Axşam əynindən çıxardığın paltarın düşmənin kimi...

Ananı öpərkən düşünürsən...

Yeni dostların var artıq; sabun, su və yalnızlıq...

 Artıq pəncərədən baxırıq həyata...

Dini, dili,  irqi, məmləkəti fərq etmir, ilk dəfə eyni gəmidə, sürətlə bir-birimizə doğru gedirik....

Yaşayarıqsa görəcəyik..

Ha dedim yazmayım, amma yazsam yaxşıdır. Düşündüyümü yazacam. Hər kəs öz düşüncəsində azad və haqlıdır. Kim (lər) sə məni qınaya, ya da razılaşmaya bilər, ancaq mən öz fikrimi bildirmək istəyirəm...

Baxın, dünya vahimə, təlaş içindədir. Həyat iflic olub. Gözə görünməyən bir virus bəşəriyyəti məhv edir... Bu günlərdə bilirsiniz nə düşünürəm?

... Allahın qəzəbinə gəlmiş olmayaq? Allahın qoyduğu yoldan çıxanda, cızığını pozanda elə bilirsiniz Allah bunu görmür?

 Allah birini oğlan yaradır, gedir özünü əməliyyatla  qıza çevirir... Allah birini qız yaradır, gedir özünü əməliyyatla oğlana çevirir. Allah qadını yaratdı ki, kişilər evlənsin, ailə qursun, övladlar dünyaya gətirsin...  Kişilər o qədər yolunu azdı ki, gedib öz həmcinsi ilə,  yəni kişi kişiylə evləndi...  Allah kişini yaratdı ki, qadınlar sevsin, evlənsin, oğul - uşaq dünyaya gətirsin. Ta demədi ki, qız qızla sevişsin, qız qızla evlənsin....

Allah  ataya qız övladı verdi ki,  onu qorusun, böyütsün, bir evə gəlin köçürsün, nəvə - nəticə yiyəsi olsun... Ta demədi ki, ata öz qızına tamah salsın, namusunu ləkələsin... Və ya qardaş bacısıyla, əmi qardaş qızıyla, dayı bacı qızıyla, qayınata gəliniylə,  qaynana kürəkəniylə...  quda qudasıyla, yeznə baldızıyla, baldız yeznəylə yatsın, qalxsın, eşq məcarası yaşasın....  Qardaş qardaşın arvadına göz qoysun...  Yekə - yekə  oğlanlar, zırpı  kişilər körpə qız uşağına təcavüz eləsin, ya elə oğlan uşağını korlasınlar...  Hansımız bu cür hadisələri eşitmədi? Hər eşidəndə heyrətdən yerimizdə dönub qalmadı? Hansımız demədik ki, qiyamət günü yaxınlaşır... Dünyanın axırıdır...

... Və dost dostun arvadına göz tikəndə, çörək yediyi dostunun arvadıyla eşq yaşayanda, sevgilisini əriylə tanış edib iş yoldaşı kimi qələmə verib “rahat nəfəs” alanda və əksinə, sevgilisini evinə gətirib “işimizə yoxlama göndəriblər” deyib arvadına qulluq etdirəndə,  evinə gələn qonağa əxlaqsız təklifdə bulunan kişilərin əməllərini siz deyirsiniz Allah görmürdümü?   Ərinə xəyanət edən qadınların əməllərini də eləcə...

Hələ o qəddarlıqla insan öldürmələr...  Biri birindən xoşu gəlməyəndə, dəliyəm, güclüyəm deyib baş kəsənləri deyirəm... Onların qansız hərəkətlərini Allah görmürdümü?

... Olunan yaxşılıqları unudub əvəzində pislik edənləri,  yalan, bohtan, iftira, şər atanları...  Ev yıxanları, ara vuranları, insanlara badalaq vurub yıxanları, yaltaqları, yalaqları ...  Allah görmürdümü?...

... Allah yaratdığı bəndə 40 - 50, bəzən də 30 ildən sonra Allahın yaratdığı kimi yaşamağa "utanır"  sanki... Gedir dodağını şişirdir, sinəsini böyüdür, burnunu kəsdirir, yanağını botoksluyur, qaşını döydürür... Son vaxtlar buna yanını yekəltmək də əlavə olunub... Yəni Allahın yaratdığından əsər əlamət qoymurlar qalsın...

... Çox şey yaza bilərəm, amma bu dediklərim yetər, məncə.   Allah əsrdə bir dəfə yaratdığı insanlara xəbərdarlıq edir ki, mənim qoyduğum yolu ki, azdınız sizə yeni yol göstərərəm...

Allahln qəzəbi güclü olur, ədalətli olur... İndi deyirlər ki, yeni dünya yaranır.... Yaransın, orda ədalətsizlik, saydığım bu çirkinliklər olmasın, keşkə....

Bu, mənim subyektiv fikirlərimdir, kiminsə razı olub olmaması üçün yazmadım. Ancaq yuxarıda saydığım hadisələri eşidəndə elə bunu  oxuyanların bir çoxu deyirdi ki, qiyamətin əlamətləridir...   Deyəsən, o gün bu gündür....

Yenə də  Allahım özü bilən yaxşıdır, bizi o üzü nurlu, ağzı xeyir - dualı, namusunu hər şeydən üstün tutan ağbirçək analarımıza, atalarımıza bağışlasın...

  Dünyanı cənginə alan bu öldürücü  gözə görünməz bir virusun olmasına şübhə edənlər, şəkk gətirənlər var. Bu, bir oyundur, deyənlər də tapılır.   Tutalım ki, oyundur, tutalım ki, dediyiniz kimi, bu hər hansı insan tərəfindən hazırlanıb havaya buraxılıb, bəşəriyyəti məhv etmək üçün…  Belə fikirləşənlərə bir kəlməni xatırlatmaq istəyirəm: Allahın izni olmadan ağacdan bir yarpaq belə düşməz! Bu bəla hər hansı alim tərəfindən hazırlanıb göndərilsə belə, demək ki, Allahın izni olub ki, bu bəla bütün dünyanı cənginə aldı, çoxsaylı insanların ölmünə səbəb oldu… Hələ də dünyanın dörd bir yerindən ölüm xəbərləri gəlməkdədir…

P.S. Bu yazıda məsələlərə çox səthi yanaşdım. Mən hələ kasıbların, şikəstlərin, yiyəsizlərin malını yeyənlərdən danışmadım. Koronavirus bəlasından qurtaraq daha geniş, daha tutarlı bir yazı yazacam. İnşallah, sağlıq olsun.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir