Modern.az

Qarabağda “andiçmə mərasimi”nə qatılan Paşinyana qarşı sanksiya tətbiq olunacaq?

Qarabağda “andiçmə mərasimi”nə qatılan Paşinyana qarşı sanksiya tətbiq olunacaq?

Qarabağ

22 May 2020, 16:29

Məlum olduğu kimi ötən gün Azərbaycanın işğal altındakı Şuşa şəhərində Qarabağ separatçılarının yeni lideri Araik Arutunyana “andiçmə mərasimi” keçirildi. Mərasimə işğalçı Ermənistanın Baş Naziri Nikol Paşinyan da qatıldı.

 

Maraqlıdır, başqa bir ölkənin hökumət rəhbərinin işğal olunmuş bir ölkədə yaradılan qondarma quruma gələrək andiçmə mərasimində iştirakı beynəlxalq hüquqda necə qarşılanır və belə bir dövlət başçısına qarşı hansısa sanksiyalar nəzərdə tutula bilərmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov Ermənistan tərəfinin bu cür addımlar atmasının beynəlxalq hüquqi prinsiplərə zidd olduğunu desə də, hər hansı sanksiyanın tətbiqinin olmasının real görünmədiyini deyib:

 

“Əslində Ermənistan baş nazirinin işğal edilmiş ərazilərimizə səfərindən əvvəl də bu ölkəyə qarşı sanksiyalar tətbiq etmək üçün beynəlxalq hüququn normalarının kobud şəkildə pozulmasına görə kifayət qədər əsaslar vardı. Ermənistanın beynəlxalq hüququn prinsiplərinə zidd fəaliyyəti və siyasəti ən müxtəlif mötəbər beynəlxalq təşkilatların sənədlərində öz əksini dəfələrlə tapıb. Amma beynəlxalq ictimaiyyət özünün qəbul etdiyi sənədlərin və prinsiplərin müvafiq olaraq reallaşdırılması üçün heç bir əməli fəaliyyət etməyib. Bu da dünyanın ikili standartlar reallığıdır. Əgər Ermənistan tərəfinə bununla bağlı hər hansı sanksiya tətbiq olunsa, yaxşı mənada təəccüblənib sevinərdim.

Məsələnin digər tərəfi isə qondarma seçkilərin inaqurasiya mərasiminin keçirilməsi üçün yerin məhz işğal olunmuş Şuşamızın seçilməsi hazırkı Ermənistan rəhbərliyinin danışıqlar prosesini pozmaq istiqamətində növbəti təxribatlarından biri olduğunu göstərir. Bir daha Ermənistan rəhbərliyi münaqişənin sülh yolu ilə həll olunmasında maraqlı olmadığını açıq aydın göstərdi”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır