Modern.az

Yetimlik yetirsә, şair yetirәr... - Məmməd İsmayılın məktubu

Yetimlik yetirsә, şair yetirәr... - Məmməd İsmayılın məktubu

11 May 2012, 16:48

(Şair Musa Yaquba gecikmiş cavab mәktubu)

ON ÜÇ İL BUNDAN ӘVVӘL YAZDIĞIM AMMA ÇEŞİTLİ SӘBӘBLӘRDӘN ÇAP ETDİRMӘDİYİM BU MӘKTUB VE ŞEİR BİRDӘNCӘ UNUDULDUĞU YERDӘN GÜN İŞIĞINA ÇIXDI (HEÇ NӘ UBUDULMUR, UNUDULSA DA ) VӘ MӘN BU YAZILARI –DOSTUM BÖYÜK ŞAİRİMİZ MUSA YAQUBUN YETMİŞ BEŞ İLLİYİNDӘ YUBİLEY TӘBRİKİ KİMİ ÇAP ETDİRMӘYİ DÜŞÜNDÜM…

Hәqiqi ziyalı şәrtlәr nә olursa olsun tapındığı hәqiqәti hәtta ölüm ayağında da müdafiә etmәyi bacarmalıdır. Çünki çәkilәn hәr istirab sonunda müqәddәsliyin xәbәrçisidir vә onsuz da ziyalını ziyalı edәn çәkdiyi zülümdür, uğradığı haqsızlıqlara qarşı verdiyi mücadilәlәrdir. Münaqişәdә sonunda zәfәr mәğlub olanındır, bәlkә yenilmәk hardasa zәnginlәşmәkdir bir düşünürә görә. Vә ziyalı adındakı işığı qoruya bilmәsi ilә ziyalıdır. Onsuz da qaranlıq deyә bir şey dә yoxdur, işığın yox olduğu yerdә qaranlıq var. Aydının görәvi qaranlıqları aydınlatmaqdır. Ustad Cәmil Mәricin sözlәrini tәkrarlasaq: “Türk aydınının qәdәri mәhbәsdә şarkı söylәmәkdir”. Dәrdi yalnızca pul olan bir yığından millәt olmaz, olsa da ayaqda qalması mümkünsüzdür. Bir baxıma Azәrbaycan aydını yalnız qürbәtdә deyil, vәtәndә dә qәribdir.
“Hәqiqәti bulan, fәrqli düşünür deyә onu hayqırmaqdan çәkinirsә hәm ağılsız, hәm dә qorxaqdır. Bir adamın mәndәn başqa hәr kәs aldanır demәsi doğrudan da çәtindir, amma hәqiqәtәn hәr kәs aldanırsa o nә etsin?”.
Daniel de Foin bu fikirlәrini dә elә belә xatırlamadım. Doğrudan da satqınlığın baş alıb getdiyi coğrafi mәkanlarda toplumlar milli lallığını, karlığını yaşayır. 
Bakının “korlar şәhәri”nә Türkiyә “unudulanlar diyarı”na çevrildiyi bir vaxtda vәtәndәn qürbәtә gәlәn bir xәbәr ümidsizliyә haqqımın olmadığını , nә ölsә dә toxumun ölmәdiyini, min ildәn sonra da torpağa düşsә yenә göyәrәcәyini diqtә edirdi. “7 gün” qәzetinin 15 aprel 1997-ci il tarixli nömrәsindә Musa Yaqubun “Şair Mәmmәd İsmayıla mәktub” şeri çap olunmuşdu. (Әslindә ona poema da deyә bilәrsiniz.) Nә adı verirsiniz verin, bu mәktub “Hamı lal, hamı kar, hardadı hәmkar”? sәssiz iç harayıma vә mәnә qarşı qurulan unutdurma xәyanәtinә bir başqaldırı, bir hayqırış idi... Çünki indi yox, mәhz o zaman o mәktubu yazmaq da, onu sәxavәtlә çap etmәk dә qәhrәmanlığa bәrabәr bir iş idi, çünki yazan da, çap edәn dә buna görә onlara “sağ olun” deyilmәyәcәyini gözәl bilirdilәr. O zaman Musa Yaqub Milli Mәclisin üzvü idi vә deputat mandatlı bir adamın, qorxmadan , çәkinmәdәn , bilә-bilә bu riskә getmәsi , hәlә yaxşılıq toxumlarının sona qәdәr tükәnmәdiyinin bir sübutu idi. Hәqiqәti qızıl qırmızı müdafiә edәn vә buna görә işindәn-gücündәn, ailәsindәn, әn әsası canı qәdәr sevdiyi vәtәnindәn olan, geriyә dönüşü düyünә düşәn bir dostun xәtrinә “gözü çıxan qardaşı görmürsәnmi” misalını bilә-bilә öz taleyini riskә atmaq! Әlinizi ürәyinizin üstünә qoyub bu sualın cavabını öz-özünüzә siz dә verin,”әlini üzünә tutub” getmiş bir adama bundan artıq nә lazımdı ki?! Hәm dә uzun illәr sağımda, solumda quyruq bulayan tanrıtanımaz “dostlarımın” buxarlandığı bir vaxtda nәdәn Musa Yaqub? Nәdәni birdir: Musa Yaqub tale şairidir ona görә. İnana bilәrsәn, әziz oxucu “dostlarımı” sınağa çәkmәk üçün mәni qürbәtә salan qәdәrimә min kәrә şükür oxuyuram, bilirsәnmi niyә, çünki vәtәndә qalsaydım, әvvәlki kimi vәzifәm-filanım olsaydı, heç zaman mәn bu adlarına “dost” dediyim sürüngәnlәrin kimliyini öyrәnә bilmәyәcәk vә bәlkә dünyamı da bu bilmәzlik içindә dәyişәcәkdim. Mәni sınaqdan sınağa böyüdәn tale, sanki bu dәfә dә “dost” sınağı-satqınlığı ilә üz-üzә gәlmәk üçün yolumu qürbәtә saldı vә dәstәk, umduğum yerdәn yox, bәlkә dә güman etmәdiyim yerdәn gәldi-Musa Yaqubdan. Mәnә ünvanlanmış bu qardaş göynәrtisi görünür Azәrbaycanın başqa bir yerindәn yox, mәhz tale qardaşım Musa Yaqubun doğma kәndi Buynuzdan yüksәlә bilәrdi.Yәqin bu, tәsadüfü deyil, çünki Buynuz nәyi ifadә edirsә, elә mәnim doğma kәndim Әsrik dә eyni anlamı ifadә edir. Bu adlar tәsadüfü deyil ki?! Hәr qoç buynuzlu, hәr gәnc әsrimiş-dәliqanlı olmur ki?!Vә belәcә Buynuzun qardaş göynәrtisinә Әsriyin bir şükran vә cavab borcu vardı.Vә o borcu әziz oxucum, sәninlә dә bölüşmәk istәdim.

Elәmi yerdәsәn sәnә әl yetә?
Zәng etsәm, bir ümid yoxdu zәngә dә,
Yağış buluduyam üzü qürbәtә,
Kövrәk misraların mәnimlә gedәr...

Bildim ki köpümü alacaq sәsin,
Dedim ki, bu şimşәk çaxmasın hәlә.
Dedim ki, bu bulud suya dönmәsin
Dedim ki, bu yağış yağmasın hәlә..

Nә bilim, bәlkә dә kәsibdi baxdım
Çәkdim sözlәrini hәsrәt suyuna.
Ege sularına qarışıb axdım,
Qarışdım qürbәtin qürbәt suyuna.

Gәlib imza atır hәrә bir ilkә
Min bir toy olsa da birdir yasımız.
Anadan vәtәnә uzanmır, bәlkә
Qürbәtә uzanır alın yazımız..

Hәr insan dünyada qürbәt ölkәsi
Dәrd kimi oyanmış, bәxt kimi yatmış.
Bir el ki, içindә boğulur sәsi,
Bir yurd ki, haçandı qulağı batmış.

Bәlanın bәhsindә bәxt uduzanda
Durub görәrsәn ki, yaza qar yağıb.
Ağzına su alıb zaman susanda
Yaxşı ki, sәn vardın, ay Musa Yaqub.

Gәlsin, ümid әkib dәrd bitirәnlәr
Zoğ kimi göyәrdi bu giley niyә?
Qardaş itirәnlәr, yar itirәnlәr,
Diyar itirәnlәr belә göynüyәr.

Çaya can atmaqdı bulağın andı
Dәrd vәtәn dәrdidi, ay Musa Yaqub.
Arxamca uzanan bu nә fәğandı,
Bu nә göynәrtidi, ay Musa Yaqub.

Uca zirvә seçәr yağan qar belә
Zirvә qazananı bulud itirәr.
Yetim ağlayanda ağlayar belә
Yetimlik yetirsә, şair yetirәr.

Şeytan marığına yatanda hamı
Yaxşı ki, sәn vardın, ay Musa Yaqub.
Bәlәnin başını aşan dünyamı
Geriyә qaytardın, ay Musa Yaqub.

Tanrı duasına gözü acdımı
Yal-yamac quruyur, ay Musa Yaqub.
Tәk elә quruyan qarağacdımı?
Hәr ağac quruyur, ay Musa Yaqub.

Dumana bürünәn bir dağ kimiyәm,
Qürbәtә bürünüb itdim gözündәn.
Üzüm yox, üzünә çıxa bilmirәm
Üzü qara olmuş bәxtin әlindәn.

Çürükdü bir qozun qabığında qәm
Yüz dәrdә qılıfdı, qәbirdi dәrim .
Mәn hardan gәlirәm?Vallah bilmirәm,
Haraya gedirәm?Yoxdu xәbәrim!

Göz oldum, qürbәtin nazına yatdım
İçinә boylanır yoldan azanlar..
Daha şairliyin daşını atdım
Kiminsә bәxtinә düşәcәk yәqin
Başını gözlәsin şeir yazanlar.

Düzdü, söz var oldu, paltar olmadı
Evdә uşaqların әyinlәrinә.
Susmadım, bu qәdәr yazdım, girmәdi
Çöldә nadanların beyinlәrinә..

Nәdәn qaçılsa da dәrddәn qaçılmır
Sirr kimi qönçәsi açsa da yazın.
Dәrdim açılsa da qәlbim açılmır
Qalmışam әlindә bir çıxılmazın.

Şöhrәt dediklәri bir quru ündü
Bu dünya yox imiş eynimdә mәnim.
Uzaqdan baxarsan, başım düyümdü
Yüz fikir dolaşıb beynimdә mәnim.

Öldümmü, qaldımmı düşmә sorağa
Nә yaxın anlayar, nә uzaq mәni.
O dәniz qoynundan atdı qırağa,
Büsbütün unutdu o torpaq mәni.

Çay bulaq gözündәn baş alıb gedәr
Bәlkә, ulaşmadı suyu bir kәsә.
Bu da bir taledi-ömrüm dәrbәdәr
Qayçı ayaqlarım mәnzillәr kәsәr.

Yol tutub yeriyir yalanlar bәzәn
Bәzәn açılanlar solmaq istәyir.
Görürsәn, birinci olanlar bәzәn
Axırdan birinci olmaq istәyir.

Yaşadım, bir şeylәr söylәdi yaşım
Әhdinә yetişәn bu bir mәramdı.
Birinci olmadım, yoxsa, qardaşım
Sonuncu olmaq da mәnә haramdı?

Sәn dә mәnim kimi “şöhrәtә” susa
Çәkilmәz qәmlәrin girinci sәn ol.
Dәrddә yerimizi dәyişәk,Musa
Gәl mәnim yerimә birinci sәn ol.

Onsuz da çoxları qorxub, çәkinmir
Bazarı açıqdı-işә yarayır.
Gözәllik tükәnir, tükәnmәsinmi,
Gözәl yox, çirkin dә gözәl arayır.

Fikrinә tutalğac, ümid nöqtәsi
Hәrә bir bәhanә mәsәli tapır.
İnsan var arayır, gözәllik gәzir,
Sәadәt axtarır, tәsәlli tapır.

...Qürbәtin udduğu suyu bir udum
Qayıdıb üz tutdum sәn sarı sәnә.
Bilmirәm, heç haçan mәn yalan oldum
Keçdi birincilik azarı sәnә.

Doğrudur, hәr tarda bir sarı sim var
Sәn dә o mәclisdә bir sirr adasan.
Dönüb bax, sağında, solunda kim var
Kim idin, kimlәrlә bir sıradasan?

Bәlkә, daş altında qalıbdı әlin
Bәs niyә çәkilib durmusan yanda?
İlin bu vәdәsi böyük bir elin
Dili boğazından çıxarılanda.
Oxudum, gözümdә qaraltdı yazı,
Bir zaman N.S. qoşduğun yazı...

Qulaq burması var, qulaq burulub,
Qulağı eşitmir-kefindәdir kar!
Hamının ağzına qıfıl vurulub
Hamı lal, hamı kar, haradır hәmkar...

Ömürmü, kömrmü fәrqi yox yanan,
Dәrd çıxır evlәrin baclarından!
Mayası haqdandır hәr bәrәkәtin,
Bәlkәmi, bu işin bәlkәsi yoxdu.
Arada şeytan var, bu mәmlәkәtin
Üstündә Tanrının kölgәsi yoxdu.

Nә üzlә qayıdaq de hansı kәndә
Gedәn bir-birinin bәhsinә gedir.
Bizim üzümüzә getmir, gedәndә
Bahar tanrıların sәsinә gedir..

Bahara nә var ki, bahar usanmaz
Göbәlәk gәtirәr bağlı qapılar.
Burda peyğәmbәr dә tapılar, amma
Ona atılacaq daş da tapılar...

Düşmәn dil çıxardı biz susa-susa
Ümid qönçәlәri yanıb bürüşdü.
Әsrikdә әsriklik qalmadı Musa,
Yoxsa, Buynuzun da buynuzu düşdü?!

Çıx Vәtәn seyrinә gör nә gündәdi,
Ağrılı başlardı ağıllı başlar.
Köç geri qayıdıb, axsaq öndәdir
Tutub öz yerini keçәllәr, çaşlar.

Qazancın ağzına aldığın susa
Susmaq qızıl imiş sözü haqlanır.
Kabab iyisin gedirik, Musa
Çatanda görürük eşşәk dağlanır.

Ay millәt vәkil, bir işığa çıx
Soruş gör bu millәt hayana gedir.
Baş yazıq olubdu,ayaq da yazıq
Hәr kәs öz başının hayına gedir..

Alan özlәridi, stan özlәri
Füzuli, Kәlbәcәr, Ağdam, Laçın yox.
Әn gözәl tәrәzi elin gözlәri
Tәrәzi gәzmәyә ehtiyacın yox!

Mәn deyim, sәn eşit nә var o kәnddә
Orda uşaqlıdan qalma bir payız
Orda vaxt bәlәnin başından aşır.
Uzaq yamacında xatirәlәrin
Tutqun yaddaşında çaqqal ulaşır.

Әski sevgilәrin susub dillәri
Soyuyub nәfәsi alxışların da.
Orda mәndәn әsәn soyuq yellәri
Görәrsәn dostların baxışlarında.

Qalıb öz hayına әski hәyanlar
Hәrdәn varlığımı yoxa saydılar.
Şeytan mәclisindә yuxa yayanlar
Sonra da haqqımda şayiә yaydılar.

Yox, daha anam da gәlmir şerimә
Ölәnlәr ehsanlar, ayәlәr gәzir.
İndi o yerlәrdә mәnim yerimә
Namәrdin yaydığı şayiәlәr gәzir.

Bir ömrün qışı var, bir ömrün yazı
Hәr papaq altında bir sirr oğlu sirr:
Qırışan üzümә baxıb qımışır,
Tökülәn saçıma baxıb sevinir.

Bu dәrdә dözәrmi bir dev oğlu dev
Üzә dirәnәndә bәd ehtiyaclar.
Allah ümidinә tәpәdә bir ev,
Yamacda sahibsiz, yetim ağaclar.

Dağların qamaşan gözü gündәdi
Suları çay olur әriyәn qarın.
Kökü tәpәlәrdә od içindәdi,
Kölgәsi dәrәdә yuyunan narın.

Qalıb ağzı günә әkdiyim әkin
Gecikmiş qәdәmi daş olub qarın.
Gümanı bir az da azalıb yәqin,
Dumanı bir az da artıb dağların.

Gör nәlәr söylәyir o çay, o bulud
Cavabı kimdәdi, su var, su yoxdu.
Eh dağa nә var ki unutma, unut
Onda unudulmaq qorxusu yoxdu.

Kül basmış közlәri kimdi közәrdәn?
Arı baldan bezib, ilan zәhәrdәn.
Kәramәt gözlәmir oyunçu zәrdәn,
Beşi uç olacaq vecinә deyil.

Ömrümüz güdaza gedәn hesabmı
Görüş ayrılıqdan gәlәn cavabmı
Bu gizli görüşlәr әsәn-savabmı
Yoxsa, suç olacaq vecinә deyil..

Ötәri xәyaldı duman dağ üçün,
Qınama, bir şey yox qınamaq üçün.
Tanrı sevdiyini sınamaq üçün
Yolunu qürbәtә salır, ay Musa.

Sәn özün bilirsәn nә deyim axı
Harda kimin kimi , nәyin nәyi var.
İnsanın özünә daldalanmağı
Sonra ölümünә çәkilmәyi var.

Görünәn dağların ardında dağlar
Anrıdan o yana anrı var isә
Gözә görünәnlәr yoxluğa mәhkum
Tanrıdan o yana Tanrı var isә
Yoxluğum qoy sәni çox incitmәsin..

Ay Allah bәndәsi, daha nә deyim,
Dәrviş ol, mәnim tәk sәn dә dәrdә var.
Bәlkә bu qәdәrdi mәnim bildiyim
Mәnim bilmәdiyim bir şeylәr dә var.

Bu mәn!Mәn çәkilib durdum qıraqda
Әlim uğurludu, bu, bir siftәdi.
Şeytan bazarında zorlu qabaqda,
Tanrı dәrgahında güc zәifdәdir.

Yandırıb kül edәr qorun dәrdini,
Biri dәrd çәkәndә biri kef çәkir.
Gör necә güclüdü, zorun dәrdini
O başıbәlalı bu zәif çәkir.

Tarix danışdırsa kәsik başları..
Muzey marağı var xәncәrә bizdәn.
Qaranlıq arayan yad baxışları
İşıq oğurladı npәncәrәmizdәn.

Bir zaman dilimdәn çıxanlar ahdı,
Demişdim mәnzillәr kәsәndә ağlım.
Seçilәn bәndәdi, seçәn Allahdı
Sәn kimi seçirsәn sәn kimi xalqım?!

Kimin damağında de bu dad olur,
Bir söz söylәmişdim, bir söz keçәnlәr,
Adamlar seçәnlәr deputat olur,
Tarixә ad olur tale seçәnlәr...

Danşırsan belә.Susuran olmur,
Ay Musa!
Havaya, suya boğulmur
Namusa boğulur, insan namusa.

Fikrindәn dönmәdi fikri sәthilәr
Gәkib dәyişdilәr haqqı nahaqla.
Bizә bu әsirdә yer vermәdilәr,
Özünә gәlәcәk yüz ilә saxla!

Kim keçir tarixin saldığı izdәn
Üç yüz il yaşayır adi qarğalar.
Günlәrin birindә ölәrik, bizdәn
Ölüm xәbәrimiz yadigar qalar.

Atı da çaşırar buraxma yüyәn
Vәtәn istәyirәm yüyәni dartsın:
“Ölsәm dә qoynunda qoy ölüm ki, mәn,
Çürüyüm bir ovuc torpağı artsın!”

Çanaqqala-TÜRKİYӘ
1999
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı