Modern.az

“Kitabımın təqdimatını kimsəsizlər qəbristanlığında keçirəcəyəm” - Çinarə Ömrayla şənbə söhbəti

“Kitabımın təqdimatını kimsəsizlər qəbristanlığında keçirəcəyəm” - Çinarə Ömrayla şənbə söhbəti

23 May 2020, 09:30

Əvvəlcə ikinci kitabını çapdan çıxardı. Amma təqdimatını keçirmədi. Sonra  əməliyyat olunması xəbəri yayıldı. Ardınca da karantin onu mediadan, mətbuatdan, ən əsası ədəbi mühitdən uzaq saldı. Öyrəndik ki, heç kimlə görüşmək istəmir. Çoxdan idi ki, müsahibə də vermirdi.

 

Modern.az-ın “Ədəbi şənbə”sinin bu dəfəki qonağı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı Çinarə Ömraydır.

 

-Çinarə, iki aylıq karantin günlərin necə keçdi? Bu cansıxıcı günlər sənin üçün nə ilə yadda qaldı? Məncə, səhhətinin yaxşı olmadığı günləri də nəzərə alsaq sən “qara tin”dən çıxıb karantinə düşdün... Hansı hissləri keçirirdin?

 

-Doğrudan da karantin dövründə boşluğa düşmüşdüm. Mən tək deyildim. Tanıdığım bir çox adam sanki boşluqda idi. O boşluqdan çıxa bilmirdik. Şəxsən mən ruhsal problemlər yaşadım.

 

-Yəni, boş çoxluqda idin?

 

-Bilmirəm... Amma bircə onu bilirəm ki, çox boşluqda idim (gülür). Yekə bir boşluğa düşmüşdüm. Adam bu müddət ərzində daha çox özü ilə baş-başa qalır. Daha çox fikirləşirsən, düşünürsən. Heç kimi görmək istəmirsən. Heç kimi görmək şansım da yox idi. Karantin dövründə gəldiyim qənaət bu oldu ki, sanki bu həyatı ikinci, üçüncü dəfə yaşayıram. İndi də bu fikirdəyəm. Dəqiq iki deyildi, iki olsaydı nəyəsə tərəddüd edərdim. Sanki üçüncü, dördüncü dəfə yaşayırdım eyni anları, saatları, günləri... Mənə elə gəlirdi ki, hamını tanıyıram. Hətta getdiyim yolun da hər tinini tanıyırdım. Çox tanış idi hər şey... Bu da məni çox sıxırdı. Heç nə mənə maraqlı deyildi. Məni heç nə təccübləndirmirdi. Nə bilim, bir həyatı dörd-beş dəfə təkrar yaşamaq çox ağır bir şeydir. Hətta hərdən düşünürdüm ki, harada səhv etmişəm ki, məni yenidən bu dünyaya tullayıblar ki, get səhvlərini düzəlt gəl. Karantin günlərində həm də o səhvi və ya səhvləri axtarırdım.

 

-Səhhətin indi necədir?

 

-Hazırda o ağrılar yoxdur. İndi yaxşıyam. Adam ağrıya öyrəşəndə sonradan onun üçün darıxır. Karantin dövründə fikirləşirdim ki, kaş yenidən ağrıyardım, ağrı başımı qatardı... Bu cür fikirləşmək ağrıdan pisdir. Adamı ağrıdan daha çox incidir. İndi ağrımıram, amma ağrılarım üçün darıxıram.

 

-Bir çox şairlər və yazıçılar düşünür ki, karantin onlar üçün elə də çətin olmayıb. Çünki hər zaman özlərinə qapanıblar, cəmiyyətdən təcrid ediblər. Bir sözlə, bu, onlar üçün adi haldır. Prinsipcə sənin üçün də karantin günləri belə olmalı idi...

 

-İş var idi, işə gedib-gəlirdim. Başımı qatırdım. Sonradan işə çıxma yasağı tətbiq edildi,  ancaq evdə qaldım. Uzun müddət evdə qalmaq cansıxıcı idi. Amma həyatımda da bir sıra dəyişikliklər oldu.

 

-Nə kimi dəyişiklər?

 

-İnsanlarla bağlı qərarlarım, fikirlərim dəyişildi. Düşünürdüm ki, heç kimi görməməliyəm. Qarşımdakı adamların hamısını tanıyırdım... Bilirsən, anormal və sözlə ifadəsi mümkün olmayan hisslər yaşadım. Düşünürdüm ki, məndən böyük adamların belə həyatını onların yerinə yaşayıb qurtarmışam. Məndən yaşca böyük insanlarla söhbətləşirdim. İkinci cümləsinin nə olacağını əvvəlcədən bilirdim. Yenə deyirəm, karantin dövründə keçirdiyim bu hisslərin sözlə ifadəsi və izahı yoxdur. Bu, yəni hamını tanımaq çox iyrənc və adamı özündən itələyən bir şeydir.

 

-Bəlkə əməliyyat vaxtı travma almısan?

 

-Hətta onu da fikirləşirdim ki, bəlkə də əməliyyat vaxtı beynimi çıxarıblar, başqasını yerləşdiriblər (gülür).

 

-Təbrik edirəm, bu yaxınlarda ikinci kitabın işıq üzü gördü. Amma təqdimatı keçirilmədi. Karantinə düşdüyü üçün keçirilmədi, yoxsa başqa səbəbi var?

 

- Kitabın çıxmağı olduqca maraqlı bir dövrə təsadüf elədi. Səhhətim yaxşı deyildi. Ağrılarım vardı. Kitabdan sonra əməliyyata getdim. Əməliyyatdan gələndən sonra da dediyim kimi, psixoloji problemlər yaşayırdım. Ona görə də təqdimat keçirə bilmədim, qaldı... Sonra da ortaya karantin dövrü düşdü.  

 

-İndi ki, sağalmısan, övvəlki vəziyyətinə dönmüsən, çox şükür. “Mandarin” hekayələr kitabının təqdimatını keçirəcəksənmi?

 

-Hə, özü də təqdimatı gələn həftə kimsəsizlər qəbristanlığında keçirməyi düşünürəm.

 

-Maraqlıdı, niyə məhz kimsəsizlər qəbiristanlığı?

 

-Bu günə qədər həmişə dinləyən tərəf olmuşam. Bu dəfə danışmağa ehtiyacım var. Ona görə qəbirstanlıq. Niyə kimsəsizlər? Hər kəsin içində bir unutduğu, kimsəsiz  buraxdığı sonra harda olduğundan xəbəri belə olmayan adamlar var. Mən tez unudan adamam. Mənim içimdə bir şəhər qədər kimsəsizlər qəbirstanlığı var. Bəlkə həm də ona görə ora... Və bir də kitabları imzalayıb qəbirlərin üstünə qoyacağam. Pulsuz kitab əldə etmək istəyən gəlib götürə bilər. Dolayısıyla kimsəsizləri də ziyarət edən olar. Bəzən xatırlanmaq, xatırlamaq ən ehtiyacımız olan şeydi.

 

-Son dövrlər mətbuatda da çox az-az görünürsən. Unudulmaq istəyirsən, yoxsa yaddan çıxarıblar?

 

-Yox, yaddan çıxarmayıblar. Məndən yazı istəyən saytlar çoxdur. Heç birinə yazı vermirəm. Ona görə ki, onlar da pessismist yazılardır. Nikbinlikdən uzaq kiçikhəcmli esselərdir. Hekayələr deyil. Ona görə də mediaya vermək istəmirəm. Ən azından ətrafımdakı insanlar məni pozitiv insan kimi tanıyırlar. Həmin imajı itirmək istəmirəm, bəlkə də ona görə yayımlanmasından ehtiyat edirəm.

 

-Axı sən ədəbi mühitə “Məcnunxana” kimi pessimist bir kitabla gəlmisən. Məncə, bu, səbəb deyil... Yeri gəlmişkən, bir vaxtlar ruhi əsəb disponserinə - dəlixanaya gedirdin. Oradan bədii reportajlar, esselər, hekayələr hazırlayırdın. Onların bir qismi ilk kitabında – “Məcnunxana”da toplandı. Amma sonra ardı gəlmədi. Ardı varmı, olacaqmı?

 

-Həmin yazıları bir yerə yığıb hamısını bir kitabda toplamaq istəyirəm. Çünki əlimdə həddindən çox yazılar qalıb. Hətta həmin dəlilərin məndə əlyazmaları var. Saxlamışam. Bütün bunların hamısını bir kitabda toplamaq istəyirəm. Hələ ki, məcnunxana səhifəsini qapanmamış hesab edirəm. Həmin missiyamı tamamlamadığımı düşünürəm. Özümü onların yanında borclu hesab edirəm. Məncə onlara tam bir kitab həsr etmək lazımdır ki, bu missiya tamamlansın. Onlara olan borcumu tam ödəməmişəm.

 

-Çinarə, dəlilərlə işləmək maraqlıdır ya ağıllılarla?

 

-Təbii ki, dəlilərlə. Onlar daha  maraqlıdırlar. Çünki daha çox səmimidirlər, daha çox hissləri ilə hərəkət edirlər, nəinki beyinləri ilə...

 

-Daha çox səmimidirlər yoxsa istedadlıdırlar?

 

-Məncə daha çox səmimidirlər. Fikrimdə dünyada hər kəs istedadlıdır. Sadəcə olaraq onlar olduqları kimidirlər deyə, daha çox istedadlı görünürlər.

 

-Səhv etmirəmsə, onların da içərisindən biri şair idi?

 

-Bəli, aralarında şair də vardı, rəssam da. Divarlara şəkillər çəkirdi. Hətta çox maraqlıdı, onlar hər tərəfdən təcrid olunmuşdular, onların yazdığı şeirlərdən birini şair Emin Piriyə göstərdim, qayıtdı ki, bu şeiri mən də yazmışam. Çox maraqlı idi. Oradan hazırladığım yazıları şair İbrahim İlyaslı da oxuyub dəhşətə gəlmişdi. Yəni, adam bu cür misraları necə düşünə bilər – deyə fikirləşirsən.

 

-Ədəbiyyatımızdakı və ədəbi mühitimizdəki rəngsizliyin səbəbi nədir?

 

-Fikrimcə insanlarda – şair və yazıçılarda həvəs çatışmazlığı var.

 

-Bəlkə nəfəs çatışmazlığı da var? Daha böyük ədəbi nümunələr üçün nəfəsimiz çatmır bəlkə?

 

-Ola bilər... İnsanları bu qədər oxumağa, öyrənməyə səsləyirik. Amma onlar daha çox qarşılarındakına oxuduqlarını satmağa çalışırlar. Yəni, mən oxumuşam, savadlıyam – ismarışı verirlər. Daha çox terminlərlə danışırlar. Özü olan insan yoxdur. Məncə sönüklüyün əsas səbəbi budur. İnsanlar özlərini tanımadan özləri olmağa çalışırlar. Hamı Dostayevski, Tolstoy olmaq istəyir. Onlara oxşamağa, bənzəməyə çalışır. Onları təqlid etməyə can atırlar. Tolstoyu hamımız tanıyırıq də... Məncə ona görə də bu qədər rəngsiz və sönükdü...

 

-Çinarə, niyə ermənilər, gürcülər dünya ədəbiyyatına yeni nəsil yazarlar, şairlər çıxara bilir, biz yox. Bayaq “nəfəs çatışmazlığı” ifadəsini elə-belə işlətmədim; doğrudanmı bizim böyük ədəbiyyat nümunələrini yaratmağa bədii nəfəsimiz çatmır?

 

-Məncə özümüz-özümüzə imkan vermirik. Özümüz-özümüzü baş qaldırmamış baltalayırıq. Bəlkə də bizimkilər iddialı deyil. Əslindəki bizimkilərin dünyaya çıxa biləcək yetərincə yaxşı yazıları var.

 

-Məsələn?

-Mübariz Örən, Şərif Ağayar (fikirləşir)... Şərifin maraqlı hekayələri var. Mübarizin Fransada kitabı çap olundu.

 

-“Mandarin”dən sonra hansı kitab gələcək?

 

-“Məcnunxana”nı davam etdirmək istəyirəm. Çünki birinci kitabda dəlilərlə bağlı cəmi bir-iki hekayə çap edildi. Özümə borc bilirəm ki, bunu davam etdirim. Bir də tək olanda məktublar yazırdım. Onları çap etdirməyi düşünürdüm. Miniatür kitab kimi... Sonra fikrimdən daşındım. Danışa bilmədiklərimi daha çox yazıram.

 

-Fikir vermisənsə, oxucular yerli yazarlardan daha çox xariciləri oxuyurlar. Səbəbi nədir? Yerli yazarlar oxucunun təlabatını doğrudanmı ödəmək gücündə deyillər?

 

-Hər şeydə belədir. Bizdə milli mətbəxdən daha çox “fast-food”a üstünlük verirlər. Bilmirəm, bəlkə də bizdə bir “xaric aclığı” var, onu doldurmağa çalışırlar.

 

-Gənclərdən kimi oxuyursan? Ədəbi zövqünə kimlər yaxındı, həm şairlərdən, həm də yazıçılardan...

 

-Əslində bu barədə danışmaq istəmirəm, amma Mübariz Örən ruhuma daha yaxındı.  Pərviz Cəbrayılı da çox oxuyuram. Şərif Ağayarın yazıları məni daha çox maraqlandırır. Gənc nasirlərdən Hədiyyə Şəfaqətin yazılarını çox bəyənirəm. Bir də Rəbiqə Nazimqızının “Məktublar”ını çox sevirəm. Yazdıqlarını oxuyuram. Hətta girib onun məktublarının içərisində yaşayaram, o qədər çox sevirəm. Şairlərdən Rəşad Nağı Mustafanı çox bəyənirəm. Hətta əməliyyata onun “Nədən qorxursan axı, ölümdü də bir gün hamı dadacaq,sinəmizdən yapışıb anamızı ağladacaq” şeirini deyə-deyə girmişəm. Rəşadın şeirləri ruhuma çox doğmadı. Onun şeirləri mənə toxunur. Elvini, səni, Emil Rasimoğlunu oxuyuram. Hətta Emil Rasimoğlunun şeirlərini başa düşməsəm də, oxuyuram. Üç-dörd dəfə oxuduqdan sonra başa düşürəm. Emili oxumaq və anlamaq üçün mənim beynim çatdırmır. Onu anlamaq üçün gərək üç-dörd dəfə oxuyum ki, beynim həzm eləsin (gülür). Mən şeirdə baş sındırmaq istəmirəm. Bu, ruh halıma görə dəyişir. Çox vaxt istəyirəm ki, oxuduğumu daha rahat həzm edə bilim. Emilin şeirlərində isə baş sındırırsan, girib həmin şeirlərin içərisində eşələnirsən. Emil Rasimoğlu sanki şeirdə tənlik qurur. “X”-i tapmaq üçün kök altına düşürsən, oradan çıxıb mötərizənin içərisindəkiləri həll etməyə çalışırsan. Mənimsə riyaziyyatla aram yoxdur. Şeirdə “tənliyi” isə ümumiyyətlə həzm etmək çətindir. Yəni, onun şeirlərini ayıq başla oxumaq lazımdır.

 

-Qubadlıdakı uşaqlığınla bağlı tez-tez yazılarını oxuyurduq. Bu xatirələri bir kitabda toplamağı düşünürsənmi? Həmin yazıların ardı gələcəkmi?

 

-Uşaqlığım mənim travmalarımdır. Ondan qurtula bilmirəm. Həmin mərhələni aşmaqda çətinlik çəkirəm. Oradakı uşaqlığımı yazıb bitirə bilmirəm. Uşaqlığımdan qurtulmağı bacarmıram. Düşünürəm ki, nə vaxtsa uşaqlığımdan qurtulsam, o zaman rahat olacağam. Amma o məndən yapışıb, yaxamı buraxmır. Bilsəm ki, yazsam bitəcək, yazaram... Onun ağrısı çox pisdir, incidir...

 

Tural Turan

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır