Modern.az

Bu Azərbaycan bayrağına hörmətsizlik deyilmi? - FOTO

Bu Azərbaycan bayrağına hörmətsizlik deyilmi? - FOTO

Aktual

12 May 2012, 10:56

Bakı şəhərində təşkil olunacaq  “Eurovision 2012” mahnı müsabiqəsinə sayılı günlər qalır. Yarışma öncəsi bəzi xoşagəlməz hallara da rast gəlmək mümkündür. Belə ki, yarışma öncəsi üzərində “Eurovision 2012” və digər yarışmanın loqoları yazılmış üç rəngli bayrağlarımıza rast gəlmək olur. Bu isə heç də yaxşı qarşılanmır.

Bu məsələ ilə bağlı Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadədən münasibət öyrəndik. Deputat Modern.az-a açıqlamasında belə hallarla rastlaşan hər bir Azərbaycan vətəndaşının etiraz etmək hüququnun olduğunu deyib:

“Hesab edirəm ki, hər bir vətəndaş və rəsmi şəxs buna qarşı öz etirazını bildirməlidir. Çünki bizim üçün dövlət bayrağı müqəddəsdir və onun üzərində ay-ulduzdan başqa hər hansı bir yazıların olması, dövlət rəmzlərimizə hörmətsizlik kimi xarakterizə oluna bilər. Bu baxımdan istər “Eurovision”, istərsə də idman yarışı olsun,  bizim dövlət bayrağımızın üzərində hər hansı bir sözün yazılması yolverilməzdir. Bəzən bayraq üzərində avtoqraf verirlər, imzalar qoyurlar,  bunların hamısı qadağandır və qətiyyətlə pisləyirəm. Sadəcə olaraq, simvolik ağ rəngli parça üzərində “Eurovision” və başqa nə istəsələr yaza bilərlər. Biz örnək kimi Türkiyəyə baxa bilərik. Türkiyə dövlətində iqtidar, müxalifət, sadə vətəndaş bayrağa müqəddəs atribut kimi baxır. Bizdə belə etməliyik. Digər hallar yolverilməzdir və belə halları pisləyirəm”.

Hüquq müdafiəçisi Ç.Qənizadə qarşıdan gələn tədbir başa çatana qədər hamıya səslənib:

“Ola bilər kimlərsə bunun hüquqi və digər tərəflərini bilmir. Gənclər tərəfindən belə hallara yol veriləcəksə, dərhal bunu dərk edən hər bir Azərbaycan vətəndaşı ona öz ictimai etirazını bildirməlidir”.

Anar Kəlbiyev

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır