Modern.az

Beynəlxalq Türk Akademiyası - 10

Beynəlxalq Türk Akademiyası - 10

Aktual

25 May 2020, 15:59

ƏMƏKDAŞLIĞIN ELMİ MODELİ və ya İNTEQRASİYANIN “YUMŞAQ GÜCÜ”

25 may tarixində Beynəlxalq Türk Akademiyasının (BTA) fəaliyyətə başlamasından 10 il ötür.


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ), TürkPA, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu kimi qardaş qurumlarla bir sırada addımlayan Türk Akademiyanı Azərbaycan üçün əhəmiyyətli edən amillərdən biri onun qurucu üzvlərindən olmasıdırsa, digər vacib məqam onun yaradılması ilə bağlı qərarın qədim və əzəli türk torpağı Naxçıvanda verilməsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həmin tarixi Sammitin məhz Naxçıvanda keçirilməsi, Türk Şurası və Türk Akademiyasının kimi təşkilatların yaradılması ilə bağlı qərarın burada verilməsi rəmzi məna daşıyırdı.


Belə ki, türkdilli dövlətlər arasında təhsil və elm sahəsində əməkdaşlığı həyata keçirəcək, türk xalqlarının zəngin mənəvi və tarixi mirasını araşdıracaq təşkilatın yaradılması təşəbbüsü 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşündə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürüldü. 25 may 2010-cu ildə Qazaxıstanın paytaxtı Nur-Sultanda (Astanada) fəaliyyətə başlayan Türk Akademiyası bir müddət Qazaxıstan Təhsil və Elm Nazirliyinin tabeliyində olsa da, 23 avqust 2012-ci ildə Türk Şurasının Bişkekdə keçirilən II Zirvə toplantısında təşkilat beynəlxalq status aldı.


Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə təşkilatın qurucu və tamhüquqlu, Macarıstan isə müşahidəçi üzvüdür. 2019-cu ildə TDƏŞ-in Bakıda keçirilən VII Sammitində isə Özbəkistan Prezidenti BTA-ya üzv olmaq niyyətlərini rəsmi şəkildə bəyan etdi.


Bu yazıda Türk Akademiyasının fəaliyyətinə, türkdilli dövlətlər arasında elm və təhsil sahəsində əməkdaşlığın həyata keçirilməsində oynadığı rola qısa nəzər salınır.


Beynəlxalq Türk Akademiyasının əsas məqsədi Türk xalqlarının qədim və müasir tarixi, dil, ədəbiyyat və mədəniyyətini, Türk xalqalrının bəşər sivilizasiyasına töhfəsini tədqiqi etmək, Türk dünyasında akademik fəaliyyətin koordinasiyasını həyata keçirməkdir. Bu məqsədlə Akademiya türk xalqlarının elmi təşkilatlarına elm və təhsil məsələsində yardımçı olur, türkdilli ölkələr və xalqların ziyalıların təşəbbüslərinə dəstək verir, onları müntəzəm olaraq bir araya gətirir, bu istiqamətdə dövlət başçılarının təlimatlarının icrasını reallaşdırır.


Hazırda Beynəlxalq Türk Akademiyasına sədrlik Qazaxıstan tərəfindən həyata keçirilir. Bu ilin yanvar ayında təşkilatın Elmi Şurasının Bakıda keçirilən III iclasının qərarına əsasən 2020-ci il üzrə Elmi Şuraya rəhbərlik Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə olunub.


2015-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qazaxıstanda keçirilən V sammitində dövlət başçıları Beynəlxalq Türk Akademiyası qarşısında bir sıra tapşırıqlar qoyub. Akademiya onları uğurla həyata keçirib.


Qısa müddət ərzində türk xalqlarının zəngin tarixi, maddi və mənəvi mirasını virtual ortamda bir araya gətirən böyük elektron multimedia fondu “Atalar Mirası” portalı təqdim olunub və hazırda 4 dildə açıq onlayn rejimdə fəaliyyət göstərir (//atalarmirasi.org/). Türk xalqlarının yazılı, mədəni və mənəvi-maddi mədəniyyətinə aid zəngin irsinin nümunələri bu fondda toplanmışdır. Portal 1 yanvar 2018-cu il tarixindən etibarən daim təkmilləşdirilir və yeniləşdirilir.


Bundan əlavə, XV əsrə qədər olan dövrü əhatə edən “Ortaq Türk tarixi” dərsliyinin proqram və layihəsi hazırlanıb. Dərslik artıq Azərbaycan, Türkiyə və Qazaxıstan orta məktəblərində seçməli fənn olaraq tədris proqramına daxil edilib.


XV-XXI əsrləri əhatə edən “Ortaq Türk Tarixi” dərsliyinin konsepsiya və proqramı üzərində işlər davam etdirilir. Eyni zamanda, “Ortaq Türk Ədəbiyyatı”, “Türk Dünyası Coğrafiyası” dərsliklərinin konsepsiyası hazırlanıb. Bununla bağlı hazırlıq işləri razılaşdırılmış iş qrafikinə uyğun olaraq həyata keçirilir.


Dövlət başçılarının təlimatlarına əsasən, Türk Akademiyası “Türk İnteqrasiyası Konsepsiyası”nın layihəsini hazırlayıb. Layihə 2018-ci ilin sentyabr ayında Türk Şurası Dövlət Başçılarının Qırğızıstanda keçirilən VI Sammitində qəbul olunub.


Sammitin müəyyən etdiyi öhdəliklərdən çıxış edərək, BTA xeyli sayda elmi tədbir həyata keçirib. Bununla əlaqədar, 2015-ci ildə UNESCO-nun Parisdəki iqamətgahında "Dədə Qorqud irsi və Türk Dünyası" mövzusunda beynəlxalq tədbir, 2016-ci ildə Nyu-Yorkda, BMT-nin baş qərargahında “2030 gündəliyi: İpək Yolu Sinerjisi” mövzusunda Beynəlxalq simpoziumu, 2018- ci ildə UNESCO-nun Parisdəki mənzil-qərargahında “Mənəvi yenilənmə və mədəni irs: keçmişdən gələcəyə türk dili” və 2019-cu ildə UNESCO-da "Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu" Beynəlxalq forumları təşkil olunub.


Bununla yanaşı, 2016-ci ildən başlayaraq hər il BTA tərəfindən "Böyük Çöl" Beynəlxalq Humanitar Forumu keçirilir. Dünyanın onlarla ölkəsindən yüzlərlə alim və ictimai xadimin iştirak etdiyi forum elmi mühitdə artıq xeyli əks-səda doğurub və humanitar elmlər sahəsində nüfuzlu fikir mübadiləsi platformasına çevrilib.


BTA-nın sosioloji tədqiqatlar sahəsində də mühüm nailiyyət əldə edib. 2017-ci ildə ilk dəfə olaraq 6 müstəqil türkdilli ölkədə təşkil olunan sosioloji sorğunun nəticələri elan olunub. Onun təqdimatı 2017-ci ilin sonunda Astanada keçirilib. “Türkbarometr” adlanan layihə Aİ ölkələrində həyata keçirilən “Evrobarometr”, eləcə də dünyanın digər hissələrində "Afrobarametr”, "Latinobarometr" kimi nüfuzlu layihələrin təcrübəsinə əsaslanaraq reallaşdırılıb. Layihənin əsas məqsədi Türk Şurasının xətti ilə ictimai fikrin, o cümlədən inteqrasiya proseslərinin iqtisadi və mədəni aspektlərinin araşdırılmasıdır. Növbəti mərhələlərdə bu miqyaslı sosioloji tədqiqatların ildə iki dəfə keçirilməsi planlaşdırılıb.


BTA üçün əməkdaşlıq və beynəlxalq təcrübənin öyrənilməsi prioritetdir


BTA elmi inteqrasiyanın inkişaf etdirilməsi məqsədilə tanınmış beynəlxalq və elmi təşkilatlarla geniş əlaqələr qurub. Buraya BMT Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, ISESCO, SESRIC, ECO (SF), COMSTECH (OIC), IRCICA kimi nüfuzlu qurumlar daxildir. Bu gün BTA ilə xarici elmi təşkilatlar arasında 100-ə yaxın əməkdaşlıq memorandumu imzalanıb. Akademiya ISESCO yanında müşahidəçi statusu alıb və Dünya Akademiyalar Birliyinə üzv olub.


Bununla yanaşı, Azərbaycan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Yaponiya, Tatarıstan (RF), Başqırdıstan (RF), Macarıstan, Monqolustanın Milli Elmlər Akademiyaları, Rusiya Elmlər Akademiyası, Çin Sosial Elmlər Akademiyası (CASS) ABŞ-ın aparıcı universitetləri və elm mərkəzləri ilə əməkdaşlıq əlaqələri qurulub.


Azərbaycanla əməkdaşlıq xeyli möhkəmlənib. Akademiya Bakı Türkoloji Konqresinin 90 illiyinə həsr olunan beynəlxalq konfrans keçirib, türk dünyasının təşkilatlanmasına, türkologiyanın inkişafına böyük təsir göstərən Konqresin arxiv materialları sistemləşdirilib və fundamental monoqrafiya şəklində dərc edilib.

2015-ci ildə UNESCO-nun Parisdəki iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına uyğun olaraq həyata keçirilən "Dədə Qorqud irsi və Türk Dünyası" mövzusunda Beynəlxalq simpozium təşkil olunub. Həmin il Prezident İlham Əliyevin təşəbbüsü əsasında Altay dağlarında aparılan arxeoloji qazıntılar zamanı türk xalqlarına məxsus ən qədim qopuz nümunəsi aşkarlanıb.


Son bir neçə ildə BTA tərəfindən Yusif Xas Hacibin 1000, Xoca Əhməd Yəsəvinin 850, Qazax Xanlığının 550, Boronbay Biyin 235, Çokan Vəlixanovun 180, Abayın 170 və 175, Əlixan Bökeyxanovun 150, G.Tokayın 130, Z.V.Toğanın 125, Bakı Türkoloji Qurultayının 90, Mağjan Jumabayevin 125, Heydər Əliyevin 95, Çingiz Aytmatovun 80, V.Radlofun vəfatının 100, ilk türk yazılı abidələrinin V.Tomsen tərəfindən oxunuşunun 125, Azərbaycan Xalq Cümhuriyyətinin 100, İmadəddin Nəsiminin 650 illik yubileyləri, Tonyukuk abidəsinin 1300, Türkdilli ölkələrin müstəqilliklərinin 25-ci ildönümlərinə həsr edilən 26 beynəlxalq konqres və forum, 30-dək seminar və dəyirmi masa keçirilib. Tədbirlər müvafiq olaraq Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Rusiya Federasiyası, Macarıstan, ABŞ, Monqolustan, Fransa, Özbəkistan və digər ölkələrdə təşkil olunub.


Bundan başqa, 2018-ci ilin sentyabr ayında Bişkekdə Türk Şurasına üzü dövlətlərin xarici işlər nazirləri tərəfindən Macarıstanın Akademiya yanında müşahidəçi üzv statusu alması haqqında qərar təsdiq olunub, həmin ilin dekabr ayında Macarıstan dövlət bayrağı rəsmi mərasimlə Akademiyada qaldırılıb. İndiyədək Macarıstan Milli Elmlər Akademiyası ilə çoxlu sayda birgə layihələr həyata keçirilib, bir sıra monoqrafiyalar nəşr edilib. Həmçinin, Monqolustan təşkilatda müşahidəçi üzv statusu almaq niyyətində olduğunu rəsmi şəkildə bəyan edib.


Hazırda Akademiyanın fəaliyyətinə beynəlxalq maraq nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə, Avropa dövlətləri, Rusiya, Çin, ABŞ, Yaponiya, Cənubi Koreya, Hindistan və bir sıra başqa ölkələrin alimləri və elmi təşkilatları ilə sıx münasibətlər qurulub.


2015-ci ildə BTA birgə Altay dağlarındakı Berel və Karakaba bölgələrində arxeoloji qazıntı işlərini apararaq, I Arxeoloji Ekspedisiyanı gerçəkləşdirmiş və "Altın Beşiyim Altay" Beynəlxalq Çöl Seminarı keçirib.


2016-cı ildə Akademiya Monqolustanda "Tanrı Dağından Ötükənə: Böyük Çöl Xalqlarının Tarixi və Mədəni Dəyərləri" adlı II Beynəlxalq Tədqiqat Ekspedisiyasını təşkil edib. İki il ardıcıl olaraq Ötükəndəki Şiveet-Ulaan külliyyəsində arxeoloji qazıntılar aparlıb. Tədqiqatlar nəticəsində tarixi kompleksin inşasının təxminən 670-710 illərə aid olduğu müəyyən olunub. Səkkizbucaqlı qala kompleksinin Türk hökmdarı İltəriş xaqanın şərəfinə ucaldıldığı aşkarlanıb. Arxeoloji qazıntılar nəticəsində yeni tarixi tapıntılar əldə olunub, elmi patentinin rəsmi olaraq BTA tərəfindən alınan "Bengü Daş" abidəsi elmi cəhətdən tədqiq və təhlil edilib. Hazırda Monqolustanda, Şiveet-Ulan kompleksində açıq muzey mərkəzinin yaradılması imkanları qiymətləndirilir. 2018-ci ilin avqust ayında türkologiya tarixində ilk dəfə olaraq Çingiz xanın doğulduğu yerə III Arxeoloji Ekspedisiya təşkil olunub. Monqolustan Milli Muzeyi ilə birlikdə reallaşdırılan “Kerulen elmi-tədqiqat ekspedisiyası” zamanı BTA-nın tədqiqat qrupu tərəfindən Burxan Xaldun kəndinin yaxınlığından keçən Kerulen çayının vadisində ortaq türk tarixini işıq tuta biləcək yeni arxeoloji tapıntılar aşkar edilib. Hazırda Akademiya Kerulen çayı vadisində, Xaya Xudar və Günbürd bölgələrində arxeoloji fəaliyyəti davam etdirir.


BTA-nın birbaşa dəstəyi ilə yox olmaq təhlükəsi altındakı dillərlə bağlı bir neçə elmi tədqiqat layihələri həyata keçirilib, həmçinin, xüsusi ekspedisiyalar təşkil olunub. 2017-ci ildə 26 ölkədən 130 tanınmış alimin iştirakı ilə 4 cildlik "Təhlükədəki Türk dilləri" adlı ensiklopedik nəşr işıq üzü görüb.


Akademiya bu istiqamətdə Özbəkistan alimləri ilə də birgə elmi-tədqiqat layihələri həyata keçirir. 2018-ci ilin may ayında BTA-nın təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənddə “Özbək dilinin beynəlxalq türkologiyada rolu və əməkdaşlığın perspektivləri” adlı beynəlxalq konfrans keçirilib. BTA ilə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Hazırda Özbəkistan Elmlər Akademiyası ilə əməkdaşlıq haqqında memorandum üzərində iş aparılır. II “Böyük Çöl” Beynəlxalq Humanitar Forumuna ilk dəfə olaraq Özbəkistandan nümayəndə heyəti qatılıb.


BTA Türkmənistan və Tacikistanın elmi təşkilatları və alimləri ilə əlaqələri canlandırır. Akademiya böyük türkmən şairi Mahdumqulu Fəraqinin 290 illik yubileyi çərçivəsində türkmən və qazax dillərində onun seçilmiş şeirlər toplusunu nəşr edib.
Rusiya Federasiyasının elmi tədqiqat təşkilatları, o cümlədən Rusiyanın türkdilli xalqların ziyalıları ilə sıx əməkdaşlıq qurulub. Rusiya Türkoloqlar Komitəsi Akademiyanın fundamental layihələrinə dəstək göstərib, birgə monoqrafiyanın hazırlanmasında fəal iştirak edib. Türkologiya elminin inkişafı üçün xüsusilə faydalı olan Əmir Nacibin 4 cildlik “XIV əsr Türk dillərinin müqayisəli lüğəti” əsərinin nəşri həyata keçirilib, həmçinin, dünya şöhrətli alimlər Dmitri Nasilov, İqor Kormuşin və Anna Dıbonun redaktorluğunda hazırlanan “Drevnoturkiskix slovar” yeni redaksiyada çap olunub.


Həmçinin, BTA-nın təşkilatçılığı ilə Qazaxıstanla Qırğızıstan arasında dialoq və inteqrasiyaya dəstək məqsədi ilə 2018-19-cu illərdə dörd dəfə Qırğız-Qazax Ziyalılarının Forumu keçirilib. Çingiz Aytmatovun 90 illik yubileyi münasibəti ilə 2018-ci il BTA tərəfindən “Çingiz Aytamatov ili” elan edilib və görkəmli qırğız yazıçısı ilə bağlı beynəlxalq tədbirlər təşkil edilib, “İmperiyanın son yazarı” kitabı nəşr olunub.


UNESCO-nun Türkiyə Milli Komissiyasının dəstəyi ilə Akademiya tərəfindən Atabetül Hakayıkın əsəri bağlı iki cildlik elmi monoqrafiya çap edilib. Tanınmış tarixçi Fəzlullah Rəşidəddinin “Cəmi ət-Təvarix” və Bekasıl Bibolatulının “Zikzal” kitabları orijinaldan qazax dilinə tərcümə olunub.


Ümumiyyətlə, 2015-2019-ci illərdə BTA tərəfindən ingilis, Azərbaycan, qazax, qırğız, macar, monqol, türk və digər dillərdə 180-dən çox yeni kitab nəşr olunub. Qeyd etmək lazımdır ki, BTA-nın nəzdindəki Türk Kitabxanasının da kitab fondu genişlənir və kitabxanada 60 mindən çox kitab yer alır. Türk Muzeyinin eksponatlarının sayı isə 700-ü keçib.


Bundan başqa, Akademiya tərəfindən ildə 4 dəfə Avrasiya bölgəsindəki türk dövlət və xalqlarının sosial, siyasi, iqtisadi, mədəni durumları ilə bağlı təhlillərin yer aldığı elmi və analitik "GLOBAL-Turk" jurnalı nəşr olunur və 4 dildə "Altayistika və Türkologiya Araşdırmaları" jurnalı yayımlanır. Akademiyanın hazırda dörd dildə internet portalı (www.twesco.org) fəaliyyət göstərir. 2015-cu ilin noyabr ayından başlayaraq 4 dildə "Turkic Weekly" həftəlik elektron xülasəsi çıxır (indiyədək 180-ə yaxın nömrə buraxılıb).


Türk dünyasının coğrafi və mənəvi körpüsünə xüsusi diqqət - Azərbaycanla əməkdaşlıq


Azərbaycan türk xalqlarının ilkin məskunlaşdığı ərazilərdən biri kimi tarixi tədqiqatların aparılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Mədəniyyət, ədəbiyyat, incəsənət sahəsində türk və müsəlman dünyasında bir sıra ilklərə imza atan, dərin dövlətçilik ənənələri ilə türk xalqlarında milli şüurun formalaşmasında öncül rol oynayan, müstəmləkəçiliyə qarşı mübarizənin önündə gedən Azərbaycanın əldə etdiyi nailiyyətlərin öyrənilməsi, türk dünyasında və beynəlxalq səviyyədə təbliği Türk Akademiyasının prioritetləri sırasındadır.


Bu məqsədlə təkcə son iki ildə Akademiya tərəfindən bir sıra addımlar atılıb və layihələr həyata keçirilib. 2018-ci ilin aprel ayında UNESCO-nun Parisdəki mənzil-qərargahında "Mənəvi yüksəlişdən mənəvi mirasa: keçmişdən gələcəyə Türk dili” Forumu keçirilib. 20-dən çox dövlətdən türk dillərinin daşıyıcıları, tədqiqatçılar və tanınmış ictimai xadimlərin iştirak etdiyi forumda Macarıstandan Monqolustana qədər geniş ərazidə yaşayan türk xalqlarının nümayəndələri öz doğma dillərinin taleyi ilə bağlı fikir mübadiləsi aparıblar. Tuvalılar, xakaslar, saxa (yakutlar) sarı-uyğurlar, şorlar, noqaylar, karaimlər, qaşqaylar, kumıklar və yox olmaq təhlükəsi altındakı digər dillərin nümayəndələri iştirak edib. Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini nəzərə alaraq, UNESCO-nun Baş qərargahında reallaşan beynəlxalq forum çərçivəsində Cümhuriyyətin 100 illik yubileyi qeyd edilib, Forumun bir paneli bütövlükdə Cümhuriyyətə, onun türk dövlətçilik tarixində oynadığı rola həsr olunub. Eyni zamanda, Cümhuriyyətin qurucularından biri olan Ə.Topçubaşovun anadan olmasının 155 illiyi münasibəti ilə bütün Forum iştirakçıları onun Paris yaxınlığındakı məzarını ziyarət edib.


2018-ci ilin iyun ayında Astanada ənənəvi olaraq keçirilən III “Böyük Çöl” Beynəlxalq Humanitar Forumunda da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə tədbirin 6 panelindən biri bütövlükdə Cümhuriyyətin yubileyinə həsr olunub. "Türk dövlətçilik ənənələrinin xüsusiyyətləri" adlanan paneldə məruzəçilər AXC-nin türk dövlətçilik tarixində və milli azadlıq ideyalarının formalaşmasında oynadığı əvəzsiz rol barədə müzakirələr aparıblar.


Bununla bərabər, Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Nur-Sultanda qazax dilində “Elinə yol açan” kitabı qazax dilinə tərcümə olunaraq çap edilib. Kitaba ön sözü Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev yazıb.


AXC-nin 100 illik yubiley tədbirləri çərçivəsində Cümhuriyyət ilə bağlı ətraflı məlumatlar, faktlar və sənədlərin toplandığı “Azərbaycan Xalq Cümhuriyyəti - 100” adlı ensiklopedik xarakterli yeni bir kitab qazax dilində nəşrə hazırlanıb.
Qeyd olunanlarla yanaşı, BTA Azərbaycanın həqiqətlərini Qazaxıstan ictimaiyyətinə və dünyaya çatdırmaq məqsədi ilə Qarabağla bağlı tədqiqatlara başlayıb. İlk dəfə olaraq bir beynəlxalq təşkilat tərəfindən ingilis və qazax dillərində Qarabağın tarixi, mədəniyyəti, coğrafiyası və işğal altında olan ərazilərlə bağlı faktların, sənədlərin yer aldığı albom-kitab hazırlanıb.


Eyni zamanda, tanınmış qazax şairi, Mağjan Jumabayevin doğumunun 125-ci ildönümü münasibətlə şeirlərində Türküstan ideyasını müdafiə edən şairin əsərləri Akademiya tərəfindən özbək, monqol, altay, qırğız və macar dilləri ilə yanaşı Azərbaycan dilinə də tərcümə edilərək nəşr olunub.


2019-cu ilin 26 aprel tarixində isə Qazaxıstanda “Nəsimi İli”nin açılışı olub. Prezident İlham Əliyevin böyük mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi şərəfinə 2019- cu ili “Nəsimi ili” etməsi münasibətilə şairin şeirlərinin bir qismi qazax dilinə tərcümə olunaraq “Mən aləmə sığmazam” adlı kitab çap edilib.


Eyni zamanda, “Türk dünyası ədəbiyyat antologiyaları” seriyasından ilki olan, 20 Azərbaycan klassikinin seçilmiş əsərləri qazax dilinə tərcümə olunaraq, Azərbaycanın Qazaxıstandakı Səfirliyinin dəstəyi ilə “Azərbaycan ədəbiyyatı antologiyası” kitabı nəfis tərtibatda çap olunub.


2019-cu ilin may ayında BTA tərəfindən UNESCO-nun Parisdəki mənzil qərargahında təşkilatın himayədarlığı altında "Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu" Beynəlxalq forumu təşkil olunub. BTA-ya üzv ölkələrlə yanaşı, 70-dən artıq alim, tədqiqatçı və dövlət xadimlərinin qatıldığı Forum çərçivəsində İmadəddin Nəsiminin 650, Balasaqunlu Yusif Xas Hacibin “Kutadqu bilik” əsərinin yazılmasının 950, böyük türkoloq Əhməd Ağaoğlunun anadan olmasının 150 illik yubileyləri, Mustafa Kamal Atatürkün Milli Mücadiləni başlatmasının 100 illiyi beynəlxalq səviyyədə qeyd edilib.


2019-cu ildə Akademiyanın təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən IV “Böyük Çöl” Beynəlxalq Humanitar Forumunun “Türk dövlətçiliyinin yaranma və inkişaf tarixi”, “Türk dünyasında folklor və ədəbiyyatın aktual məsələləri”, “Türk dünyasının etnik və mədəni xüsusiyyətləri”, “Müasir türkologiya: yeni yanaşmalar”, “Avrasiyada inteqrasiya prosesi: məkan və zaman üfüqləri” və digər başlıqlardan ibarət 6 panelindən biri də Nəsiminin 650 illik yubileyinə həsr olunub. Orijinalı Azərbaycan dilində işıq üzü görən 5 cildlik “Türk dünyası” kitabı da Akademiya tərəfindən qazax dilinə tərcümə olunaraq Forum çərçivəsində təqdim edilib.


Bununla yanaşı, Akademiya ortaq tariximizə aid maddi və mədəni irsi ilk dəfə olaraq türk dünyasının mütəxəssislərinin birgə iştirakı ilə araşdırmağı və arxeoloji tədqiqatları nəzərdə tutan “Qafqazda türk izləri” adlı layihəyə başlamaq təşəbbüsü ilə çıxış edib. Bu çərçivədə Monqolustandan Macarıstana qədər geniş ərazidə türk xalqlarına aid tarixi və müasir coğrafi adları (yaşayış məskənləri, yer, su, dağ, çay və s.) tədqiq etmək, skiflərdən tutumuş müasir dövrədək türk xalqlarına aid toponimlərin tarixi mənbələr və xəritələr əsasında xronoloji şəkildə necə dəyişdiyi, təkamülünü əks etdirən fundamental ensiklopedik nəşr – “Türk dünyasının toponimlər atlası”nın hazırlanmasına başlanılıb. Eyni zamanda, Akademiya tərəfindən “Türk Dünyasının Müqəddəs Məkanları” atlası və “Türk Dünyasının Böyük Şəxsiyyətləri” ensiklopediyaları üzərində üzərində işlər yekunlaşmaqdadır.


Azərbaycan dövləti də Türk Akademiyasının fəaliyyətini təqdir edir və diqqətlə izləyir. Təsadüfi deyi li, Azərbaycanın türk dünyası və bəşər sivilizasiyasına verdiyi töhfələrin tədqiqi, o cmülədən Azərbaycanla Qazaxıstan arasındakı əlaqələrin inkişafındakı xidmətlərinə görə BTA-nın prezidenti Darhan Qydyráli "Dostluq" ordeninə layiq görülüb.


Türk Akademiyası hazırda COVID-19 qlobal pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan Türk Şurasının növbədənkənar Zirvə görüşündə dövlət başçılarının müəyyənləşdirdiyi təlimatların reallaşdırılması, fövqəladə vəziyyətlərdə elm və təhsil sahəsində əməkdaşlığın modellərinin işlənməsi üzərində fəaliyyətini davam etdirir.


BTA-nın yüxarıda qeyd olunan istiqamətlərdə bütün fəaliyyəti türk dövlətləri və xalqları arasında elmi-mədəni və humanitar əməkdaşlığın genişlənməsinə, inteqrasiyanın elmi əsaslar üzərində dərinləşməsinə yönəlib.



Dr. Füzuli Məcidli,
BTA prezidentinin məsləhətçisi

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi