Modern.az

QHT-lərin BMT-də təmsilçilik məsələləri müzakirəyə çıxarıldı - FOTO

QHT-lərin BMT-də təmsilçilik məsələləri müzakirəyə çıxarıldı - FOTO

28 May 2020, 15:33

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “BMT yanında məşvərətçi status: QHT-lər üçün imkanlar və faydalar” mövzusunda vebinar müzakirələr keçirilib. 

 

Modern.az xəbər verir ki, müzakirələrdə 150-dən çox vətəndaş cəmiyyəti qurumu nümayəndələri, eləcə də Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, BMT-nin ölkəmizdəki rezident koordinatoru səfir Qulam İsakzai, BMT Cenevrə ofisi Baş direktorunun QHT-lərlə əlaqə bölməsinin rəhbəri xanım Lidiya Qriqoryeva, Beynəlxalq Demokratik Hüquqşunaslar Assosiasiyasının BMT Cenevrə ofisi yanında daimi nümayəndəsi xanım Mikol Savia iştirak edib. 

Video müzakirəni giriş sözü ilə açan BAMF prezidenti Umud Mirzəyev iştirakçıları salamlayaraq BAMF-ın BMT ilə əməkdaşlığından, BMT yanında məşvərətçi statusun üstünlüklərindən danışıb. Daha sonra BMT ilə vətəndaş cəmiyyəti arasında əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayıb. BAMF prezidenti bir milyondan çox qaçqın və məcburi köçkünü olan, torpaqları işğal olunmuş Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün vətəndaş cəmiyyəti qurumlarının BMT-də təmsilçiliyinin böyük əhəmiyyəti olduğunu qeyd edib.  

 

Daha sonra isə BMT Nyu York ofisi ECOSOC Dəstək və Koordinasiya İdarəsinin QHT-lərlə iş bölməsinin icraçı rəhbəri cənab Mark-Andre Dorelin qısa video mesajı vebinar iştirakçılarının diqqətinə çatdırılıb.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai öz çıxışında belə bir vacib mövzuda növbəti tədbiri təşkil etdiyi üçün BAMF komandasına təşəkkür edib. “Biz bilirik ki, siz hər il Azərbaycan QHT-lərinin BMT ECOSOC yanında təmsilçiliyini təşviq edirsiniz. Biz bunu yüksək dəyərləndiririk.” deyən Q.İsakzai qlobal problemlərin həllində müxtəlif maraqlı tərəflərin, vətəndaş cəmiyyəti qurumlarının BMT ilə birgə fəaliyyətinin vacibliyinə toxunub. O, Azərbaycan vətəndaş cəmiyyəti qurumlarının ECOSOC-un işinə cəlb edilməsini müxtəlif hesabatların hazırlanması, monitorinq və tədbirlərin keçirilməsi, BMT ilə inteqrasiya və sosial inkişaf məsələləri baxımından olduqca əhəmiyyətli olduğunu bildirib. Qulam İsakzai post pandemiya dönəmində dayanıqlı inkişaf məqsədlərinin təşviq edilməsi və qlobal dünyanın qarşılaşdığı çətinliklərin aradan qaldırılmasında birgə əməkdaşlığın vacib olduğunu qeyd edib. O, BMT tərəfindən müəyyənləşdirilən Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsində bu çür təşəbbüslərin xüsusi önəm kəsb etdiyini deyib. 

Video konfrans zamanı Millət vəkili və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev öz çıxışına Azərbaycanla BMT arasında əməkdaşlığın uğurlu inkişafından söz açmaqla başlayıb. “Azərbaycanla BMT qurumları arasında yüksək əməkdaşlıq münasibətləri mövcuddur. Ölkəmiz 2011-ci ildən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və bu ay Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşünün keçirilməsinin təşəbbüskarı qismində çıxış edib. BMT-nin 120-dən çox ölkəsinin dövlət və hökumət başçısını bir araya gətirən bu tədbirdə Baş katib Antonio Guterresin də video müraciəti dinlənilib. 

 

“Bu gün Azərbaycan BMT qurumları ilə vətəndaş cəmiyyəti təşkilatlarının yeni çağırışlar əsasında rəqəmsal və elktron sitemlər üzərindən əməkdaşlığına ciddi önəm verir.” deyə Azay Quliyev qeyd edib.  O daha sonra bildirib ki, Şuranın ECOSOC-un məqsədlərini və missiyasını dəstəklədiyini bu beynəlxalq quruma üzv olmaq istəyən hər bir yerli QHT-yə lazımi maliyyə, metodik, konsultativ və texniki yardım verməyə hazır olduğunu deyib: “BAMF-ın prezidenti Umud Rəhimoğlunun böyük təcrübəsini və onun rəhbərlik etdiyi təşkilatın müvafiq resurslarını nəzərə alaraq Azərbaycan QHT-lərinin ECOSOC-a üzvlüyünün təşviqi prosesinin koordinasiyasını ona həvalə etmək təklifini vermək istərdim. İnanıram ki, BAMF tərəfindən təşkil edilə biləcək seminar və məlumat sessiyaları Azərbaycanın vətəndaş cəmiyyətinin bu qurumda daha geniş təmsil olunmasına töhfə verə bilər. QHT-lərin ECOSOC çərçivəsində məşvərətçi statusu almaq üçün son müraciət tarixinin 1 iyun 2020-ci ilin olduğunu nəzərə alaraq hesab edirəm ki, bütün texniki detalları razılaşdırmalı və bu tədbirləri ən qısa müddətdə başlamalıyıq.“

BMT Cenevrə ofisi Baş direktorunun QHT-lərlə əlaqə bölməsinin rəhbəri xanım Lidiya Qriqoryeva tədbiri təşkil etdiyi üçün BAMF rəhbərliyinə minnətdarlığını bildirib və bu il BMT-nin yaradılmasının eləcə də QHT-lərlə əməkdaşlığın 75 illiyinin qeyd edildiyini vurğulayıb. “BMT vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq olduqca əhəmiyyətlidir. Çünki bu tərəfdaşlıq sülh və təhlükəsizliyi qorumaq, iqtisadi və sosial tərəqqini təşviq etmək, fundamental insan hüquq və azadlıqlarını müdafiə etmək kimi məqsədlərə çatmaqda  BMT-yə kömək edir” deyə L. Qriqoryeva bildirib. O, BMT-nin məşvərətçi statusunun verdiyi üstünlükləri qeyd edərək, bu status sayəsində QHT-lərin ekspert təhlilləri, beynəlxalq sazişlərin yoxlanılması hüququ kimi bir sıra səlahiyyətlər əldə etdiyini də ifadə edib.

Beynəlxalq Demokratik Hüquqşunaslar Assosiasiyasının BMT Cenevrə ofisi yanında daimi nümayəndəsi xanım Mikol Savia məşvərətçi statusu əldə etmək üçün lazım olan tələbləri iştirakçıların diqqətinə çatdırıb. Bu zaman, beynəlxalq hüquq prinsiplərinin vacibliyini, BMT-nin əsas dillərində sərbəst fikir ifadə etmək və bu statusu daşımağın böyük məsuliyyətini bildirib. O, insan hüquq və azadlıqlarının müdafiəsi, beynəlxalq hüquqi normaların qorunması istiqamətində BAMF-la tərəfdaşlıqda maraqlı olduğunu deyib.  

 

Vebinar müzakirələrdə bir sıra QHT nümayəndələri söz alaraq çıxış edib. BMT-nin Əsas məşvərətçi statuslu üzvü “Umid” Sosial İnkişafa Dəstək İB-nin sədri İsrail İsgəndərov və BMT-nin əsas məşvərətçi statuslu üzvü “Əlil Təşkilatları İttifaqı” nın sədri Davud Rəhimli QHT sektorunun BMT-nin fəaliyyətində yaxından iştirakı, eləcə də qəbul edilən qərarların icrası, qətnamələrin qəbul edilməsi zamanı vətəndaş cəmiyyəti qurumlarının mövqeyi və təsiri imkanları, məşvərətçi statusu əldə etməyin əhəmiyyətindən söz açıblar. “Bizim statusu əldə etməyimizdə  BAMF-ın dəstəyini xüsusi qeyd etmək istəyirəm. Hesab edirəm ki, QHT-lərə bu sahədə müvafiq köməkliyin göstərilməsi üçün BAMF-ın bazasında vətəndaş cəmiyyəti qurumlarının mərkəzləşdirilmiş koordinasiyasının yaradılması və bu istiqamətdə BMT-nin fəaliyyətinin gücləndirilməsi faydalı olardı.” deyə Davud Rəhimli qeyd edib.   

 

Vətəndaş Təşəbbüsləri Mərkəzinin rəhbəri Teymur Muradov, Azad Müəllimlər Təşkilatının sədri Pərvanə Talıbova işğal altında olan Qarabağ torpaqları və işğal faktının dünyaya çatdırılması üçün QHT-lərin beynəlxalq fəaliyyətinin artırılmasının əhəmiyyətindən danışıblar.  

BAMF -ın vitse prezidenti Ramil Əzizov statusun əldə edilməsində prosedurlar və qaydalardan təşkilatın beynəlxalq münasibətlər departamentinin rəhbəri Anastasiya Lavrina isə BAMF-ın ECOSOC-la əməkdaşlığı barədə təcrübələrini bölüşüb, statusun yaratdığı imkanlardan söz açıb. Konfrans zamanı “Zəka” Sosial İqtisadi İnkişaf İB-nin rəhbəri Cəmilə Çiçək, Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Qaramanlı və. digərləri maraqlı təklif və fikirlərini  iştirakçıların diqqətinə çatdırıblar. 

 

Qeyd edək ki, bu gün BMT ilə 34.500-dən yuxarı vətəndaş cəmiyyəti qurumu əməkdaşlıq edir. 5451-dən yuxarı sayda təşkilatın BMT yanında məşvərətçi statusla təmsilçilik hüququ vardır ki, bunların 16-sı Azərbaycan QHT-ləridir. BMT yanında yalnız 136 təşkilat Əsas Məşvərətçi Statusu daşıyır. BAMF Azərbaycanda bu statusa malik yeganə qurumdur. 

1

1

1
Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?