Modern.az

Bizim Coco Chanel - Müasir Azərbaycanın ən məşhur aktrisası üçün FOTOVALS

Bizim Coco Chanel - Müasir Azərbaycanın ən məşhur aktrisası üçün FOTOVALS

30 May 2020, 09:26

Bu gün onun YUBİLEYİDİR...

            
Hər bir aktyor özündə rolunu, rolunda özünü rəsm edir. Əgər aktyor öz rolunun rəssamıdırsa, onda “mənə bir sərgi salonu verin”... ki, əvvəlcə oradan Şükufə xanımın portretlərini asım... sonra oynadığı xarakterlərin fotolarını asım... daha sonra isə tək-tək nüsxələrdə sanki ilan boğazından çıxmış geyimlərini, cürbəcür eleqant donlarını, əlcəklərini, şlyapalarını, boyunbağılarını asım... həyatının fraqmentlərini, sənətinin epizodlarını keçmişdən bir-bir qoparıb gətirim bugünə... şirmayı yalxı divarlara bir yaraşıq gətirim Şükufə xanımın çöhrəsilə...


Mənə bir sərgi salonu verin... O salonu Şükufə xanımın şərəfinə adlandıracağam “Səhnənin səma pərisi”... və ya “Üfüq göyərçini”...


Bilirəm, heç kim mənə sərgi salonu verməyəcək... Amma, inanın mənə ki, teatrşünas da rəssam olub portret işləyə bilir...


Hərçənd... sərgi nədir? Məkanda açılmış albom!


Bəs albom nədir? Səhifələrə yığılmış sərgi!


Elə isə fərq eləməz: sərgi olmasın, albom olsun... 


Bu albom-kataloq da Şükufə xanıma bir ad günü hədiyyəsi kimi düşünülüb; dostları fikirləşib tapıblar bunu ki, mayın 30-da onun könlünü xoş eləsinlər... Şükufə xanımın dünyasının müxtəlif-müxtəlif fotoversiyalarını bir yerə yığıb onun özünə bir fotobuket qismində bağışlasınlar... Şükufə xanımı biraz əyləndirsinlər, biraz güldürsünlər, biraz kövrəltsinlər, biraz əzizləsinlər...         


“Ötən günlərimi qaytarsaydılar”... zamanın içində tənha qalardım...


Albom həmişə ötən günlərin albomudur... Biz albomu vərəqləyəndə fotolar bir-birinə calanıb film olur, kino olur və ötən günlərin ruhu ilğım-ilğım təsəvvürümüzdə dirilir... 


Fotolarda bir ömür...


Fotolarda bir tarix...

Fotolarda bir teatr...

 
Fotolarda bir roman...


Hamı Sizi sevənlər burdadır, Şükufə xanım!!! 


Sizin sevdiklərinizi də bura toplayıblar şəkil-şəkil... Ki, biz hamımız birlikdə Sizə unudulmaz bir ad günü yaşadaq...


Heç elə şey olarmı ki, Şükufə xanımın şərəfinə kataloq hazırlansın, və mən bu işə qoşulmayım? Biz axı onunla dostuq... Ona görə mən bu albomda sözlərlə rəsmini çəkəcəyəm Şükufə xanımın... Yüz gerçəkçi fotonun içində bir modern portretin müəllifi olacağam... Mədənniyyətlərin sırasından və tarixindən assosativ təfəkkürün köməyilə aşkarlanan bir portret təqdim eləyəcəyəm Şükufə xanımın dostlarına, tanışlarına, tamaşaçılarına...

 

Şübhəsiz ki, mən teatrşünasın öz aktrisa Şükufəsi var... və mən onu heç bir fotoya dəyişmirəm... bu albomun heç bir fotosu o Şükufəni əvəzləyə bilməz mənim üçün...


Onun rollarına səhnədən və ekrandan baxanda mənə elə gəlir ki, yavaş bir külək əsir dənizin sahilində... və bu külək payızın kövrək qızılı yarpaqları ilə toxunur tənha bir qadının üzünə, saçlarına, dodaqlarına...


Söyüdlər xışıldayırdı şəhər parkında...


Onun rollarına səhnədən və ya ekrandan baxanda mənə elə gəlir ki, qürub çağı bir göyərçin süzür al qırmızı günəşin qənşərində üfüqə sarı... Bu, uçuş deyil, çırpınışdır, azadlıq rəqsidir göyərçinin...


Söyüdlər xışıldayırdı şəhər parkında...

Onun rollarına səhnədən və ya ekrandan baxanda mənə elə gəlir ki, haradasa köhnə bir qəsrdə klavesin musiqisi səslənir, buxarıda alov çartıldayır və çoxsaylı şamdanların işığında kübar libaslar geyinmiş qadınla kişi üzbəüz əyləşib bir-birlərinə sevgilərindən danışırlar...


Söyüdlər xışıldayırdı şəhər parkında...


Şükufə xanım həmişə modern aktrisa olub, heç kəsə bənzəməyib: fakturasına görə də fərqlənib, səsinə görə də. Onun sənətçi palitrasında yaşantı var, sentiment yox; təbəssüm var, gülüş var, şaqqanaq yox; ağrı var, iztirab var, mazoxist üzüntü yox; həyəcan var, affekt yox: bütün vəziyyətlərdə o, özünə və hər şeyə qarşı ironik olmağı bacarır; özünə və başqalarına yumorla yanaşmağı bacarır; səhnədə komplekssiz görünməyi bacarır, özü kimi qalmağı bacarır; personaj özündən zəif olanda onu özünə tabe etdirməyi bacarır və aktyor sənətində peşəkarlığın harada qurtardığını həmişə dəqiq duyur. Şükufə xanımın əsl aktrisa cazibəsi ondadır ki, bu qadın son dərəcə çılğın, əsəbi, ötkəm, inad xarakteri müqabilində öz emosiyalarını “dəmir ledi” kimi idarə edib həmişə “soyuq ağ maska”da qala bilir, uçub göyərçin kimi qona bilir uzaq-uzaq bir qülləyə və bu uzaqlıqdan heç cür məlum olmur ki, Şükufə nə düşünür... nə fikirləşir... nə istəyir...


Şükufə “yarimifadələr” aktrisasıdır: yapon Noh teatrının maskalı personajlarına oxşar... “Yarımifadələr” təhlil etməyə, tanımağa imkan vermir. Onları yalnız yozmaq mümkündür. 


Bir profilinə baxanda Şükufəni fransızsayağı sevgi filmlərinin qəhrəmanı sayırsan; kinorejissor Klod Lelüşün bədii məkanının aktrisası bilirsən: həzin bir sevgi valsı hər zaman onunladır.


Başqa bir profilinə baxanda Şükufəni üslubca dünyanın kinoulduzu Odri Hepbörnlə müqayisə eləyirsən... qələm kimi dik qamət, asfalta çiçək-çiçək düşən addımlar... 


Şükufənin ayrı bir profililinə tamaşa edəndə isə görürsən ki, bu xanımın simasında Arlekin maskasının, kürən kloun maskasının müəyyən cizgiləri sayrışır; yəni ki, aktrisanın istedadının hüsnündə həm romantik çalarlar, həm də buffonada əlamətləri sanki hər an bir-birinə kontrapunkt ola bilir; bu onun, o da bunun orbitindən zarafatcıl bir əda ilə sivişib keçir. 


Tarlada yağış kəsəndən sonra “üzünə dağılmış yaş saçları arasından açıq səmaya baxıb da qımışan” sünbül kimidi Mühəddin Yusupovun qızı Şükufə. Olduqca miniatür qadındı, nərmə-nazik, xırda-mırda. Muncuq-muncuq gözləri var sanki mərcan rəngində; par-par yanır. Bəlkə də heç deməzsən azərbaycanlıdı; elə bilərsən ki, bu dəqiqə Avropadan gəlib. 


Aktrisa Şükufə xanımın görkəmi və geyim tərzi XX yüzilin əvvəlləri üçün xarakterik rus moderni üslubundadır. Rus poeziyasının “gümüş əsri”nin şairələrinə də, o dövrün arıq, incə rəqqasələrinə də oxşadıram mən onu həm maneralarına görə, həm də bəyəndiyi aksessuarlardan faydalanma prinsipinə görə... Mən Şükufəni bənzədirəm, tutalım, Dyagilevin rus baletinin aktrisası yəhudi İda Rubinşteynə... nə vaxt ki, o, cilvələnib yeddi əlvan örtüyün rəqsini göstərirdi; mən Şükufəni bənzədirəm, tutalım, fransız modelyeri Koko Şanelə... nə vaxt ki, o, öz ekstravaqant şlyapaları ilə ətrafını şoka salırdı...      


Rus moderni ilə kommunizm ideyalarının sintezindən vaxtilə yaraşıqlı, eleqant formalar yaranıb. Məhz bu məcrada düşünəndə mən Şükufə xanımı belində revolver, damağında uzun müştüklü siqaret, ağ köynəkli, qara meşin gödəkçəli, qara baş yaylığını alnından çəkib bağlamış, dodağı tünd qırmızı boyalı inqilabçı rus komissarı və ya Volodya Leninin qatili Kaplan qiyafəsində təsəvvür edirəm. Nədən ki, onun zahiri zərifliyi, pəri fakturası qrafikdir, kəskin ekspressiv kontura malikdir; sanki karandaşla çəkilib. Bu qrafik xətlər psixoloji diskomfortu, daxili gərginliyi, naməlum mənəvi sıxıntını, basqıya dönmüş “utancaq” duyğusal sirri məxfiləşdirən, “söndürən” bir vasitə, möhkəm iradənin, haradasa sərt, cod xarakterin və sonsuz qadın qürurunun ifadəçisi. Belə qadınlardan ötrü hər yerdə birinci skripka olmağın şərəfi bəlkə də həyatın özündən daha şirin. 


Təsadüfi deyil ki, qədim Roma imperatorlarının siyasətcil, hökmran qadını kimi də fikrimdə canlandırıram mən onu... Özü də 1985-ci ildə Hüseynağa Atakişiyevin tamaşasında o, həqiqətən, Roma imperatoru Böyük Romulun Yuliya adlı arvadı olub səhnədə... Ancaq rejissor konsepsiyasına görə Yuliya da imperiyanın mexaniki kuklalarından biri idi və Şükufə Yusupova bu personajı səhnə məkanında “bərbəzəkli cansız gözəlçə” kimi qroteskləşdirib seyrçilərə təqdim edirdi... 

Hərçənd “peplum” filmlərində də bir nömrəli tarixi passiya (ehtiras, sevgi obyekti)  rolu onun ifasında əla alınardı... Axı heç nə qədim romalıların tunikası qədər Şükufə xanıma yaraşmır... 


Rejissor Bəhram Osmanovun “Şah Edip” (1997) tamaşasında da yunan mifolojisinin ən bədbəxt anası və arvadı İokasta Şükufə versiyasında çox cazibəli görünürdü...


Lakin bu cazibə ilə yanaşı... 


...Şükufə Danimarka şahzadəsi Hamleti də oynaya biləcək bir aktrisa! Hamlet qiyafəsində səhnəyə çıxmaq üçünsə gərək biraz dəli olasan: sənətin dəlisi olasan, sevginin dəlisi olasan... fransız aktrisası Sara Bernar kimi... Şükufə xanım 2007-ci ildə “Üns” yaradıcılıq səhnəsində xalq yazıçısı Elçinin pyesi əsasında hazırlanmış “Şekspir” tamaşasında özünü Sara Bernarla eyniləşdirən xəstə qadın rolunu ifa elədi; amma potensial Sara Bernar oldu, tül pərdə kimi yumşaq, çəkisiz oldu, romantik oldu... və Cülyettanı elə oynadı ki, seyrçi məxsusi onu alqışladı... 


Tənha skripka həmişə dişi canavarın melodiyasını çalır. 


 “Şüşə heyvanxana” (1985-ci ilin tamaşası) dişi canavar üçün ölüm qəfəsidir. Boğulan azadlıq Şükufənin səsində “pırpızlaşır”; bu səs gah tənhalıq ulartısına çevrilir, gah sevgi yalvarışına, gah da fısıltılı hədələrə... Laura çaşqındır, özünə inamsızdır, məişətin içindən sıçrayıb buludlar arasına düşmək, birdəfəlik orada yaşamaq istəyir...


Qadınlar sevgi qıtlığından pırpız olurlar...      


Şükufə xanım Tennessi Uilyams teatrının aktrisası, bu dramaturqun qadın qəhrəmanlarının milli variantı: onlar kimi iddialı, duyğusal, məğrur, kövrək. Kövrəkliyi sərtliyinə müsavi: “sınar”, “ovxalanar”, amma özündən dönməz. Azərbaycan aktrisaları içində ideal Blanş Dübua sanıram mən onu. Uilyamsın “Arzu tramvayı” pyesi sanki Şükufə xanımın “Köhnə ev”i. Azərbaycanın tanınan dramaturqu Əli Əmirlinin “Köhnə ev”inin (2000) sakinləri arasında Şükufənin Zəhra xanımı Blanşın müsəlmansayağı xoşbəxt və arsız modifikasiyası kimi götürülə bilər...


Azərbaycan teatrının səhnəsində Şükufə Yusupova bir tək “yarpaq sırğa”ya bənzər: incə və yüngül. Ustufca əsən bir meh kifayətdir ki, onu içindən oynatsın. Çünki Şükufə öz həssas və çılpaq sinirlərinə toxunub musiqi bəstələyən bir qadın. Şükufənin səsində mən onun sinirlərini eşidirəm. Bu xanımın sinirləri qapağı götürülmüş royalın simləri kimi aşkar görünür. 


 Mən həmən bu sinirləri gördüm 2003-cü ilin “Qatil” tamaşasında: onlar son həddə qədər gəriləndə qəfil qırılıb adam da öldürə bilir, müəlliməni qatilə də çevirə bilir. “Ad günü” filmində Rəna hələ cavan idi, biraz boynubükük idi bənövşə kimi: qiyamçı deyildi; kadrda məişətə, ərinə, çətinliyə dözürdü, sinirlərini köhnə sovet ət maşınına atıb çiyrinə-çiyrinə qulpu fırladırdı və susmağı üstün tuturdu, basqılarını içinə gömüb boğurdu. 


O zaman təqvim çöldə 1977-ci il olduğunu göstərirdi.


Əslində isə Şükufə xanım Gülxar (“Xoşbəxtlik qayğıları” bədii filmi) kimi üsyana qalxmağı sevir: hərçənd bu üsyan daha çox onun insan qürurunun üsyanıdır... sosial ədalət uğrunda mübarizə aparmaq üçün, mübarizəyə “bulaşmaq” üçün o, xeyli kübar birisidir... o, hay-küy salmır, haqqını tələb eləmir, yavaşca çıxıb gedir...


Şükufə xanım aktrisa kimi rol hüdudlarında, rol çərçivəsində bitib tükənmir; orada ki personajın sözü qalmır danışmağa, ondan o yana Şükufə xanımın öz içində öz rolu ilə bağlı uydurduğu romanlar başlayır... Yəni bu aktrisa bir tamaşada cəmi bir fraqment oynayar, amma sən bu fraqmentdə personajın həyat mozaikasını görərsən... gündəliklərini oxuyarsan...


Tənha skripka dişi canavarın arzularının bəstəçisidir. 


Lakin o, “Qağayı”, “Albalı bağı”, “Vanya dayı” pyeslərinin də effektli sakini ola bilir. Hərçənd Şükufə xanım “Biganələr oteli”ndə (1985) də, “Həyatın dibində” (1985) də yaşamağa qadir. Yəni bir aktrisa kimi onun üçün janr məhdudiyyəti, janr çərçivəsi yox. Janr isə mövzunun paltar şərtiliyi: peşəkar sənətçidən ötrü fərqi nə, komediya olsun, dram olsun, yainki faciə? Məgər “Evlənmə” tamaşasında (2010) Şükufə xanım aradüzəldən arvad Fyokla İvanovnanı rusların nağıl personajı küpəgirən Baba Yaqa variantı kimi təqdim  eləmirdi, səhnəyə yel kimi gəlib yel kimi də getmirdi? 


Hətta aktyor karyerasının əvvəlində bir dəfə sərv boylu Zürafə (“Şir evdən getdi” kinofilmi) müzikl səmtinə apardı Şükufəni qısa bir müddətə: alınmışdı və etiraz doğurmamışdı; ona görə ki, zoopark da bir növ şəhər teatrı. Tamaşaxana.


Dişi canavar ölür, amma məğlub olmur. 


Şükufənin bütün rolları sanki bu mesajı göndərir seyrçiyə. Laura da belə idi, Lüsi də. Mən hələ “İnsan səsi”indəki Qadını demirəm. Bəlkə R.Akutaqavanın “Cəngəllikdə” novellasının motivlərinə istinadən rejissor Mehriban Ələkbərzadənin qurduğu “Müəmmalı ölümün üç versiyası” tamaşasında öz ehtiraslarının dalğaları arasında çabalayan yapon xanımını xatırladım? Bu tamaşada ağrı... və təhqir... və namus... və şəhvət... və yalan... və aldanış... və qadın fantaziyası... marşrutu üzrə dəfələrlərlə yalquzaq kimi sürünüb məqam-məqam elə dəyişirdi ki Şükufə xanım...


 XX əsr Azərbaycan teatrında sinirlərilə “danışan” yeganə aktrisa Şükufə Yusupovadır. Teatrda ən orijinal paltarların sahibəsi odur: ən füsunkar qadın jestlərini onda görmək olar. Mühəddin qızının səsi də sanki buz mağaraların qaranlığında qərinələrlə uyuduqdan sonra tənha skripkanın ürək yalvarışı kimi... əcdadların pıçıltı ilə söylədiyi dualar kimi... gəlib çatır səhnəyə...

 
Amma onun səsini fotolardan da eşitmək olur... Çünki o, danışanda təkcə səs tellərilə danışmır, bütün varlığı ilə, içi ilə danışır... Onun səsi üfüq göyərçininin sirrini Odur ki, bu səs Şükufə xanımın duyğularının, yaşantılarının, qadın sehrinin səsidir, pəri kimi zərif qadının, dəmir kimi möhkəm xarakterin səsidir...


Aydın TALIBZADƏ

***

REDAKSİYADAN: Aktrisa Şükufə Mühəddin qızı Yusupova 1954-cü il may ayının 30-da Bakıda doğulub. Görkəmli rejissor Mehdi Məmmədovun rəhbərlik etdiyi kursda oxuyan tələbə-aktrisa sənət müəlliminin 1974-cü ildə Akademik Milli Dram Teatrında hazırladığı Səməd Vurğunun "İnsan" dramının tamaşasında Tatyana rolunu ifa edib. Gənc aktrisa həmin ərəfədə "Azərbaycanfilm" kinostudiyasında "Tütək səsi" və "Xoşbəxtlik qayğıları" filimlərinə çəkildiyinə görə təyinatdan azad edilib. Akademik teatrın baş rejissoru Tofiq Kazımov "Qılınc və qələm" (Məmməd Səid Ordubadi) tamaşasını hazırlayanda Şükufə Yusupovanı Rəna roluna dəvət edib. Aktrisa 1976-cı ildə Akademik Milli Dram Teatrına aktyor truppasına işə götürülüb.


Şükufə Yusupova Akademik Milli Dram Teatrında çoxlu yaddaqalan rollar oynayıb.


Anyuta (“Daşqın”, A.Safronov), Müttəhimin arvadı (“İstintaq”, Rüstəm İbrahimbəyov), Təhminə (“Xurşidbanu Natəvan”, İlyas Əfəndiyev), Zara xanım (“Bizim qəribə taleyimiz”, İlyas Əfəndiyev), Sədaqət (“Büllur sarayda”, İlyas Əfəndiyev), Həmidə xanım (“Sizi deyib gəlmişəm”, Anar), Xavər (“İblis”, Hüseyn Cavid), Gülnar (“Vaqif”, Səməd Vurğun), Anna (“Həyatın dibində”, Maksim Qorki), Şölə xanım (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Lüsi (“Dəfn edilməmiş ölülər”, J.P. Sartr), Zəhra xanım (“Köhnə ev”, Əli Əmirli), Sona Ərəblinskaya (“Mesenat”, Əli Əmirli), Qadın (“Qatil”, Elçin), Həsənzadənin arvadı (“Boy çiçəyi”, İlyas Əfəndiyev).


Aktrisa Azərbaycan Dövlət Televiziyasında N.Hacızadənin “Yaşa, ey haqq” (Ümbül banu), J. Koktonun “İnsan səsi” (Qadın), M. Normanın “Gecən xeyrə qalsın ana!” (qız) əsərlərinin teletamaşalarında oynayıb.


Akademik teatrın aktrisaları arasında kinoya ən çox çəkilən sənətkarlardan biri də Şükufə Yusupovadır. O, 1974-cü ildən başlayaraq “Dörd bazar günü” (Ustanın qızı), “Ad günü” (Rəna), “1002 gecə” (Şəhrizad), “Musiqi ilə xaş” (Qadın), “Asif, Vasif, Ağasif” (ana), “Nar ağacı haqqında xatirələr” (Mədinə), “Gümüşgöl əfsanəsi” (Səidə), “Ümid” (ana) və s. filmlərə (30-dan) çəkilib.


Şükufə Yusupova 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2005-ci ildə Xalq artisti fəxri adlarını alıb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb. 3 iyun 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib. 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır