Modern.az

“Yaradıcılıqla məşğul olmaq üçün universiteti atdım” – Rəvan Cavidlə “Şənbə söhbəti”  

“Yaradıcılıqla məşğul olmaq üçün universiteti atdım” – Rəvan Cavidlə “Şənbə söhbəti”  

30 May 2020, 09:30

Budəfəki həmsöhbətimiz yazıçı Rəvan Caviddir. Onunla təzə çapa hazırladığı kitabından, yenicə bitirdiyi romanından danışdıq. Məlum oldu ki, həmsöhbətimiz yaxın günlərdə hərbi xidmətə getməyə hazırlaşır.

 

Modern.az-ın “Şənbə söhbəti”nin qonağı ilə söhbətimizi oxumaq istəyirsinizsə, monitora bir qədər də yaxın durun:

 

-Yeni kitabını çapa hazırlayırsan, təbrik edirəm. Səhv etmirəmsə, şeirlər kitabıdı. Adı nə olacaq? Mövzusu nədir? Bir qədər ətraflı məlumat verərdin...

 

-Düzü, bu kitabı çap etdirmək fikrim yox idi. Üst-üstə gələn sıxıntılardan bir az ayrılmaq üçün son üç ildə yazdığım şeirləri topladım. Kitab halına salmaq istədim. Motivasiyaya ehtiyacım var. Məncə, bu kitab məni bir qədər ovudar. “Mavi boyalı ev” qoydum adını. Redaktoru dəyərli dostumuz şair Fərid Hüseyndi. Kitab “Alatoran”nəşriyyatında yığılır, ilk kitabımı da “Alatoran”da çap etdirmişdim. Ümid edirəm, yaxın günlərdə çap olunacaq. Sevgi şeirləridi. Eksperimental şeirlər də var.

 

-Hərbi xidmətə getməyə hazırlaşırsan, bu gethagetdə kitab ideyası haradan doğdu?

 

-Dediyim kimi, koronavirus dövrü, Bakıdan uzaqlaşmağım, şəxsi problemlərin məngənəsindən çıxmaq istədim. Həm də mənə elə gəlir ki, hərbidən qayıdandan sonra həm xarakterimdə, həm də yazılarımda dəyişiklik olacaq. Bir mərhələ kimi bu kitabı qırmızı xəttə qoymaq istəyirəm.

 

-Hərbi xidmətə gedib-getməməyin barədə tərəddüdlərin vardı. Qərarını qətiləşdirməkdə kimlər yardımçı oldu?

 

-Onu status kimi zarafatyana yazmışdım. Getmək istəyirəm, uzaqlaşmağa kömək edəcək. Bu mövzuda Ayxan Ayvazla dialoqum isə həqiqətən baş tutub. Dedim, əsgərlikdə olmusan, bir az pislə oraları. Elə qəşəng pislədi ki, getmək istədim (gülür).

 

-Təqdimat keçirə biləcəksənmi? Vaxt qalacaqmı?

 

 

-Bilmirəm. Bəlkə dostlar kimi mən də özüm satdım kitabları. Hərbiyə gedəndə də kitabxanalara verəcəm yəqin. Bu kitab oxuculardan daha çox özümə lazımdı. Yazdıqlarım məni yorur, ona görə kitaba yığıb bir kənara qoymaq istəyirəm.

 

-Karantin günlərini Goranboyda, doğma kəndində keçirdin. Nələrlə yadda qaldı?

 

-Səfikürddə. Əvvəl elə bilirdim ki, kəndi sevmirəm. Yavaş-yavaş başa düşürəm ki, özümü tapdığım yer elə bu kənddi. Yəqin çoxumuzda belədir. Kəndin sehirli bir abu-havası var. Ən çox buna görə sevirəm. Dağdağan ağaclarına vurğunam. Saatlarla bu ağacları izləyə bilərəm. Hər şey təbiidir, Allah əlləri ilə düzüb bu kənddi. Amma nə bəladısa, bu qədər gözəlliyin içində şəhər üçün darıxıram. Təzə iki şeir, üç esse xaricində heç nə yazmamışam karantin günlərində. Hüqonun və Füruğ Fərruxzadın həyatı haqqında  tərcümələr etdim. Foerin üç romanını oxudum. Amma on-on beş gündür ki, nə kitab oxuyuram, nə də kinoya baxıram. Kino demişkən, karantində Bela Tarın da filmlərinə təkrar baxdım. Mənim üçün o rejissor kinonun Talstoyudur.

 

-Roman üzərində işləyirdin, necə oldu? Nə vaxt təqdim edəcəksən?

 

-Neçə ildi o romanı yazdım-yazdım, axır ki bu ay bitirdim. Ancaq çap eləmək istəmirəm. Alınmayıb. Şəxsən mən yox, başqası elə bir roman yazsa, təpədən-dırnağa tənqid eləyərəm (gülür). Düşünürəm ki, bir təcrübə oldu. Silməmişəm, atmamışam. Saxlayacam. Bəlkə nə vaxt üzərində işləyib yaxşı bir mətn eləmək olar. İstəyirəm ki, bu qədər vaxtımı alıb yaxşı bir roman olmadığı üçün onu da, özümü də tənqid edim. Bir yazı düşünmüşəm.

 

-Universiteti atmısan. Niyə?

 

-Bu, köhnə söhbətdi. İkinci kursda yeni-yeni yazmağa başlayırdım. Həvəsliydim. Elə o vaxt başladım romana da. Sonra bir şeir kitabım da çıxdı. Ədəbi mühitdə heç kimi tanımırdım. Sadəcə yazıb qaralayırdım. Evdə oturub, heç nə eləməyib yazmaq istəyirdim. Ona görə də dərsləri buraxdım. Sevmədiyim bir ixtisas idi. Tədris də sevdirə bilmədi. Mən də yavaş-yavaş uzaqlaşdım. Sonra iş, yazılar artdıqca verdiyim qərardan peşman olmadığımı hiss elədim. İndi də üzülmürəm. Amma universitetin mənə qazandırdığı çox yaxşı dostlar var. İstəyirəm, hərbidən qayıdandan sonra ədəbiyyat ya da incəsənət fakültəsində təhsil alım.

 

-Rəvan, bizimkilərin dünya ədəbiyyatına çıxa bilməməsinin səbəbləri nələrdir? Dil və ya baxış amilinin burada rolu varmı?

 

-Keçən gün oxuyuram ki, bir ildə gürcü ədəbiyyatından iki yüz fərqli əsər dünya dillərinə tərcümə edilir. Təsəvvür elə, bir ildə cavanlı-qocalı, köhnə-təzə iki yüz yazar ingilis, alman, fransız dillərinə tərcümə olunur. Belə olanda da beynəlxalq mükafatların, dərgilərin diqqətini cəlb etmək asanlaşır. Yeni dövrün ən böyük tələbi tərcümədi. Bizim müəlliflər dövlət hesabına tərcümə olunmur. Və ya tərcümə edilən adamlar eyni imzalardı. Dövlət səviyyəsində, ayrı-ayrı QHT-lər səviyyəsində nə tərcüməyə, nə ədəbiyyata, nə də sənətə diqqət var. Ədəbiyyatdan danışanda şikayətlənmək istəmirəm, ancaq təəssüf ki, reallıq budur, bunu deməliyik. Nə bizim dilimizə doğru-düzgün tərcümə prosesi var, nə də bizdən başqa dillərə. Çox azdı. Bir əlin barmaq sayını keçməyəcək qədər yaxşı tərcümələr olur il ərzində. Başqa bir məsələ isə bizim yazarların dünyada trend olan mövzuları yaxalaya bilməməsidir. İndi deyəcəksiniz, gərək hər xalq öz mətnini yazsın, bu da düzdü. Amma istənilən halda dünyanın diqqətini çəkmək istəyirsənsə, ya çox yaxşı tərcümə olunmalısan, ya da dünyanı maraqlandıran mövzularda yazmalısan.

 

Tural Turan

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...