Modern.az

“Bədbəxtlik oradadır ki, bizdə hər kəs özünə çalışır...” - Fikrət Qoca ilə yubiley SÖHBƏTİ

“Bədbəxtlik oradadır ki, bizdə hər kəs özünə çalışır...” - Fikrət Qoca ilə yubiley SÖHBƏTİ

Ədəbi̇yyat

30 May 2020, 10:50

Bu il onun 85 illik yubleyi qeyd olunacaqdı. Koronavirus araya düşdü. Hələ ki yubley məsələsi yubanır. İndi evində oturub küliyyatını çapa hazırlamaqla məşğuldu. Deyir ki, ondan sonra heç kim bu işi görməyəcək. Ona görə də dayanmadan, durmadan kitablarını çapa hazırlayır.

 

Xalq şairi Fikrət Qoca ilə Modern.az-ın “Ədəbi şənbə” layihəsində söhbətləşdik. AYB-nin qarşıdan gələn qurultayından, bizimkilərin dünya ədəbiyyatına çıxa bilməməsinin səbəblərindən və ilaxır mətləblərdən danışdıq.

 

- Fikrət müəllim, bu il yubleyinizidir. 85 yaşınız tamam olunur. Dövlət səviyyəsində qeyd olunacaqmı?

 

- Görək də, olmalı idi. Hələ ki, karantin dövrüdür. İndidən darıxmağın nə mənası var. Yəqin ki, qeyd olunar. İndidən nəsə deyə bilmərəm.

 

- 85 yaşınız avqustda tamam olacaq. Yəqin ilin sonuna kimi qeyd edərlər. Sizə bu haqda nəsə deyiblərmi?

 

- Eləyəcəklər. Planda var. Nəzərdə tutulub. Mən də çox maraqlanmıram.

 

- Oncildliyiniz çapa hazırlanırdı. Nə yerdə qaldı? Nə zaman çap olunacaq?

 

- Planda onun da çapı nəzərdə tutulub. Dövlət mükafatı alan şair və yazıçıların seriyasından mənim də kitablarım çapdan çıxacaq. Mən də dövlət mükafatı almışam. Eləməlidirlər. Belə düşünürəm. Təzə nazirin yəqin ki, planlarına daxil ediləcək. Hələ kimin təyin olunacağını bilmirik. Əsas koronavirus bitsin, gerisi yaxşı olacaq. Əsas odur ki, canımız bu virusdan qurtarsın. Təki salamatlıq olsun. Evdən bayıra çıxa bilsək, hər şey düzələcək (gülür).

 

- Fikrət müəllim, bu iki ay yarımlıq karantin günləriniz nə ilə yadda qaldı, təzə nə yazmısınız?

 

 - Evdə olmuşam. Bayıra çıxmamışam. Dövlət qərar qəbul edib ki, 65 yaşından yuxarı kimsə bayıra çıxmasın. Ona əməl edirəm. İşləyirəm. Təzə şeirlər yazmışam. Yazdıqca qəzetlərə verirəm. Çap olunur. Əsas gücü külliyatımın çapa hazırlanmasına vermişəm. Artıq 11-ci cild çap edilib. 12-ci və 13-cü cildləri də demək olar ki, hazırlamışam. Yavaş-yavaş o  birilərini də hazırlayıram. Məndən sonra bunları heç kim eləməyəcək. Ona görə də hər gün işləyirəm.

 

- Yazıçılar Birliyinin qurultayına hazırlaşırsınızmı?

 

Hazırlaşırdıq. Bütün bu hadisələr bizim də hazırlıqlarımızı pozdu. Koronavirusu deyirəm. Aranın sakitləşməsini gözləyirik. Bundan əvvəlki qurultaylara həmişə başqa ölkələrdən qonaqlar da təşrif buyurub. Xarici ölkələrin tanınmış şair və yazıçıları da gəlib. Hər şey qaydasına düşməlidir ki, biz də qurultaya onları dəvət edə bilək. Bunlar üçün hazırlıq lazımdır. Vaxt aparan işlərdir.

 

- Bəzi gənc yazarlar Yazıçılar Birliyində sədrlik postuna iddialı olduqlarını və qurultayda namizədliklərini irəli sürəcəklərini açıqlamışdılar. Gənclərin sədrlik iddiasına münasibətiniz necədir?

 

- Yazıçılar Birliyi nazirlik, dövlət qurumu deyil. Bura yaradıcı orqandır. Yaradıcı sahəyə aid bir təşkilatdır. Yaradıcılıq təşkilatında sədr və idarə heyəti üzvləri tanınan, sayılıb-seçilən adam olmalıdır. Yazaradıcılıqda hər şey pillə-pillə gedir. Bu elə bir sənətdir ki, son nəfəsinə kimi öyrənirsən. Tutaq ki, Yazıçılar Birliyinin qurultayına Özbəkistandan qonaqlar gəlir. Həmin qonaqlar da yaşlı sədri tanıyır. Cavan insan seçilsə deyəcək ki, bu gənc kimdir, tanımayacaq. Yazıçılar Birliyinin sədri gənclər yox, nisbətən yaşlı və təcrübəli adamlar olmalıdır. Mən belə düşünürəm. Yəni, bu təşkilatı dövlət idarələri ilə bir tutmaq lazım deyil.

 

- Bizimkilər, xüsusən də gənc yazarlar xaricdə çox az çap olunurlar. Dövlət də AYB-yə pul ayırır. Gənclərin üzə çıxmasına, dünya ədəbiyyatına ayaq açmasına nə mane olur? Gənclərin dünya ədəbiyyatına çıxmasına nəfəsi çatmır, yoxsa təbliğatları düzgün aparılmır?

 

- Bizdə tərcümə evi var. Bu işlə orada məşğul olurlar. Jurnal buraxırlar. Orada şair və yazıçıların əsərləri tərcümə edilir. Nəşr olunur. Yazıçının da, şairin də kitab çap etməyə imkanı yoxdur. Gənclərin bir neçəsinin kitabını buraxmışıq. Hətta xarici dillərə də tərücümələr edilib. Şair və yazıçıların kitabları nəşr olunub. Bu işləri bizdə xarici əlaqələr şöbəsi həyata keçirir. Onlar jurnal da buraxırlar. İmkan qədər çap olunurlar. Yazıçının gəlirləri yoxdur. Qəzetlərin güclü qonorar vermək imkanları da məhduddur. Qəzet və televiziyalarda da eyni durumdur. Müəllif hüquqları idarəsi yaxşı işləsə çox şey dəyişər. Müəllif hüquqları idarəsi yaxşı işləmir. Beynəlxalq müqavilələr yoxdur. Şair və yazıçılar gəlirlərini də kitabların çapına xərcləyirlər. Kitablar çox çap olunur. Amma təbliğatları zəifdir.

 

- Karantin günlərində təkliflər səsləndirildi ki, işləməyən, gəliri olmayan yazıçılara AYB pul ayırsın. Dövlət tərəfindən də də ötən il 800 min manat pul köçürülmüşdü. Amma heç nə edilmədi...

 

- Bizim elə büdcəmiz yoxdur axı. Hamımız maaşa işləyirik. Kimin maaşından kəsib kimə verək. Elə güclü maaşımız da yoxdur. Mən 300 manat maaş alıram. Həmin pulun 100 manatını kəsib başqasına verəcək qədər imkana sahib deyiləm. Mən niyə verməliyəm? Mümkün olan şey deyil. Fondumuz da yoxdur.

 

- Fikrət müəllim, biz gürcülərdən və ermənilərdən fərqli olaraq dünya ədəbiyyatına yazıçı və şair çıxara bilmirik. Səbəbi nədir, bizim yazıçı və şairlərin dünyaya çıxışı üçün istedadlarının nəfəsi çatmır yoxsa başqa səbəblər var?

 

- Bunun əsas səbəbi əlaqələrin zəif olmasıdır. Xarici ölkələrlə, yazarlarla əlaqələrimiz azalıb. Dili bilmirlər. Bədbəxtlik oradadır ki, bizdə hər kəs özünə çalışır. Çalışır ki, özünü qabağa çəksin, özünü göstərsin. Hərə bir istedadlı yazıçını, şairi təqdim eləsə, başqa cür olar. Gedirlər xaricə, soruşurlar ki, sizin ölkədən başqa kimlər var. Cavab verirlər ki, məndən yaxşısı yoxdur. Ədəbi əlaqələrimiz zəif olduğu üçün bu işlər ləng gedir. Türkiyə ilə ədəbi əlaqələrimiz var. Çünki dil baryeri, sərhəddi yoxdur. Amma 84 milyonluq Türkiyənin özündə də beş-altı yazıçı var. İllərlə dəridən-qabıqdan çıxdıqdan sonra Orxan Pamuka Nobel mükafatı verildi. Bir dəfə onunla görüşəndə - bizim Yazıçılar Birliyinin qurultayına gəlmişdi – zarafatla soruşdum ki, əsəri yazmaq çətindir, yoxsa yeritmək? Qayıtdı ki, yeritmək... Gülüşdük. Təbliğat işini güclü aparmaq lazımdır. Elə güclü əsərlər var ki, dünya ədəbiyyatına düşə bilməyib. Söhbət dünya yazıçılarının əsərlərindən gedir.

 

- Yazıçılar Birliyi yazarların təbliğat işini öz üzərinə götürə bilməz?

 

-Yox... Əslində təbliğat şair və yazıçıların işi deyil. Bu işdə ölkənin mədəniyyətini, ədəbiyyatını təbliğ edənlər irəli düşməlidirlər. Bu sahədə çalışanların işidir. Əgər şair və yazıçı yazmayıb təbliğatla məşğul olsa, bütün ömrü gedəcək. Bir də görəcək ki, saç-saqqalı ağarıb, ölümü yaxınlaşıb. Yəni yazıdan-pozudan da olacaq... Ona görə də bunu təbliğat sahəsində çalışanlar gerçəkləşdirməlidirlər.

 

Tural Turan

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır