Modern.az

Milli Məclisin yeni deputatı: “Azərbaycanı bugünkü gənclər idarə edəcək” - MÜSAHİBƏ

Milli Məclisin yeni deputatı: “Azərbaycanı bugünkü gənclər idarə edəcək” - MÜSAHİBƏ

1 İyun 2020, 08:47

Modern.az  saytı yeni deputatlarla müsahibələrə davam edir. Budəfəki həmsöhbətimiz VI Çağırış Milli Məclisin gənc deputatı, 113 saylı Şəki şəhər seçki dairəsini təmsil edən Vüqar İskəndərovdur. Onunla söhbəti təqdim edirik:

 

- Vüqar müəllim, VI Çağırış Milli Məclisin yeni deputatlarından birisiniz. Sizin haqqınızda məlumatı elə özünüzdən dinləmək istərdik...

 

- Ümumiyyətlə, özüm haqqında çox danışmağı sevmirəm. Hesab edirəm ki, hər bir insanı cəmiyyətə tanıdan tərcümeyi-halında yazılanlardan daha çox onun xalqı, dövləti üçün gördüyü işlər olmalıdı. Bununla belə sualınıza qısa şəkildə cavab olaraq deyim ki, Şəki şəhərində anadan olmuşam. Orta məktəbi bitirdikdən və hərb xidmətimi başa vurduqdan sonra müxtəlif sahələrdə çalışmışam. Həm hüquqşünaslıq, həm də iqtisadiyyat ixtisası üzrə ali təhsil almışam. Hələ orta məktəb illərindən həm dərslərimi yaxşı oxumuşam, həm də idmana maraq göstərmişəm. Bu maraq da sonradan müxtəlif idman növləri ilə yaxından məşğul olmağıma, dünya və Avropa miqyaslı yarışlarda uğur qazanmağıma yol açıb və Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adını daşıyıram.

İçtimai-siyasi fəaliyyətimə gəlincə, gənc yaşlarımdan ölkədə baş verənlərlə yaxından maraqlanmışam, yaş həddim imkan verəndən sonra isə ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmuşam və hazırda partiyanın Şəki şəhər təşkilatı sədrinin müaviniyəm. Azərbaycan Prezidentinin 31 yanvar 2019-cu il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, həmçinin bir sıra fəxri fərman, orden və medallarla təltif olunmuşam. ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərinin fəxri vətəndaşıyam. Bu il Milli Məclisə keçirilən seçkilərdə YAP-ın namizədi olaraq 113 saylı Şəki şəhər seçki dairəsindən deputat seçilmişəm. Ailəliyəm, 2 övladım var.

 

- Deputat olmaq bir çox insanın hətta uşaqlıqdan arzusu olur, deyə bilərik. Siz necə, tələbəlik, gənclik illərinizdən deputat olmağı arzulamısınız, yoxsa bu qərar elə birdən verildi?

 

- Onu deyə bilərəm ki, hələ orta məktəbdə oxuyandan fəallığım ilə yaşıdlarım arasından seçilmişəm. Eyni zamanda, deputat seçilənə qədər çalışdığım hər bir sahədə işimə məsuliyyətlə yanaşmışam və harda oluramsa-olum insanların problemlərinin həllinə dəstək verməyi özümə borc bilmişəm. Hesab edirəm ki, parlamentdə təmsil olunub-olunmamasından asılı olmayaraq, hər bir kəs öz işində xalqın, millətin vəkili kimi çalışmalıdır. Sualınızın ikinci hissəsinə gəlincə, bir namizəd kimi seçkilərdə iştirakımla bağlı qərar Yeni Azərbaycan Partiyası tərəfindən verildi. Fürsətdən istifadə edib mənə göstərilən bu yüksək etimada görə bir daha cənab Prezidentimizin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasına minnətdarlıq edirəm. Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyevin və partiyamızın bu etimadını doğrultmaq üçün var gücümlə çalışacağam.

 

- V Çağırış Milli Məclis buraxılanda deputatların bir qismi seçicilərlə ünsiyyəti istənilən səviyyədə qurmadığından, görüşlər keçirmədiyindən onların fəaliyyəti səmərəli hesab edilmədi. Seçicilərlə ünsiyyətdə aktivlik, onların problemlərinin Milli Məclisdə qaldırılması üçün hansı planlarınız var?

 

- Bildiyiniz kimi, mən113 saylı Şəki şəhər seçki dairəsindən seçilmiş deputat olaraq parlamentdə Şəki şəhərinin seçicilərini təmsil edirəm. Təbii ki, Milli Məclisin üzvü seçilmək hər bir deputatın üzərinə böyük məsuliyyət qoyur. Eyni zamanda hesab edirəm ki, Şəki kimi qədim tarixə malik, dünyada tanınan bir şəhəri parlamentdə təmsil etmək həm şərəfli, həm də çox məsuliyyətli bir işdir. Bu məsuliyyətin ağırlığını dərk edirəm və partiyamızı da, seçicilərimi də əmin etmək istəyirəm ki, mənə göstərilən etimadı doğrultmağa, üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacağam. Konkret sualınıza gəlincə isə, yuxarıda da dediyim kimi uzun müddət Şəkidə müxtəlif vəzifələrdə işləmişəm və bu mənə şəhərimizin hansı xarakterik problemlərinin olduğunu öyrənməyə kömək edib. Düzdür o problemlərin böyük bir qismi həll edilib. Digərlərinin həllinə gəlincə, təbii ki, zaman-zaman onların həlli istiqamətində bir deputat olaraq üzərimə düşəcək vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacam.

 

- Milli Məclisin martın 10-da keçirilən ilk iclasında Prezident İlham Əliyev çıxış edərək, parlamentarilərə öz tövsiyələrini çatdırdı. Bu çıxış gələcək fəaliyyətiniz üçün hansı məqsədlərə aydınlıq gətirdi?

 

- Cənab Prezident İlham Əliyevin Milli Məclisin martın 10-da keçirilən iclasındakı çıxışı hər bir deputatın gələcək fəaliyyəti üçün yol xəritəsi kimi dəyərləndirilə bilər. Dövlət başçımız parlamentin iclasındakı geniş və əhatəli çıxışı ilə Milli Məclisin yeni tərkibində təmsil olunan depuatatlara dəyərli tövsiyələrini verdi, onlara seçicilərlə daha sıx təmasda olmağı tövsiyə etdi. Mən də bir deputat kimi fəaliyyətimdə hər an dövlət başçımızın tövsiyələrini əsas tutacam. Ümumiyyətlə isə, bugünə qədərki fəaliyyətim boyunca hər zaman hesabatlı olmuşam və bundan sonra da belə olacaq. Eyni zamanda, ilk gündən demişəm ki, deputat kimi bütün vədlərə əməl edəcək, həmişə seçicinin yanında olacağam. Deputat kimi fəaliyyət göstərdiyim qısa müddət ərzində seçicilərimlə daim maraqlanmışam. Yaxın və orta perspektivdə görəcəyim işlərə gəlincə, istər seçicilərlə, özü də bütün yaş qrupundan olan seçicilərlə daha çox bir yerdə olmaq, istər onların problemlərinə yardım etmək, istərsə də digər məsələlərlə bağlı çox maraqlı, əhatəli planlarımız, proqramlarımız var. İnşallah karantin rejimindən sonra həmin proqramlar üzrə konkret fəalyyətə keçəcək, addımlar atacağıq.
Bilirəm ki, növbəti sualınız həmin proqlarımızın konkret nədən ibarət olması ilə bağlı olacaq. Amma siz soruşmadan deyirəm ki, gəlin tələsməyək. Tezliklə həmin proqramlar üzrə addımlar atacağıq və bundan ilk xəbər tutan da dəyərli KİV təmsilçilərimiz olacaq.

 

- Milli Məclisin Gənclər və idman komitəsinin üzvüsünüz. Komitənin ümumi müzakirələrində gənclər və idman siyasəti ilə bağlı hansı məsələlərin qaldırılmasına təşəbbüs göstərəcəksiniz?

 

- Bildiyiniz kimi ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu gün dünyanın nüfuzlu idman yarışlarının Azərbaycanda keçirilməsinə dair verilən qərarlar da məhz bu uğurun nəticəsidir. Eyni zamanda dövlətimizin, şəxsən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunan idmançılarımız Olimpiya oyunlarında, dünya və qitə çempionatlarında ən yüksək nəticələr göstərərək, üçrəngli bayrağımzı zirvələrə qaldırırlar. Amma təbii ki, hər bir inkişafın davamlı olması üçün zaman-zaman o sahə ilə bağlı qanunvericilik bazasının yenilənməsinə də ehtiyac duyulur və təmsil olunduğum Gənclər və idman komitəsində bununla bağlı müzakirələr olarkən mən də təkliflərimi səsləndirmişəm, bundan sonra da həmin istiqamətdə aparılan müzakirələrdə aktiv olmağa çalışacam.

 

- Təəssüf ki, parlament seçkilərindən qısa müddət sonra dünyanı koronavirus pandemiyası sarsmağa başladı. Ölkəmizdə də bununla əlaqədar vacib addımlar atıldı, xüsusi rejimli karantin elan edildi. Artıq karantin rejimi yumşaldılıb, lakin koronavirusa yoluxma təhlükəsi sovuşmuş deyil. Pandemiyaya qarşı bu dönəmdə hansı addımların atılmasını zəruri hesab edirsiniz?

 

- Məlum olduğu kimi, ölkəmizdə yeni növ koronavirus (COVİD-19) infeksiyasının qeydə alındığı ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edən Azərbaycan infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün lazım olan bütün addımları atıb. Bu məqsədlə ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da yaxından iştirakı ilə həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir və müxtəlif istiqamətləri əhatə edir. Bu tədbirlər öz müsbət nəticələrini verib və məhz bunlar nəzərə alınaraq, ölkəmizdə xüsusi karantin rejimində müəyyən yumşalmalar edilib. Bununla belə hesab edirəm ki, bu, insanlara arxayınlaşmaq üçün əsas verməməlidir. Biz xəstəliyin yeni dalğasına yol verməmək üçün ayıq-sayıq olmalıyıq. Yəni bilməliyik ki, COVID-19 xəstəliyi hələ tam yoxa çıxmayıb və məhdudiyyətlər götürülsə belə, insanlar profilaktik tədbirlərə, sanitar-gigiyenik  normalara uygun davranmasa yoluxma halları çoxala, bir sözlə bu arzuolunmaz prosesin ikinci dalğası başlaya bilər.

 

- Təmsil etdiyiniz Şəki şəhərində koronavirusa yoluxma halı qeydə alınıb? Karantin bitdikdən sonra Şəkidə hansı tədbirlərin yenə də qüvvədə saxlanmasına ehtiyac var?

 

- Xeyr, koronavirusa yoluxma qeydə alınmayıb. Sualınızın ikinci hissəsinə gəlincə isə təbii ki, hər şey vəziyyətin gedişindən və vətəndaşlarımızın qaydalara necə əməl etməsindən aslı olacaq.

 

- Uzun müddət idmanla məşğul olmusunuz. Hətta Avropa çempionu adını qazanmısınız. Sizcə, Azərbaycanda idmanın inkişafı ilə bağlı bundan sonra hansı məqamların diqqətdə saxlanması vacibdir?

 

- Qeyd etdiyim kimi ölkəmizdə idmanın bütün sahələrinin inkişafı üçün dövlət tərəfindən lazımi diqqət və qayğı göstərilir. Eyni zamanda, cənab Prezident gənclərlə görüşündə həmişə deyir ki, idmanla məşgul olun, sağlam olun. Həqiqətən də insanların sağlam həyat tərzi sürməsində bədən tərbiyəsi və idmanın rolu əvəzsizdir. Mən də arzu edirəm ki ölkəmizdə gənclər həm keyfiyyətli təhsilə, həm də idmana və bədən tərbiyəsinə dərindən maraq göstərsinlər. Çünki cənab Prezidentin də bəyan etdiyi kimi, gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Həmin gənclər isə həm bilikli, həm də mənəvi və fiziki baxımdan sağlam olmalıdırlar.

 

- Bilirik ki, millət vəkillərimiz tək seçildiyi rayona diqqət ayırırmamalı, bütün ölkə əhalisinin problemlərini Milli Məclisdə qaldırmalıdırlar. Bu baxımdan yeni deputat kimi sizin fəaliyyətinizin özəllikləri nələr olacaq?

 

- Ümumiyyətlə, deputat seçilən hər bir şəxsin üzərinə böyük məsuliyyət düşür. Yəni parlamentdə təmsil olunmaq hüququ qazanan şəxs həm seçildiyi dairənin seçicilərinin hüquqlarının müdafiəsi, onların problemlərinin həlli istiqamətdə fəallıq göstərməli, həm də ölkəmizin tərəqqisinin davamlı olması, həmçinin qanunvericilik bazasının daha da təkmilləşdirilməsi istiqamətində üzərinə düşən işin öhdəsindən layiqincə gəlmək üçün var gücü ilə çalışmalı, daim axtarışda olmalıdır. Hesab edirəm ki, bu istiqamətdə fəaliyyətini qura bilən hər bir depatat, təkcə öz dairəsinin deyil, ümumilikdə ölkə seçicilərinin maraqlarının təmin olunmasına dəstək vermiş olacaq.

 

- Son olaraq, seçicilərinizə müracirətiniz nədir?

 

- Bizim gözəl, qüdrətli ölkəmiz var. Bizim cənab Prezindet İlham Əliyevin rəhbərliyi ilə həyata keçrilən uğurlu daxili və xarici siyasət sahəsində bütün sahələrdə inkişaf əldə edən və dünyaya nümunə göstərilən dövlətimiz var. Biz vətəndaşlar bu dövlətin uğurlarının davamlı olması, bu ölkənin daha da qüdrətlənməsi üçün həyat keçirilən işlərdə dövlət başçımıza yardım etməli, bu istiqamətdə üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməliyik. Sonda isə mənə yaratdığınzı bu imkandan istifadə edərək xalqımızı bu həftə qeyd etdiyimiz müqəddəs Ramazan bayramı və 28 May-Respublika günü münasibətilə bir daha təbrik edirəm.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi