Modern.az

Qarabağlı deputatlar Vahid Əhmədovun Müdafiə nazirini tənqidindən DANIŞDILAR

Qarabağlı deputatlar Vahid Əhmədovun Müdafiə nazirini tənqidindən DANIŞDILAR

Aktual

1 İyun 2020, 14:54

Mayın 31-də Milli Məclisin iclasında deputat Vahid Əhmədovun Müdafiə naziri Zakir Həsənov və Şuşayla bağlı səsləndirdiyi fikirlər həmkarları tərəfindən birmənalı qarşılanmayıb.

 

Qeyd edək ki, Vahid Əhmədov çıxışında yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsini böyük bir bəla adlandırıb.

 

“Dünən Zakir Həsənovun brifinqinə qulaq asdım. Ona Şuşadakı inauqurasiya ilə bağlı sual verdilər. Zakir Həsənov da, Qərargah rəisi Nəcməddin Sadıkov da azərbaycanca danışa bilmirlər. İzah edə bilmədilər. Bilirsən, sən Müdafiə nazirisən. Belə bir mərasim olan zaman sən dövlət rəhbərliyi qarşısında məsələ qaldırmalıydın.

Amma biz susduq. Xocalı aeroportunda Sarkisyan açılışda iştirak etmək istəyirdi. O zaman Müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın, ancaq açılış baş tutmadı. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz, elə bil, kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa, müəyyən addımlar atmalıydıq", - deyə Vahid Əhmədov fikrini bildirib.

                                                                                                                               
Bəs Qarabağ bölgəsindən olan deputatlar Vahid Əhmədovun Müdafiə nazirini tənqidi, Şuşa ilə bağlı qaldırdığı məsələ barədə nə düşünürlər?

 

 

Deputat Elman Məmmədov Modern.az-a açıqlamasında həmkarının fikirləri ilə razılaşmadığını bildirib.

 

“Mən elə Milli Məclisdə fasilə zamanı Vahid Əhmədova bildirdim ki, hörmətli Vahid müəllim siz deyəsən mətbuatı izləmirsiniz. Bilirsiniz ki, 1988-ci illərdə bu kimi məsələlər ermənilər tərəfindən ortaya atılan gündən, müəyyən zümrələr var ki, hələ də bu fikirdədirlər. Qarabağ məsələsi təkcə orada yaşayan əhalinin deyil, bütün Azərbaycanın məsələsidir. Mənə elə gəlir ki, belə bir məhdud çərçivədə düşünmək heç kimə hörmət gətirməz. Vahid Əhmədovun çıxışının sonunda hamıya aydın oldun ki, burada söhbət Qarabağlı deputatlar məsələsi deyildi. Hər kəs bilir ki, əvvəlki Müdafiə naziri Səfər Əbiyevlə Vahid Əhmədov isti münasibətdə olublar. Bu çıxış məhz şəxsi mənafedən xəbər verirdi. Mənə elə gəlir ki, Vahid müəllimin bu çıxışı, Zakir Həsənovu tənqid etməsi bir növ heyif çıxmaq kimi bir təəssürat yaratdı. Axı Vahid Əhmədov Şuşanın, Laçının işğalı dövründə Azərbaycan Respublikasının Nazirlər Kabinetində çox mühüm vəzifədə işləyirdi, Baş Nazirin müavini idi. Bir özü-özünə də hesabat versin ki, axı onun üzərində də çox böyük məsuliyyət var idi".

 

Elman Məmmədov Səfər Əbiyevin dövründəki Müdafiə Nazirliyi ilə, bugünkü vəziyyətin müqayisə olunmadığını söyləyib:

 

“Bu gün Azərbaycan ordusunda olan inkişaf birbaşa olaraq cənab prezidentimizin apardığı uğurlu siyasətin nəticəsi kimi dəyərləndirilir. Eyni zamanda, bu inkişaf Zakir Həsənovun xidmətlərindən də xəbər verir. Müdafiə Nazirliyinin bugünkü vəziyyətinə kölgə salmaq düzgün bir mövqe deyil”.

 

 

Deputat Ceyhun Məmmədovun sözlərinə görə, Vahid Əhmədovun çıxışından belə aydın oldu ki, Qarabağlı deputalar bu məsələyə heç bir münasibət bildirməyib:

 

"Ancaq mən və digər millət vəkilləri də davamlı olaraq bu müddət ərzində daim öz mövqelərimizi  bildirmişik. Biz hesab edirik ki, bu gün cənab prezident Qarabağın işğaldan azad olunması üçün lazımı olan bütün tədbirləri həyata keçirib”.

 

Deputat deyib ki, indiki vəziyyətdə bu kimi fikirlər səsləndirməklə biz torpaqlarımızın həllinə nail ola bilmərik:

 

“Ümumiyyətlə Qarabağ məsələsi  bütün Azərbaycanın yaralı yerlərindən hesab olunur. Mən bu məsələni təkcə Qarabağlılara aid edib, bölgələrə bölməyin  tərəfdarı deyiləm. Çünki bu kimi fikirləri, müsahibələri erməni tərəf çox ciddi şəkildə təhlil edir. Ona görə də dünənki çıxışı nə mən, nə də digər millət vəkilləri qəbul etdik. Dağlıq Qarabağ məsələsi ümummilli bir məsələdir.  Düşünürəm ki, hər birimiz vahid mövqedən çıxış etsək, birlik nümayiş etdirsək xüsusi bir mövqe daşıya bilərik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı