Modern.az

Hadi poeziyası- istiqlalın ədəbi və əbədi məşəli

Hadi poeziyası- istiqlalın ədəbi və əbədi məşəli

1 İyun 2020, 14:55

Abid Tahirli,
filologiya elmləri doktoru


Mühacirlər hürriyyət və həqiqət şairi  haqqında


Azərbaycan Xalq Cümhuriyyəti süquta yetirildikdən sonra milli, müstəqil dövlətin qurucuları  amansız təqiblərə, təhdidlərə, təzyiqlərə məruz qalır, hər an həbsə atılmaq,  edam və sürgün edilmək təhlükəsi ilə üzləşirdilər. Nəticədə ölkədən mühacirətə axın başlayır. Milli hökumətin liderləri ağır qürbət həyatı yaşamağa məcbur olsalar da,  mühacirətdə də Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda bolşevizmə və sovet rejiminə qarşı  ideoloji mübarizəni davam etdirdilər. Şərəfli və tarixi mücadilədə onlar istiqlalı, hürriyyəti, milli dəyərləri, Vətənə məhəbbəti və sədaqəti, mərdliyi, mübarizliyi vəsf və təbliğ edən ədəbi irsindən bəhrələnirdilər. Bu xəzinənin yaradıcılarından biri Məhəmməd Hadinin şəxsiyyəti  və əsərləri mühacirlərin daim diqqət mərkəzində olmuşdur.

        
Hələ 1922-ci ildə M.Ə.Rəsulzadənin Türkiyədə nəşr etdirdiyi “Azerbaycan Cumhuriyeti: keyfiyet-i teşekkülü ve şimdiki vaziyeti” (İstanbul, Evḳaf-ı Islamīye Maṭbası, 167.səh. "Milli Azerbaycan neşriyatı" seriyası №1) kitabında  dövrün ədəbiyyatından, Osmanlı ədəbiyyatının təsiri   ilə  yazıb-yaradanlardan bəhs edərkən  hürriyyət və vətən şairi   Məhəmməd Hadinin adını ilk növbədə çəkir.

        
M.Ə. Rəsulzadənin Məhəmməd Hadi haqqında mülahizələri maraqlı olduğu qədər də əsaslı və sərrastdır. “O, Məhəmməd Hadini «Füyuzat»ın təsiri ilə güclənən milli istiqlal poeziyasının, XX əsr Azərbaycan romantizminin ən görkəmli nümayəndəsi, hürriyyət şairi kimi səciyyələndirir və yazır ki, «bu romantik şairin hürriyyətə olan vurğunluğu onun ən böyük ilham qaynağıdır. O, insanın yaradıcı düşüncəsini boğan görənəklərə candan üsyan edər; o, əqlin hər türlü səfsətə qaydalarından azadəliyini mütləq surətdə 144 tələb edər. Üzü açıq, çarşabsız müsəlman qadını, onun gözündə, qurtulan bütün Şərqin simvoludur» (Resulzade M.E. Azərbaycan kültür gələnəkləri, Ankara, 1949).

         
Məhəmməd Əmin Rəsulzadə “Şəkilcə də, mutəvacə (məzmunca-T.A.) də  ruslaşdırma” adlı məqaləsində (Azərbaycan Kültür Dərnəyinin orqanı   “Azərbaycan” dərgisi, № 5, səh.2-5, 1avqust 1952, Ankara)  bolşeviklərin  mənfur milli siyasətlərini pərdələmək məqsədilə ortaya atdıqları “sovet xalqları mədəniyyətinin  formaca milli, məzmunca sosialist” şüarını  kəskin tənqid edir, göstərir ki, Sovetlər Birliyində bu şüarın tətbiqinin hansı faciələrlə nəticələndiyini bilirik. Bolşeviklər mövqelərini gücləndirdikcə, ruslaşdırma siyasəti daha qabarıq şəkildə özünü büruzə verməyə başlayırdı. Əgər sovetin ilk illərində “Kitabi-Dədə Qorqud” hekayələri vətənpərvərliyin, xalq qəhrəmanlığının, vəfa və fədakarlığın bir şah əsəri kimi dəyərləndirilirdisə, sonrakı dövrdə  dastanı “orta əsrlərin quldurluğundan, talanından bəhs edən, islamın geri fikirlərini yayan irtica əsəri”  adlandırılmışdır.  Müəllif yazır:  “Milliyyət, vətən, hürriyyət və istiqlal fikirlərini tervic edən dünənki bütün şöhrətlər  indi yeni meyar ilə ölçülür: Hürriyyət və istiqlal fikrinin qəhrəmanları, şan və şöhrət taxtlarından endirilir. Şöhrətli şairlərimizdən Hüseyn Cavidin, Əhməd Cavadın uğradığı faciəli aqibət məlumunuzdur. Bunların hörmətlə andığımız adları sovetlərdə  indi təzyif (böhtan, təhqir- T.A) mövzusudur.”  Məhəmməd Əmin Rəsulzadə sovetin milli siyasətinin məzmun, mahiyyət etibarı ilə çarın siyasətindən fərqlənmədiyini,   dünənə kimi “hürriyyət və inqilab şairi” kimi təriflədikləri Məhəmməd Hadinin indi əsərlərində irtica və milli ünsürlər olduğuna görə  tənqid atəşinə tutdulduğunu  qeyd edir və haqlı olaraq bu qənaətə gəlir ki,  “sovet patriotizmi” adı altında məhkum millətlərə qarşı yeridilən siyasət  təcrübədən keçirilmiş əski rus siyasətindən başqa bir şey deyildir.

      
Tam əminliklə söyləmək olar ki, Məhəmməd Hadi irsinə mühacirətdə ən çox müraciət edən, ötən əsrin 20-ci illərindən 50-ci illərinədək bu mövzuya dəfələrlə qayıdan  Azərbaycanının ictimai-siyasi fikir və istiqlal uğrunda mücadilə  tarixində böyük xidmətlər göstərmiş publisist, naşir, redaktor Mirzə Bala Məhəmmədzadə olmuşdur.  Azərbaycan ədəbiyyatına obyektiv elmi meyarlarla yanaşmanın bariz nümunəsi hesab etdiyimiz «Azəri türk ədəbiyyatının dünəni və bu günü» adlı məqaləsində (İstanbul, “Yeni Qafqasya” məcmuəsi №25) Mirzə Bala Məhəmmədzadə Xalq Cümhuriyyəti dövrünün ədəbiyyatını “istiqlalın ilk ilə istiqlal dövrü ədəbiyyatı, artıq hər cür sıxıntı, zəncir və məngənədən uzaq, hür və sərbəst tənəffüs etməklə bərabər,bir istiqlala, milli demokratiyaya, türk milli qurtuluş ruhunu tervic və təsvir edən altun və kəskin bir qələm ilə dilə malik” kimi dəyərləndirir və Hadinin “Elvahi bəşəri”n, “Aşkı muhteşemi” nin bu dövdrdə meydana gəldiyini yazır.

         
Mirzəbala Məhəmmədzadənin məşhur  "Azərbaycan misaqi-millisi"adlı irihəcmli məqaləsində (İstanbul,  “Yeni Qafqasya” məcmuəsi  18, 19, 20,21, 1926) Məhəmməd Hadini tənzimat ədəbiyyatının əsas nümayəndələrindən, "Gənc osmanlılar" cəmiyyətinin yaradıcılarından və rəhbərlərindən biri Namiq Kamala bənzədən müəllif yazır ki, hələ XX əsrin başlanığıcında “aləmi-müsavat” ünvanıyla muhayyel (xəyali- T.A.) bir ədalət dünyası, məfkurəvi bir hürriyyət və  uhuvvet (birlik-T.A.) aləmi təssəvvür edən  şair özünün vətənpərvər şeirlərində məqsəd və qayəmizin istiqlal olduğunu bəyan edirdi. Hadinin milləti maarifləndirmək, elmə, təhsilə, məktəbə  yiyələnmək çağırışlarına yüksək dəyər verən müəllif onun aşağıdakı misralarını sitat gətirir:

 
 Hər qovm maariflə bilir kəndi hüququn,

Əlbəttə, hüquq əhli bulur cahü cəlali.

Zənciri-əsarətdə yaşar əhli-cəhalət.

   Məhkumların gün kimi bəsbəlli zəvali.

Elm ilə dərağuş olunur şahidi-nüsrət.

Elm ilə zəfərpərvər olub avropali.

Biz də düzülək silsileyi-əhli-ülumə -

Öyrənmək ilə elm, hünər, fənn, məali.

Təşkil edəlim “əncüməni-elmü maarif’,

Təsis qılaq “darfünün”, “məktəbi-ali!”

 

     
Maraqlı və diqqətçəkəndir ki, Mirzə Bala Məhəmmədzadə Hadi yaradıcılığının ideyasını, məğzini, mahiyyətini açmaq, özünəməxsus məziyyətlərini göstərmək  üçün onu dövrün sənətkarları Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq və digərləri ilə müqayisə edir, konkret nümunələrlə fikir və mülahizələrini əsaslandırır. Mirzə Ələkbər Sabiri “realist və münekkit” (tənqid edən-T.A) Mirzə Bala Məhəmmədzadə Hadini “son dərəcədə idealist, bəzən də utopist” adlandırır: Hadi məktəbə gedən bir uşaqdan ilham alaraq sevinir, onun şəninə ümidlərlə dolu şeir həsr edir, Sabirin əsərinin qəhrəmanı isə “dərbədər gəzib ürəyi qan olan dilənçi bir cocuqdur”.

     
Mirzə Bala Məhəmmədzadə qadınların təhsili, milli mövcudiyyət məfkurəsinin yaranmasında, milli və vətəni şüurun oyanmasında,  millətin tərəqqisində qadınların rolunu yüksək dəyərləndirir və elə buna görə də Hadinin öz  yaradıcılığında bu mövzuya geniş yer verdiyini xüsusi vurğulayır.

     
Yaradıcılığının sonrakı dövrlərində də Hadi irsinə müraciət edən Mirzə Bala Məhəmmədzadə 15 sentyabr 1918-ci il zəfəri münasibətilə qələmə aldığı “İstiqlal zəfərinin dastanı” adlı məqaləsində  (Ankara, “Azərbaycan” dərgisi, №6 (18),1 sentyabr, 1953) istiqlal ədəbiyyatından bəhs edərkən yazır: “15 Sentyabr 1918-ci ildə parlaq zəfərlə bitən və Azərbaycanı həqiqi istiqlalına qovuşduran şanlı istiqlal savaşına dair bu günə qədər bir çox şeylər yazılmış və daha bir çox şeylərin də yazılacağı şübhəsizdir. Bir tarixçi gözü ilə araşdırılacaq ilk qaynaqlar arasında ədəbiyyatımızın başqa şöbələri ilə birlikdə, şerin də mühüm bir mövqeyi olacaqdır. Vətən və hürriyyət şairi Məhəmməd Hadi ilə istiqlalın ilk şerini yazan İbrahim Tahirdən bəhs edərkən, bunun şahidi olmuşduq. Fəqət, Məhəmməd Hadi hürriyyəti, İbrahim isə istiqlalı, istiqlala aid dadlı bir “Arzu” olaraq təhəyyül (vəsf etmək- T.A) və tərənnüm etmişdilər”.


Çoxcəhətli elmi, səmərəli  pedaqoji və  coşqun siyasi fəaliyyəti ilə  Azərbaycan ədəbiyyatşünaslığı, folklorşünaslığı, türkologiya,  mühacirət mətbuatı və istiqlal mücadiləsi tarixində parlaq iz qoymuş  prof. Əhməd İsmayıl oğlu Cəfərzadə (Əhməd Cəfəroğlu) milli romantik cərəyanın parlaq simalarından  Məhəmməd Hadi yaradıcılığı haqqında yüksək fikirlər söyləmiş, onun Azərbaycan ədəbiyyatındakı yeri və rolu barədə maraqlı  mülahizələr irəli sürmüşdür. O, “Azəri ədəbiyyatında istiqlal mücadiləsi” adlı əsərində (Caferoğlu A. Azeri edebiyatında istiklal mücadelesi. Azerbaycan yurt bilgisi tetkikleri – II, İstanbul , Bürhaəddin mətbəəsi, 1932, 43 səh.) əsərində milli mətbuatın milli ədəbiyyatın, bununla da yeni milli ədəbiyyatın, milli məfkurənin, milli qayənin, yaranmasındakı rolunu sərrast ifadə etmiş, milli romantik cərəyanın təşəkkülünü  “Füyuzat” ədəbi məktəbi ilə əlaqələndirərək, Ə.Hüseynzadə, A.Səhhət, M.Hadi və H.Cavidi bu cərəyanın yaradıcıları kimi səciyyələndirmişdir. O, yazır: “Həyat” və  “Füyuzat” kimi ağırbaşlı vətəni bir ədəbiyyat cığırı açmaqla bu yeni doğacaq olan milli ədəbiyyata yeni qapı açdı. Bu vasitə ilə doğan yeni şeir, haddi zatında (həqiqətən-T.A) əski klassik şeir şəklini mühafizə edərək, mövzu intibahında milli cəmiyyətin temayülat və ehtiyacını tərənnümə başladı. Muahharən (sonra-T.A.) tamamilə vətənpərvər mahiyyəti alan bu ədəbiyyat özünəməxsus bir məktəb təsis etdi”. Ə. Cəfəroğlu Hadini  “bu məktəbin həvəskarı” adlandırır və onun “Amali-tərəqqi” şeri ilə bu məktəbin “mərkəzi skleti və qayesi”ni tamamilə izah etdiyini yazır:

 

Həqiqi arzumuz intizami – hali – millətdir,

Məsaimiz bütün marufi – istiqlali – millətdir

Əsas fikrimiz tə'mini – istiqbali – millətdir

Yürəkdə bəslənən amalımız iqbali – millətdir

Yeganə nöqteyi – mətlub istiqlali – millətdir.

 

        Ə. Cəfəroğlu yeni vətənpərvər şeir məktəbinin qayəsinin millətin istiqbalı və hətta istiqlalı olduğunu və rus istilasının Azərbaycan üzərindən qaldırmağa, bu məqsədlə mücadilə yollarını axrarmağa xidmət etdiyini yazır və qeyd edir ki, bu məktəb ilhamını vətən və milli hürriyyət mücadiləsindən almışdır. Əhməd Cəfəroğlu şairin

 

Səhabi-zülmü qəhr uçduqda parlar nuri-hürriyyət.

Qaçanda divi-istibdad oynar huri-hürriyyət.

Gedər qəmlər, gələr dəmlər, çalar sənturi-hürriyyət,

Саһаnı sevərgah eylər vəli, i məshuri hürriyyət,

Sərvi abad hürriyyət gələr, dilşad olar aləm.

Bu istibdad əlindən qurtarar, azad olar aləm.-

 

misralarını sitat gətirərək  yazır: “Şair Hadinin hürriyyəti tərənnüm etməsi istiqlaldan məhrum Azərbaycanın hürriyyətə qovuşması üçündür”.

      
 Bizdə böyük maraq və o qədər də  təəccüb doğuran bir məqamı qeyd etməyə bilməzdik. Ə.Cəfəroğlu kimi nəhəng ədəbiyyatşünasın, üstəlik, həm  ideya, həm də sənət baxımından Hadi poeziyası aşiqinin “Modern Azərbaycan ədəbiyyatına toplu  bir baxış” (İsatnbul, “Azərbaycan yurd bilgisi, №37, 1954, səh.40-48)  əsərində “modern Azərbaycan ədəbiyyatnın pioneri” adlandırdığı M.P.Vaqifdən ta XX əsrin 50-ci illərinədək  adı, sovet ədəbiyyatı nümayəndələri də daxil olmaqla, Azərbaycan ədəbiyyat tarixində keçən bütün yazıçı və şairlər haqqında, Hadi istisna olmaqla,  az və ya çox bəhs edir…

     
“Türkiyə mətbuatında Məhəmməd Hadinin şeirləri” (İsatnbul, “Azərbaycan yurd bilgisi, №8-9, 1932) həm şairin Türkiyə dövrü həyatı və yaradıcılığı, həm də,  ümumiyyətlə, bütövlükdə irsi, əsərlərinin ideya və mövzu baxımından dəyərləndirilməsi nöqteyi- nəzərindən mühüm əhəmiyyət kəsb edir. Dərgidə Səlim Rəfiqoğlunun təqdimatı ilə Hadinin “Rəbab” və “Şehbal” dərgilərində dərc olunmuş 4 şeiri verilmişdir.

      
 Azərbaycan mühacirət probleminin səriştəli və fədakar tədqiqatçısı  Ömər Özcan “Səlim Rəfiq Rəfioğlu: soyu, mühiti, təhsili, müəllimliyi, yaradıcılığı», Bakı, «Elm və təhsil», 2013, 292 səh.)  kitabında «Türkiyə mətbuatında Məhəmməd Hadinin şeirləri» adlı məqaləsinə  böyük sevgi, həssaslıq, prinsipiallıqla nəzər salır. O, yazır: «Rusiyadakı 1905-ci il inqilabından sonra Azərbaycan ədəbiyyatında romantizmin ən öndə gələn təmsilçilərindən olan Məhəmməd Hadi haqqındakı S.Rəfioğlunun məqaləsi bu sahədə ilk araşdırmadır (Əlbəttə, bu iddia ilə razılaşmaq mümkün deyil. Yuxarıdakı qeydlərimizdən də bəlli olur ki, Səlim Rəfioğluna kimi Hadidən Məmməd Əmin Rəsulzadə və Mirzə Bala Məhəmmədzadə də bəhs etmişlər-T.A). Azərbaycan mətbuatının «Füyuzat», «Həyat», Tazə həyat», «İttifaq», «Tərəqqi», «Səda», «İqbal», Türkiyənin «Tanin», «Məhtab», «İqdam» kimi tanınmış qəzet və dərgilərində məqalə və şeirləri çıxan M.Hadi haqqında ana yurdunda sovet dönəmində və sonrasında bir çox incələmələr aparılmış, dissertasiyalar yazılmış, əsərləri və haqqında kitablar nəşr edilmişdir. Türkiyədə araşdırmaçılar öz əsərlərində Hadi haqqında «Azərbaycan yurd bilgisi»ndə yazdığı məqaləsindən sonra Rəfioğlunun adını tez-tez çəkmişlər. İstanbulda 2002-ci ildə Hadi haqqındakı lisans və doktorluq dissertasiyasında bir həmyerlisinin Rəfioğlunun adını çəkməməsi isə təəssüf doğurur. Bu araşdırmaçının Azərbaycanın yetişdirdiyi bir şəxs haqqında tədqiqat apararkən yenə azərbaycanlı alim Ə.Cəfəroğlunun naşiri olduğu «Azərbaycan yurd bilgisi» dərgisini oxuması və orada Səlim Rəfioğlunun adıyla qarşılaşması lazım idi. Elmi araşdırmalarda qəbulu mümkün olmayan bu əskiklik yalnız tədqiqatçının özündən deyil, onun elmi rəhbərinin yetərsizliyindən də irəli gəlmişdir». Göründüyü kimi, irad haqlı və yerindədir...

      
Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, ədəbiyyatşünas, publisist Əbdülvahab Yurdsevər (Əbdülvahab Yurdsevər Məmmədzadə, 17 iyul 1898Bakı – 28 yanvar 1976Ankara) “Azərbaycan” dərgisində ( №8,1 noyabr, №9, səh.20-21; 1 dekabr 1952, səh.8-10; №10, с.10-11,1953) hürriyyət şairinin həyat və yaradıcılığına həsr etdiyi “Məhəmməd Hadi” adlı irihəcmlı məqaləsində onun poeziyasının başlıca fikir və ideya istiqamətini belə səciyyələndirir: Vətəni hisslər, milli oyanış və birlik lüzumu, cəhalət və geriliklə mücadilə, Avropa kültürü, haq və hürriyyət davası, Rusiya istibdad və zorakılıq idarəsinə qarşı amansız savaş. Hadini “Azərbaycan ədəbiyyatının müqtədir simalarından biri” adlandıran Əbdülvahab Yurdsevər  eyni zamanda onun həm dil-üslub, həm də fikir baxımından türk poeziyasından təsirləndiyini vurğulayır və yazır: “Məhəmməd Hadi vətən sevgisini aşılayan şeirlərində Namik Kamala, humanizm və sülhsevərlik fikirlərincə Tofiq Fikrətə, fəlsəfi düşüncələri etibarı ilə Əbdülhaq Həmid Tarxana bənzəyir”. Müəllif Hadinin şeirlərinin 4 kitab şəklidə nəşr olunduğunu göstərir: “Firdevsi ilhamat” (1908), “Şüküfei hikmət” (1914), Eşqi mühtəşəm, yaxud ana qucağı” (1914) və “Əlvahi intibah, yaxud insanların tarixi faciələri” (1918).

      
Hadi poeziyasını həm sənətkarlıq, həm də ideya baxımından yüksək dəyərləndirən peşəkar ədəbiyyatşünas Əbdülvahab Yurdsevər şairin şeirlərindən sitatlar gətirərək qənaətlərini əsaslandırır. Onun Hadi yaradıcılığı haqqında elmi-nəzəri fikirlərini aşağıdakı kimi ümumiləşdirmək olar:

  -Hadinin şeirlərinə hakim olan başlıca fikir vətən  və millət sevgisidir;

  -Şairə görə hər fərdin dəyəri və böyüklüyü onun vətəninə və millətinə təmiz, qərəzsiz, səmimi sevgi və gerçək bağlılığı ilə ölçülür;

  - Hadi həyatın hikmət və mənasını vətənə   və millətə xidmətdə görür;

 -Şair  Vətəni dünyanın ən müqəddəs varlığı hesab edir;

 -Hadinin fikrincə, vətənin başına gəlmiş və gələcək hər cür fəlakətə görə hər bir yurddaş vicdanən məsul sayılır;

 - Vətənin ən qorxunc düşmənləri cəhalət, gerilik, zülm və istibdad idarəsidir.

    
 İndiki Dövlət Milli  Təhlükəsizliyi Xidmətinin sələfi sayılan Azərbaycan Xalq Cümhuriyyətinin Əksinqilab ilə Mübarizə Təşkilatının rəisi Nağı bəy Şeyxzamanlı ömrünün sonuna kimi Azərbaycanın istiqlalı uğrunda mücadilə aparmışdır. Onun qələmə aldığı «Azərbaycan istiqlal mücadiləsi xatirələri” (Bakı, «Azərbaycan» nəşriyyatı, 1997, 160 s.) əsəri  azadlıq mübarizəsinin  şanlı tarixini yaşadan dəyərli  əsərlərdəndir.Həmin əsərdə  o, Hadini “hörmətli və əziz şairimiz”-deyə təqdim edir. Doğrudur N. Şeyxzamanlı  əsərində Məhəmməd Hadinin yaradıcılığından bəhs etmir, lakin onun qeydləri istiqlal şairinin ömür yoluna işıq salmaq baxımından maraq doğurur: “Mən sözlərimi bitirdikdən sonra alayın imamı olan şair Məhəmməd Hadi sözə başladı: «Əziz vətəndaşlarım! Alayımızı təşkil edən Azərbaycan türklərinin göstərdikləri hərbi qabiliyyət və qəhrəmanlığı haqqında çox şey söyləmək olar. ancaq mən burada bir hadisədən bəhs edəcəyəm. Qızğın müharibə gedirdi. Samsonovun komandanlığı altında olan rus ordusu ilə alman qüvvələri möhkəm vuruşurdular. Samsonov ordusunun sağ cinahını «Dikaya diviziya»sı qoruyurdu. Almanlar rus ordusunun müqavimətini qıraraq, onu mühasirəyə aldılar. Almanlar mühasirəni daraldarkən ətrafla əlaqəsi kəsilən alay komandanımızın tədbirli rəhbərliyi ilə alayımız almanlara hücum edərək, cəbhəni yardı və alayı ikiyə bölərək, yarılan mühasirənin sağ və solunu sıxışdırmağa başladı. Beləliklə, beş alaydan ibarət olan qafqazlı qardaşları alman mühasirəsindən xilas edildi. Bu mühüm hadisə həftələrlə rus mətbuatının səhifələrində işıqlandırıldı. Çar alayın bu qəhrəman hərəkətinə görə onun bayrağma ən yüksək nişanını taxdı». Hörmətli və əziz şairimiz Məhəmməd Hadinin sözləri xalq tərəfindən sürəkli alqışlarla alqışlandı. Mən də həyəcanlanmışdım. Hamı kimi məni də sevindirən bu əhəmiyyətli hadisəni 33 ildən sonra İstanbulda sabiq Dikaya diviziya»mn Dağıstan alayının zabitlərindən olmuş Əhməd bəy Avarlıdan eşitdim.”


Azərbaycanın istiqlalı uğrunda ideoloji mücadilə tarixində mühüm yer tutan mühacir qələm sahiblərindən Hüseyn Baykara (1904, Şuşa-1984, İstanbul)  ötən əsrin 70-ci illərində - Sovet imperiyasının dünyaya meydan suladığı bir dövrdə istiqlal aşiqi Məhəmməd  Hadi haqqında cəsarətlə bəhs etmişdir. O, həmin dövrdə yazdığı kitabın (Hüseyn Baykara. Azerbaycan istiklal mücadilesi tarihi. İstanbul, Genclik basımevi, 1975. 342 səh.) “Azərbaycanı  istiqlal savaşına götürən romantizm çağı” bölməsində Hadidən ayrıca bəhs etmişdir. Hüseyn Baykara şairin XX əsrin əvvələrindəki mətbu orqanlarında dərc olunmuş şeirlərindən, onun  haqqında yazılan materiallardan, o cümlədən mühacir qələm sahiblərinin məqalələrindən, digər mənbələrdən istifadə edərək Hadi romantizminin mahiyyətini, onun ideya-istiqamətini kifayət qədər əhatə edə bilmişdir.


02.02.2020

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub