Modern.az

Müxalifət partiyaları Qarabağ üçün siyasi fəaliyyətdən imtina edərmi…

Müxalifət partiyaları Qarabağ üçün siyasi fəaliyyətdən imtina edərmi…

Hadisə

3 İyun 2020, 08:33

Dağlıq Qarabağ probleminin həlli, ərazi bütövlüyümüzün təminatı məsələsi ölkə gündəmində mühüm yer tutur.

Maraqlıdır, siyasi partiyalar bu mühüm məsələsinin həlli üçün bütün digər fəaliyyəti bir kənara qoya bilərlərmi? Yəni siyasi təşkilatlar müəyyən müddət ərzində sırf Qarabağ problemi ilə məşğul olub bu istiqamətdə hansısa işlər görə bilər?


Modern.az
bu suallar siyasi təşkilatlara müraciət edib:


Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli
deyir ki, müxalifətə bütün problemləri bir kənara qoyub ancaq Qarabağ məsələsi ilə məşğul olmaqla bağlı təklif vermək olmaz:


“Siyasi partiyaların fəaliyyət sahəsi genişdir. Bura sosial-siyasi, ictimai və iqtisadi məsələlər də daxildir. Siyasi partiyaların fəaliyyətinin prioritetliyinə ölkədə olan problemlər və onların həllinə yanaşma təsir göstərir. Məsələ bundadır ki, Qarabağ probleminin həlli müxalif düşərgəsinin üzərində deyil. Bu problemin həlli ilə bilavasitə iqtidar məşğul olmalıdır. Ona görə hakimiyyət bu problemin həllinə çalışmalıdır. Çox təəssüf ki, son 30 ildə Qarabağ məsələsi ilə bağlı hər hansı irəliləyiş əldə olunmayıb. Əksinə, hər dəfə Ermənistanda hakimiyyət dəyişdikcə, Qarabağ məsələsində biz uduzuruq. Buna görə də müxalifətə digər sosial problemləri bir kənara qoyub, Qarabağ problemi ilə məşğul olmaq barədə təklif  vermək doğru olmazdı. Çünki müxalifətin işıqlandırdığı problemlər daha tez həllini tapır”.

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)  sədr müavini Seymur Həzi deyir ki, real vəziyyət yaranarsa, bütün məsələləri kənara qoyub Qarabağ problemi ilə məşğul olmaq olar:


“Əgər xatırlayırsınızsa, 2016-cı ilin Aprel döyüşləri ərəfəsində Xalq Cəbhəsinin sədri bildirmişdi ki, döyüş əməliyyatları daha da qızışarsa, biz siyasi fəaliyyəti də dayandırmağa hazırıq. Əlbəttə, real və taleyüklü bir məqam yaranarsa, Qarabağ Azərbaycanın bütün problemilərinin başında gəldiyi üçün digər məsələlərin hamısını partiya olaraq təxirə sala bilərik. Amma söhbət real və həqiqi vəziyyətdən gedir”.


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov
 Dağlıq Qarabağ probleminin siyasi partiyaların həll edəcəyi məsələ olmadığını deyir:


“Ərazi bütövlüyümüzün bərpa olunması partiyaların həll edəcəyi bir məsələ deyil.  Əgər bu məsələ bizə aid olsaydı, böyük məmnuniyyətlə bütün fəaliyyətimizi bu istiqamətdə davam etdirərdik. Bu problem dövlətin həll edəcəyi məsələdir. Biz hərbi əməliyyatlar başlayarsa, həm siyasi, həm mənəvi cəhətdən lazım olan bütün dəstəyi göstərə, əhalinin ruhlandırılması və bütün diqqəti qələbəyə yönləndirməkdə kömək edə bilərik”.

 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Dağlıq Qarabağ probleminin həll olunması üçün bütün istiqamətlərdə fəaliyyət göstərməyin zəruriliyini qeyd edib:


“Biz bütün istiqamətlərdə nə qədər çox iş görsək, Dağlıq Qarabağ məsələsi də bir o qədər tez həllini tapar. Siyasi təşkilatlanma, ideoloji işi yaxşı qurmaqla ərazi bütövlüyünü bərpa etmək olar. Xalqda vətənpərvərlik ruhu yaratmasaq, təşkilatlanma işi aparmasaq, Qarabağı necə geri qaytara bilərik?! Qarabağ probleminin həllində ən önəmli məsələlərdən biri vətəndaşların sosial-iqtisadi hüquqlarının gündəmdə saxlanılmasıdır. Çünki sosial cəhətdən təmin olunmamış xalq müharibədə qalib gələ bilməz”.



Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Qarabağ probleminin həlli məsələsinə partiya olaraq aktiv yer verdiklərini bildirib:


“Bizim partiya - BAXCP hər zaman öz fəaliyyətində Qarabağ məsələsini proritet olaraq əsas tutub. Mütəmadi olaraq Qarabağ probelminin həlli istiqamətində öz təkliflərini verib. Qarabağ məsələsinin həlli üçün işlərin görülməsinə gəldikdə isə, bu gün Qarabağ probleminin həlli üçün Ermənistana ciddi şəkildə dəstək verən Rusiya ilə müzakirələr, danışıqlar aparmalıyıq. Hər kəs bunu çox yaxşı bilir ki, Rusiyanın bu məsələdə neytrallığını təmin etmiş olsaq, qısa müddət ərzində işğal altında olan torpaqlarımızı azad edə bilərik. Rusiya dünyanın hərbi baxımdan çox güclü dövlətlərindən biridir. Və bizim qarşımızda duran da Rusiyadır”.


Ümid Partiyasının mətbuat katibi Elşad Barat
Qarabağ mövzusunda bütün müzakirələrə açıq olduqlarını, lakin digər işləri kənara qoymayacaqlarını qeyd edib:


“Ümid Partiyası yarandığı gündən bəri fəaliyyətinin ana xəttini Azərbaycan torpaqlarının bütövlüyü uğrunda gedən mübarizəyə bağlayıb. Bizim üçün Qarabağ məsələsi hər zaman gündəmdə olan məsələdir. Biz bu mövzunu daim diqqətdə saxlamışıq, saxlayacağıq da. Buna görə də hesab etmirəm ki, biz digər işlərimizi kənara qoymalıyıq. Digər siyasi partiyaların bu barədə nə düşündüklərini mən deyə bilmərəm, ancaq biz Ümid Partiyası olaraq Qarabağ mövzusunda bütün müzakirələrə açığıq”.


Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev deyir ki, təmsil etdiyi partiya zaman-zaman Qarabağ məsələsini diqqətdə saxlayıb və bundan sonra da saxlayacaq:


“Təkcə partiyalar yox, media nümayəndələri, digər sahənin əməkdaşları da daxil bütün vətəndaşlar Qarabağ məsələsini gündəmdə saxlmalıdırlar. Liberal Demokrat Partiyası olaraq pandemiya dövründə səfərlərdə olmamışıq. Amma səfərlərdə olanda bütün görüşlərdə Dağlıq Qarabağ məsələsini müzakirə etmişik. Yəni partiyaların işi yalnız sosial problemləri yox, bu məsələni də işıqlandırmaqdır. Hesab edirəm ki, Qarabağ məsələsində iqtidar, yaxud da müxalif anlayışı olmamalıdır. Hamımız bir yumruq kimi problemi beynəlxalq təşkilatlara, bütün dünyaya çatdırmalıyıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi